• çərşənbə axşamı, 19 mart, 10:53
  • Baku Bakı 8°C

Xəzər Gəncəli: “Mingəçevir teatrı öz intibah dövrünü yaşayır”

09.02.17 16:40 5494
Xəzər Gəncəli: “Mingəçevir teatrı öz intibah  dövrünü yaşayır”
Teatr müqəddəs sənət ocağıdır. Bəzən orada çalışan insanları cəfakeş adlandırırlar. Əslində doğrudan da elədir. Az əmək haqı ilə ömürlərini teatra həsr edən insanlar səhnə fədailəridir. Bəzən paytaxtda fəaliyyət göstərən teatrların yaradıcı heyətini daha çox işıqlandırır, onların yaradıcılıqlarına daha çox yer veririk. Bölgə teatrlarında çalışan, Azərbaycan teatrı üçün canını fəda edən insanlar isə bir qədər kölgədə qalır. Bu baxımdan biz mətbuat nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşür.
Bölgə teatrlarından söz düşmüşkən, elə ötən həftə, fevralın 3-də Mingəçevir Dövlət Dram Teatrında N.V.Qoqolun "Müfəttiş” tamaşasının premyerası keçirildi. Tamaşa elə rəğbətlə qarşılandı ki, səs-sədası buralara qədər gəlib çıxdı. Tamaşanın quruluşçu rejissoru Mingəçevir Dram Teatrının baş rejissoru Xəzər Gəncəli idi.Xəzər Gəncəlinin adını Türkiyədə fəaliyyət göstərdiyi illərdə eşitmişdim. Azərbaycanlı rejissorun orada türk tələbələr yetişdirdiyindən hali idim. Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan rejissor İstanbulun Mərmərə Universitetində teatr aktyorluğu və rejissorluq ixtisası üzrə dərs deyirdi. 2 il bundan qabaq Xəzər Gəncəli Türkiyədəki 12 illik fəaliyyətini başa vurub vətənə döndü və Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Mingəçevir Teatrına baş rejissor təyin olundu.
Bu qısa müddət ərzində Xəzər müəllim teatrda maraqlı tamaşalara imza atdı. Beləliklə, müsahibimiz Xəzər Gəncəlidir.
- Xəzər müəllim, hazırda Mingəçevir Dövlət Dram Teatrında vəziyyət necədir? Teatrda çalışdığınız müddətdə hansı tamaşaları hazırlamısınız?
- Mingəçevir Dövlət Dram Teatrında çox maraqlı ab-hava mövcuddur. Burada yaradıcılıq atmosferi var. Teatrımız artıq öz keçmiş ənənələrini bərpa edir. Əvvəllər bölgədə teatrımızın adı çox az-az hallanırdı. Ancaq indi şükürlər olsun ki, Mingəçevir teatrı öz intibah dövrünü yaşayır. Bunun mənim rejissorluq fəaliyyətimlə əlaqələndirmək olar da, olmaz da. Bir il müddətində artıq 5-ci tamaşa üzərində məşq edirik. Bu teatrda ilk tamaşam türk yazarı Cahid Atayın "Pusquda” tamaşası oldu. Daha sonra Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunmuş "Ürəyində arzu tut” pyesinin eyni adlı tamaşasını təhvil verdim. Bu tamaşa da çox maraqla qarşılandı. 20 yanvar faciəsinə həsr olunmuş Ağəddin Babayevin yazdığı "Ağla qərəqnfil, ağlı” adlı ədəbi-bədii kompozisiya hazırladıq. Bu tamaşanı yanvarın 20-də öz tamaşaçılara təqdim etdik. Üçüncüsü isə dahi Qoqolun "Müfəttiş” əsəri oldu. Tamaşanın premyerası fevral ayının 3-də keçirildi. Əsər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. "Müfəttiş” tamaşasının Bakıda qastrol səfərini keçirməyi də arzulayırıq. Hazırda isə Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi” əsəri üzərində çalışırıq. Bu tamaşanı da fevral ayının sonlarında tamaşaçıların öhdəsinə verəcəyik.
- Biz sizi Xəzər Gəncəli kimi tanıyırıq. Maraqlıdır, siz Gəncədəmi anadan olmusunuz, yoxsa Gəncəli adını özünüzə təxəllüs kimi götürmüsünüz?
- Mənim atam Novruz Gəncəli 50-ci illərin ən məşhur şairlərindən biri olub. Vaxtilə atamın yazdığı "Ananın səsi” mahnısını Zeynəb Xanlarova, Sara Qədimova, Rübabə Muradova öz repertuarına daxil etmişdi və çox da sevilən, dinlənilən mahnılardan biri idi. Şair Novruz Gəncəli eyni zamanda bir dramaturq olub – "El bizim, sirr bizim” librettosu ona məxsusdur. Mən onun oğluyam, mənim atam Gəncəli sözünü özünə təxəllüs götürüb. Əslində mən Bakının Maştağa kəndindənəm. Bir sözlə Maştağalıyam (gülürük).
- Xəzər müəllim, 12 il Türkiyədə çalışmısınız. Türkiyə ilə Azərbaycan teatrları arasında nə kimi oxşar və fərqli cəhətlər var?
- Sovet dövründə Azərbaycan teatrı çox gözəl və baxımlı olub. İndi də teatrlara maraq var, amma... Yaşadığımız əsr kompyuter dövrüdür. Hər şey insanın əlinin altındadır. İndi hər kəs öz otağına çəkilib kompüter vasitəsi ilə hər şeyə baxa bilir. Əvvəlki illərə nisbətən bu gün teatra gələnlərin sayı bir qədər azalıb. Türkiyədə teatra olan marağa gəlincə isə, arada çox fərq var. Orada teatra olan maraq son dərəcə yüksəkdir. Elə universitetlər var ki, hətta texniki universitet belə ayrıca teatr dərsi keçir. Teatr onlarda bir növ tədris fənninə çevrilib. Necə ki, coğrafiyanı, ədəbiyyatı bir fənn kimi tədris edirlər, teatrı da onun kimi. Hətta qeyri-humanitar universitetlər belə teatrı bir dərs kimi proqrama salıblar. Mən orada türk dili və ədəbiyyat müəllimlərinə teatrdan dərs deyirdim. Azərbaycanda bunu məktəblərdə tətbiq etmək lazımdır. Bizdə ədəbiyyat dərslərində müəllimlər şagirdlərə bir-iki rol paylayır. Bunu hər bir məktəbdə etmək lazımdır. Məktəblərdə teatr dərsləri keçilməlidir. Türkiyə teatrda Stanislavski sistemini çox gözəl tətbiq edən bir ölkədir. Onlar etiraf edirlər ki, Stanislavski sistemini Rusiyadan başqa tətbiq edən ölkələrdən ən birinciləri məhz onların özləridir. Orada teatra olan maraq hava-su kimi lazımdır. Türk qardaşlarımız teatrsız yaşaya bilmirlər. Bizim müəllimlərimiz də gedib orda çalışırlar. Cahangir Novruzov, Əflatun Nemətzadə, Zəminə Hacıyeva, Məlahət Abbasova, onlar bizim mütəxəssislərimizdən çox yaxşı istifadə edirlər. Bizim müəllimlərimiz çox istedadlı və güclü müəllimlərdir. Çünki biz sovet sistemində Stanislavski məktəbini keçmişik. Ədil İsgəndərov, Mehdi Məmmədovdan dərs almışıq. Onlar bizim müəllimlərimizi çox böyük qiymətləndirirlər. Bizə olan istək, yaxşı mənada hərislik çox güclüdür. Müəllimlərin orda aldığı maaş da burdakı müəllimlərin maaşları ilə müqayisədə çox yüksəkdir. Orda müəllimə çox yüksək qiymət verilir.
- Mingəçevir bölgə teatrıdır və bölgə teatrlarında problem qaçılmazdır. Çox zaman bölgə teatrları gənc kadr qıtlığı yaşayıb. İndi necə, Mingəçevir Teatrında bu problem aradan qaldırılıbmı?
- Bölgə teatrlarında kadr qıtlığı böyük problemdir. Bu problem bizi çox narahat edir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrə çox ehtiyacımız var. Ancaq tələbələr təhsil adıqdan sonra Mingəçevir teatrına üz tutmurlar. Bu çox dərin məsələdir. Əvvəllər tələbələr bölgə teatrlarına təyinat alırdılar. Biz həvəslə gedib işləyirdik. İndi özümüz teatrın nəzdində studiyalar açmağa, kadrlar yetişdirməyə məcburuq. Mingəçevir Teatrında "İnam” studiyası var. Biz gənc, perspektivli kadrları oraya dəvət edib, içlərindən ən istedadlılarını seçib yetişdiririk. Yalnız bu yolla biz Mingəçevirdə yaşayan kadrları teatra cəlb edirik. Başqa cür mümkün deyil. Bizim aktrisa cəhətdən qıtlığımız var. Aktrisalarımız barmaqla sayılacaq qədərdir və bizi maraqlandıran odur ki, onlardan sonra kimlər gələcək.

- Mingəçevir tamaşaçıları teatra gəlirmi?
- Əlbəttə ki. Elə götürək sonuncu - Qoqolun «Müfəttiş» tamaşasını. Həmin gün teatrda boş yer yox idi. Seyrçilər tamaşanı çox bəyənmişdilər. İki saat 20 dəqiqəlik tamaşaya nəfəs dərmədən oturub baxdılar. Biz çox rastlaşırıq, bəzən tamaşanı yarısından tərk edirlər və ya telefonla danışırlar. Ancaq bu tamaşada belə hallara rast gəlmədik. Tamaşanın quruluşçu rejissoru özüm olduğuma görə demirəm. Tamaşaçının teatra ehtiyacı var. Gərək yaxşı iş göstərəsən ki, tamaşaçı gəlsin. Tamaşaçı teatra gəlmir deyən teatrların özünü günahlandırıram, tamaşaçını deyil. Gərək ortalığa bir iş qoyasan ki, o tamaşa da tamaşaçıları cəlb etsin. Bu da bizim üzərimizə düşür.
- Xəzər müəllim "Müfəttiş” tamaşasından söz düşmüşkən, sizi həmin tamaşada rejissor kürsüsündə deyil, səhnədə aktyor kimi şəkillərinizi gördük. Olmaya aktyorluq sevdasına düşmüsünüz?
- (gülür) Bu tamaşada başımıza bir əcaib hadisə gəldi. «Müfəttiş» tamaşasının premyerasının başlamasına iki saat qalmış bizə dedilər ki, aktyorlardan birinin vəziyyəti yaxşı deyil, səhnəyə çıxa biləcək imkanı yoxdur. Tamaşada poçt müdirini oynayan aktyor var idi, o səhnəyə çıxa bilmədi. Mən də fürstəti itirməyib onun paltarlarını geyinib səhnəyə çıxdım. Poçt müdirinin rolunu oynadım, çox yaxşı da alındı. Rejissor eyni zamanda, gərək yaxşı aktyor olsun. Misal üçün Ədil İsgəndərov həm gözəl aktyor, həm də gözəl rejissor idi. Rejissor istənilən ekstremal vəziyyətə hazır olmalıdır. Mən də bu imkanı əldən vermədim. İncəsənət Universitetini bitirdikdən sonra rejissorluq diplomu alsam da, dərhal rejissor işləməkdən imtina etdim. Mənə Tədris Teatrında rejisssor vəzifəsi verdilər. Amma mən əvvəlcə özümü aktyor kimi sınamaq istədim. Bütün müəllimlərimin tamaşasında rol alıb səhnəyə çıxırdım. Bilirdim ki, sabah mən aktyorlarla işləyəcəm. İlk növbədə yaxşı aktyor olmaq lazımdır ki, aktyorlara deməyə sözün olsun. Elə rejissorlar var ki, aktyorluq edə bilmirlər. Ancaq elə rejissorlar var ki, həm rejissorluq fantaziyaları güclüdür, həm də peşəkar aktyordurlar. Görünür, vaxtilə atdığım bu addım bu gün mənim imdadıma çatdı.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər