• çərşənbə axşamı, 16 aprel, 22:17
  • Baku Bakı 18°C

Xeyirxahlıq mədəniyyəti

27.09.13 09:33 1992
Xeyirxahlıq mədəniyyəti
Flora Xəlilzadə
Hər birimizin ətrafında, qonum-qonşuların arasında, iş yerlərimizdə yaşı otuzu, qırxı keçmiş qızlarla tez-tez rastlaşırıq. Gözümüzün önündəcə bu gözəllərin gül kimi solduğunu, şuxluqlarını itirdiklərini gördükcə adamın ruhu dara çəkilir, ürəyinin başı göynəyir. Böyük Sabirdən üzü bəri könlümüzü yaralayan misralar yada düşür:
Tacirlərimiz Anyalara, Sonyalara bənd olacaqmış,
Fatma, Tükəzbanları neylərdin, ilahi?!
Dünyamızın hansı üzündəsə qız qapısını adətcə döyən elçilər nə oğlanın könlündən xəbər tutardılar, nə də qızın rəyini soruşardılar. Atanın, ananın izzətinə, hörmətinə, vəziyyətinə, necə deyərlər, nəslinə-əslinə görə hər kəs öz tayını tapardı. Bu cür ailə qurmaq bəzilərinin ürəyincə olmasa da, hər halda o vaxtlar qarıyan qızlar tapılmazdı. Azərbaycan qadınlarının yar, yoldaş itirmək faciəsi hələ ötən əsrdə, İkinci Dünya müharibəsi ilə başladı. Ailələr başsız, qadınlar ərsiz, nişanlılar sevgilisiz, sevib-seçilməyə layiq qızlarsa taysız qaldılar. Bəxtin bu amansız gərdişində Azərbaycan qadınları üzləşdiyi sınaqdan alnıaçıq çıxdılar. Bir üzü qız, bir üzü gəlin olan neçə-neçə xanım-xatın gözəllərimiz taleyin bu ağır zərbələrinə mərdlikləri, qeyrətləri, şahənə vüqarları ilə qalib gəldilər. Hər əzaba, zillətə dözərək papaq kimi başdan-başa qoyulmadılar. Öz zərif çiyinlərində atasız, ərsiz ailənin ağır yükünü şərəflə daşıyanlar da oldu, quruca adla təsəlli tapanlar da, sevgisinə sadiq çıxaraq gözləri yollarda, qulaqları səsdə qalanlar da. O mərd, qeyrətli qadınların çoxu ölənə kimi dirigözlü öz ömürlərinə, gəncliklərinə zülm etdilər. Təminatlı yaşamaqdan, xoş həyatdan keçmək olar, amma namusdan, qeyrətdən, vəfadan, etibardan yox!.. Onların gecə-gündüz ürəklərində oxuduğu bir nəğmə də var idi:
Darıxmıram, səbrim çoxdur,
Ölüncə gözlərəm səni!
Bu səbrlə də şam kimi əridilər. Bu faciə, bu bədbəxtlik bizim kişilərdən asılı olmamışdı. Bu, müharibənin gətirdiyi fəlakət idi. İnsanlar o ağır, vahiməli günlərdən sıyrılıb çıxdılar. Yeni nəsil yarandı, sevib-seçilən gənclərin ailə həyatı başladı... Amma bu gün Azərbaycanda yaşı 35-i ötmüş yüzlərlə qız var ki, ailə səadətinə qovuşa bilməyib. Xüsusən də, onların tək-tənha yaşayanlarının vəziyyəti ürək dağlayır. İstər-istəməz, bir sual içimizi doğrayır ki, görəsən, bu biçarələrin günahı nədir, niyə bəxt onlarla belə əyişib? Bir evin göyçəyi, bir nəslin ağbirçəyi ola biləcəkləri halda, niyə bir ömrün tək qanadlarına dönüblər? Neçə belə ağıllı-kamallı, yaşın hansısa həddində donuxmuş, doluxmuş qızlar tanıyırıq. Onların solmuş üzləri, pərişan halları ürəyimizi parçalayır. Belə qızlarımız barədə şair Məmməd Aslanın ürək ağrısı ilə yazdığı bir şeirin misralarını xatırlayıram:
Abır bəzən tələdi
Sinəndən itələdi.
Həyasına sığınmış belə qızları niyə görən yoxdur? Və özbək şairəsi Zəlihənin o misrasını da yada salıram ki:
Çirkin qadın yoxdu ki
dünya üzündə,
Axtarsan, bəxti çirkin
taparsan bəlkə.
Qız bəxtini çirkinləşdirməkdən də günah iş varmı? Bir dəfə bu mövzuda yazarkən üzümü oğlanlara tutaraq demişdim ki, axışıb haralaracan gedirsiniz? Üzü bəri qayıdanda isə öz analarının dillərində danışan balalarınız sizə "ata" da deyə bilmir. Nəvə həsrətində olan valideynləriniz bu yadlaşmış balacaları nə qədər öpüb-oxşasalar da, ürəklərində bir xiffət çırpınır. Çünki onların xoş sözlərini, nəvazişlərini özgə millətin qadınından doğulan uşaqlar anlayacaq deyillər. Və bu vaxt qonşu divarın o tayında əlləri qoynunda qalmış bir qızın lal harayı o yazıqların da olan-qalan sidqini sizdən sıyırır. İndi başqa bir ağır mənzərə də var. Taleyin amansızlığı yenə də qızlarımızın xoşbəxtliyinə kölgə saldı. Namərd qonşularımızın torpaq iddialarından doğan Qarabağ münaqişəsinin qaynar qazanında dəhşətli hadisələr törəndi. Bir tərəfdən insanlar öz doğma yer-yurdlarını itirərək müxtəlif bölgələrə səpələndilər. El eldən, ev evdən, qohum qohumdan ayrı düşdü. Digər tərəfdən də yurdumuzun hər guşəsində şəhid qəbirləri göyərdi. Bütün bu zərbələrin ağırlığını yenə də qadınlar çəkəsi oldu. Əhalinin 51 faizindən çoxu qadındır. İndi vəziyyəti təsəvvürə gətirin. Bir tərəfdə həyat yoldaşlarını, nişanlılarını, gözaltılarını yarsız qoymuş şəhidlər, digər tərəfdən də öz yaşıdları arasında tayını tapmayan qızlar. Bu hələ məsələnin bir tərəfidir. Keçid dövrünün iqtisadi çətinliyinin məngənəsində əzilən, bazar münasibətlərinin tarazlaşmayan məqamında bir tikə çörək qazanmaq niyyəti ilə qonşu ölkələrə üz tutan cavanlar "özlərini tutana" qədər ömür-gün keçir. Respublikamızın qərb və cənub rayonlarında vəziyyət bu mənada ağırdır. Elə kəndlər, kəsəklər var ki, orada ancaq qocalar, qadınlar və qızlar yaşayırlar. Cavanların hamısı Rusiyada, ya da digər yerlərdədir. İldə bir yol - yaydan yaya kəndə üz çevirən bu cavanların bəzən heç ağlına da gəlmir ki, onların bu gedişi mütləq bir azərbaycanlı qızının yaşlaşmasına, qarılaşmasına səbəb olur. Bəzən də başqa millətin nümayəndəsi ilə ailə quranlar ahıl vaxtlarında ayılırlar ki, vətənə dönmək gərəkdir. Bu da çox gec olur. Çünki nə onların övladları Azərbaycan dilində danışa bilirlər, nə də həyat yoldaşları bu mühitə uyğunlaşırlar. Qəribə təzad yaranır. Ömrün bu çağında bəzən kişilər özləri də tənhalaşırlar. Bax, bu məqamın yaranmaması, gələcək əzablardan xilas olmaq üçün vaxtında öz taleyini düzgün müəyyənləşdirməlisən. Atalar demişkən, "məsləhətli don gen olar".
Şəxsi həyatdakı faciəni sosial problemlərlə bağlamaq nə dərəcədə düzdür, bilmirəm, amma bir həqiqət var ki, bir parça çörəyin, oxumağın, işləməyin xətrinə başqa respublikalara üz tutan cavanlar içlərində həmişə bir milli qeyrət gəzdirməlidirlər ki, qaragöz qızlarımızın taleyi qara gətirməsin.
Son vaxtlar bu problemin daha bir ağrılı cəhəti ilə üzləşirik. Müstəqilliyimizi qazanandan sonra demokratiyanın müsbət təsiri ilə yanaşı, müəyyən mənfi "yenilikləri" də oldu. Birdən-birə dünyaya açılan yollarda qəribə yolçuların peydası baş verdi. Hərdən statistik məlumatlara, televiziya kanallarında nümayiş etdirilən verilişlərə baxanda aldığın informasiyadan məyus olursan. Qızların sorağı haradan gəlmir? Nə olub bizə? Vaxt var idi ki, Azərbaycan qızları mütləq öz millətinin övladı ilə ailə qurardı. İndi işlər lap tərsinə olub. Hələ bu harasıdır? Bakıda müvəqqəti olaraq fəaliyyət göstərən iş adamlarının bəziləri Azərbaycan qızları ilə evlənir. Amma vətənə dönəndə onları aparmırlar. Lap Şeyx Nəsrullahın siğələrinə bənzəyir. Bütün bu ünsiyyətlərin heç birindən xoşbəxt ailənin nəfəsi duyulmur. Xüsusilə də, gecə barlarında atılıb-düşən gənc qızların gələcək taleyi daha müəmmalıdır. Yüngül həyata maraq göstərənlər arasında 15-16 yaşlı yeniyetmə qızların olması ürək ağrıdır. Bu bəlaların əsas kökü təbii ki, ailədən, tərbiyədən, valideynlərin məsuliyyətindən irəli gəlirsə, digər halda sanki ictimai qınaq da ərşə çəkilib. "Mənə nə" laqeydliyi insanların gözlərindən ağır bir pərdə asıb. Bu dərəcədə özümüzü görməzliyə vurmağımızın bəlalarını millətin gələcək ailələri çəkəcək. Bizi narahat edən problemlərdən biri də odur ki, xarici ölkələrdə nəyi atırlarsa, nəyə nifrət edirlərsə, bizimkilər onu göydə tuturlar. Bəziləri hansısa bir avropalı kimi hərəkət etmək istəyir. Bunun da nəticəsində özünün halal yerişini itirir. Hətta elə insanlar da var ki, normal həyatı, ailəni, qarşılıqlı səmimi münasibətləri gerilik əlaməti kimi anlayırlar. Öz düşüncələri bir yana, bunu ciddi-cəhdlə ətrafdakılara sırımağa çalışırlar. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar.
Yaxşı ki, hər zülmət gecənin bir işıqlı səhəri var. İndi bütün bəhanələrin kəsilən vaxtı yetişməkdədir. Ölkəmizin hər bir bölgəsində yeni iş yerləri yaradılır, insanların çalışması üçün müxtəlif müəssisələrin fəaliyyəti nəzərdə tutulur. Cavanların öz vətənində işlə təmin olunmasına şərait yaradılır. Bu, sadəcə iş yeri demək deyildir. Bu, həm də hansısa bir cavan oğlanın öz vətəninə, öz ailəsinə qayıtmasına şərait yaradılmasıdır. Bir qızın, bir xanımın intizar gözlərinin yollardan çəkilməsidir. Təbii ki, bizim ən böyük problemimiz və anaların ruhunu narahat edən məsələlərdən biri də Qarabağ münaqişəsinin dinc yolla sona çatmasıdır. Yəqin ki, bu ağrılı məsələ də öz həllini tapdıqdan sonra insanlar böyük həvəslə öz yerlərinə, yurdlarına dönəcəklər. Uzaq düşmüş tanışlar, qohumlar yenə də bir araya gələcəklər. Bəlkə bütün bunlardan sonra Azərbaycan qızlarının tənha həyatına son qoyular. Şair demişkən: Azərbaycan qızları yer ulduzlarıdır. Bizim hər birimiz mentalitetimizə məxsus ənənəmizi yaşada bilsək, kiməsə xeyirxahlıq etməyi bacarsaq, bəlkə də bu üzücü problemin çözülməsinə səbəb olarıq. Ona görə də ətrafınıza diqqətlə baxın. Qohum-qardaşınızda subay oğlan görəndə xeyirxahlıq edin, ona nəcib, tərbiyəli, ağıllı, əxlaqlı qızlarımızın ünvanını nişan verin. Xoşbəxt bir ailənin qurulmasına səbəb olun. Bundan gözəl nə ola bilər? Qonşudan yarıyanın qızı qarımaz.
Tanrı qapınızda toy çaldırsın.
banner

Oxşar Xəbərlər