• cümə axşamı, 25 aprel, 13:06
  • Baku Bakı 23°C

Xəzər sahilindəki şəhər xüsusi hazırlanıb

20.05.17 10:00 1039
Xəzər sahilindəki şəhər xüsusi hazırlanıb
Bakıda keçirilən nüfuzlu IV İslam Həmrəyliyi Oyunları dünya mediasının diqqət mərkəzindədir. Qonşu Rusiya bu yarışlarda təmsil olunmasa da, onun böyük auditoriyaya malik nəşrləri yarışa diqqət göstərməkdədir. Məsələn, nüfuzlu "Sobesednik” nəşri Bakıda keçirilən beynəlxalq İslam Həmrəyliyi Oyunlarından bəhs edib. Təqdim olunan reportajda xüsusi olaraq Bakı şəhəri MDB-nin ən gözəl paytaxt şəhərlərindən biri kimi qələmə verilir. Ardınca Bakıda qeyri-adi formatda beynəlxalq bir hadisə - İslamiada və yaxud İslam Həmrəyliyi Oyunlarının keçirildiyi vurğulanır. "Rusiya idmançıları yarışlarda iştirak etmirlər, lakin tamaşaçı tribunalarında çoxlu sayda bizim azarkeşləri görmək mümkündür. Qonaqpərvər Bakı artıq birinci dəfə deyil ki, beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Burada Avropa Oyunları, Şahmat Olimpiadası, Formula -1 yarışları keçirilib. Bu səbəbdən də 54 ölkədən 4000 min iştirakçının (əlavə turistləri də bura daxil etmək olar - müəl) gəlməsi üçün Xəzər sahilindəki şəhər xüsusi hazırlanıb. Yaşıl köynəklərinin üzərində Bakı-2017 emblemi olan könüllülərə hər yerdə rast gəlmək mümkündür. Onların əksəriyyəti üç dildə - rus, ingilis, Azərbaycan dilində danışırlar” - deyə reportajda qeyd edilir.
Müəllif daha sonra həmin könüllülərdən biri ilə söhbətini dərc edib. "Bütövlükdə bizim sayımız 8 mini keçib və bütün şəhər boyu, idman obyektlərində işləyirik, idmançı və qonaqlara xidmət göstəririk”, - deyə Ayan Vədətli adlı könüllü qəzetə danışıb. Daha sonra vurğulanır ki, Səudiyyə Ərəbistanı, Banqladeş, İran, İndoneziya, Bəhreyn, Türkiyə və digər ölkələrin idmançılarını bir yerdə daha harada müşahidə edə bilərsən: "Bu dəfə yarışlara hətta Suriya, Somali və Fələstindən idmançılar təşrif buyurublar. Halbuki, son ana kimi onların gəlişi sual altında idi. Bakıda könüllü olmaq prestijlidir - hətta böyük müsabiqə də var. Oyunların sonunda tələbələr sertifikatlar, xatirə hədiyyələri və gələcək karyeraları üçün əla sözlərin əks olunduğu diplomlar alacaqlar. Əvvəlki yarışların könüllülərini hətta birinci vitse-prezident Mehriban Əliyeva – xüsusi diplomlar, saat, kompüter flaşkartları ilə təbrik edib. Yəni, demək istəyirik ki, bu 10 günlük Oyunları onlar heç bir zaman unutmayacaqlar. 50-dən artıq ölkənin idmançıları Bakının mərkəzində, Olimpiya kəndində məskunlaşıblar. Əslində "kənd” 13 hündürmərtəbəli binadan ibarətdir. Müxtəlif ölkələrin bayraqlarının asıldığı ərazi xüsusi görkəmi ilə seçilir. Bayraqların sayına görə, vətənpərvər və çoxsaylı türk nümayəndə heyəti seçilir. Jurnalistlər idmançılarla görüşə can atsalar ad, könüllülər onlara idmançıları yarışdan yayındırmamağı xahiş edirlər”.
Reportajda daha sonra şəhərin idman obyektlərindən söhbət açılır və qeyd edilir ki, onlar Avropa Oyunlarına qədər hazır olub: "Hələ o zaman bu arenalar özünün qeyri-adi forması və dizaynı ilə seçilib. Turistlər böyük məmnuniyyətlə həmin obyektlərin yanında şəkil çəkdirməyə üstünlük verirlər. Formula yarışlarından sonra şəhərdə ideal yürüş trasları, Şahmat Olimpiadasından sonra isə küçələrdə böyük küçə şahmatları qalıb. Burada həm balaca sakinlər, həm də böyük qonaqlar oynayırlar”, - deyə reportajda vurğulanır. Daha sonra qəzetin əməkdaşının suallarını cavablandıran gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Həmrəylik Oyunları Azərbaycan üçün böyük bir hadisədir: "Bu, həm də bizim oyunçular üçün digər beynəlxalq yarışlarda üzləşmədikləri idmançılarla yarışmaq imkanıdır. Oyunların simvolu Qarabağ atları olub. Bildirin ki, Qarabağ Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir”
"Sobesednik”lə yanaşı, bu ölkənin nüfuzlu "Rossiyskaya qazeta” nəşri də Oyunlardan reportaj təqdim edib.
"20idmannövü,262medaldəsti, 500min bilet, 8000könüllü. Bu rəqəmlər özü-özlüyündə Azərbaycanın paytaxtı Bakıda mayın 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunlarının miqyasından xəbər verir. İlk İslamiada2005-ci ildəSəudiyyə Ərəbistanında keçirilib. Bu yarış da Olimpiada kimi,4ildə 1dəfə keçirilir. Yeganə fərq indiki turnirdə paralimpiyaçıların iştirakıdır (cüdo və atletika üzrə). Bütövlükdə, İslamiadanın proqramına 23 idman növü daxil edilib. Onların arasında basketbol, yüngül atletika, futbol, tennis kimi populyar idman növləri, həmçinin zorxana da daxil olmaqla, bir çox güləş növləri var. Zorxana orta əsrlərdə pəhləvanların yarışdıqları şəhər idman klublarının adıdır. Bu gün bu ad altında Azərbaycan, İran və digər müsəlman ölkələrində ən azı 2500 ildən bəri yayılmış ənənəvi güc nümayişi, güləş yarışları keçirilir. Rusiyaya gəldikdə, o, hələ ki, İslamiadada iştirak etmir. Lakin gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, Rusiya Federasiyası zəngin islam mədəniyyətinə malik çoxmillətli ölkədir və onun növbəti İslamiadalara qatılacağı istisna deyil”. Daha sonra könüllülərdən bəhs edilib. "Könüllülər istənilən iri yarışın vacib tərkib hissəsi, onun simasıdır. Azərbaycanda könüllülük hərəkatı çoxdan mövcuddur. Ölkədə bu sahədə ilk qeyri-hökumət gənclər təşkilatı hələ 20 il əvvəl yaradılıb. Maraqlıdır ki, Oyunların keçirilməsi üçün heç bir yeni arena tikməyə ehtiyac olmayıb. Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş stadionlarda, o cümlədən Bakı Olimpiya Stadionu, Bakı Tennis Akademiyası, Ağır Atletika Mərkəzi və digər arenalarda keçirilir”, - deyə məqalədə bildirilib.
Azər
banner

Oxşar Xəbərlər