Xəzər sahilində “eko” şəhər  Reportaj Fotolar

Xəzər sahilində “eko” şəhər Reportaj Fotolar

Cəmiyyət
29 Oktyabr 2013, 09:33 5662
Oktyabrın 26-da Bakının Qaradağ rayonu ərazisində “Xəzər adaları” meqa projesinin idman və stadionlar kompleksinin açılış mərasimi keçirildi. Mərasimdə “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli ilk olaraq stadion və idman kompleksinin açılış lentini kəsdi və mətbuat nümayəndələrinə layihə barədə geniş məlumat verdi.

Bataqlıqdan cənnətə gedən yol

“Avesta” konserninin rəhbəri ilk olaraq toplaşdığımız əvvəllər bataqlıq olduğunu, 3 ildən artıq bir zaman çərçivəsində bu məkanda tikinti işlərinin getdiyini deyərək sözə başladı: “Mən Qaradağ rayonu ərazisinə gələndə buralar tamam bataqlıq idi. Bu bataqlıqdan çıxmaq üçün insana hünər lazım idi. Nəticədə, çətin günləri də geridə qoyduq. Layihəyə yeni başlayanda bataqlığa gəldim və buraya boru basdırdım. Borunu basdırdıqdan sonra işçilərə bu nöqtədən başlamaqlarını söylədim. Mütəxəssislər gəlib burada kəşfiyyat apardılar dəniz səviyyəsinin borunu basdırdığım yerdən 300 metr aşağı olduğunu söylədilər. Mənə dedilər ki, siz borunun yerini təxmini də olsa doğru seçdiniz, bu şəhər tikiləcək. Və biz bu nöqtədən tikinti işlərinə başladıq”.

Hacı İbrahim Nehrəmli Prezident İlham Əliyevin turizmin inkişafı üçün bir sıra tədbirlər gördüyünü, onun sayəsində turizmin inkişaf etdiyini də qeyd etdi: “Mən də turizmə kömək məqsədi ilə bu layihəni həyata keçirməyə çalışıram. “Xəzər adaları” layihəsi gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq. Bu şəhərin salınmasında məqsədim pul qazanmaq deyil. Pul mənim nəyimə lazımdır ki? Geyimim, yeməyim var, şükürlər olsun ki, hər şeyim var. Məqsədim xalqın xidmətində durmaqdır. İstəyirəm ki, bu şəhər gözəl tikilsin, insanlarımıza gözəl xidmət etsin. Gələcəkdə də hər kəs atama rəhmət oxusun. Burada mən nə edirəmsə millətim üçün edirəm. İstəyirəm ki, vətənimizə gələn hər bir turist buradan xoş xatirələrlə geri dönsün”.

Hacı İbrahim Nehrəmli mətbuat nümayəndələrini “Xəzər adaları”nda gedən tikinti işləri ilə tanış edərək şəhərin 17 ildən sonra hazır olacağını bildirdi. Mart ayına kimi şəhərciyin bir qismi tam istifadəyə veriləcək. Təxminən iki aydan sonra kafe və restoranların bir qisminin açılışı həyata keçiriləcək. Gələn ilin mart ayına kimi çimərliklərdə aparılan işlər tamamlanacaq. Belə ki, min nəfər üçün nəzərdə tutulan çimərliyin gələn ilin yayında istifadəyə veriləcəyi nəzərdə tutulub. Tikinti işləri 4 km dənizin içərisinə doğru aparılır. Ərazidə bir neçə restoran və yaşayış binasının tikintisinə start verilib. Bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 2025-2030-cu illərə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 150 min əhalinin burada yaşaması deməkdir. Burada yaşamaq istəyənlər üçün məsrəflər də ucuz deyil. Mənzillərin bir kvadrat metrinin minimal qiyməti 3000 manatdan başlayacaq. Buraya 600 min insan işə cəlb olunacaq. 200 minlik kirayəlik evlər tikiləcək.

1 milyona qədər sakini olan ada

“Xəzər adaları”nda həmçinin 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları və Azərbaycanda ən hündür qülləsi tikiləcək. 2 aydan sonra kafe-restoranlar fəaliyyətə başlayacaq. Burda çimərliklər hazır olacaq. Qeyd edək ki, şəhərcikdə 50 ada və 19 mikrorayondan ibarət arxipelaqın sahəsi 24 kv kilometr olacaq. Burda 600 min nəfər işləyəcək. Onların yarısı xaricdən cəlb ediləcək. İbrahimovun sözlərinə görə, Khazar İslands ildə dövlət büdcəsinə 20 mlrd manat gətirəcək. Hacı İbrahim Nehrəmli qeyd etdiyi layihəyə bu günə qədər 1 milyard dollardan çox vəsait xərclədiyini, ancaq indiyə kimi hələ 1 dollar belə kredit götürmədiyini söylədi: “Bundan sonra satışlara başlayacağıq. Gəlirlər gəldikdən sonra yeni komplekslərin tikilişinə başlayacağam. Düşünürəm ki, sağlam bədəndə sağlam ruh olmalıdır. Ona görə də, yeməkdən sonra vətəndaşlarımız idman etmək üçün şəhərin içərisində inşa etdiyimiz idman komplekslərinə gedə biləcəklər. Yəni şəhəri elə inşa edəcəyik ki, hər kəs evindən çıxıb idman kompleksinə gedə bilsin. İstəsələr oradan çıxıb dənizə də girə biləcəklər. Burda hamı eyni olacaq. Sistem hamı üçün eyni işləyəcək. Şəhərin bir tərəfindən digər tərəfinə 30 dəqiqə, maşınla 10 dəqiqə gedə biləcəklər. Suyun ortasında 40 restoran var. Restoranlar bir biri ilə rəqabət aparacaqlar deyə, ucuz olacaq. Bütün şəhəri qranitdən tikəcəyik. Yollarda asfalt olmayacaq. Həmin qranitlərin də 100 il ömrü olacaq. Yolların altından xətlər gedir. Şəhərimiz suda batmaz şəhər olacaq. Nəzərinizə çatdırım ki, ən hündür evin dəyəri 3 milyard dollar olacaq. 200 min turist üçün hər bir şərait yaradılacaq. İlin axırına kimi 20 milyondan artıq turistin ölkəmizə gəlməyinə səbəb olacaq. Nəzərdə tutulub ki, burda 600 min insan üçün iş yeri açılacaq. 14 zolaqlı yol çəkəcəyik. Yolların altında avtodayanacaqların yerləşdirilməsi gözlənilir”.

Hacı İbrahim jurnalistlərlə söhbəti zamanı ipoteka barədə düşündüyünü və bu layihədəki evlərdə yaşamaq istəyən insanları da diqqətdən kənarda saxlamadığını qeyd etdi: “İnsanlar banklarla yox, bizim şirkətin vasitəsi ilə ipoteka krediti ala biləcəklər. Azərbaycanda ipoteka faizi 12 %-dir. Biz 6 faizlə ipoteka verəcəyik. Binadakı mənzilləri özümüz təmir edəcəyik. Bilirsiniz ki, təzə ev alanda təmir problemi olur. Biz bu problemi vətəndaşlarımıza yaşatmayacağıq. Artıq satış mərkəzimiz hazırdır. 1300 mənzilin tikintisi gedir. Ondan 213 mənzil satmışıq. İşə isə futbolla başlamışıq. Yaratdığımız “Khazar İslands” peşəkar futzal klubu artıq öz sözünü deyir. Şəhərcikdə eyni zamanda digər idman növləri üçün də şərait yaradılır. Mini futbol, tennis, avtomobil yarışları, üzgüçülük və digər idman növləri üçün yerlərin tikintisi davam edir. Qısacası insanların istədiyi hər şey bu şəhərcikdə olacaq. Suyun ortasında 40 restoran var. Bu, birinci mərhələ üçün nəzərdə tutulub. Ümumilikdə 500-dən çox restoran olacaq. Bu da bizə imkan verir ki, idman görüşləri zamanı gələn xarici qonaqları yüksək səviyyədə qarşılayaq”.

Xəyallardakı şəhər

“Avesta” konserni prezidentinin sözlərinə görə, projeyə ilk maraq göstərən ölkə qardaş Türkiyə olub: “Səma” şirkəti 60 milyon manat investisiyası ilə iki bina tikir. Digər şirkətlərlə danışıqlar gedir. Bəhreyndən gəlmişdilər. İş adamları burada iki fabrik tikir. Eyni zamanda onlar tikinti sahəsinə pul qoymaq istəyirlər. Çindən, Amerikadan və Honq-Konqdan biznesmenlər Azərbaycana gələcək. Onlar bir adanı götürüb özləri tikmək istəyirlər. Fransız tikinti maqnatlarının marağı çox böyükdür. Onlar 2 milyard manatla şəhərcikdə tikinti işlərinə başlamaq istəyirlər. Artıq bu proje dünyaya səs salıb. Bütün işlərə özüm nəzarət edirəm. Hər bir xırda işlə özüm maraqlanıram. Çünki bu proje mənim beynimin məhsuludur”.
Nəzərinizə çatdıraq ki, “Xəzər adaları” layihəsində 50 məktəb, bir neçə universitetin də tikilməsi nəzərdə tutulub. Şəhərcikdə yaşayan sakinlər tramvayla məktəbə rahat və təhlükəsiz şəraitdə gedib-gələ biləcəklər. İnsanların rahatlığı üçün keçidlərdə super marketlər inşa olunacaq. Hər yerdə yaxtalar üçün dayanacaq olacaq. Xüsusi xidmət gəmilərinin olması də nəzərdə tutulur. Dənizin təmizlənməsi üçün gəmilər ayrılacaq. Bütün maşın yolları sürüşməyən qranitdən olacaq. Şəhərin özünün xüsusi bulvarı fəaliyyət göstərəcək. Diqqət çəkən daha bir məqam isə bu şəhərin küçələrində işıqforun nəzərdə tutulmamağıdır. Çünki, burada yollar kəsişməyəcək. Şəhərdə 324 metr uzunluğu və 11 metr eni olan körpü də tikilir. İrandan gətirilən 7 min palma ağacı şəhərin ərazisində əkiləcək. Burada insanların istirahəti üçün bütün şərait yaradılacaq və ərazidə “eko avtomobil”lərdən istifadə olunacaq. Hacı İbrahim Nehrəmli iddia edir ki, dünyanın ən böyük və yaraşıqlı məscidini məhz “Xəzər adaları”nda tikəcək: “İndiyə kimi Naxçıvanda 5 məscid tikmişəm. Nehrəm kəndinə içməli su çəkmişəm. Təkcə 94-95-ci illərdə 15 milyon 500 min dollar şəxsi pulumu xeyriyyə məqsədi ilə xərcləmişəm. Mərhum Heydər Əliyevin xeyir-duası ilə mən o işləri görmüşəm. Hazırda çəkdirdiyim sudan 20 min insan istifadə edir. Bakıya gələndə istəyirdim özümə bir ofis, bir də məscid tikim. Məscidin tikintisi üçün şəhərcikdə 10 hektar yer ayırmışam. Tikəcəyim məscidin dəyəri bir milyard dollardan az olmayacaq. O, həm də muzey olacaq. Bütün müsəlman ölkələri məscidi görməyə gələcək. Şəhərciyin meriyası üçün də bina tikiləcək. Bu şəhərin meri də olacaq”.
"Xəzər adaları" həm də “eko” şəhər olacaq. Çünki, burada günəş enerjisindən istifadə nəzərdə tutulur. Sahildə 200 meqavatlıq elektrik enerjisi stansiyası olacaq. Qazla işləyən qazanxanadan isti su borularla bütün şəhərə paylanacaq və bütün binalara veriləcək. Bu layihədə iştirak edən hər kəs ümid edir ki, bu ecazkar şəhər bütün dünya turistlərinin marağını Azərbaycana cəlb edə biləcək.

Xəyalə RəisReportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar">