Xəstəyə virtual baxış
Son illər xəstəliklər də, insanların xəstəliklərə münasibəti də
kəskin dəyişib. Bu gün pasiyentlər səhhətləri ilə bağlı xırda bir problemi dərhal
araşdırmağa çalışır, həkim axtarışına çıxır, hətta lazım gəldikdə müalicə üçün
dünyanın uzaq nöqtələrinə üz tuturlar. Müasir texnologiyalar isə insanların
səhhətlərindəki problemlərini həll etmək gücündə olmasa da, onları
xəstəliklərinə uyğun həkimlərlə əlaqələndirməkdə və ya ilkin məsləhətlər
verməkdə böyük rol oynayır. "Virtual həkim”, "Virtual əlaqə” sistemləri bütün
dünyada həkim-xəstə münasibətlərində müalicəvi körpüyə çevrilməkdə davam edir.
Məsələn, Böyük Britaniya Tibb Assosiasiyasının sorğuları əsasında hazırlanan
"Virtual həkim” layihəsi bir çox xəstəliklərin yerindəcə diaqnostikasına
çevrilmək baxımından dünyada örnəyə çevrilib. Qadın, kişi və uşaqları narahat
edən simptomları araşdıran layihə özündə 147
diaqnostik sxemi birləşdirib. Belə ki, xəstəliyin səbəbi ilə
sxemə baxdıqda mümkün diaqnoz üzə çıxır
Hətta sistem özü diaqnoz qoyur, məsləhət verir. Xəstənin vəziyyəti
nisbətən gərgin olanda virtual əlaqədə həkim görünür və o, simptoma uyğun
olaraq, xəstəni digər həkimə yönəldir. Həkim-xəstə münasibətlərini
virtual tənzimləyən sistem artıq bu günlərdə Bakıda da təqdim olunub. Belə ki, "Microsoft”
şirkətinin səhiyyə müəssisələrinin rəhbərləri üçün keçirdiyi seminarda
Azərbaycanda virtual olaraq həkimin qəbuluna yazılmaq imkanı verən proqram təqdim
edilib. "Microsoft skype” proqramının köməyi
ilə vətəndaşın xəstəxanaya getmədən virtual olaraq həkimin qəbuluna yazıla
biləcək. Belə ki, vətəndaşın "Microsoft Skype” üzərindən həkimlə canlı
ünsiyyətə daxil olması ilə həkim ilkin məlumatları əldə etdikdən və rəqəmsal
şəkillərə baxdıqdan sonra vətəndaşın canlı olaraq həkim müayinəsinə ehtiyacının
olub-olmamasına qərar verəcək. Eyni zamanda, "Microsoft Office 365 booking”
vasitəsilə də həkimlərin qəbuluna yazılmaq mümkün olacaq.
Proqramın ölkə səhiyyəsi üçün nə qədər işlək ola biləcəyi maraq doğurur. Dünya
ölkələrində insanların alışdığı sistemin bizim ölkədə tətbiqi səhiyyə sahəsində
hansı dəyişikliklərə gətirib çıxaracaq, Hər şeydən əvvəl xəstəxanaların
dəhlizlərində boy verib düzülən saysız-hesabsız xəstələrin xaotik növbə sisteminin
həllinə kömək edə biləcəkmi?
Ekspertlər dünya praktikasına transfer etmənin tərəfdarıdırlar.
Bununla bərabər, texnologiyaların inkişafının xidmət sferasında yaratdığı
müsbət dəyişikliklərə rəğmən, problemlərin də ola biləcəyini istisna etmirlər.
"Həkimlə xəstənin təması
ona görə vacibdir ki...”
Həkim-cərrah Adil Qeybulla hesab edir
ki, virtual proqram xəstə ilə bağlı müəyyən məsələləri dəqiqləşdirmək,
xəstəxanaya getmədən həkim məsləhəti əsasında bəzi prosedurları yerinə yetirmək
baxımından əhəmiyyətli ola bilər: "Həkimlə xəstənin təması ona görə vacibdir
ki, bu, xəstənin analizini dəqiqləşdirməyə, onu vizual müşahidə etməyə,
obyektiv müayinə metodları tətbiq etməyə imkan verir. Xaricdə ailə həkimləri
mövcud olduğuna görə, xəstənin analizi və xəstəlik tarixçəsi həkimlərə bəlli
olur. Virtual sistemdə həmin proqram daha effektiv çalışa bilər”. Professor
hesab edir ki, sistemin tətbiqi üçün ilk növbədə ölkədə səhiyyə islahatlarının
başa çatması vacibdir: "Yəni səhiyyə islahatları dünya standartları səviyyəsinə
qədər yüksəlməlidir ki, bu proqramın tətbiqi də həyata keçsin». A.Qeybullanın
fikrincə, bu baxımdan təqdim olunan proqram qısa müddət ərzində lazımi effekt
göstərən sistem olmayacaq: "Amma bütün
hallarda bu, yüksək texnologiyadır. Belə bir texnologiyanın çalışması üçün ilk
növbədə icbari tibbi sığortanın işlək olması lazımdır. Bununla həmin proqram
özünün daha effektiv həllini tapa bilər. Həkim qəbuluna tibbi sığorta ilə
düşmək dünyanın hər yerində növbəli sistemdir. Məsələn, İngiltərədə dövlət səhiyyə
sistemində bəzən xəstə həkimin qəbuluna 6 ay müddətində düşə bilmir. Ancaq
fərdi qaydada, yəni özəl sektorda həkimin qəbuluna istənilən xəstə düşə bilir”.
"Virtual münasibət həkimlə
xəstənin canlı münasibətini əvəz edə bilməz”
Bəzi həkimlər proqramın tətbiqinin maneə ilə üzləşə biləcəyini vaxt
qıtlığı ilə əlaqələndirirlər. Məsələn, əgər həkimin başı gün ərzində xəstələrinin
müayinə, müalicə və ya əməliyyatlarına qarışırsa, onun virtual olaraq
pasiyentlə əlaqə saxlamaq imkanı yoxdur.
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı proqramın ölkəmizdə tətbiqini
mümkün saysa da, həkimlərin işinin çoxluğunu sistemin işlək ola biləcəyinə
maneə hesab edir: «Elə həkimlər var ki, onların ümumiyyətlə, vaxtları yoxdur.
Daim qəbulları xəstə ilə dolu olur. Nəticədə, o həkim virtual olaraq xəstə ilə
danışmağa vaxt tapa bilmir. Üstəlik, həkim şifahi olaraq vaxt tapıb xəstənin
məlumatları ilə tanış ola və ya sualını cavablandıra bilər, amma o pasiyenti
gözü ilə görməlidir. Tutaq ki, xəstənin allergiyası və səpgisi var. Həkim həmin
xəstəyə virtual olaraq diaqnoz qoya bilməz. Çünki həmin xəstə mütləq həkimin
yanına gəlməlidir. Və ya xəstə oynaq ağrısı ilə bağlı müraciət edir. Bu,
kalsium, vitamin çatışmazlığı və ya travma üzündəndirsə, həkim onu yerində
müayinə etməlidir. Hər hansı bir xəstəliyin ağırlaşmaması, doğru-düzgün
müalicəsi üçün mütləq həkim xəstəni görməli və müayinə etməlidir. Həkim şifahi
olaraq yalnız xəstəyə məsləhət verə bilər. Mənə elə gəlir ki, hansı həkimin boş
vaxtı olarsa, bu sistem ona daha çox uyğundur”. Ş.Namazlı hesab edir ki, heç
bir virtual münasibət həkimlə xəstənin canlı münasibətini əvəz edə bilməz. Bu
baxımdan proqramın tətbiqi olsa-olsa, xəstələrin həkimin qəbuluna yazılması
üçün növbəsini müəyyənləşdirə bilər.
"Proqramın ölkəmizdə də
tətbiqi texnoloji baxımdan müsbət haldır”
Mərkəzi Klinik Xəstəxananın
cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah Zaur Xəlilov virtual proqramın
dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu deyir. Belə ki, kompüter
və telekommunikasiyadan istifadə ilə informasiyaların mübadiləsi, həkimlərin
bir-biri ilə xəstəni müzakirə etməsi, xəstənin vəziyyətinin ilkin dəyərləndirilməsi
əsasında hər hansı bir problemin olub-olmadığını üzə çıxaran "Teletibb” sistemi
də mövcuddur: " Xəstənin problemi o həkimin sahəsinə aiddirsə, məsləhət verir,
əgər başqa bir həkimin sahəsi ilə bağlıdırsa, onu yönəldir. Belə bir proqramın
ölkəmizdə də tətbiqi texnoloji baxımdan müsbət haldır”. Xəstə ilə virtual
əlaqədə həkimlərin vaxt qıtlığını isə Z.Xəlilov əsaslı hesab etmir. Belə ki,
həkimlər xəstələrlə virtual münasibət qurmaq üçün bəlli saatlar ayıra bilərlər:
"Bunlar texniki məsələlərdir. Amma ümumilikdə virtual sistem məzmun olaraq
istifadə oluna biləcək üsuldur”. Z.Xəlilov hesab edir ki, virtual proqramın
tətbiqi təşkilati işlərdən asılıdır. Yəni bunu ilk növbədə sınaqdan keçirmək
lazımdır: "Məsələn, qonşu Türkiyədə bu sistem fəaliyyət göstərsə də, bütün
sahələri əhatə edə biləcək səviyyədə deyil. Həkim-xəstə münasibətləri bütün
dünyada pasiyentin həkimin yanına gedib müayinə olunması qaydası ilə
tənzimlənir. Alternativ olaraq bu cür elektron vasitələr yardımçı xidmət rolunu
oynayır”. Z.Xəlilovun fikrincə, sistemin tətbiqi xəstələrin saatlarla
həkimlərin kabinetləri qarşısında düzülən növbələrinin qarşısını almağa müəyyən
qədər kömək edə bilər: "Həkim də hər adi simptomdan ötrü pasiyenti xəstəxanaya
dəvət etmək vərdişindən əl çəkməlidir.
Yəni köhnə dədə-baba qaydası ilə həyata keçən müayinə və müalicələr texnoloji
yeniliyi tətbiq etməyə mane olacaq. Bu yeniliyə həm də təkcə tibb işçilərinin
hazır olması gərək deyil, insanlar da
maariflənməlidir. Bu isə hələlik o qədər də asan görünmür...”
Təranə Məhərrəmova