• cümə, 19 Aprel, 05:24
  • Baku Bakı 18°C

Xeyriyyəçiliyi reklam etmək, onun əhatə dairəsini genişləndirir

09.04.20 17:17 600
Xeyriyyəçiliyi reklam etmək, onun əhatə dairəsini genişləndirir
Və ya "sağ əlin verdiyini sol əl bilməməlidi" məsəli öz aktuallığını itirirmi?

Karantin günlərində iş yerləri bağlı olduğu üçün bir çox ailələr çətinliklərlə üzləşir. Bəziləri bu haqda sosial şəbəkələrdə paylaşımlar edir, bir qismi isə ümidini məşhurlara bağlayaraq, onları Türkiyə şou nümayəndələrindən örnək götürməyə səsləyir.
Ancaq Azərbaycanda da imkanlı sıravi vətəndaşlar kimi, sənət adamları da imkansız ailələrə köməyini əsirgəmir. Bəziləri bunu gizlin şəkildə edir, bəziləri isə video şəklində sosial şəbəkələrdə paylaşım edirlər. Həmin paylaşımların altında "sağ əlin verdiyini sol əl bilməməlidi" kimi şərhlər yazılır. Kimisi bu əmələ görə təşəkkürünü bildirərkən, kimisi də onları özlərini reklam etməkdə qınayır. Sənət əhli isə bunu reklam üçün deyil, örnək olması üçün yaydıqlarını deyir, yardım etmək istəyən şirkətlərin və şəxslərin onlarla əlaqə saxladıqlarını bildirirlər. Məhz bu paylaşımların sayəsində daha çox ailəyə yardım edilmiş olur.
Xeyriyyəçiliklə məşğul olan yerli şou-biznes nümayəndələrindən Kamil Zeynallı, Tolik, Şəbnəm Tovuzlu, Ruhi Əliyeva, Məleykə Əsədova, Nazənin, eləcə də bir sıra aparıcıların adlarını çəkmək olar.
Karantin günlərində ən çox diqqət çəkən fəaliyyətlərdən biri də Kamil Zeynallının tez-tez imkansız ailələrin evlərinə getməsi, onlara yardım göstərməsi oldu. K.Zeynallı başlatdığı təşəbbüslə bağlı "Kaspi"yə danışdı. Bildirdi ki, bu təşəbbüs çoxdan olsa da, karantin günlərində daha çox insan işləmədiyi üçün öz ailəsinə bir tikə çörək aparmaq imkanına sahib olmur. Məhz belə bir zamanda təşəbbüsün gücləndirilməsinin əsil vaxtı idi: "Məni tanıyanlar bilir ki, hər zaman ehtiyacı olanlara yardım etmişəm və öz köməyimi həmin insanlardan əsirgəməmişəm. Bunu heç zaman açıb-ağartmamışam. Bu dəfə paylaşım etməyimin isə bir səbəbi vardı: belə çətin günlərdə hər kəsin evində isti yeməyi olsun. İnsanlar görsünlər, həvəsə gəlsinlər və ehtiyacı olanlara yardım etsinlər. Şükürlər olsun, bu istəyimə çatdım".
K.Zeynallı deyir ki, sosial şəbəkələrdə "sağ əlin verdiyini sol əl bilməməlidi" kimi şərh bildirənlərin fikirləri onun üçün maraqlı deyil: "Buna mız qoyub, rişxənd edən insanların çoxu əllərindən bir iş gəlməyənlərdir. Yararlı bir işlə məşğul olmurlar, olanlara da mane olmağa çalışırlar. Əgər mən o paylaşımı etməsəydim, bu gün yüzlərlə ailə ac qalardı. Mən bunları çəkib göstərdiyim üçün bir çoxlarında da eyni həvəs yarandı. Hazırda Nazənin xanımla Tağıyev qəsəbəsinə gedirəm".
K.Zeynallı bildirir ki, ona "instagram” üzərindən çoxsaylı müraciətlər olunur: "Yardıma ehtiyacı olan insanlar və ya onların yaxınları mənə "instagram”dan yazaraq, vəziyyətlərinin çətin olduqlarını bildirirlər. Mən də onların evlərinə yardımlar edirəm. İndiyə qədər 500-dən çox ailəyə yardım etmişik. Bəzi şirkətlər mənə dəstək olmaq istədiklərini bildirirlər. Deyirlər ki, o insanların nəyə ehtiyacı varsa, dəstək olmağa hazırdırlar".
Aparıcı, jurnalist Tahirə Məmmədqızı da bu təşəbbüslə çıxış edənlərdəndir. O, deyir ki, bu təşəbbüsə qoşulmaq istəyən jurnalistlər də varsa, sıramıza qoşula bilər: "Belə bir təşəbbüsə başlayanda, paylaşım etmək istəmirdim. Gücüm çatdığı qədər ehtiyacı olanlara kömək etməyə çalışdım. Paylaşım etdikdən sonra dostlarım zəng edib dəstək olmaq istədiklərini bildirdikdə, daha da həvəsləndim. Sonra Tolikə, Kamil Zeynallıya baxdım gördüm ki, onlar da paylaşım edirlər. Düşündüm ki, paylaşım etmək lazımdır ki, daha çox insan bundan xəbərdar olsun və öz köməklərini əsirgəməsinlər. Bu, təbliğat xarakteri daşıyanda, kömək etmək istəyən insanların sayı da çoxalır. Ehtiyacı olanlar da bizə müraciət etmək üçün ən azından ünvanımızı bilirlər ki, kimə müraciət etsələr, onlara kömək edə bilər. Bir paylaşımımla sənətkarlar mənə müraciət etdilər. Əslində bunu paylaşmaqla özümü yaxşı göstərmək kimi bir niyyətim yox idi. Bu illər ərzində məni tanıyanlar bilir ki, kimlərəsə azdan-çoxdan yardım əlimi uzatmışam. Bunu heç kimə də deməmişəm. Ancaq bu məsələdə bir komanda olmalıyıq. Çünki biz birlikdə güclüyük və bunun əməldə də olmasını istədim. Ətrafımızda yaşananlara laqeyd olmayaq. Mən koronavirus epidemiyası başlamamışdan əvvəl də tanıdığım ailələrə yardım təşəbbüsü göstərmişəm".
T.Məmmədqızı deyir ki, getdiyi ailələrin, sözün əsil mənasında yardıma və dəstəyə ehtiyacı var: "Hazırda 4 ailəni ziyarət etmişik, onlara əlimizdən gələn köməkliyi göstərməyə çalışdıq. Onlar həqiqətən pis vəziyyətdə yaşayırlar. Kimlər kömək etmək istəyirsə, sıramıza qoşula bilər. "İnstagram” səhifəmdə də kömək üçün müraciət edənlər var. Biz bir olarsaq və sayımız nə qədər çox olsa, daha çox ailəyə dəstək olarıq".
Həmkarımız paylaşım edəndə, xoş sözlərlə bərabər, onlara ağır sözlər yazanların olduğunu da deyir: "Biz bunu özümüz üçün etmirik. Dünən paylaşım etdikdən sonra kömək etmək istəyən insanların sayında artım olduğunu gördüm. Məqsədimiz xalqımızın bu günündə ehtiyacı olan ailələrə kömək etməkdir. Paylaşımlarımız sadəcə təbliğat xarakteri daşıyır. Bizə o şərhləri yazan insanları anlamıram. Niyə könül qırırsınız? İnsanlar nəsə etmək istəyirlər, burda pis nə var axı. Barı onlardakı insanlıq hissini öldürməyin. Xəstə canımla 5 ailənin qapısını döyməyə güc tapıramsa, o gücü öldürməyin".
Onu da qeyd edək ki, Heydər Əliyev Fondu xüsusi karantin rejimində yaşlı vətəndaşlara dəstək məqsədilə "Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan” adlı sosial layihəyə start verib. Əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə tanınmış simalar da qoşulub. Onlardan biri də Xalq artisti Röya Ayxan olub. O, Nahidə xanımın virtual qonağı olub, ona öz hədiyyəsini verib.
Qeyd edək ki, sözügedən layihədə xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov və Natiq Şirinov da iştirak edib.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər