• şənbə, 20 Aprel, 03:21
  • Baku Bakı 15°C

“Xətai” klinikasından jurnalistlərə töhfə

01.04.14 16:51 1145
“Xətai” klinikasından jurnalistlərə töhfə
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Qadınlar Assosiasiyası və “Xətai” klinikasının birgə layihəsi çərçivəsində “Qadın sağlamlığı. Reablitasiya” mövzusunda beynəlxalq konfrans keçirildi. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova konfransda iştirak edən Türkiyədən dəvət olunmuş həkimlər Dr.Mətin Yurdakoş və Dr.Serbülənt Orhanerin vətənimizə gəliş səbəblərindən danışdı.
O, Türkiyədən dəvət olunmuş həkimlərlə təcrübə mübadiləsi etmək niyyətində olduqlarını bildirdi: “Azərbaycan türklərinin çox sevdiyi bir misal var: “Sağlam bədəndə sağlam ruh olar”. Bu gün qardaş ölkədən bizim sağlamlığımızı düşünüb gələn həkimlərin məqsədi insanların sağlam ruha mənsub olması üçün səhhətlərinin yaxşılaşdırılmasına xidmət etməsidir. Aprelin 1-i və 2-i üçün nəzərdə tutulan 2 günlük müalicə dövründə həkimlər jurnalistləri pulsuz müayinə edəcəklər. Ölkəmizə təşrif buyuran Mətin Yurdakoş reabilitasiya, fiziki müalicə mərkəzinin rəhbəridir. Uzun müddət yaxşı tanıdığımız və etibar etdiyi Gülhanə Tibb Akademiyasının həkimi olaraq çalışıb. Serbülənt bəy isə tibbi elmləri üzrə dosentdir. Qonaqlarımızın vətənimizə gəlişi 31 martda təsadüf edib ki, bu günü də onlar xüsusi özənlə seçiblər. Bu hərəkətləri ilə onlar azərbaycanlılara edilən soyqırımında türk qardaşlarımızın azərbaycanlıların yanında olmasını bir daha Azərbaycan xalqına göstərmək istədilər. Onlar pulsuz olaraq Azərbaycanda müayinə və müalicəni öz üzərinə götürdülər. Bütün Azərbaycan xalqı adından hər iki həkimə təşəkkürümü bildirirəm. Onlar öz işini-gücünü atıb, Bakıya gəlib, burada insanların müalicəsi ilə məşğul olurlar. Bu böyük bir fədakarlıqdır! Bu, onların xalqımıza olan böyük sevgisindən xəbər verir”.
S.Yusifova Azərbaycanda tibbin inkişafı və bu sahədə görülən işlərin təqdirəlayiq olmasından da söhbət açdı.
Çıxışına 31 Mart soyqırımından bəhs edərək başlayan Mətin Yurdakoş dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət dilədi: “Bizim burada olmağımızın əsas səbəblərindən biri Türkiyədə həyata keçirilən və burada təsbit olunmayan təcrübələrin paylaşılmasıdır. Qadın Jurnalistlər Assosiasiyasının dəvəti ilə burada olmaqdan çox xoşbəxtik. Sizə qadının sağlığında önəmli olan doğuş öncəsi və doğuş sonrası ilə bağlı bir sıra məsləhətlər verəcəyəm. Ümumiyyətlə, hamiləlik çox özəl bir duyğudur. Özəl olmasına baxmayaraq, onun bir sıra sıxıntıları var”.
Müalicə və reabilitasiya mütəxəssisi Mətin Yurdakov iflic, bel fıtığı (qrija), revmatoid artrid, ayaq, diz, bel, boyun kirəcləşməsi, eləcə də onurğanın digər problemlərinin müalicəsindən də danışdı. Həkim ekran vasitəsi ilə konfrans iştirakçılarına gündəlik davranmalı olduğumuz hərəkətləri göstərərək hansı hərəkətlərin xəstəliklər yarada biləcəklərini göstərdi.
Ginekoloq Serbülənt Orhanerə sağlıqlı həyat keçirməyin ən vacib şərtlərdən olduğunu söyləyərək bunun tibbi səbəblərini açıqladı: “Son illər dünyada çoxalma ilə bağlı müxtəlif problemlər yaranıb. Hazırda dünyada insanların gec evlənməsinin şahidi oluruq. Gec evləndikdən sonra da övladın yaranmasında bir sıra problemlər yaşanır. İnsanlar rahat karyera qurmaları üçün uşaq sahibi olmağa tələsmirlər. Bu, təkcə Türkiyədə və Azərbaycanda belə deyil. Dünyanın bir çox ölkələrində bu proses müşahidə olunur. İnsanların həyata bu şəkildə baxışı onların dünyaya övlad gətirməyində böyük problemlər yaradır. Belə ki, yaş artdıqca qadınların sonsuzluq problemi ilə qarşılaşdıqlarının şahidi oluruq. Hamiləlik zamanı ana bətnindəki uşaqda raxitlik yaranması halları da çoxalır. Yəni gec ailə qurmaq üçün itirilən illəri geri qaytarmaq mümkün olmur. Bu, çox önəmli bir mövzudur. Biz qadınlarla işlədiyimiz üçün belə xəstəliklərlə tez-tez rastlaşırıq”.
Serbülənt Orhaner də Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O, ginekoloji problemlər, sonsuzluq, süni mayalanma və qadınlarda xərçəng xəstəliyinin müalicəsi haqqında məlumat verdi və bu mövzudakı sualları cavablandırdı.
“Xətai” klinikasının nümayəndəsi Ehtiram Kərimov bu kimi layihələri yüksək qiymətləndirdiyini dedi: “Bizim üçün sevindirici haldır ki, Türkiyədən təşrif buyurmuş həkimlərin biliyindən yararlanacağıq. Azərbaycan hökuməti jurnalistlərin sosial rifahının yaxşılaşdırılması üçün geniş imkanlar yaradıb. Bu tədbirlərin davamı olaraq bu gün Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə belə bir xeyriyyə tədbiri keçirilir. Ümid edirəm ki, jurnalistlər bu layihədən lazımınca faydalanacaqlar”.
Xətai rayonu 10 saylı qadın məsləhətxanasının baş həkimi
Gülnarə Həsənova türk həkimlərə onları maarifləndirdiyi üçün təşəkkürünü bildirdi: “Həkimlərin söylədiyi bu problemlər Azərbaycan qadınlarına da məxsusdur. Onların söylədikləri problemlər bizim qadınlarımızın əksəriyyətində müşahidə olunur. Çox təəssüf olsun ki, xanımlar ana olduqdan sonra onlarla işləmək çox çətin olur. Xanımlarımız reabilitasiya üçün həkim yanına getmirlər. Düşünürəm ki, bunun üçün insanlar arasında maarifləndirmə güclənməlidir. Biz ginekoloqların da bu mövzuda türk həkimlərin təcrübəsinə böyük ehtiyacımız var. Övladı olmayan elə ailələrin sizin təcrübənizdən yararlanmağa həqiqətən ehtiyacı var. Buna görə məni dəvət etdiyi üçün “Xətai” klinikasına təşəkkür edirəm”.
Qeyd edək ki, səfər çərçivəsində həkimlər, həmçinin, fiziki qüsurlu uşaqların yaşadığı internat evlərinə baş çəkəcəklər.
Jurnalistlərlə bərabər Qarabağ əlilləri, şəhid ailələri də bu layihədən yararlana bilərlər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər