• cümə axşamı, 28 mart, 17:15
  • Baku Bakı 16°C

Xəzər dənizi ilə Fars körfəzini birləşdirmək

30.01.20 20:22 4853
Xəzər dənizi ilə Fars körfəzini birləşdirmək
Ekspertlər bu layihəni region ölkələri üçün əhəmiyyətli, amma yaxın dövrlərdə qeyri-real hesab edirlər

İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli "Tasnim" informasiya agentliyinə açıqlamasında deyib. O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək. Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur. "Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib.
Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir. Rəsuli deyib ki, dəmiryolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq: "Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir. Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsi qərara alınıb”.
Bəs görəsən belə bir layihənin reallaşdırılması region ölkələrinə nə vəd edir? Ümumiyyətlə belə bir infrastruktur layihəsinin hansı əhəmiyyəti var?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Xəzər dənizi ilə Fars körfəzinin birləşdirilməsi Azərbaycan üçün çox vacib məqamlardan biridir: "İran bu layihə vasitəsilə öz tranzit imkanlarını daha da gücləndirmək istəyir. Layihə İranla yanaşı, bizim də tranzit imkanlarımızı genişləndirəcək. Belə ki, birbaşa olaraq Azərbaycan dənizə və okeanlara çıxış əldə etmiş olur. Bu da dəniz daşımaçılığının inkişafı üçün kifayət qədər ciddi potensial formalaşdıra bilər. Yerli iqtisadiyyatın iştirakçıları daha az xərc çəkməklə geniş imkanlardan yararlana biləcək. Çünki dəniz daşımaçılığı ən aşağı qiymətə olan daşımaçılıq vasitəsidir. Buna görə də Xəzər dənizi ilə Fars körfəzinin birləşdirilməsi təkcə İran üçün deyil, bütövlükdə region üçün kifayət qədər əhəmiyyətli layihədir. Amma indiki halda İranın iqtisadi potensialını və ona qarşı tətbiq olunan sanksiyaları nəzərə alsaq, bu layihənin qısa və ortamüddətli dövr ərzində həyata keçirilməsi mümkün görünmür”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, İran əlahiddə olaraq Xəzər dənizi ilə Fars körfəzini birləşdirmək niyyətindədir: "Əlbəttə, bu çox böyük bir layihədir. Bu cür infrastruktur layihələrinin reallaşdırılması isə kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Son illər ərzində region ölkəsi kimi Azərbaycan tərəfi də nəqliyyat sahəsində böyük infrastruktur layihələrinə imza atıb. Bu layihələrə Azərbaycan hökuməti külli miqdarda vəsait ayrılıb. Bu gün Azərbaycan regionda İran üçün əhəmiyyətli nəqliyyat qovşağına çevrilib. Şimal-Cənub, Cənub-Şimal nəqliyyat dəhlizinin mərkəzi nöqtəsi Azərbaycandır. Xəzər dənizinin İran körfəzi ilə birləşdirilməsi üçün Azərbaycan artıq baza formalaşdırıb. Azərbaycan bu günə kimi həyata keçirdiyi nəqliyyat layihələri ilə artıq bu layihə üçün böyük töhfə verib. İndi İran bu istiqamətdə addım atırsa, bu, region ölkələri üçün də faydalı ola bilər”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, hazırda İranın belə böyük infrastruktur layihəsini həyata keçirmək imkanı yoxdur: "Çünki İran hal-hazırda təcrid olunmuş vəziyyətdədir. İranın bütün, əsasən də Fars körfəzindəki limanları sanksiya altındadır. Ölkənin ixrac və idxal əməliyyatlarına ciddi məhdudiyyətlər qoyulub. Həmçinin İranın mövcud geosiyasi vəziyyəti onun böyük layihələr həyata keçirmək imkanlarını sıfıra endirir. O cümlədən, bank əməliyyatlarını həyata keçirə bilmir. Məsələn, Cənub-Şimal nəqliyyat dəhlizinin çəkilməsini Azərbaycan öz üzərinə götürdü. Çünki İranın maliyyə imkanları yox idi. Bu mənada, İranın belə böyük layihələr icra etməsi indiki halda mümkün deyil. Ona görə də indidən Xəzər dənizi ilə Fars körfəzinin birləşdirilməsi haqqında fikir söyləmək tezdir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər