• çərşənbə axşamı, 19 mart, 11:55
  • Baku Bakı 8°C

Xəstəliyə öz dərmanımızla çarə qılacağıq

11.12.19 10:00 758
Xəstəliyə öz dərmanımızla çarə qılacağıq
Ekspertlər hesab edirlər ki, dərman tələbatının yerli istehsal gücünə ödənilməsi, bazarda qiymətlərin optimallaşdırılması aspektindən də önəmlidir
Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi "R-Pharm”ın açılışı olub. Bununla bağlı keçirilən mərasimdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin və "R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər. Məlumat verilib ki, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədilə ölkədə sənaye parkları yaradılır. Hazırda Azərbaycanda kimya sənayesi, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlar üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. 4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-dək daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında artıq bir müəssisə - "Diamed Co” MMC fəaliyyət göstərir.
Ölkəmizdə belə bir dərman zavodun açılmasının növbəti mərhələdə dərman bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Tibb üzrə ekspert Adil Qeybulla dünyanın aparıcı ölkələri ilə birlikdə ölkəmizdə əczaçılıq zavodlarının açılmasının çox mühüm hadisə olduğunu bildirdi: "Azərbaycanda yerli dərman istehsalı zavodunun fəaliyyəti olduqca vacibdir. Sovet dönəmində ölkəmizin əczaçılıq müəssisələri olub, amma orada mürəkkəb kimyəvi strukturlu dərmanlar istehsal edilmirdi. Ancaq bəzi mazlar, ekstratlar, cövhərlər və s. istehsal olunurdu. Dünyanın aparıcı ölkələri ilə birlikdə ölkəmizdə əczaçılıq zavodlarının açılması çox mühüm hadisədir. Hazırda Pirallahıda açılan bu zavod başlanğıc üçün yaxşıdır. Təbii ki, həmin zavodun birdən-birə bu sahədə olan bütün problemləri həll edəcəyini demək olmaz. Problemləri həll etmək üçün ilk növbədə ölkə ərazisində istifadəsinə icazə verilən dərmanların dövlət reyestri olmalıdır. Yəni məlum olmalıdır ki, hansı dərman istehsal, hansı idxal edilə bilər. Məsələn, elə dərmanlar var ki, onlar molekulyar biologiyanın ən son nailiyyətləri ilə hazırlanır və ilkin mərhələdə bizim onları istehsal etməyimiz real deyil. Bu sahə mərhələli şəkildə inkişaf edəcək”.
İqtisadçı Pərviz Heydərov bu addımı idxaldan asılılığın azaldılması üçün atılmış ən gözəl addım kimi qiymətləndirir: "Azərbaycanın dərman ləvazimatları ilə bağlı daxili bazarı idxaldan çox ciddi şəkildə asılı vəziyyətdədir. Bu da bizim üçün elə də müsbət hal deyil. Sovet dönəmində ölkəmizin dərman istehsal edən müəssisələri vardı. Hətta bəzi dərmanlarla SSRİ-ni də təmin edirdi. Amma müəyyən səbəblərdən həmin zavodlar öz fəaliyyətini dayandırdı. İndi bu sahəyə xüsusi diqqətin ayrılması çox əhəmiyyətli və lazımlıdır. Xüsusilə də qonşu Rusiya ilə bu ənənənin yenidən yaradılması daha çox alqışlanmalıdır. Bu, həm keçmiş ənənələrin bərpası, həm də bu sahədə kifayət qədər təcrübəyə sahib olan bir dövlətin köməyindən faydalanmaq baxımından çox önəmlidir. Belə bir müəssisənin yaradılması ölkəmizin dərman bazarının idxaldan asılılığının azaldılması üçün atılmış ən gözəl addımdır. Düşünürəm ki, bu, sadəcə Rusiya ilə deyil, həmçinin dünyanın bir çox ölkələri ilə birgə həyata keçirilməli layihədir. Tələbatın yerli istehsalın gücünə ödənilməsi, qiymətlərin də münasib olmasına müsbət təsir edəcək”.
İqtisadçı Vüqar Bayramov sözlərinə görə, belə bir zavodun istifadəyə verilməsi, dərman istehsalının təşkil edilməsi idxaldan asılılığın aradan qaldırılması və valyutanın ölkədə qalması baxımından vacibdir: "Nəzərə alaq ki, ölkəmiz dərmana olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir. İdxaldan asılılığın aradan qalxması valyutaya qənaət edilməsi kimi də qiymətləndirilə bilər. Tələbatın yerli istehsal gücünə ödənilməsi, bazarda qiymətlərin optimallaşdırılması aspektindən də önəmlidir. Çünki yerli istehsal daha ucuz qiymətə məhsul istehsalı deməkdir. Bundan başqa bazardakı qiymətlərin xarici faktorlardan asılılığının aradan qalxmasına kömək edəcək. Ona görə ki, xarici ölkədə dərmanın qiyməti qalxan zaman bizim bazarda da artım müşahidə edilir. Yerli istehsal keyfiyyət baxımından da əhəmiyyətlidir. Çünki monitorinqlər göstərir ki, bəzi halallarda idxal edilən preparatların keyfiyyəti standartlara uyğun deyil. Amma yerli istehsal keyfiyyətə nəzarət etməyə imkan verəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər