• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

Xəyal deyil, gerçəkdir: yerli istehsal, özü də ucuz və keyfiyyətli

03.07.18 11:09 1035
Xəyal deyil, gerçəkdir: yerli istehsal, özü də ucuz və keyfiyyətli
İsti havadır, işdən çıxıbsan, evdə də heç kim yoxdur və "kaş mən evə gedənə qədər kondisioneri yandıran olaydı” kimi bir istəyin yaranır. "İşıqların hamısını söndürün”, "Qazı bağlamazsınız ha, birdən...”, "Bir də yoxla”, "Su açıq qalmasın” və s. tipli ana narahatlığından irəli gələn tapşırıqları gün ərzində demək olar ki, hər birimiz eşidirik.

Bu kimi problemlərin həll yolları illər öncə xəyal olsa da, bu gün texnologiyanın inkişafı sayəsində artıq narahatlığa əsas vermir. Sən evdə olmayanda da cihazları yandırıb-söndürə, şirkətinin avtomobilinin hər addımına nəzarət edə və s. asanlaşdırmalara gedə bilirsən. Bu cür texnologiyalar dünyanın bir çox yerlərində istehsal olunur, bizə də idxalı mümkündür. Amma yerli istehsal olanda burda həm iqtisadiyyat, həm texnoloji mühit, həm işi görənlər, qiymət münasib olanda isə həm də alıcılar qazanır. Onlar da elə bütün bunları nəzərə alaraq, yüksək texnologiya məhsullarının istehsalı ilə məşğuldurlar. Söhbət "Sumaks Technologies” şirkətindən gedir.

Ofislərində olub, gördükləri işlərlə bağlı söhbətləşib, bu işləri necə reallaşdırmalarının əyani şahidi olmaq qərarına gəldik. İlk olaraq şirkətin məhsulları haqqında danışdıq. Şirkətin rəhbəri Cavid Məmmədov bildirdi ki, şirkətin fəaliyyət istiqaməti iki yerə bölünür, öz ideyaları əsasında istehsal olunan məhsullar, bir də sifarişlə etdikləri.

Avtomobilləri izləyən "Avtomaks”
"Avtomaks”dan başlayaq. Avtomobillərdə quraşdırılan bu cihaz avtonəqliyyat vasitələrinin izlənməsinin təkmilləşdirilmiş üsulunu təklif edir. Cihazın funksiyalarını 4 kateqoriyada cəmləmək olar:

- Avtomobil haqqında – markası, buraxılış ili, dövlət qeydiyyat nömrə nişanı, texniki baxış vaxtı, yağın dəyişmə vaxtı, sığorta vaxtı kimi məlumatlar.

- Sürücü haqqında – şəxsiyyət, sürücülük vəsiqəsi, təhkim olunmuş avtomobil, əlaqə vasitələrinə dair məlumatlar.

- 24/7 funksiyalar – avtomobilin izlənməsi, tapşırıqların müəyyənləşdirilməsi və nəzarəti, bildirişlərin alınması kimi funksiyaları daxildir.

- Gündəlik hesabatlar - Gedilən yola, sürət həddinə, dayanma-durma vaxtlarına və əvvəlki tarixlərə nəzarət imkanları nəzərdə tutulub.

"Artıq bu cihazın birinci variantı bir ilə yaxındır ki satışdadır, hazırda isə "Avtomaks 2”-ni tamamlamışıq. 15-20 günə istehsalına başlayacağıq. Ardınca isə "Avtomaks 3”-ün hazırlıqları gedəcək. Bu, dünyada bu istiqamətdə istifadə olunan və daha yeni funksiyaları özündə ehtiva edən cihaz olacaq. Bu məhsul dövlət qurumları və şirkətlərə satılır. Fərdi satışı aparılmır”.

"Ağıllı ev”

"Socket+” isə elektrik enerjisi ilə işləyən qurğuların idarə olunmasını təmin edən cihazdır. Bu, kiçik "Smart Home” (Ağıllı ev) məhsulu kimi də təqdim edilə bilər. Məhsul yüksək şəxsiləşdirmə (istifadəçinin tələblərinə uyğun modifikasiya) imkanlarına sahibdir ki, bu baxımdan unikaldır: "Ümumi olaraq "Ağıllı ev”lərin qurulması belədir ki, cihazlar təmirdən əvvəl quraşdırılmalıdır. Əgər təmir etdirəndən sonra quraşdırırsınızsa, yenidən təmir etməlisiniz. O sistemlərin qiyməti də bahadır, üstəlik də təmir xərcləri var. Bizim təqdim etdiyimiz cihaz isə aşağı və orta büdcəli adamlar üçündür. Təmirdən sonra da quraşdırmaq olur.

Funksiyalarına gəlincə, bu cihazın geozon funksiyası var, siz onu kondisionerə qoşursunuz, telefonda isə tətbiqi yükləyirsiniz. Bununla istənilən yerdən kondisionerin yanıb-sönməsini tənzimləyirsiniz. Hətta hər dəfə bunu etmək yaddan çıxa bilər, amma bunun da daha rahat tərəfi var. Cihazı elə tənzimləyirsiniz ki, siz evdən 1 kilometr uzaqlaşanda özü sönür və evə çatmağa 5 km qalmış işə düşür. Kombi, mənzilin istənilən otağındakı işıq, su nasosu, qarajın qapısı və s. hamısını telefon vasitəsilə rahatlıqla idarə edə bilirsiniz. Sensor quraşdırmaqla dəm və ya təbii qazı da ölçmək olur.

Cihaza hərəkət sensoru qoşmduqda, evdə hər hansı hərəkət olanda sizə bildiriş gəlir. Oğru-filan gələ bilər. Bu kimi məqamlarda effektlidir. Qapıların icazəsiz açılması və ya açılmasına cəhd olunması barədə məlumat verir. Qoyulduğu yerdən 3 metr məsafədə hərəkətləri qeydə almaq qabiliyyətinə malikdir. Beləliklə, cihaz vasitəsilə məkanlara icazəsiz daxil olanlar və ya icazəsiz orada qalanlar müəyyənləşdirilə bilər.

Bir ildən artıqdır ki, bunun üzərində işləyirik. Bircə, korpus məsələsində problem yaşayırıq. Onu da həll etsək, artıq istifadə üçün tam hazır olacaq. Fərdi və korporativ, fərqi yoxdur, hər kəs sifariş edə bilər”.


Suya, yanğına nəzarət etmə imkanı

Sifariş əsasında fəaliyyətlərinə gəldikdə, "Sentry” telekommunikasiya quyularının təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş cihazı qeyd etdilər. Quyu, qapaqlarının açılıb-bağlanmasına nəzarət, vahid interfeys vasitəsilə bütün qoşulan cihazların idarə edilməsi kimi funksiyalar təklif edir. Əlavə olunacaq sensorlardan asılı olaraq suya, yanğına və s. nəzarət etmə imkanı da yaranacaq. Tutaq ki, anbara girməyə icazə yoxdur, cihaz ora quraşdırılır, kimsə qapını açmağa çalışsa, yaxud açsa, sizə bu haqda məlumat gəlir. Bunun müəyyən qədəri quraşdırılıb, amma hələ tam bitmiş layihə deyil.


Lifti məsafədən idarə etmək

"Smart Kettle” (Ağıllı çaydan) sifarişlə Böyük Britaniya üçün işlənilib. Cihaz vasitəsilə istifadəçilər mobil tətbiq istifadə etməklə elektrik çaydanını işə sala və ya söndürə bilərlər.

Gələcəkdə planlaşdırılan layihələri də var. Onlardan biri "Check-up-lift” "– liftlərə nəzarət cihazıdır. Yaranmış nasazlığın dərhal aşkarlanması, liftdə sıxılıb qalan şəxslərlə rabitə qurmaq imkanı, liftin uzaq məsafədən idarə edilməsi və lazımi məlumatların ötürülməsi kimi vacib funksiyalar bu cihazda cəmlənib. Deyirlər ki, bəzən lift dayananda sadəcə yandırıb-söndürmək kifayətdir ki, işə düşsün. Bunu, məsafədən idarə etməklə, problem qısa vaxtda həll olunar.


Elektrik sərfiyyatına nəzarət cihazı

"Bilimit” – elektrik sərfiyyatına nəzarət cihazıdır. Cari sərfiyyatın həm kilovat, həm də manatla göstərilməsi, günlük sərfiyyat limitinin təyin olunması, sərfiyyata nəzarəti asanlaşdırmaq üçün avtomatik təyin olunan alt limitə çatdıqda bildiriş göndərilməsi, elektrik sərfiyyatı haqqında günlük, aylıq və illik statistik məlumatların təmin olunması, otaqlarda istifadə olunan enerji miqdarının ayrı-ayrı təqdim edilməsi, cari borcun öyrənilməsi və ödənilməsi kimi həyatınızı rahatlaşdıracaq funksiyalara sahibdir.


"Çay qaynardır, ağzın yanar”

Son vaxtlar şirkətlər bir-birinə hədiyyə göndərərkən sıxıntı yaşayırlar. Çünki artıq seçimlər tükənməkdədir. Onlar da innovativ bir hədiyyə hazırlayırlar. Çayın temperaturuna nəzarət edən stəkan altlığı olacaq. Siz çay süzdüyünüz stəkanı cihazın üstünə qoyursunuz. Cihaz temperaturu müəyyən edib, ona uyğun olaraq sizə səslə və yaxud işıqla bildirir. Qırmızı işığn yanması o deməkdir ki, içmək olmaz, yaşıl yananda olar: "Amma biz bu işə innovativliklə yanaşı, bir az da yumor qatırıq. İstidirsə, sizə məlumat verir ki, "çay qaynardır, ağzın yanar”, "Yaxud bu cür içmək sağlamlığa ziyandır” deyər. Hətta səsli bildiriş seçimi müştəridə olacaq. Məsələn, siz rəfiqənizə hədiyyə edirsiniz, öz səsinizi yazıb elə verirsiniz. Ona xəbərdarlıq sizin səsinizlə gedir. Bir neçə şirkətlə danışmışıq, hazırlayıb təqdim edəcəyik”.


"Özümüzü hazır hiss etsək, gerçəkləşdirə bilərik”

Hələ ki, şirkət daxilində müzakirə etdikləri, nəinki bizdə, heç dünyada da tətbiq olunmayan bir fikirləri də var: "Körpə uşaq səsinin analiz edən cihaz üzərində işləməyin müzakirəsini aparırıq. 1-3 aylıq uşaqlar ağlayanda valideynlər bunun səbəbini tapa bilmirlər. Təsəvvür edin, elə bir tətbiq yaranır, uşaq ağlayanda yaxına tutursunuz, o, bunun səbəbini sizə deyir. Nə vaxtsa özümüzü hazır hiss etsək, gerçəkləşdirə bilərik. Kimsə edə bilirsə, etsin. Oğurluq etdiyini düşünmərik”.
Aritmiyadan əziyyət çəkənlər üçün cihaz üzərində də işləyirlər. Cihaz həkim tərəfindən xəstəliyi olan insanların üzərinə yerləşdiriləcək və bu da həkimlərin diaqnoz qoymasını asanlaşdıracaq. Düzdür, bu texnologiya da dünyada var, ölkəmizə idxalla gətirilir, amma onlar bu məhsulun da yerli istehsalını aparmaq üzərində işləyirlər.

"Cihazı istədiyiniz forma və müddətdə test edin”

Cavid Məmmədov deyir ki, keyfiyyət məsələsində müştərinin inamını qazanmaq onlara heç də asanlıqla başa gəlməyib: "Tutaq ki, siz dönər biznesi qurmaq istəyirsiniz. İşi görərkən qarşılaşa biləcəyiniz bütün çətinliklərlə bağlı məsləhətləri bu işdə təcrübəsi olanlardan ala bilərsiniz. Amma bizim sektor elədir ki, tək idik, öyrənəcəyimiz heç kim yox idi. Ona görə, özümüz işləyə-işləyə, səhv edə-edə öyrəndik. Bizim məhsullarımızı təqdim etdiyimiz tenderdə xarici şirkətlər də öz məhsulları ilə çıxış edirdilər. Özümüzü öldürürdük ki, bizimki daha keyfiyyətlidir. Çünki cihazımıza əmin idik və işimizin keyfiyyətini onlara göstərməli idik. Deyirdik ki, cihazı istədiyiniz forma və müddətdə test edin. Biz yerli malın keyfiyyətli olduğuna insanları inandırmaq üçün bir-iki sıfır geri başlamaq məcburiyyətindəyik. Belə-belə, digər qurumların da etimadını doğrultmağa başladıq. Təbii ki testin nəticəsi başlanğıcda həmişə müsbət olmurdu”.

"Layihə və istehsal yerlidir”

Qiymətə gəlincə isə C.Məmmədov bildirdi ki, onların öz siyasətləri var: "Bu gün elədir ki, dünyanın istənilən ölkəsindən, istənilən məhsulu sifariş etmək olur. Ona görə, hazırlayacağımız məhsulun bizə idxal qiyməti ilə tanış oluruq. Yalnız ondan sonra qərar veririk ki, bu məhsulu burda istehsal etməyə dəyər, yoxsa yox. Hazırladığımız bütün məhsullar xaricdən gələnlərdən ucuz olduğu üçün sata bilirik”.


Şirkətin Elektronika Araşdırma Mərkəzi və İstehsal departamentinin rəhbəri Elgün Həsənovun sözlərinə görə, şirkətin bütün məhsulları yerli istehsaldır və istehsalaqədərki araşdırmalar laboratoriyada öz mütəxəssisləri tərəfindən aparılır: "Dünyanın bir neçə böyük ölkəsində bizə lazım olan xammal istehsal olunur, digər ölkələr isə onu idxal edirlər. Bəzi komponentləri xaricdən alırıq. Amma layihə və istehsal yerlidir”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir



banner

Oxşar Xəbərlər