• cümə axşamı, 28 mart, 19:39
  • Baku Bakı 13°C

Xəyanətin bir addımlığında

19.11.18 14:00 1545
Xəyanətin bir addımlığında
Bir müddət bundan öncə Lev Tolstoyun "Anna Karenina” romanını ikinci dəfə oxuyası oldum. Tolstoy elə yazıçılardandır ki, onu dönə-dönə oxumaq lazım gəlir, hər oxucunun içində bir Tolstoy dünyası var. Bu haqda vaxtilə geniş yazı da yazmışam, özümü təkrarlamaq istəmirəm.
Çox sevdiyim bir yazıçı da var – Stefan Sveyq. Onun "Dünənin dünyası” kitabı məni sözün əsl mənasında heyrətləndirmişdi. S.Sveyqin kitabı memuar ədəbiyyatının ən gözəl örnəklərindəndir. İndiyə qədər oxuduğum memuarlar içində mənim üçün ən maraqlısı, ən yaxşısı oldu bu kitab.
Bizə tanış olmayan koloritin, estetik özünüifadələrin belə gözəl və dəqiq, professionallıqla qələmə alınması, Birinci Dünya Müharibəsinin doğurduğu mənəvi –psixoloji iqlimin dolğun təsviri müəllifin parlaq istedadının göstəricisidir. İncəsənətin, ədəbiyyatın müharibədə oynadığı rol, yazıçının bütün təhdidlərə rəğmən barış missiyasını sonadək davam etdirmək əzmi sərrast cümlələrlə ifadə olunub. Yazıçı sanki hər cümləni çəkiclə oxucunun beyninə yeridir.
Sveyq qədər zəngin palitralı yazıçılar dünya ədəbiyyatında azdır. Sveyqin mühakimələri hədəfi dəqiq nişan alır, məntiq oxucunu divara dirəyir, onun əsərlərində patetika, pafos görmək mümkün deyil. O, bütün varlığıyla militarizmin əleyhinə idi. Bütün Avropanı böhran bürüdüyü vaxtda artıq öz gücsüzlüyünü hiss edərək arvadıyla birlikdə Braziliyada intihar etdi.
Sveyq həqiqəti onun görüntüsündən çox asanlıqla ayırd edə bilirdi. Az qala min il sürən Avstriya monarxiyası bu insanın gözü qarşısında laxladı, əmin-amanlığın qızıl dövrünü görmüş yazıçı birdən-birə müharibələr burulğanına düşdü. Və bu dövr "Dünəni dünyası” kitabında möhtəşəm cizgilərlə təsvir olunur. "Anna Karenina”nı yenicə oxuyub bitirmişdim ki, təsadüfən əlimə Sveyqin "Dəhşətli sirr” kitabı keçdi. Bu kiçik romanın mövzusu nə olsa yaxşıdır? Qadın xəyanəti!
Qadın düşkünü olan bir baron Avstriya dağlarının ətəklərinə istirahətə yollanır və orda mehmanxanalardan birinə yerləşir. Hadisələr bu məkanda cərəyan edir. On iki yaşlı oğlu ilə birlikdə burada istirahət edən bir qadın baronun diqqətini cəlb edir və o, qadını ələ keçirmək üçün bütün vasitələrdən istifadə edir, onun oğlu ilə isti, mehriban münasibət qurur, uşağın vasitəsilə qadını ələ keçirməyə çalışır. Uşaq isə nə baş verdiyini anlamır. Həmişə böyüklərin diqqətindən kənarda qalan Edqar birdən-birə baronun onunla dostluq etməsindən sevincək olur, həyəcanlanır, özünü artıq böyümüş kimi hiss edir. Böyüklərin söhbətində iştirak etməkdən zövq alır, bu münasibət onun izzəti-nəfsini oxşayır. Uşaq baronun hiyləgərliyindən xəbərsizdir, özü də bilmədən onun anasını ələ keçirməsinə yardımçı olur. Qadın Anna Karenina kimi xəyanətin lap astanasındadır. Və... bu məqamda baronun uşağa münasibəti qəfildən dəyişir, ovunu ələ keçirmiş kişi artıq uşağa qarşı biganədir. Edqar bu qəfil soyuqluğu həzm edə bilmir. "Onun uşaq qəlbində çağırlmamış bir qonaq – inamsızlıq özünə möhkəm yer eləmişdi”.
Qadın da barona qarşı biganə deyil, onlar uşaqdan gizlin görüşməyə can atırlar, amma Edqar onları gözdən qoymur, onların hər addımı izləyir. Sövq-təbii anasına qarşı pis bir hərəkətin baş verəcəyini hiss edir. Əvvəl düşünür ki, atasına teleqram vurub anasının həyatının təhlükədə olduğunu bildirsin, sonra fikrindən daşınıb aşiqləri izləməkdə davam edir. Onun daxilində fırtınalar baş qaldırır, mövcud vəziyyəti dərk etməyə çalışır, anasına baronun pis adam olduğunu deyir: "Ana, o, səni aldatmaq istəyir. Bilmirəm sənə nə vəd verib, bircə onu bilirəm ki, verdiyi vədə əməl etməyəcək. Özünü ondan qorumalısan”.
Bu səs sanki qadının öz içindən gəlirdi, qadın özü də aldadıldığını hiss edirdi, amma içindəki şeytani qüvvə onu günaha sürükləyirdi. Eynilə Anna Kareninanın keçirdiyi hisslər! Tərəddüd, aldanış qorxusu, eyni zamanda ehtiras, fiziki instinktlərin təhriki... Çox vaxt deyirlər ki, qadın xəyanət edirsə, məntiqi səbəb axtarmaq lazım deyil, o, hisslərinin qurbanıdır. XIX əsr fransız cəmiyyətində, rus burjuaziyasında qadının, xüsusən də gözəl qadının kübar cəmiyyətindən kənarda olması onun üçün ölümdən də betər idi.Stendalın, Floberin, Mopassanın, Balzakın qadın obrazları məhz bu səbəbdən xəyanətə yuvarlanırlar. Amma Tolstoyun Anna Kareninasını Vronski ilə yalnız sevgi hissi bir-birinə bağlayırdı. Sveyqin qadın qəhrəmanı isə hələ sevməyə macal tapmayıb, sadəcə, baron onu ovsunlayıb. Hisslərlə yaşayan qadın tez tora düşür. Edqarın anası qadın gözəlliyinin son çağlarını yaşayır, qarşıda onu qocalıq gözləyir. O, qadın olaraq hələ də həyatın dadını çıxarmaq istəyir, sevilməkdən zövq alır.
Baron bir çox mənfi xüsusiyyətləri ilə Stefan Sveyqin digər bir əsərinin qəhrəmanı Kazanovanı xatırladır. Kazanova üçün də heç bir ali dəyər yoxdur, bu adam dağıdıcı ehtirası ilə qarşısına çıxan bütün qadınları əzib keçir. Sveyqin qadın qəhrəmanı da sonda Emma Bovari kimi zəhər içə bilərdi, Anna Karenina kimi özünü qatarın altına ata bilərdi. Amma onu son anda oğlu Edqar bu qaçılmaz faciədən xilas etdi. Qadın Tolstoyun qəhrəmanı kimi oğlu haqqında düşünür. "Belə anda qadın təhlükəli bir qərar qarşısında qalır: öz taleyini yaşasın yoxsa bu taleyi uşaqlarına qurban versin?! Qadın olsun yoxsa ana?!” Qadın məhz bu təhlükəli anları yaşayırdı, həyat eşqi ilə analıq hissi arasında tərəddüd edirdi.
Edqar onları hər an izləyir, baronu anasına yaxın düşməyə qoymur. Anası qaldığı otağın qapısını onun üzünə bağlayıb gedir. Amma uşaq pəncərədən çölə atılır və həlledici məqamda – baron anasının belindən tutub onu öz otağına tərəf aparanda onun üstünə atılır, anasının namusuna toxunmaq istəyən adamı yumruqlayır, əlini dişləyir.
Sonra qadın oğluna bu hərəkətinə görə minnətdar olacaqdı; Onu xəyanətin bir addımlığından geri döndərdiyi üçün, bu dəhşətli sirrin üstünü açmadığı üçün. Bu hadisədən sonra qadın and içir ki, bundan sonrakı həyatını oğluna həsr edəcək, macəralardan uzaq gəzəcək, bütün arzu-xəyalları ilə biryolluq vidalaşacaq...
Anna Kareninanı xilas edən olmadı. Onu heç kim xilas etmək iqtidarında deyildi. Artıq sevgi onun içində metastaz verib bütün hüceyrələrinə yayılmışdı. Həm də Annanın sirri bütün aləmə faş olmuşdu...
Kənan Hacı
banner

Oxşar Xəbərlər