Xəzər qazı Avropa İttifaqına Rusiyadan yan keçməklə gedəcək
Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya nəql edəcək TANAP, TAP
layihələri dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir. Əksər media
orqanları yazır ki, bu layihə reallaşacağı təqdirdə Avropanın qaza olan
tələbatı azala bilər. Onların qənaətincə, Avropa tez bir zamanda layihənin
reallaşmasına çalışır. Məsələn, Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta” nəşri müasir
dövrün ən iri miqyaslı layihəsi ilə bağlı məqaləsində yazır ki, "TAP-
Transadriatik qaz kəməri konsorsiumu layihənin ümumi dəyərini açıqlayıb”.
TAP-ın icraçı direktoru Yan Bredşounun sözlərinə görə, boru xəttinin inşası və
istismarı işləri 4,5 mlrd. avroya başa gələcək.
"Bu layihə Cənub Qaz Dəhlizinin
seqmentlərindən biridir və qazın Rusiyadan yan keçməklə Avropa, xüsusən də
Cənubi-Şərqi Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Bundan əlavə,
layihə qaz marşrutunun çoxşaxəliliyini nəzərdə tutur. Hazırda işlər qrafikə
uyğun aparılır. Bu ilin birinci rübündə kompressor stansiyalarının inşasına
başlanılacaq. Layihənin Adriatik dənizinin dibi ilə keçəcək dəniz hissəsində
işlər 2018-2019-cu illərdə başlanılacaq”, - deyə Yan Bredşou bildirib. Onun
sözlərinə görə, geoloji tədqiqatlar işləri tam sürətlə gedir. "O ki qaldı
layihənin maliyyələşməsinə, bu məsələdə Avropa Yenidənqurma və İnkişaf Bankı
konsorsiuma kömək etməyə hazırdır. Bura Avropa İnvestisiya Bankı və İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatına (OESR)
daxil olan bir sıra ölkələr kömək vəd ediblər. Bununla yanaşı, TAP-ın
inşası "Şahdəniz-2”
layihəsi ilə paralel aparılır. Bu yataqdan qazın Gürcüstan və Türkiyəyə nəqlinə
2018-ci ilin sonlarında başlanılacaq. Avropa isə Azərbaycan qazını bir il
sonra, 2020-ci ilin başlanğıcında alacaq”, - deyə məqalədə bildirilib.
Qeyd etmək gərəkdir ki, Aİ-də Cənub Qaz Dəhlizi layihəsinə böyük
diqqət yetirilir. Bunu bu yaxınlarda Avropa İttifaqının prezidenti Donald Tusk
da qeyd edib. Məqalədə qeyd edilir ki, D.Tusk bunu prezident İlham Əliyevlə
Brüsseldə keçirdiyi görüşün sonundakı mətbuat konfransında bildirib. "Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji
sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha
da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və
təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz
Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki
tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət
tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz
ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz
əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının
müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik.
Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda
irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da
iqtisadi inteqrasiyanı irəliyə aparacaq”, - deyə nəşr Aİ rəhbərinə istinadən
yazır. Öz növbəsində prezident İlham Əliyev də vurğulayıb ki, Cənub Qaz Dəhlizi
Avropada hazırda həyata keçirilən ən iri infrastruktur layihəsidir.
"Cənub Qaz
Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə
dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam.
Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni
alternativ təbii qaz mənbəyidir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi,
layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə
səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik. Cənab prezidentin qeyd
etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit
sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən
sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni
zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa
ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii
qazımızı da çatdıracağıq”, - deyə Rusiya nəşri prezidentin sözlərini sitat kimi
göstərib. Daha sonra məqalədə məlumat verilir ki, uzunluğu 878 km. olan TAP layihəsinin
550 km-i Yunanıstanın şimal hissəsi ilə, 215 km-i Albaniya, 105 Adriatik, 8
km-i isə İtaliya ərazisindən keçəcək. İlkin mərhələdə boru xətti ilə il ərzində
10 mlrd. kubmetr qaz ixrac olunacaq. Sonrakı illərdə onun 20 mlrd. kubmetrə
çatdırılması nəzərdə tutulur.
Maraqlıdır ki, Türkiyə mətbuatı da TAP, eləcə də TANAP layihəsi ilə
bağlı məqalə dərc edib. "Yeni akıt” qəzetində dərc edilən məqalədə bildirilir
ki, layihəyə 2 milyard 150 milyon dollarlıq kreditin ayrıldığı haqda məlumat
təsdiqlənib. "Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Avropa İnvestisiya
Bankından da layihənin reallaşdırılmasına təxminən 1,5 milyard dollar
maliyyənin ayıracağı gözlənilir. "Beynəlxalq maliyyə təşkilatlarının məlumatına
görə, inşasının 65 faizi yekunlaşmış Transanadolu təbii qaz boru kəməri (TANAP)
layihəsi üçün 3 ayrı maliyyə mənbəyi təsdiq olunub. TANAP-a Dünya Bankı
qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından ümumilikdə 800
milyon dollar kreditin ayrılması üçün razılaşma imzalanıb. Bu vəsaitin 400
milyon dolları şəriklərdən olan BOTAŞ-a, 400 milyonu isə layihənin ən böyük
səhmdarı olan "Cənubi Qaz Dəhlizi” AŞ-yə (SGC) verilib. Bundan başqa, Çinin təşəbbüsü
ilə yaradılmış və Türkiyənin də təsisçiləri arasında olduğu Asiya İnfrastruktur
İnvestisiya Bankından (AAYB) da SGC-yə TANAP üçün 600 milyon dollarlıq kreditin
ayrılması təsdiq olunub”, - deyə məqalədə bildirilib. O da qeyd edilib ki, ümumilikdə
1850 kilometr uzunluğunda olacaq TANAP-da tikinti işlərinin 65 faizi başa
çatıb. Boru xətti ilə ilk təbii qazın 2018-ci ilin ortalarında Türkiyəyə
çatdırılması planlaşdırılır.
Azər NURİYEV