• cümə axşamı, 18 aprel, 07:26
  • Baku Bakı 12°C

“Xəyal etməkdən qorxmayın” – Uğur hekayəsi

08.05.15 05:38 2123
“Xəyal etməkdən qorxmayın” – Uğur hekayəsi
Eldar Cəbrayılov: “Çalışdığım hər işdə faydanı artırmaq üçün inkişafımı davam etdirmək istəyirəm”
Xəyal etməyə qorxmur. Nə qədər əlçatmaz olsa da, zamanla bu xəyalların, arzuların hədəflərə çevriləcəyinə inanır. Uğurunun sirrini çalışdığı şirkətlərə fayda verməkdə və güvəniləcək birisi olmasında görür. Müsahibimiz Bank Standardın Pərakəndə bank məhsulları departamenti İnternet bankçılığın inkişafı şöbəsinin rəisi Eldar Cəbrayılovdur.
- Eldar bəy, bakalavr pilləsini mühəndis ixtisası üzrə bitirmisiniz. Mühəndislik hara, bankçılıq hara?
- Bunun maraqlı tarixçəsi var. İqtisadiyyata hazırlaşırdım. 11-ci sinifdə oxuyanda sinif yoldaşlarımın təlaş içərisində sənəd topladıqlarını gördüm. Türkiyə universitetlərinə qəbul üçün bütün fənlərdən imtahan keçirilirdi. Özümü sınamaq məqsədilə imtahana girdim və rus bölməsini bitirməyimə baxmayaraq, Türkiyənin Ege Universitetində Dəri mühəndisliyi ixtisasına qəbul oldum. Təbii ki, 16 yaşındakı yeniyetmə kimi ixtisas seçimi zamanı o qədər də fikirləşmədim. Əsas məqsədim özümü sınamaq idi, qəbul olduğum təqdirdə də xaricdə oxumaq həvəsi var idi. Xaricdə oxumağın müsbət tərəfi odur ki, analiz etmək, sistemə kənardan baxmaq kimi şanslarınız var. Mən də son kurslarda anladım ki, özümü daha çox maliyyə sahəsində tapa bilərəm. Buna görə də bakalavr pilləsini başa vurandan sonra Beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə magistratura pilləsində təhsil aldım. Bu dəfə də dövlət xəttilə Türkiyənin Dokuz Eylül Universitetinə qəbul oldum.
- Türkiyədə magistraturanı başa vurandan sonra karyeranıza Rusiyada başlamağınız da maraqlıdır...
- Mən diplom işimi yazanda Türkiyənin məşhur banklarından olan indiki Kredit Avropa Bankı, o vaxtkı Finans Bank xaricdə çalışmaq üçün tələbələrin qəbuluna başladı. Mən də müraciət etdim və qəbul oldum. Bu, mənim üçün gözəl şans idi. Magistraturanı bitirməmiş Rusiyadakı ən böyük bankların birində işə qəbul edildim. İstanbulda bir neçə ay həm işlədim, həm təcrübə topladım. Sonra çalışdığım bankın Rusiyadakı baş ofisində işimi davam etdirdim. Qeyd edim ki, Kredit Avropa Bankı Rusiyadakı minə yaxın bankdan ilk əliliyə daxildir. Üç ilə yaxın Moskvada çalışdım. İşlədiyim 2-ci ildə şöbə rəhbəri vəzifəsinə yüksəldim.
- Necə oldu ki, Rusiyada karyeranızda ilk uğurlu addımlarınızı atdığınız təqdirdə, Azərbaycanda işləməyə qərar verdiniz?
- Rusiyada çox gözəl layihələr həyata keçirdim. Artıq elə məqam gəldi ki, harada yaşamaq, karyeramı davam etdirməklə bağlı qərar verməli idim. Qeyd edim ki, bank sahəsində çalışanlar bir-birlərini tanıyır və müxtəlif vakansiyalar zamanı tövsiyə görürlər. Məndə də belə oldu. Azərbaycanda məzuniyyətdə olanda Azərbaycan Sənaye Bankından Plastik kartlar departamentində çalışmaq və müəyyən müddət sonra rəhbərlik etmək təklifi gəldi. Təklif mənim üçün yüksək pillə sayılırdı və öyrəndiyim təcrübəni tətbiq etmə şansı qazanırdım. Buna görə Azərbaycana qayıtdım. Azərbaycan Sənaye Bankında 4 ilə yaxın çalışdım. Daha sonra illərlə formalaşmış korporativ mədəniyyəti olan Bank Standarddan təklif aldım. Baxmayaraq ki, Azərbaycan Sənaye Bankında Kartların əməliyyat departamentində rəhbəri idim, həyata keçirdiyim layihələrə əsaslanaraq Bank Standardda pərakəndə bankçılığın inkişafı və bank məhsullarının yaradılması ilə məşğul olan departamentdə şöbə rəhbəri vəzifəsində işləməyə razılıq verdim. Mənim üçün önəmli olan görəcəyim işin nədən ibarət olmasıdır. Bunu Rusiyada çox gözəl anladım. Karyeranın başlanğıcında, davamında maaş o qədər də önəmli deyil. Çünki öyrənəcəyiniz yeni işi, təcrübəni pulla qazana bilməzsiniz. Beləliklə, Bank Standardda plastik kartlar şöbəsinin rəhbəri kimi işə başladım. Artıq müştərilərin nə istədiyini araşdıraraq, doğru məhsul və xidmətləri təqdim etməyə çalışırdım. Burada işlədiyim bir ildən sonra İnternet bankçılığın inkişafı şöbəsinin rəisi vəzifəsinə keçdim.
- Əvvəlcə Azərbaycanda yeni sahə sayılan plastik kartlar bölməsində çalışdınız, hazırda isə bank xidmətlərinin online təqdimatı ilə məşğulsunuz. Yeni, Azərbaycanda ənənələri olmayan sahələrə daha çox maraq göstərirsiniz, deyəsən?
- Elə demək olar. İstər bank əməkdaşlarını, istər müştəriləri alışdığı vərdişlərdən qoparmaq çətindir. Bu baxımdan insanları öyrəşmədikləri vərdişlərə cəlb etmək, alışdırmağa çalışırıq. Bunun üçün çox çalışmaq lazımdır və çalışırıq. Mən yeniliyə açığam.
- İlk işə başlamanızdan bir il sonra şöbə rəisi vəzifəsinə keçmisiniz. İndi də idarəedicisiniz. O dövrdəki idarəçiliyinizlə indiki arasında hansı fərqlər var? İdarəçilik sisteminizdə nələr dəyişib?
- İdarəçiliyə başladığım ilk illərdə əsas enerjimi çalışdığım şöbənin işinə həsr edirdim, yəni şöbə daxilində daha yaxşı olmağa, düzgün işləməyə, çox şey anlamağa çalışırdım. Amma bu gün öz işimdən əlavə, həm şöbəmizdən kənarda digər şöbələrdə, həmçinin ətrafımızda nələrin baş verdiyini öyrənməkdə maraqlıyam. Hazırda internet bankçılıqla məşğul olmaqla yanaşı, marketinqə, menecmentə də maraq göstərirəm, xüsusilə layihələrin idarəedilməsi yönündə özümü inkişaf etdirməyə çalışıram. Qısaca desəm, bu gün bir rəhbər bir problemin çözümü, yaxud kadrlarla çalışmaq, ya da özünü inkişaf etdirmək baxımından, “mən daha nə edə bilərəm” sualını özünə vermirsə, yerində qalacaq və gələcəkdə qısa dönəmdə çalışdığı yerə heç bir fayda verə bilməyəcək.
- Menecerlər müxtəlif olur. Bəziləri işi tam olaraq işçiyə tapşırır, bəziləri isə özləri də iş prosesində iştirak etməyi sevirlər. Özünüzü hansı menecer tipinə aid edirsiniz?
- Əvvəllər daha çox işi özüm edirdim. Bunun bir səbəbi işdə iştirak etmək istəyim idisə, digər səbəb kadr çatışmazlığı ilə bağlı idi. Azərbaycana yeni gəldiyim dönəmlərdə bəzi kadrlar çatmırdı. Kadrı yetişdirmək bəzən bir neçə ayınızı alır, amma sizdən işi bu gün tələb edə bilərlər. Buna görə həmin kadrlar yetişənə kimi onların işini də özüm görmək məcburiyyətində qalırdım. Düşünürəm ki, bu gün bəzi şeylərə həm rəhbər, həm əməkdaş, həm də bir vətəndaş kimi “yox” deməyi bacarmalıyıq. Rəhbər işi düzgün paylaşdırmağı, səlahiyyət verməyi bacarmırsa, o, rəhbər deyil, sıradan bir əməkdaşdır. İşi gündəlik paylaşdırırsan və sonrakı mərhələlərdə yoxlamalarını aparırsan. Hazırda işçilərin işinə qarışmıram. Planlama, yönləndirmə çox önəmlidir. Onu düzgün etdiyiniz zaman işin gedişatında problem olmur. Sonda onsuz da yoxlamanı siz aparırsınız və düzəlişlərinizi edirsiniz. Keçmiş idarəçilərin problemi ondan ibarət idi ki, planlamaya çox az zaman ayırırdılar, bütün güclərini yoxlamalara sərf edirdilər. Halbuki əməyin 40 faizi planlamaya, 40 faiz işin təşkilatçılığı və motivasiyasına, yerdə qalanı yoxlamalara sərf edilməlidir.
Bu gün mən işin biznes tərəfindəyəm. Şöbəmiz məhsullar yaradır, təkliflər verir, dəyəri hesablayır. Buna görə də biz bir komanda şəklində çalışmalıyıq. Biz işin planlamasını bərabər edirik. Sonra səlahiyyəti paylaşdırmaq daha asan olur.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Boş vaxtlarımı ailəmlə keçirməyə çalışıram. İdmana da çox vaxt ayırıram. Əvvəllər, menecerlik təcrübəmin az olduğu vaxtlarda iş mənim çox vaxtımı yeyirdi. Şənbə günləri də çalışırdım. Müasir menecmentliyin əsas şərtlərindən biri də vaxtın idarə edilməsidir. Mən bu gün vaxtımı idarə etməyi öyrənmişəm, işimə də, ailəmə də, özümə də vaxt ayıra bilirəm. Bütün işlərə yönəlməmək, aralarında vacib olanı seçib o yöndə çalışmaq əsasdır.
- Gələcək planlarınız nədir?
- Yerimdə durmamaq... Şirkətə verdiyim faydaları daha da çoxaltmaq üçün inkişaf etmək istəyirəm. Hələ ki, vaxt ayıra bilmirəm, amma topladığım 10 illik bank təcrübəsini təlim şəklində paylaşmaq istəyirəm. Hazırda bir neçə ali təhsil ocağı ilə görüşlər keçirirəm. Bildiklərimi blog, yaxud sayt yaradaraq orada daha çox insana çatdırmaq planım da var. Fikirlərimi köşə şəklində ifadə etmək, onları paylaşa biləcəyim auditoriyamın olmasını istəyirəm.
- Həyat deviziniz nədir?
- Sadə olmağa çalışmaq. Bu, indiki zəmanədə asan deyil. Oskar Uayldın bir sözü var: həyatda ən çətin duruş sadə olmaqdır.
- Bir az da uğur sirriniz barədə danışardınız...
- Çalışdığım yerlərdə şirkətlərə fayda vermişəm. Çünki bu, bir biznesdir. Çətin dönəmlər, çətin insanlar oldu, amma özümü işə həsr etdiyimə görə getdiyim yerlərə fayda verə bildim. Banklar ilk növbədə işini düzgün aparacaq və güvən duyacaqları əməkdaşlar axtarırlar. Düşünürəm ki, həm də güvəniləsi biriyəm. Güvən bir rəhbərin fəaliyyətində də çox önəmlidir. İnsan özünə də, çalışdığı əməkdaşlara da güvənməlidir. Çünki bu güvənin ardınca hərəkət gəlir. Bir sözlə, güvən özü ilə hərəkət gətirir.
Gənclərə tövsiyə edərdim ki, xəyal etməyə qorxmasınlar. Nə qədər əlçatmaz olsa da, zamanla bu xəyallar, arzular hədəflərə çevrilir. Bir məqama da toxunmaq istəyirəm. Layihələrin idarə edilməsində çox yerdə istifadə edilən bir metod var. Layihənin müddəti uzunmüddətli, görüləcək iş də çoxdur. Təbii ki, bu, çətindir. Belə olduğu halda, layihəni kiçik etaplara bölür və hər etapı başa vuranda bunu bir qələbə kimi qeyd edirlər. Yəni yeniyetmələrimiz, gənclərimiz arzularına, xəyallarına doğru addım atmaq üçün kiçik qalibiyyətlər əldə etməyə çalışsınlar. Bu, onlara gözəl motivasiya olacaq.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər