• cümə, 29 Mart, 10:46
  • Baku Bakı 5°C

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində Azərbaycan da önəmli rol oynayıb

15.08.18 18:00 751
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində Azərbaycan da önəmli rol oynayıb
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalandı. Konvensiyanı 5 Xəzəryanı ölkənin – Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın prezidentləri imzaladılar. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması həm region, həm də Azərbaycan üçün tarixi hadisədir.
Konvensiyanın əhəmiyyətinə dair fikirləriniAZƏRTAC-ın müxbiri ilə bölüşən analitik-icmalçı Ehtiram Aşırlı qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində və yekun sənədin hazırlanmasında Azərbaycan önəmli rol oynayıb. Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Möhtərəm Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Azərbaycan uzun illərdir Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını Avropaya ixrac edir. XXI əsrin layihəsi adlandırılan və dünyanın enerji xəritəsini dəyişən "Cənub Qaz Dəhlizi” layihəsinin əsas təbii qaz mənbəyi "Şahdəniz” qaz-kondensat yatağıdır. Göründüyü kimi, ölkəmizin sahib olduğu enerji resursları milli maraqlarımıza, xalqımızın mənafeyinə uyğun istifadə olunmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amildir. Şübhəsiz ki, Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürəcək, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi yolunda maneələr aradan qaldırılacaq. Bu yataqların istismarı isə Xəzəryanı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bununla yanaşı, Xəzərdə daha çox neft-qaz yataqlarının kəşf olunacağı da mümkün proqnozlar sırasındadır.
Digər bir mühüm məqam Konvensiyanın beynəlxalq yükdaşımalarda Xəzəryanı ölkələrin rolunu daha da artırması perspektividir. Bu məqama diqqət çəkən Ehtiram Aşırlının fikrincə, yeni əməkdaşlıq platforması beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin payının artmasına gətirib çıxaracaq. Bu gün Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür. Mövcud razılaşma Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər. Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi yükün cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin. Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılması, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryoluna marağı artıracaq. "Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır” deyən möhtərəm Prezidentimiz Zirvə toplantısında çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.”
Analitik-icmalçı deyib ki, digər tərəfdən, Xəzər sahili ölkələri arasında hərbi dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Aydındır ki, bu bəndlərin Konvensiyaya daxil edilməsi daha çox Rusiya və İranın maraq dairəsindədir. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Onlar ABŞ və NATO qüvvələrinin Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzər dənizində fəallaşa biləcəyindən ehtiyatlanırdılar. Buna görə də Astana və Bakı Rusiya ilə İranın "Xəzərdə başqa dövlətlərin hərbi gəmiləri olmasın” müddəasını qəbul etdilər.
Bütün bunlara baxmayaraq, imzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Xəzərin dibi sahil dövlətləri arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Ölkəmiz Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişlər imzalayıb. Türkmənistan və İranla isə hələ də belə sazişimiz yoxdur.
Konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməli və dənizin ekologiyasına zərər vurulmamalıdır. Beləliklə, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər. Mütəxəssislərin hesablamalarına görə, bu gün Xəzər şelfində 50 milyard barrel neft və 8,4 trilyon kubmetr qaz ehtiyatları var. Xəzərin statusu müəyyən olunandan sonra Azərbaycanın Türkmənistanla razılığa gəlməsi daha realdır. Türkmənistan öz qazını Avropaya nəql etmək istəyirsə, bunun üçün Azərbaycanla razılığa gəlməli və Xəzərin dibi ilə boru xəttinin çəkilməsi prosesini sürətləndirməlidir. Həmçinin indiyədək mübahisə doğuran yataqlar birgə işlədilməlidir.
"Xəzərin dibi ilə boru xəttinin çəkilməsində Türkmənistan və Azərbaycanla yanaşı, Türkiyə, Avropa İttifaqı və ABŞ da maraqlıdır. Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair razılaşma əldə olunması bölgədə yeni əməkdaşlıq – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran əməkdaşlığı formatını gücləndirəcək. Bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər və gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirər”,- deyə E.Aşırlı qeyd edib.
banner

Oxşar Xəbərlər