• cümə, 19 Aprel, 14:03
  • Baku Bakı 25°C

Xətalarım çoxdur – Müsahibə

16.07.14 11:12 1298
Xətalarım çoxdur – Müsahibə
Bir müddətdir ki, medianın müzakirə mövzusu məşhur türk aktyoru Nejat İşlerin barmaqlarının kəsilməsi xəbəridir. Əməliyyatdan çıxan aktyor Türkiyə mətbuatında ona görə narahat olan hər kəsə minnətdarlığını bildirib. Nejat İşler xəstə olduğu müddətdə onun haqqında mətbuatda dolaşan xəbərlərə aydınlıq gətirib, ötən həftə barmaqlarımın çürüdüyü (qanqrena) üçün kəsildiyini və özünü pis hiss etdiyi müddətdə mətbuatda onun adından işlənən sözlərin sahibi olmadığını deyib: “Mənim dilimdən söylənilən və yazılan sözlərin müəllifi mən deyiləm. Demək ki, aramızda mənim adıma məndən daha gözəl düşünən və yazan biriləri var”.
Aktyorla söhbətdən aydın olub ki, onun barmaqlarının üst hissəsində çürümə halları aşkarlandığı üçün əlində daha çox ət olan bölgələri kəsilib. Barmaqlarının kəsilən həmin hissələrinə isə ayağından ət alınaraq tikiləcək. Aktyor bütün bu proseslərin zamanla həll olunacağı və əvvəlki sağlamlığına qovuşacağına böyük ümid bəsləyir. Aktyorun həkimi isə mətbuata onun yaxşı bəslənmədiyi və oksigen çatışmazlığı yaşadığı üçün barmaq uclarında çürümə problemi ilə qarşılaşdığını deyib.
Aktyor əməliyyatdan öncə mətbuat nümayəndələrinin biri ilə görüşərək ona müsahibə verib. Müsahibə verməyi sevməyən Nejat İşler məşhurluğundan, şöhrətin ona gətirdiyi bəlalardan danışıb. Həyatında böyük yer alan içki ilə məktəbə gedərkən tanış olduğunu və bundan onu susdurmaq üçün istifadə etdiklərini bildirib. Qeyd edək ki, Nejat Azərbaycanda da ən çox “İntiqam” , “Behzat Ç”, “Aliye”, “Deli yürek”, “Kapalıçarsı” serialları ilə tanınır və sevilir.
Bu məşhurluğu sevmədim

- Aktyor kimi sevildin, məşhur oldun, mətbuatda uzun müddət gündəmdə qaldın. Həyatdan daha nə istəyirsən?

- Məşhur olmaq qəribə bir şeydir. Şöhrətin möhtəşəm bir cazibəsi var. Ona çatmaq insandan böyük fədakarlıq tələb edir. Şöhrətə sahib olduğumuz zaman onu əlimizdən qaçırmamaq üçün hər şeyi gözə ala bilərik. Şöhrət elə bir şeydir ki, insanları yenidən başqa bir formaya sala bilir. Mən hər zaman şöhrətli, tanınan biri olmuşam. Gediş-gəlişi çox olan bir məhəllədə bir mağazam və gözəl bir rok n roll üslublu həyatım var idi. Sevdiyim musiqini hər gün tez-tez dinləyirəm. Belə ki, özümü mənə yaxşı hiss etdirən vərdişlərimlə məşğul olmağı sevirəm. Məşhur olandan sonra isə əvvəllər görüşdüyüm dostlarımla görüşə bilmədim. Bu zirvəyə çatdıqdan sonra onu dərk etdim ki, şöhrətli olmaq hər kəsin səndən nəsə istəməsi kimi bir şeydir. Şöhrətə çatan sənətçilərin çevrələrindəki əksər insanlar səndən maddi və mənəvi köməklik umurlar. Əvvəlcə hər kəsə kömək etməyə çalışırsan və sonra bunun imkansız olduğunu anlayırsan. Onlara kömək edə bilməyəndə isə çox yararsız bir hala düşürsən. Mən əslində bu şöhrətli olmaq məsələsi ilə heç yola gedə bilmədim. Şöhrəti əldə saxlayıb onu düzgün istifadə edən insanlara qarşı qısqanclığım var. Ancaq mən bu məşhurluğu sevmədim.
- Siz belə deyirsiniz, ancaq bəzi məşhurlar tamaşaçılara özlərini sevimli, qayğıkeş insan kimi göstərməyə çalışırlar.

- Sənətin zirvəsinə çatan hər bir vətəndaş tamaşaçıların gözünü boyamaq üçün gözəl insan fiquru yarada bilər. Misal üçün, bir sıra korporativ məsuliyyət daşıyan layihələr həyata keçirərək, ailənlə şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşa, kameraların önünə keçəndə özünü tamaşaçılara tamamilə başqa cür göstərə bilərsən. Kamera qarşısında əyləşən tamaşaçıya həyatında olan gerçəklikləri göstərməyə də bilərsən. O zaman hər kəs hesab edəcək ki, sən mükəmməl insansan.
- Qeyd etdiniz ki, rok dinləməyi sevirsiniz. Buna səbəb nədir?

- Daha çox White Snakin ifasını dinləyirəm. Rok mənə çox yaxşı təsir edir. Rokdan əlavə, kənd musiqisini daha çox sevirəm. İçki içərkən musiqi ona gözəl ab-hava əlavə edir. Musiqiyə ehtiyac sadəcə içki içərkən deyil, insan həyatının başqa tərəflərində də var. Ağlamaqdan və sızıldamaqdan başqa insan doyunca bağırmaq, hekayələr dinləmək istəyir. Musiqidə əsas da bu hissləri sevirəm. Rokda üsyan xarakterli templər var. Yəni orada işçi müdirinə bağırır, şagird müəlliminin səhvlərini onun üzünə deyir, kasıb varlıya cavab qaytarır. Normal həyatda insanlar bunu edə bilmirlər. İnsan haradasa tək, özü ilə qalanda hayqırmaq, etiraz etmək istəyir. İçimdə yığılıb qalan o sözləri deyə bilmədiyim üçün rok musiqisi köməyimə çatır. Digər tərəfdən isə oradakı sözləri eşitdirmək istədiyin insanlara çatdırmaq üçün rok mükəmməl vasitədir. Bunun üçün roku çox sevirəm. Roku və gəzməyi çox sevirəm. Ən böyük xəyalım isə dünyanı gəzmək və tanımadığım yerləri görməkdir.
- Dünyanı gəzdikdən sonra nə edəcəksiniz, yenidən aktyor kimi fəaliyyət göstərəcəksiniz?
- Dünya çox böyükdür, gəzməklə bitməz. Ömür boyu gəzmək, gözəl qadınlarla, insanlarla tanış olmaq, gözəl içkilər içmək istəyirəm. Gözəlliyə baxmaq, onları seyr etmək o qədər gözəldir ki… Onsuz da əvvəl-axır biz bu dünyanı tərk edəcəyik, hamımız ölüb gedəcəyik. Həyatda gözəl bir qadına və gözəl bir mənzərəyə baxmaqdan daha gözəl nə ola bilər ki? Məni narahat edən əsas məsələ isə insanların pula olan həvəslərinin heç zaman bitib-tükənməməyidir. İnsanlar daha çox pul, daha çox güc əldə etmələri üçün bir-birlərinə qarşı mübarizə aparırlar. Mən bunu qəbul edə bilmirəm.
Özümdən danışarkən çox sıxılaram

- Nejat bəy, ilk içki içdiyiniz zamanı xatırlayırsınızmı?

- İçkini mənə ilk dəfə evdə içirdiblər. O zaman çox az yaşım vardı. Çox bilmiş olduğum üçün evdə böyüklərin söhbətlərinə qarışırdım. Çox danışan olduğumdan evdəkilər susmağımı istədikləri üçün mənə içki içirirdilər. İçdikdən sonra məni yuxu tuturdu və bu da onların işinə yarıyırdı. Daha sonra məktəb illərində dostlarımın evlərində yığışıb içki partiləri təşkil edirdik. Bundan sonra isə mən uzun müddət içki içmədim. Çünki idmanla məşğul olurdum. Məktəbimizdə voleybol bölməsində çox uğurlu oyunçu qismində çıxış edirdim.
- Həyatda peşman olduğunuz nəsə var?

- Bu sualı özümə hər gün verirəm. Ancaq bunun cavabını sizə tam açıqlaya bilmərəm. Çünki xətalarım çoxdur.
- Mətbuatda sizi çox az-az görürük. Səbəb nədir?
- Mətbuatda çox görünməyi sevmirəm. İşimdən başqa özümü, həyatımı niyə reklam edim ki? Sizcə, buna gərək varmı? Müzakirə olunası o qədər mövzular var ki... Bunlar dura-dura bizim özəl həyatımız niyə gündəmə gətirilsin ki? Hərdən düşünürəm ki, mənim haqqımda bu qədər xəbər yayılır, çoxu da məndən xəbərsiz. Ancaq sonradan fikirləşirəm ki, bu da onların işidir. Əvvəllər belə şeylərə bərk əsəbiləşirdim. Amma yaş ötdükcə bunu normal hal kimi qəbul edirəm. Özümdən danışarkən çox sıxılaram. Bəzi həmkarlarımın bundan xoşu gəlsə də, mən belə şeyləri sevmirəm. Həmin sənətçilər özlərini qəzetlərdə, jurnallarda, saytlarda görəndə həzz alırlar. Məndə isə hər şey başqadır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər