• cümə, 26 Aprel, 05:12
  • Baku Bakı 16°C

Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

16.08.18 15:30 734
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq
Avqustun 12-də Aktauda imzalanan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ən önəmli cəhətlərindən biri sənəddə beş sahilyanı dövlətin qarşılıqlı olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalarının, güc işlətməyin və güclə təhdid etməyin yolverilməz olmasının, əməkdaşlığın, qarşılıqlı hörmətin, bir-birinin daxili işlərinə qarışmamağın əsas müddəalardan biri kimi və həm də bütün prinsiplərdən öndə yer almasıdır. Bu amil Konvensiyanın önəmini daha da artırır. Digər tərəfdən Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərin ərazi bütövlüyünün toxunulmazılığı prinsipinin alternativsiz olaraq yer aldığı beynəlxalq hüquqi statusu olan sənəd kimi çox mühüm əhəmiyyətə malikdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
E.Mirzəbəyli qeyd edib ki, Konvensiyanın imzalanmasından narahatlıq keçirən bəzi qüvvələr əsasən Xəzərdə sahilyanı dövlətlərdən başqa digər xarici ölkələrin hərbi mövcudluğuna yol verilməməsi məsələsini qabardırlar. Bu yanaşmanın geostrateji maraqlardan qaynaqlandığını deyən siyasi ekspert əlavə edib ki, nəticə etibarilə Xəzər dənizinin sahilyanı dövlətlərə məxsus olmayan hərbi kontingentə qapalı elan edilməsi Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hərbi doktrinasından və konstitusiya qanunlarından qaynaqlanan amildir və mübahisəsiz olaraq sahilyanı dövlətlərin maraqlarını ifadə edir.
Onun sözlərinə görə, Konvensiya heç bir sahilyanı dövlətin Xəzər dənizində hərbi üstünlüyünə imkan vermir və sabit hərbi balansın qorunub saxlanılmasını vacib şərt kimi irəli sürür. Konvensiyada Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə çevrilməsinin ön şərt kimi irəli sürülməsi də vacib şərtlərdən biridir.
"Konvensiyada Xəzər dənizində yalnız sahilyanı dövlətlərin bayraqları olan gəmilərin üzməsinə və keçməsinə icazə verilməsi də hövzə ölkələrinin iqtisadi maraqlarına xidmət edir və bu da öz növbəsində sahilyanı dövlətlərin yük daşımalarında üstünlük əldə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, Xəzər dənizində regionun ən böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önəmli layihələrə imza atıb, bu, ölkəmizdə nəqliyyat infrastrukturunun, o cümlədən gəmiçiliyin daha da inkişafı üçün mühüm əhəmiyyətə malikdir”,-deyə E.Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, Konvensiyanın önəmli cəhətlərindən biri də sənədin sahilyanı dövlətlərə mübahisəsiz olaraq Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərlərinin çəkilməsinə imkan verməsidir. Bununla bağlı müddəalar kifayət qədər dəqiq ifadə olunub. Məsələn, Konvensiyada qeyd olunur ki, tərəflər Xəzərin təki ilə sualtı magistral kəmərlər çəkə bilərlər. Bu halda onlar həyata keçirdikləri layihələrin beynəlxalq müqavilələrdə yer alan ekoloji tələb və standartlara uyğun olmasını təmin etməlidir. Siyasi ekspert, həmçinin qeyd edib ki, sualtı kabel və magistral boru kəməri layihələri yalnız Xəzərin təkində bu və ya digər ölkəyə məxsus sektordan keçdiyi halda məhz həmin dövlətlə razılaşdırılmalıdır. Bu, olduqca vacib məqamdır və Xəzərin təki ilə magistral boru kəmərlərinin çəkilməsi müstəvisində bütün manipulyasiyalara son qoyulmasına imkan yaradır. Magistral boru kəmərlərinin çəkilməsi ilə bağlı Konvensiyada yer alan tələblər, yalnız Xəzərin flora və faunasının, ekologiyasının qorunması ilə bağlıdır ki, bu da sənədin siyasi mülahizə və iddialara deyil, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını ortaya qoyur.
E.Mirzəbəylinin sözlərinə görə, müzakirələr üçün 22 illik bir zaman kəsiyi sərf olunsa da, əldə olunan nəticə özünü doğruldur. Çünki Konvensiya təkcə sahilyanı dövlətlər üçün deyil, bütövlükdə qlobal miqyasda oxşar problemlərin həllində president rolunu oynaya biləcək nümunəvi bir sənəddir.
"Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusilə qeyd olunmalıdır. Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi Konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə episentr, daha sonra isə körpü rolunu oynayıb. Bu baxımdan, dövlətimizin və təbii ki, Prezidentimizin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var”,- deyə siyasi ekspert vurğulayıb.
O bildirib ki, Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsziliyin qorunmasına, əməkdaşlığın genişləndirilıməsinə yol açacağı, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin önəmini daha da artıracağı şübhəsizdir.
banner

Oxşar Xəbərlər