• çərşənbə axşamı, 19 mart, 13:36
  • Baku Bakı 8°C

Xəstəliklərin və zədələrin məğlub edə bilmədiyi idmançı - Portret

13.10.18 09:30 3582
Xəstəliklərin və zədələrin məğlub edə bilmədiyi idmançı - Portret
Cüdo, ölkəmizdə böyük maraq kəsb edən, nəsillərin bir-birini uğurla əvəzlədiyi idman növlərindəndir. Bu növdə hər yeni onilliyin mənzərəsi əvvəlkini geridə buraxıb. Tarixi ətraflı analiz etdikdə, aydın olur ki, Azərbaycan cüdosu indiki qədər iddialı təsir bağışlamayıb. Son illərin "qızıl dövr" adlandırılmasında əsas yığmanın, Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov kimi adlı-sanlı üzvləri ilə yanaşı, gənclərdən ibarət milli komandamızın da uğurlarının böyük rolu var. Yeni nəsil daha böyük perspektiv ortaya qoyub. Bunun üçün ötən il yaşanan üç tarixi nailiyyətə nəzər salmaq kifayətdir: Avropa çempionatının fərdi proqramında birincilik, komanda yarışında çempionluq, bir ay sonra isə 2 qızıl, 2 gümüş mükafatla dünya liderliyi! Şanlı tarixin əsas imzalarından biri olan Hidayət Heydərov artıq böyüklərdən ibarət yığmanın da aparıcı üzvlərindəndir. Zelim Kotsoyev və Kəramət Hüseynovun da builki çıxışları deməyə əsas verir ki, gələcək etibarlı əllərdədir. "Gənclər ordu"sunun daha bir yüksək perspektiv vəd edən nümayəndəsi isə Tofiq Məmmədovdur. Sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa birinciliyinin qalibi və beləliklə, bu yazının qəhrəmanı.

Talesiz start

Məmmədov Tofiq Vüqar oğlu 1998-ci ildə Bakıda dünyaya göz açıb. Cüdonu seçməsində əsas rolu atası oynayıb. 5 yaşından Ramil İsmayılovun yanında məşqlərə qatılıb. Lakin bu, uzun çəkməyib. Tofiq, il yarım sonra cüdonu buraxmaq məcburiyyətində qalıb. Ona görə ki, əzələ inkişafı yaşıdlarından kəskin surətdə fərqlənirdi. Bu durumda məşqlərin gələcəkdə ciddi fəsadlara səbəb olacağını bildirən həkimi, ona qadağa qoyur. Tofiq, uzun müddət davam edən müalicə kurslarından sonra baba və atasının dəstəyi ilə yenidən cüdoya qayıdır. Lakin bu dəfə İsmayılovun deyil, Rəşad Həsənovun rəhbərliyi altında yola davam edir.


Yeni "sürpriz"

Məşqləri bərpa etməsindən az müddət keçmiş, o, bir sıra uğurlar qazanır. Kiçik yaşlı yeniyetmələr arasında əldə etdiyi ölkədaxili nailiyyətlər, onu yenidən cüdoya möhkəm tellərlə bağlayır. Lakin növbəti "sürpriz" özünü çox gözlətmir. Bir gün kəskin ağrılarla üz tutduğu klinikada müayinədən keçəndə, məlum olur ki, böyrəyində nefrit virusu var. Nəticədə yenə məşqlərdən uzaqlaşmalı olur. Bir ilə yaxın müalicə alır.

Möhtəşəm dönüş

Tofiq, məşqlərini bərpa etdikdən qısa müddət sonra Türkiyədə təşkil olunan yeniyetmələrin Avropa kubokuna yollanır. Burada mükafatçılar sırasına düşməsə də, cəmi bir ay sonra Çexiyada keçirilən analoji yarışda bürünc medala sahib olur. Avqustda isə o, karyerasının ən böyük uğurunu qazanır. Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda baş tutan dünya birinciliyində gümüş medala yiyələnir. 2016-cı ildən gənclər kateqoriyasına keçir. Burada da uğurlar özünü gözlətmir. Aprel ayında Afinada təşkil olunan Avropa kuboku yarışındakı ikinciliyi, üç ay sonra Praqada da təkrarlayır.


Zədələr imkan vermir...

Həmin il Rəşad Məmmədovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmamızın məşqçi heyəti onu Avropa birinciliyinə aparmaq qərarına gəlir. Lakin "əmma"lar Tofiqi yenə rahat buraxmır. Belə ki, yarış ərəfəsində belində yırtıq aşkarlanır. Bir ayadək davam edən müalicə prosesi, Tofiqi məşqlərdən tamamilə kənar qoyur. Fiziki cəhətdən xeyli geri düşsə də, özünü toparlayıb, Malaqaya yollanmaq qərarı verir. Bəxtindən, püşk onu ən güclü cüdo ölkələrindən sayılan Fransanın təmsilçisi ilə üz-üzə qoyur. Nəticədə ilk mərhələdəcə mübarizəni dayandırır.

Oktyabrda Daşkənddə keçirilən Qran-pri yarışında beşinci olur. Bu, böyüklər arasında ilk beynəlxalq yarış idi ki, belədə nəticəni kifayət qədər uğurlu saymaq olar.
2017-ci ilin əvvəlində biləyi sınır, üstəlik, xroniki zədələri ağırlaşır. Beləliklə, ilin sonlarınadək yarışlardan kənar qalır. İl sadəcə, bir nailiyyətlə yadda qalır ki, bu, dekabrda böyüklərin ölkə çempionatında qazanılan bürünc medaldır.

Karyeranın zirvə ili

Cari il Tofiq üçün kifayət qədər uğurludur. O, fevralda böyüklərin Avropa açıq çempionatının qalibi, iyulda Praqada baş tutan gənclərin Avropa kuboku yarışının gümüş, bundan cəmi bir həftə sonra isə Berlində keçirilən analoji turnirin qızıl mükafatçısı olub. Ötən ay isə hazırkı dünya çempionu gürcüstanlı Caba Papinaşvili və yeniyetmələrin Avropa çempionu rusiyalı Konstantin Simeonidis kimi rəqiblərini məğlub etməklə, gənclər arasında Avropa çempionu tituluna yiyələnib. İli tam olaraq aktivinə yazmaq istəyən Tofiq, bunun üçün oktyabrın 17-dən 21-dək Baham adalarının paytaxtı Nassauda keçiriləcək dünya çempionatından da maksimum nəticə ilə qayıtmağı hədəfləyib. İl ərzində keçirdiyi 26 görüşün, sadəcə, 4-də yenilib. Hazırda 13 görüşlük məğlubiyyətsizlik seriyası var. Bu, dünya birinciliyi öncəsi, yüksək əhval-ruhiyyə üçün olduqca vacib amilidir.


Əsas hədəf - Olimpiada

Hələ çox gənc olsa da, o, 2024-cü ilədək gözləmək istəmir, iki il sonra Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarına qatılıb, ölkəmizə üçüncü olimpiya çempionluğunu qazandırmaq niyyətindədir. Çıxış etdiyi çəki dərəcəsində mövcud olan gərgin rəqabətə baxmayaraq, Tofiq, olduqca iddialıdır. Bu yolda ona böyük inam aşılayan bir insan var ki, bu, şəxsi məşqçisi Rəşad Həsənovdur. Həm də gənclərdən ibarət yığmamızın məşqçi heyətində yer alan Həsənovun fikirlərini təqdim edirik: "Tofiqin əsas üstünlüyü, birbaşa xarakterindədir. Əxlaqlı, iradəli, məsuliyyətli oğlandır. Bir sözlə, əsl kişi xüsusiyyətlərinə sahibdir. Bizim bu gün üçün başlıca hədəfimiz Tokio olimpiadasıdır. Bu, çox çətin bir yol olsa da, mən ona inanıram".

Tatamidə rəqibi, həyatda isə dostu

60 kiloqram çəki dərəcəsində Tofiqlə birgə Kəramət Hüseynov da Nassauda ölkəmizin şərəfini qoruyacaq. Onlar xeyli vaxtdır ki, bir çəkidə mübarizə aparırlar. Lakin bu rəqabət onların yaxın dostluq münasibətləri qurmasına əngəl olmayıb. Qəhrəmanımızın xeyli dostu olsa da, onların əksəriyyəti idmançı deyil. Dediyinə görə, idmançılarla dostluq münasibəti o qədər də uğurlu alınmır. Odur ki, Kəramət, istisnalardandır.

Əfsanəmizdən "5/5"

"Pərəstiş etdiyin cüdoçu kimdir?" sualına konkret cavab vermək istəmədi. Bir neçə cüdoçu adı çəkib, hərəsinin fərqli cəhətini örnək götürdüyünü dedi. Rəğbət bəslədiyi yaponiyalı tatami ustalarını bir çatı altında birləşdirir ki, bu, "gündoğar ölkə"nin cüdo məktəbinin dünyaya nümunə olan xarakterik xüsusiyyətləridir. Tofiq, qazaxıstanlı dünya çempionu, olimpiya mükafatçısı Yeldos Smetovun cəldliyinə, yeganə dünya çempionumuz Elxan Məmmədovun əzmkarlığına, olimpiya çempionumuz Elnur Məmmədlinin dillər əzbəri olan fitri istedadına heyrandır.

Məmmədli isə onun təlim-tərbiyəsini xüsusi vurğulayır: "Tofiq haqqında danışırıqsa, ilk olaraq onun tərbiyəsini qeyd etməliyəm. Yüksək mədəniyyətə sahibdir. Bu da təsadüfi deyil. O, ziyalı ailənin övladı, cüdonun akademiyasını bitirmiş bir mütəxəssisin yetirməsidir. Rəşad Həsənov elə bir insandır ki, onun yanında başqa ab-havada olmaq heç cür mümkün deyil. Odur ki, Tofiqin gələcəyinə çox inanıram. İdmançının uğurlu karyera qurmasında onun ətrafının rolu az olmur. Kəramətin belə ləyaqətli gənclə bir arada olmasına, bir dayı kimi sadəcə, sevinə bilərəm. Hər ikisinin dünya birinciliyindən medalla qayıdacağına ümid edirəm. Könül istər ki, finalda qarşılaşıb, ölkə cüdosunun yeni tarixini yazsınlar".

Ən sevdiyi fənd "ippon seoi-nage"dir. Bu, rəqibin yaxa-qol tutuşundan çiyin üzərinə gətirilib, yüksək amplitudadan tatamiyə çırpılması ilə nəticələnən, cüdoda ən baxımlı fəndlərdən biridir. Onu da qeyd edək ki, biz, dəfələrlə Elnur Məmmədli və Elxan Məmmədovun bu fəndi məharətlə icra etdiyini görmüşük.


Ən böyük örnək - Ata!

Tofiqin bütün çətin anlarında ona dəstək verən, gələcəyə nikbin baxmağa çağıran, bir sözlə, bugünkü pilləyə çatmasında bilavasitə rol oynayan bir insan var ki, bu, atasıdır. Atasını özünə yaxın dost, ən böyük örnək sayır. Daim mətbuatı izləyən, dünyada gedən proseslərdən, idman yeniliklərindən xəbərdar olan Tofiqin, maraqlarının geniş olması təsadüfi deyil. Belə ki, Vüqar Məmmədov tanınmış media mənsubudur. O, "Futbol+" qəzetinin təsisçisi, "Hürriyyət" qəzetinin isə baş redaktorudur.

Əlavə məsuliyyət

60 kiloqram çəki dərəcəsi ölkəmiz üçün böyük uğurlarla yadda qalıb. Belə ki, Nazim Hüseynov olimpiya zirvəsinə yüksəlib, iki dəfə Avropa çempionu olub, o sayda da Elçin İsmayılov qitənin ən güclüsü adını qazanıb. Son illər isə İlqar Müşkiyevlə Orxan Səfərov dəfələrlə dünya və Avropa çempionatlarında fərqlənib. Bu da sözügedən çəkidə çıxış edən istənilən gənc cüdoçu üçün əlavə məsuliyyət deməkdir.

Portret

Cüdo, yüksək fiziki hazırlıqla yanaşı, son dərəcə dəqiq düşünməyi tələb edən idman növüdür. Anidən buraxılan səhv, illərlə çəkilən zəhməti hədər edə bilər. Bu baxımdan cüdonu "döyüş şahmatı" da adlandıra bilərik. Burada sadəcə, ağıllı, soyuqqanlı, hər cür çətinliyə sinə gərməyi bacaran insanlar ali məqamlara yüksəlir. Tofiq, cüdonun tələb etdiyi bütün keyfiyyətləri özündə daşıyan gəncdir. "Sürpriz" olmasa, görünən odur ki, böyük zəfərləri çox gözləmək lazım gəlməyəcək.

Sahib

banner

Oxşar Xəbərlər