AZE | RUS | ENG |

Xəzərin neft fatehi

Xəzərin neft fatehi
Onu Bağırovun məhkəməsinə şahid kimi dəvət etsələr də, getməyib

Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, əməkdar incəsənət xadimi, əməkdar elm xadimi Zemfira Səfərovanın iştirakı ilə "Yadigarlar” verilişinin növbəti sayını çəkirdik. Söhbətimiz olduqca maraqlı keçirdi. Qəhrəmanımız, Zemfira  xanımın atası - əməkdar mühəndis, dəniz qazmasının banisi, iki dəfə Dövlət Mükafatı laureatı Yusif Səfərov idi. Unudulmaz  insanın bir fikri məni xeyli düşündürdü: "Azərbaycan neft respublikasıdır və burada yaşayan hər kəs peşəsindən və vəzifəsindən asılı olmayaraq neftçidir (ruhən neftçidir)”. Yusif Səfərov Xəzərin neft fatehi idi və  işinə də ruhən elə bağlı olub ki, onun nəzərində bu peşənin bənzəri yox idi. Xalq yazıçısı Anarın da bir müqayisəsi  də çox dəqiqliyi ilə  diqqət çəkirdi. Azərbaycan bir çox mədəni, siyasi, ictimai yeniliklərdə Yaxın Şərqdə ilkinliyə imza atıb. Amma açıq dənizdə neft çıxarmanın əsası dünyada ilk dəfə məhz Bakıda qoyulub. 1945-ci il noyabrın 7-də Neft Daşlarında ilk neft quyusunun istismarı məhz bu tarixi əbədiləşdirdi. Azərbaycan neftçilərinin bu nailiyyəti bütün dünyada əks-səda verdi. Bu sahənin ən fədakar nümayəndəsi, dəniz qazmasının banisi Yusif Səfərovla  əlaqədar, qızı - çox hörmətli Zemfira  xanımla bağlı müsahibəni oxucularımıza təqdim edirəm.

- Zemfira xanım, bilirəm  ki,  xəyalən də olsa sizi uşaqlıq  illərinizə aparmaq nə qədər nisgilli duyğuları yaşatmaq deməkdirsə, bir o qədər də xoşdur. Çünki sevdiyiniz insanları xatırlamaq, onlar barəsində danışmaq övlad üçün fərəh qarışıq bir qürurverici hissdir. Qələmə aldığınız xatirələrdə də mən bunu duymuşam.
- Əlbəttə, heç əzizlərimi, xüsusən də valideynlərimi unutduğum gün olub ki... Atam cəmi 56 il ömür sürmüşdü. O. 1907-ci ildə Şamaxıda anadan olub. 1963-cü ildə Bakıda vəfat etmişdi. Mənə həmişə elə gəlirdi ki, o, yaşlı ikən vəfat edib, çünki həyatı çox dolğun, gərgin, müxtəlif mürəkkəb hadisələrlə dolu idi. Bunların hamısını 56 ilə sığışdırmaq, açığı, mənə çox qeyri-adi gəlir. Atam repressiyaların ağır təzyiqlərini yaşamış möhkəm iradəli bir insan olub. O,   NKVD-nin zirzəmisində yatmışdı, Sibirə sürgün edilmişdi. Ürəyi, səhhəti zərbə alsa da, mətinliyini, qürurunu sındıra bilməmişdilər. Atam sürgündə olanda bizim ailəmizi yaşadığımız evdən çıxarmaq haqqında sərəncam gəlmişdi. Bibim Səbiyyə heç kimə bildirmədən Moskvaya - N.K. Baybakova teleqram vuraraq, ona bu haqda xəbər vermişdi. O, vaxtı ilə Bakıda atamla bir yerdə çalışmışdı, onu yaxşı tanıyırdı. Əzminə, iradəsinə, işgüzarlığına bələd idi. Elə Baybakov da sədaqətli adam idi, heç nədən çəkinmədən bu işə qarışdı və onun köməkliyi  sayəsində biz öz evimizdə qaldıq. Hazırda bu evin divarına atamın xatirə lövhəsi - barelyevi vurulub. Atamın sürgündən qayıdışını da xatırlayıram. Amma mən onu tanımamışdım.

        - Yusif Səfərov 1932-ci ildən etibarən neft sənayesində bir sıra rəhbər vəzifələrdə çalışmışdı.
        - Elədir. Qazma kontorunun müdiri, "Azərneft”in qazma idarəsinin rəisi,  turbinlə kəşfiyyat və dəniz qazması trestinin müdiri, "Azərdənizneft” Birliyi rəisinin qazma üzrə müavini vəzifələrində çalışıb. Neft sənayesinin inkişafında xidmətləri çoxdur. Bir neçə yeni dəniz neft  yataqlarının, xüsusən  məşhur Neft Daşlarının açılması Yusif Səfərovun adı ilə bağlıdır. Belə ki, 1948-ci ildə dəniz qazma trestinin müdiri işləyərkən,  dənizdə ilk kəşfiyyat buruğunun yerini müəyyənləşdirmiş, Sabit Orucovla birlikdə təklif etdiyi kəşfiyyat işləri aparılmışdı.

        - Elə bu xidmət və fədakarlığına görə, onu,  Neft Daşlarının qurucusu adlandırıblar.
        - Məlumdur  ki, atamın rəhbərliyi altında Ağa Nemətulla, Məlik Göyçayev, Rüstəm Rüstəmov, Pir Məhəmməd, Mixail Koveroçkin, Qurban Abbasov kimi məşhur neftçilər çalışıb.

        - Atanızın fəaliyyəti ilə bağlı hələ 1948-ci ildə A. Seyfəddinin "Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. Kitabın sonundakı bir abzası olduğu kimi deyirəm. "Müdir (yəni Y. Səfərov_F.X.) telefon dəstəyini götürərək evə zəng etdi:  "Məni nahara gözləməyin, gəlməyəcəyəm” dedi və dəstəyi qoydu. - Bəs haraya gedəcəyinizi demədiniz, yoldaş Səfərov, nigaran qalmazlarmı? Yusif gülümsəyib: "Xeyir öyrəncəklidirlər, bilirlər ki, dənizə gedirəm” dedi.  Zemfira xanım,  siz bu  cür gecikmələrə  çoxmu alışqan idiniz?
        -  Doğurdan da ailəmiz öyrəncəli idi. Atam evdə az-az olurdu. O, özünü işinə, dənizə həsr etmişdi. Mir Cəfər Bağırovun respublikaya rəhbərliyi dövründə görkəmli neftçi olmaq çətin məsələ idi. Bu, həmişə M. C. Bağırovun nəzarəti altında  yaşamaq demək idi. Atamı gecənin müxtəlif saatlarında "buruqlar”da baş verən hadisələrlə əlaqədar çağırırdılar. Onun nə gecəsi, nə gündüzü olardı. Atam həm də böyük ailə saxlayırdı. Nənəm, əmim, üç bibim, anam, bacım, qardaşım, və mən bu böyük ailənin üzvləri idik. İndi bu  ailədən təkcə mən qalmışam.

        - Zemfira xanım, səhv etmirəmsə, atanızı iki dəfə həbs ediblər. İttihamları nə idi?
        - Atamın dayısı Teymur Həsənov 37-ci ilin qurbanlarından biri olub. "Xalq düşməni” kimi güllələnib. Həyat yoldaşı Şura xalanın da  gənclik illəri sürgündə solub. Neçə xəstəlik tapıb. Görünür ki, qara baxışlar həmişə ailəmizin üstündə olub. Atamı da həbs edərək zindan həyatına məhkum ediblər. Amma II Dünya müharibəsi illərində ona böyük ehtiyac duyulub. Atam vətən yolunda öz rəşadətini göstərdi. Müharibə illərində kəşf etdiyi yeni üsulla 40-a qədər quyu qazdıraraq, istismara verdi. Dəfələrlə etiraf edilib və yazıblar ki, alman faşistlərinə həlledici zərbə hazırlamaq işində Bakı neftçilərinin, o cümlədən Bakının istedadlı mühəndislərindən olan Yusif Səfərovun xüsusi xidməti olmuşdur.

        - Bəs sonra nə baş verdi ki, atanızın güzarı Sibirə düşdü?
        - 1952-ci ildə atam  "Azərdənizneft” Birliyinin qazma işləri üzrə baş direktor müavini işləyirdi. Vəzifəsindən kənarlaşdırılaraq  Sibirə sürgün edildi. Səbəbini sonra bildik. Restoranda bir məclisdə M.C. Bağırovun sağlığına badə qaldırmamış, onu kənara itələmişdi. Bu da bəzi gözlərin diqqətindən yayınmamışdı. Stalinin ölümündən və M.C. Bağırovun həbsindən sonra atam Bakıya qayıtdı. Atam Bağırovun məhkəməsinə şahid kimi dəvət olunmuşdu, amma getmədi.

        - Yusif Səfərov istedadlı qazmaçı-mühəndis idi. Neft sənayesinin inkişafında əvəzsiz xidmətləri olub. Görkəmli mühəndis, pedaqoq, alim, əsil vətəndaş...
        - Atam özünün istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvü surətdə birləşdirməyi bacarırdı. "Dənizdə dərin qazma” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdı. Böyük təcrübəyə və gözəl nəzəri hazırlığa baxmayaraq, o, ilk dəfə yetərsay almamışdı. Nənəm deyərdi ki, bu, onun erməni "dostlar”nın işidir. Anam da nənəmin dediyini təsdiq edirdi. Atam 1944-cü ildə həmin dissertasiyanı uğurla müdafiə etmişdi. Gənc kadrların hazırlanmasında da böyük əməyi olub. Bir sıra elmi əsərlərin - "Dənizdə neft buruqlarının qurulması”, "Turbin qazma”, "Qazmada gilli məhlul”, "Elektroqazma”, "Dənizdə dərin qazma” və s. əsərlərin müəllifi idi. Nailiyyətlərini saymaqla bitməz. SSRİ-nin orden və medalları ilə təltif olunmuşdu, Dövlət mükafatına layiq görülmüşdü.

        - Xatirələrdən öyrənirik ki, ədəbiyyatı, musiqini də çox sevirmiş.
        - Atamın gözəl zövqü, yaxşı yaddaşı var idi. Füzulini, Seyid Əzim Şirvanini, Sabiri və digər klassiklərimizi əzbər bilirdi. Özü də neftçilərin həyatından "Qızıl axtaranlar”adlı bir pyes yazırdı. Lakin qəfil xəstəliyi əsəri tamamlamağa imkan vermədi. Xəstəliyi də ki... Tiflisdə keçirilən elmi konfransa gedərkən qatarda insult keçirmişdi. Nə qədər müalicə edilsə də, atamın səhhəti tam bərpa olunmadı. 1963-cü ildə Neftçilər xəstəxanasında kor bağırsaqdan əməliyyat zamanı həkimlərin səhvi ucbatından dünyasını dəyişdi. İndi həmin xəstəxana atamın adını daşıyan küçədə yerləşir. Elə mənim dünyaya gəldiyim doğum evi də Yusif Səfərov  küçəsindədir. Həyat  həmişə qəribə təsadüflər və təzadlardan ibarətdir.

        - Bir qədər də ananız Cəvahir Firidunbəylidən danışmağınızı xahiş edirəm. Ananız xalq mahnılarımızın gözəl ifaçısı və Üzeyir Hacıbəylinin dəyərləndirdiyi sənətsevər bir xanım olub.
        - Böyük musiqi istedadına və gözəl səsə malik olan anam, gənc yaşlarında  Üzeyir bəyin xorunda oxumuş, sonralar solist kimi konsertlərdə çıxış etmişdi. Hətta Üzeyir Hacıbəyli məşhur "Qara gözlər” mahnısını ona ithaf etmişdi. Üzeyir bəy onun istedadını və səsini xüsusi qiymətləndirir və gələcəyinə böyük ümid bəsləyirdi. Amma atamla ailə qurduqdan sonra səhnəyə "əlvida” dedi. Üzeyir bəy nənəm Sara xanımla, Qurban Pirimov atamla danışsalar da, heç bir nəticə əldə edə bilməyiblər. Anam özünü ailəsinə,  uşaqlarına həsr etdi. Əlbəttə, atam anamın səhnədə oxumasına razı deyildi, amma mənə elə gəlir ki, əgər anam bu işdə daha inadkar olsaydı, öz istəyinə çatardı. Anam Xarici  Dillər  İnstitutunda oxumuşdu. İngilis dilini bilirdi, onu uşaqlarına və nəvələrinə də öyrədərdi. Yadımdadır, ailəmiz bir yerə yığışanda atam anamdan xahiş edərdi ki, oxusun. Anam xalq mahnılarını elə qəribə ifa edərdi ki... "Uca dağlar başında”, " Üçtelli durnam”, "Qaragilə”, "Küçələrə su səpmişəm”, "Sarı gəlin” və sair mahnıları necə həzin oxuyardı. İndi də o yanıqlı səs qulağımda səslənir.

        - Bir qədər də qardaşınız Çingiz Səfərovdan danışmağınızı xahiş edirəm. Atanızın yolunu davam etdirən bu vətən oğlunun da neft sənayemizin inkişafında öz xidmətləri var.
        - Onu sakit ovqatla xatırlaya bilmirəm. Atam kimi, o da dünyasını tez dəyişdi. Təsəvvür edə bilirsinizmi, Çingiz neft qazmasında işləyəndə cəmi 15 yaşı var idi. Sonra Neft və Kimya İnstitutunda dağ-qazmaçı mühəndis ixtisası üzrə təhsil aldı. Bir sıra dəniz yataqlarının açılışında fəal iştirak etmişdi. Çingiz həm xaricdə (Əlcəzair, İran), həm də Bakıda işlədiyi illərdə özünü bilikli, işgüzar, təcrübəli bir mütəxəssis kimi təsdiqləyə bilmişdi. O, həyatının axır günlərinə kimi Texas ştatının Qalveston adasında, Hyustonda muzey açılışını gözləyirdi. O, həmin tədbirdə iştirak etmək istəyirdi, hayıf ki, bu, ona qismət olmadı.

- Oxucular üçün deyək ki, dünyaca məşhur bu muzeyin Şöhrət Zalında Azərbaycanın görkəmli neftçi-alimi Yusif Səfərovun memorial guşəsi var.
- Bilirsinizmi, Flora xanım, ürəyimdən nə keçir? Kaş ki, neft ölkəsi olan vətənimizdə - Bakımızda da belə bir muzey açılaydı...

...Söhbətimiz sona çatsa da, sükuta bürünmüş iç danışığımız uzun sürdü. Əslində, mən bir şərafətli nəslin müsahibəyə sığmayan ömür dastanının bir neçə səhifəsini oxumağa çalışdım. Qəhrəmanımız -  akademik Zemfira Səfərovanın yeni kitabının adı ilə yazıma nöqtə qoydum: "Ardı yaşanılır”...

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163