• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Dənizlə dağlar arasındakı turizm cənnəti - Fotolar

31.01.18 15:45 5326
Dənizlə dağlar arasındakı turizm cənnəti - Fotolar
Bölgələrdə turizmin inkişafı böyük əhəmiyyət kəsb edir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün geniş imkanlar açır. Azərbaycan dövlətinin turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi isə bu sahəni daha da inkişaf etdirməyə yönəldir. Astara rayonunun da turistlərə təqdim etdiyi geniş imkanları var.Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov "Kaspi”yə müsahibəsində turizmin rayonun həyatında oynadığı rol və bu sahəni inkişaf etdirmək üçün görüləcək işlərdən danışdı:
- Astara rayonunun turizm potensialını necə dəyərləndirirsiniz?
- Hazırda Astarada turizmin inkişafı üçün gözəl potensial mövcuddur. Rayonda turizmin inkişafı həm təbii şəraitlə, həm də maddi-texniki bazanın olması ilə əlaqədardır. Rayonun 13 turizm obyekti turistlərin qəbul edilməsində xidmətlərini təklif edir. Bu obyektlər həm dəniz sahili boyu ərazini əhatə edir, həm də dağətəyi ərazilərdə yerləşir. Turizm obyektləri yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət edir. Rayonumuza gələn qonaqlar çoxdur. Ötən ilə nisbətən bu il gələnlərin sayında təxminən 20 faiz artım var. Rayon əhalisinin bir qismi Rusiyada yaşayır. Əvvəllər onlar Türkiyə, Rusiya, Yunanıstan, İtaliya və s. ölkələrə tətilə yollanırdılarsa, artıq Azərbaycanda, xüsusən də Astarada dincəlməyə üstünlük verirlər. Həmçinin Rusiyanın özündən də insanlar istirahət üçün bu zonaya gəlirlər. Bu, həm ucuz başa gəlir, həm təhlükəsizliyə təminat var, həm də istirahət üçün burada hər şey mövcuddur. Dillə bağlı da problem yoxdur. Bu baxımdan, Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə deyil, aydan-aya artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir. Əhalinin bir qismi hər hansı bir turizm obyektində və ya oteldə qalmaqdansa, rekreasiyaya üstünlük verir. Rekreasiya zonası əsasən turistin bir günlük və ya bir neçə saatlıq piknik zonasında istirahətini təşkil edir. İstirahətin bu növü üçün rayonumuzda şərait daha çoxdur. Taxtanakəran-Toradi və Taxtanakəran-Miki istiqamətində avtomobil yolunun çəkilişi turizmin imkanlarını daha da artırıb. Həmin zonada turizm obyekti olmasa belə, normal rekreasiya zonaları vardır. O ərazilərdə turistləri yüksək səviyyədə qəbul etmək üçün iki və ya üçulduzlu turizm obyektləri də yoxdur, ancaq təbiət turizmi mövcuddur. Rayonda keçirilən mədəni tədbirlər, canlı konsertlər təkcə mədəniyyətin təbliğinə deyil, həm də turistlərin cəlbinə xidmət edir. Bir qrup turistlər var ki, onlar rayonun tarixi yerləri ilə maraqlanırlar. Astaranın milli folkloru ölkədə tanınır. Bu qrup dəfələrlə yalnız turistlər üçün konsertlər verib. Astaranın mərkəzində və Kakalos kəndində fəaliyyət göstərən Diyarşünaslıq Muzeyinin bədii tikmə bölümü milli ornamentlərlə nümunələr təqdim edirlər. Həmçinin sahibkarlığın inkişafı üçün açılan geniş imkanlar rayonda turizmin inkişafına şərait yaradır.

- Ümumən ölkədə iki və ya üçulduzlu otellərin, həmçinin hostellərin tikintisi sahəsində problemlər mövcuddur. Yəqin ki, bu sahədə problemlər Astarada da hiss olunur?
- Astarada hazırda iki və üçulduzlu otellərə, hostellərə ehtiyac çoxdur. Tutaq ki, İrandan gələn sürücülər bir gün bu rayonda qalmaq, sonra isə yoluna davam etmək istəyirlər. Ancaq onlar, öz imkanlarına uyğun oteldə gecələmək istəyirlərsə, münasibini tapa bilmirlər. Hazırda Astarada dördulduzlu «Şindan» oteli fəaliyyət göstərir. Ümumilikdə turizm obyektləri təxminən gün ərzində 320-ə yaxın turisti qəbul etmək imkanına malikdirlər. Statistikaya görə, keçən il Astaraya ümumilikdə 6000-nə yaxın turist gəlib ki, onların təxminən 1300 nəfəri xarici turistlərdir. Həmçinin aralarında ölkəmizdən tranzit kimi istifadə edən turistlər də var. Xüsusən Novruz bayramında İrandan çoxlu turistlər gəlir. Təbii ki, onların yerləşdirilməsi üçün obyektlərə ehtiyac var.
- Turistləri cəlb etmək üçün müxtəlif vasitələrdən biri də rayonun turizm potensialı ilə bağlı veb səhifənin olması, rayonun xəritəsinin, görməli yerləri haqqında bukletlərin hazırlanması və turistlərə təqdim edilməsidir. Bu istiqamətdə hər hansı işlər görülürmü?
- Biz sosial şəbəkələrdə rayonun gözəl guşələrini təbliğ edirik. Ötən illər 3000 ədədə qədər buklet və flayerlər hazırlayıb turistlərin hamısına təqdim etmişik. Təəssüf ki, Astaranın turizmlə bağlı xəritəsi yoxdur. Bu səbəbdən mən "Turizm bələdçisi” kitabını hazırlamaq istəyirəm. Bunun üçün müəyyən materiallar toplamışam, sadəcə, çap olunması qalıb. Keçən il hazırladığım bukletdə turizm obyektləri, gözəl məkanlarımız təbliğ olunurdu. Eyni zamanda, bir vərəqli "Astara abidələri” adlı flayerlər hazırlanıb. Təəssüf ki, bunlar yalnız Azərbaycan dilində nəşr edilib. Bütün bunları yenidən cəm halında "Turizm bələdçisi” kitabında, həm Azərbaycan, həm də ingilis dilində çap etdirməyi düşünürük. Həmçinin turistlər üçün çayçılıq və sitrusçuluğu əks etdirən suvenirlərin hazırlanması üzərində də düşünürük. Hazırda tikilən qala divarı isə gələcəkdə Astaranın rəmzi kimi qəbul oluna bilər.

- Rayonun dağ kəndlərində qış turizmi ilə bağlı layihələrin hazırlanması nəzərdə tutulurmu?
- Gələcəkdə qış turizminin inkişafı ilə dağ kəndlərində müəyyən işlər görmək olar. Təbii ki, qış turizminə uyğun xizəksürmə, kanatlar və s. olmalıdır. Ancaq oranın çox mürəkkəb relyefi var. Hələlik isə ucqar dağ kəndlərində kənd turizminin, yaşıl turizmin inkişafını həyata keçiririk. Qış turizmi üçün həyata keçiriləcək layihələr isə hələlik bizim üçün əlçatmazdır. Düzdür, bu layihələrlə bağlı təkliflər olunub. Çünki bu vasitələrlə turistləri daha çox cəlb etmək olar. Rayon rəhbərliyinin hədəfi də əsasən turizmin və kənd təsərrüfatının inkişafına yönəlib. Dənizkənarı park-bulvarın salınması və genişlənməsi də turizm infrastrukturunun inkişafı istiqamətində atılan addımdır. Həmçinin dəmiryolunun Ələt-Astara yoluna paralel köçürülməsindən sonra dəniz kənarı genişlənəcək. Dənizlə dağ arasındakı məsafəni qət etmək 20 dəqiqəyə başa gələcək. Bu genişlənən ərazidə otellər tikilə, istirahət mərkəzləri salına bilər. Əsas inkişaf yol infrastrukturu ilə bağlıdır. Yollar rahat olandan sonra turistlərin gəlişi çətin olmur. Demək olar ki, artıq rayonun tarixi məkanlarına, ekoturizmin təşkil olunacağı yerlərə yolların çəkilişi başa çatıb. Deqədi, Taxtanakəran-Toradi və Taxtanakəran-Miki istiqamətində avtomobil yolu çəkilib ki, bu da həm dağlarla, həm də dənizlə insanlar arasında vaxt mənasında məsafəni azaldıb. Sım kəndinə açılan yoldan sonra «əgər Bakının Qobustanı varsa, Astaranın da Sımı var» deyirik. Xüsusən yay mövsümündə bu yerlərə insan axını çoxdur. Çimərlikdən sonra insanlar dağların qoynuna yollanırlar.

- Turizm obyektlərində xidmət personalının peşəkarlığının artırılması istiqamətində hansı işlər görülür? Bu sahədə problemlərin olması da sirr deyil.
- Bu, bizim yaralı yerimizdir. Bu problemləri aradan qaldırmaqdan ötrü Astara Pedaqoji Kollecində turizm fakültəsi fəaliyyət göstərir. Bu, gələcək üçün turizm üzrə peşəkar kadrların hazırlanması deməkdir. Həmçinin Mingəçevirdə də belə bir kollec fəaliyyət göstərir. O cümlədən, Bakıda Turizm İnstitutu var. Nazir Əbülfəz Qarayevin göstərişi ilə ildə bir neçə dəfə turizm sahəsində çalışan personal üçün otelçilik, iaşə xidməti və s. sahələr üzrə seminarlar keçirilir. Həmçinin QHT-lər tərəfindən də seminarlar təşkil olunur və gənclərə sertifikatlar verilir.

- Turistlərin muzeylərə, qalereyalara marağı nə qədərdir?
- Muzeylərə, yaxın ərazilərdən gələn turistlər o qədər də maraq göstərmir. Yalnız uzaqdan gələn və ailəvi turistlər muzeyləri ziyarət edirlər. Məktəblilər isə əlamətdar günlərlə bağlı muzeylərə gəlirlər. Həmçinin tarix dərslərini muzeylərdə keçirirlər. Muzey işçilərini məktəblərdə dərsdənkənar mühazirələr oxumağa cəlb etmişik. Xarici turistlər əsasən Tarix Diyarşünaslıq Muzeyinə baş çəkirlər. Çay fabrikində çayçılıq muzeyi yaradılıb. Bu muzeyi ziyarət edənlər də var.

- Türkiyənin bölgələrində kənd turizmi xüsusi inkişaf edib. Kəndli evlərinin turistlərə verilməsi, məhsullarının satışı turizmin bu növünü inkişaf etdirib. Bu istiqamətdə sizin kəndlərdə vəziyyət necədir?
- Kənd turizminin inkişafı istiqamətində də addımlar atılır. Çünki kəndli məhsulunu həm də bu yolla sata bilər. Kəndə səfər edən turist kəndlinin satdığı qatıq, pendir, süd, meyvə, bal, doşab, təndir çörəyini və sənətkarlıq nümunələrini ala, onun kirayəyə verdiyi evdə gecələyə bilər. Kəndlilər evlərini sərfəli qiymətə gələn turistlərə təklif edirlər. Bu xidmətin genişlənəcəyi gözlənilir.

- Son illər ayrı-ayrı rayonlarda festivalların keçirilməsi ənənə şəklini alır. Astaranın belə bir festival keçirməsi planlaşdırılırmı?
- Astarada ya "Sitrus festivalı” ya da "Çəltik və sitrus” festivalı keçirməyi nəzərdə tuturuq. Bununla bağlı təkliflərimiz də var. Çəltikçiliyin inkişafını nəzərə alsaq, "Plov festivalı” da nəzərdə tutulur. Bu istiqamətdə təxmini layihələrimiz də hazırlanıb. Gələcəkdə bu məsələləri də reallaşdıracağıq.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Astara





















banner

Oxşar Xəbərlər