• cümə axşamı, 28 mart, 20:33
  • Baku Bakı 13°C

Xəstələr üçün virtual klinika

05.07.18 14:00 3247
Xəstələr üçün virtual klinika
Qloballaşan dünyada həkim çatışmazlığını aradan qaldırmaq və ixtisaslı tibbi yardıma olan ehtiyacı ödəmək üçün əsas vasitələrdən biri teletibb hesab olunur. Bu sahədə həyata keçirilən pilot layihənin müəllifləri Almaniyada üzərində çalışdıqları konsepsiyanı bölüşmək və milli mənsubiyyətindən asılı olmayaraq xəstələrin müalicə prosesində iştirak etmək iddiasında olantibb işçiləri ilə birgə iş haqqında müzakirə aparmaq üçün Azərbaycanda olublar. Teletibb üzrə pilot layihənin müəlliflərindən biri - Frankfurt klinikasının cərrahı Vüqar Yaqublu "Kaspi”yə müsahibəsində gələcəyin layihəsinin get-gedə bütün dünyada qəbul olunduğunu bildirir.

- Teletibb nə deməkdir? Bu ideya necə yaranıb? Bu metodun xəstənin müalicəsində, elecə də həkimin inkişafında hansı rolu var?
- Teletibb artıq dünyanın hər yerində geniş müzakirə olunan və getdikcə səhiyyə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilən bir konsepsiyadır. Teletibb telekommunikasiya vasitələrindən istifadə etməklə xəstələrin müayinə və müalicəsinin təmin edilməsi deməkdir. Bu zaman ixtisaslı mütəxəssisin xəstə ilə eyni məkanda olmasına ehtiyac qalmır. Texnologiya imkan verir ki, fərqli məkanda olan ixtisaslı həkim xəstə haqqında müfəssəl informasiya əldə etsin, öz tövsiyələrini verə bilsin və müalicə prosesini həyata keçirsin.
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bu gün dünyada 7 milyon tibb işçisinə ehtiyac var. Bu siyahıda həkimlər, tibb bacıları və b. var ki, 2035-ci ildə bu rəqəm12 milyonu keçəcək. Problemin həlli yolu tibb təhsili sisteminin islahatı, həkimlərin ixtisaslaşma prosesinin təkmilləşdirilməsi, eləcə də gəncləri həkim olmağa həvəsləndirməkdən keçir. Təəssüf ki, bu gün daha az gənc həkim olmaq istəyir, çünki həkimlik çətin sənətdir. Bu səbəblərin aradan qaldırılması təbii ki, ağır və uzunmüddətli prosesdir. Bir həkimin tam mütəxəssis kimi yetişdirilməsi 5-6 ilə yox, təxminən 10-12 ilə başa gəlir. Bu isə kifayət qədər uzun bir müddətdir. Odur ki, həkim çatışmazlığını həll etmək üçün alternativ yollar aranmaqdadır. Bu alternativlərdən biri mövcud həkim potensialının daha optimal istifadə edilməsidir ki, məhz teletibb bu potensiala malikdir.
Teletibb ideyasına uzun illər mübahisəli yanaşma olub. Bir həkimin xəstə haqqında fikir söyləməsi üçün onun xəstəni birbaşa görməsi və müayinə etməsinin vacibliyi əsas götürülüb. Hətta Almaniyada həkimlərin etika kodeksi deyilən hüquqi sənəddə həkimin telefon vasitəsilə məsləhət verməsi qadağan edilmişdi. Əgər həkim xəstəyə telefon (internet) vasitəsilə məsləhət verərdisə və bu sübut olunardısa, həmin həkimin diplomu əlindən alına bilərdi. Texnologiyaların çox yüksək səviyyədə inkişaf etməsi, həyata keçirilən pilot layihələr, onların çox effektiv olması teletibbin təhlükəli ola bilməsi düşüncəsini alt-üst etdi. Bu gün atıq Amerikada milyonlarla xəstə xəstəxanaya getmədən və çox gözləmədən ona lazım olan ixtisaslı tövsiyələri ala bilər. Bu təcrübə artıq Almaniyada da geniş vüsət almağa başlayır. Bir ay bundan əvvəl Almaniyada telefon (internet) vasitəsilə xəstəyə konsultasiya vermək qadağası aradan götürüldü və teletibbin inkişafına yaşıl işıq yandırıldı.
Bu, özlüyündə azərbaycanlı xəstələr üçün də bir imkandır. Məlumdur ki, il ərzində müayinə və müalicə üçün onlarla xəstə Almaniyaya səfər etməli olur. Almaniyada teletibbə rəsmən izn verilməsi buna olan ehtiyacı azaldacaq. Artıq xəstələr Almaniyaya səfər etmədən öz xəstəlikləri haqqında alman mütəxəssislərindən ikinci fikir ala biləcəklər. Nəzərə alsaq ki bu gün Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır, xəstələrimiz konsultasiyanı hətta öz dillərində belə ala biləcəklər. Mən də daxil olmaqda digər həmkarlarımıza çoxsaylı müraciətlər olur. Bu müraciətləri daha düzgün, qanuni qəbul etmək və xəstələrə ixtisas üzrə çevik məsləhət vermək üçün teletibb böyük imkanlar açır. Biz Mannheim Universitet Tibb Mərkəzi ilə bir il bundan qabaq teletibb üzrə pilot layihə etməyə başladıq və bu öz effektivliyini təsdiq etdi. Xəstələrin bir hissəsi verilən tövsiyələrlə öz müalicələrini Azərbaycanda aldılar, digər hissəsi isə Türkiyəyə və ya Almaniyaya üz tutdu.

- Teletibb konsultasiyasından sonra Almaniyaya üz tutan xəstələrin qazandığı hansı üstünlüklər var?

- Həmin xəstələrin üstünlüyü ondadır ki, onlar öz həkimlərini öncədən tanıyır və həyata keçiriləcək müalicə və müayinə tədbirlərini əvvəldən bilirlər. Bu uğurlu təcrübə bizə Almaniyada beynəlxalq bir layihənin başlanmasına imkan verdi və indi Bakıda olmamın səbəbi bu layihədə iştirak etmə iddiasında olan həmkarlarım və klinikalarla görüşüb fikir mübadiləsi aparmaqdır.

- "Qlobal həkim” bu layihədə iştirak edən həkimdir?
- "Qlobal həkim” diplomundan, milli mənsubiyyətindən asılı olmayaraq dünyanın istənilən ölkəsindən olan xəstənin müalicə prosesində iştirak edən həkimdir. "Qlobal həkim” rolunda olan azərbaycanlı həkim alman teletibb şəbəkəsində iştirak etməklə bu imkanı əldə edir. Onun vəzifəsi "Online İkinci Fikir” üçün müraciət etmiş xəstəni ilkin təhlil edib nəticələri almaniyalı mütəxəssislərə təqdim və onlarla müzakirə etməkdir. Bununla azərbaycanlı həkim Rusiyadan, Braziliyadan və ya Afrikadan olan xəstənin müalicə prosesində alman həmkarları ilə birgə iştirak etmiş olur. Bu həkimi xəstə portal üzərindən özü seçir. Bizim də məqsədimiz bu layihədə iştirak edəcək və "qlobal həkim” ola biləcək, Azərbaycanda yaşayan həkimləri qurulan şəbəkəyə cəlb etməkdir.
- Prosesə kimləri cəlb etməyi planlaşdırırsınız?
- Almaniyanın fərqli klinikalarında çalışan yüksək ixtisaslı mütəxəssislər və lokal həkimlər bizim teletibb şəbəkəsinin əsas iştirakçılarıdır. Bu yanaşmanın öz üstünlükləri var. Bir azərbaycanlı xəstənin və yaxud əcnəbi dildə danışan bir xəstənin alman həkiminə birbaşa müraciət etməsi və ondan keyfiyyətli ikinci fikir alma ehtimalı çox azdır. Həm mədəniyyət, həm dil, həm də tibbi standartlarda fərqlər bunu mümkünsüz edir. Odur ki, xəstə ilk olaraq şəbəkənin daxilində olan yerli həkimlər tərəfindən qəbul edilir, sağlamlıq problemi təhlil olunur və şəbəkənin daxilində olan uyğun alman professoruna təqdim edilir. Professor lazım gələrsə, xəstə ilə videokonfrans sistemi ilə ünsiyyət qurur və öz tövsiyələrini verir. Sanki xəstə virtual bir klinikadadır. Mütəxəssislərin fərqli məkanlarda olmasına baxmayaraq, xəstə nəticədə probleminin nə olduğunu bu virtual klinikada öyrənir, əlavə fikirlər alır, onun yerli həkimi də, alman həkimi də müalicə taktikası haqqında eyni fikrə gəlirlər. Bundan sonra xəstə müalicəsini harada davam etdirməsi qərarını özü verir. Bizim konsepsiyanın kökündə duran yanaşma məhz budur.
Mən azərbaycanlı həkimləri çox tanıdığım, sosial şəbəkələr vasitəsilə də əlaqələrimiz olduğu üçün layihəmizi buradan başladıq. İyunun 23-də Almaniyada çalışan azərbaycanlı həkim Nərminə Ələkbərova, alman həkim Fabian Bormann və mən bizim şəbəkədə iştirak edən və gələcəkdə iştirak etmək istəyində olan həkimlərlə görüş keçirib işimizin gedişini müzakirə etdik.
- Sizcə, bu layihə ilboyu Azərbaycandan Almaniyaya müalicəyə yollanan insanlara kömək edə biləcəkmi?
- Hər il böyük miqdarda pul ödəyib Azərbaycandan Almaniyaya müalicəyə gedən çox sayda xəstələr var. Açığını deyim ki, bəzən buna ehtiyac olmur. O standartlar burada da var. Sadəcə, insanların beynində olan «alman həkimi möcüzə yaradır» kompleksini sındırmaq lazımdır. Heç bir ön təhlil aparılmadan Almaniya, eləcə də Türkiyəyə yol tutan xəstələrimiz də çoxdur və sistem onların inamını qazanmalıdır. Digər tərəfdən, əgər teletibb vasitəsilə alman mütəxəssisi Azərbaycan klinikasının «içərisində»dirsə, videokonfrans sistemi ilə onunla, onun həkimi ilə danışırsa, hətta həyata keçirilən cərrahi əməliyyatda iştirak edirsə, xəstənin yenidən Almaniyaya getməsinə nə ehtiyac var?
- Telestroke nədir? Bir ölkədən olan mütəxəssis digər ölkədəki insult xəstəsini necə müalicə edir?

- Hazırda dünyada ən çox istifadə olunan teletibb metodlarından biri telestrokdur, yəni insult xəstələrinin teletibb vasitəsilə müalicəsi. Bu metoddan daha çox Amerikada istifadə olunur və Almaniyada da artıq geniş yayılmağa başlayır. Gələcəkdə bu metodu Azərbaycan üçün də tətbiq etmək olar. Əgər xəstədə insult, yəni beyni qidalandıran damarın tutulması baş verirsə, teletibb vasitəsilə uzman mütəxəssis dərhal müayinə və müalicə prosesinə daxil olur. Onun xəstə ilə eyni məkanda olmasına ehtiyac yoxdur. Gecə saat 2 və ya 3 olsa da, həkim bir neçə dəqiqədən sonra artıq prosesin içindədir. Və bunun nəticəsində çoxlu insanlar həyatlarını qazanır, iş qabiliyyətlərini itirmir.
Teletibbin geniş tətbiq edildiyi sahələrdən biri də cərrahiyyədir. Telecərrahiyyə vasitəsilə Almaniyada və yaxud da ABŞ-da olan cərrahla Azərbaycandan olan cərrah əməliyyatda birgə iştirak edə bilir. Artıq bu cür birgə əməliyyatlar üçün xüsusi robotlar icad olunub və gündəlik kliniki fəaliyyətdə tətbiq edilir.
- Xərçəng xəstələrinin müalicəsi taktikası virtual necə təşkil edilir?
- Üçüncü bir yol Almaniyada xərçəng xəstələri üçün tumorboarddır. Xərçəng xəstəliyinin müalicəsində çoxlu yeniliklər baş verir. Yəni bir onkoloqun "bu situasiyada bu ediləcək” deməsi artıq dünyanın heç bir yerində qəbul edilmir. Ona görə də həmişə bir tumorboard - minimum 6-7 mütəxəssisin oturduğu bir qrup olur. Bu qrup həftədə bir dəfə yığışaraq xərçəng xəstələrini müzakirə edir. Yəni bu, əlifbadır, bunsuz Almaniyada və yaxud da Amerikada klinika yoxdur. Hər həkim təklifini irəli sürür və sonunda konsensus əldə olunur. Bu prosesi də tele-tumorboard vasitəsi ilə təşkil etmək mümkündür. Məsələn, Azərbaycanda hər hansı bir xərçəng xəstəliyi olan insan əməliyyatdan öncə və ya sonra alman mütəxəssisləri ilə birgə müzakirə oluna və müalicə və müayinə taktikası müəyyən edilə bilər. Xərçəng xəstəliklərinin müalicəsində o qədər yeniliklər var ki, bəzən keçənilki taktika ilə builki taktika arasında fərq olur. Məhz tumorboardlar imkan yaradır ki, xəstələr ən optimal müalicə taktikası ilə müalicə edilsinlər.
- Xəstələri bütün xəstəliklər və situasiyalar üzrə teletibb vasitəsilə müalicə və müayinə etmək mümkündürmü?
- Bütün situasiyalarda qətiyyən olmaz. Teletibbin effektiv olduğu sahələr dəqiq müəyyən edilib. Teletibb daha çox diabet, xərçəng kimi xroniki xəstəlikləri və həyati təhlükə yaratmayan kəskin xəstəlikləri əhatə edir. İstisna olaraq insult kimi patologiyada teletibb artıq "gızıl standart”a çevrilib.
Avropada həyati təhlükə yaratmayan, poliklinik patologiyalar da teletibbin əsas hədəfidir. Tutaq ki, kiminsə öskürəyi və ya temperaturu var və o öz həkimi ilə onlayn konsultasiya edə bilər. Həkim vəziyyəti qiymətləndirir və öz tövsiyələrini verir. Əgər həkim desə ki situasiya xoşuma gəlmir, dur xəstəxanaya gəl, onda təcili yardımla xəstə xəstəxanaya gəlir. Bu baxımdan teletibbi bütün xəstələrə aid etmək olmaz. Bunun üçün xüsusi göstərişlər olmalıdır. Teletibbin digər üstünlüyü xəstənin çox gözləmədən, daha tez konsultasiya ala bilməsidir.
- Teletibb metodu üzrə nəticələr həmişə ürəkaçandırmı?
- Almaniya çox konservativ ölkədir. Onlar həmişə yeniliklərə çox ehtiyatla yanaşırlar. Eyni zamanda, teletibb məsələsinə. Amerikada əldə edilən uğurlar, eləcə də Almaniyada həyata keçirilən pilot layihələrin uğurlu olması alman qərarvericilərinin fikrini dəyişdi. Həm də çoxsaylı alman xəstələri xarici teletibb şəbəkələrinə müraciət etməyə başladılar və nəticələrin müsbət olması bu axını daha da artırdı. Sonunda Almaniyada anlaşıldı ki, biz bunu etsək də, etməsək də, artıq bu prosesin qarşısı alınmazdır və həm də teletibb Almaniyada mütəxəssis azlığı probleminin həlli kimi görülməyə başladı. Nəticədə onun istifadəsinə izn verildi.
- Xəstənin informasiya təhlükəsizliyi nə deməkdir?
- Xəstə informasiyasının gizliliyi həm ümumilikdə, həm də teletibb prosesində vacib faktorlardan biridir. Xəstə haqqında informasiyanı arzuolunmayan tərəfin əldə etməsi qanun pozuntusudur. Məsələn, xəstə haqqında informasiyanın whatsapp və ya email üzərindən göndərilməsi arzuedilməzdir. Buna həkim məsuliyyət daşıyır. Almaniyada xəstənin informasiyasını həkimin öz şəxsi emailində saxlamağa ixtiyarı yoxdur və yaxud xəstənin informasiyası onlayn platformada saxlanıla bilməz. Bu informasiya gizli yerdə saxlanılmalıdır. Ona görə də teletibb platformaları xəstə informasiyasının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verirlər.
- Bəs xidmətin xərcləri necə ödənilir?
- Almaniyada digər xərclər kimi, teletibb xərclərini də sığorta ödəyir. Əgər Almaniyadan konsultasiya alırsınızsa, alman həkiminin bu məsləhətə görə ala biləcəyi müəyyən miqdar var və bunlar astronomik məbləğ ola bilməz. Bu miqdarlar qanunlarla təsbit edilib. Bu proseslər həkimin sərbəst vaxtında yox, iş vaxtında həyata keçirilməlidir. Eyni zamanda, təhlükəsizlik, videokonfrans sisteminin də əlavə xərci ola bilər. Bunlar ödənilə bilən məbləğlər olmalıdır. Nümunə üçün deyim ki, Amerikada hamının sığortası olmadığına görə, xəstənin iş yeri teletibb konsultasiyalarının xərcini ödəyə bilir.
- Sizcə, bizdə bu yenilik necə qəbul olunacaq?
- Özümüzdən çox şey asılıdır. İnsanlar öyrəşdikləri yanaşmalardan uzaqlaşmaq istəmirlər. Amma yeniliklər bizli-bizsiz həyata keçir. Mən əminəm ki, Azərbaycanda da insanlara geniş bilgilər verilsə və teletibb xidmətləri təklif edilsə, onlar da geniş istifadə edərlər. Zaman gələcək ki, regionlarımızdan insanların müalicə və müayinə üçün Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Regionlarımızda da müasir xəstəxanalar və uzman həkimlər var. Teletibb xidmətinin ölkə daxilində qurulması məhz insanlarımıza uzun məsafə qət etmədən ixtisaslı tövsiyələr almağa kömək edər. Sadəcə, buna zaman lazımdır.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər