AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xəstələr çoxalır, səhiyyə sisteminin imkanları isə sərhədsiz deyil...

Xəstələr çoxalır, səhiyyə sisteminin imkanları isə sərhədsiz deyil...

Cəmiyyət
30 İyun 2020, 18:18 255
Təcili tibbi yardım maşınlarının sayı artırılsa belə, orada xidmət göstərəcək tibbi personal kifayət etmir
 
Bir neçə aydır ki, bütün dünya pandemiya ilə mübarizə aparır. Ölkələr tək çıxış yolunu vaksinin tapılmağında görür və bu istiqamətdə müəyyən addımlar atır. Amma danılmaz faktdır ki, mövcud şərait dəyişməz olaraq qalmaqdadır. Hətta yoluxanların sayının artması ilə karantin rejimi daha da sərtləşdirilir, cərimələr tətbiq edilir. Həmçinin vətəndaşlar bu kimi məsələlərdə daha məsuliyyətli olmağa, qoyulan qaydalara əməl etməyə çağırılır.
Amma görülən bütün bu işlərə baxmayaraq, sosial mediada bəzi məsələlər müzakirə mövzusu halına gəlib. Çox təəssüf ki, məsələdən agah olan da, olmayan da öz fikrini paylaşır və nəticə etibarı ilə xaos, insanlarda çaşqınlıq yaranır. Ona görə də qərara gəldik ki, bəzi sualları ekspertlərlə müzakirə edək. Maraqlıdır ki, niyə testinin nəticəsi pozitiv çıxmış bütün xəstələr xəstəxanalara yerləşdirilmir? Digər tərəfdən, vətəndaşlar təcili tibbi yardımın gec gəlməyindən və ya ümumiyyətlə gəlməməyindən şikayət edir. Bunun səbəbi nədir, belə halların qarşısını necə almaq olar?
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazovanın sözlərinə görə, son məlumatlardan da aydın olur ki, hazırda xəstəxanalarda yer çatışmazlığı var: "Ev şəraitində müalicə proqrama daxil edildi. Əgər xəstəliyin əlamətləri varsa və testində nəticəsi müsbətdirsə, həmin şəxs dərhal nəzarətə götürülür. Amma bəzən elə olur ki, testin nəticəsi müsbət çıxsa da, vətəndaşda xəstəliyin əlamətləri müşahidə edilmir. Bu zaman demək ki, xəstəlik simptomsuz keçir. Belə olan halda, şəxsin evdə izolyasiya edilməsi, ev şəraitində müalicə alması mümkündür. Təbii ki, qoyulan bütün təlimatlara uyğun olaraq. Evdə müalicə alanlara qulluq edən yaxınları da əlcək və maskadan istifadə etməlidirlər. Məsələn, vərəm xəstəliyi ilə müqayisə edək. Həmin xəstəliyə tutulan şəxslər də müəyyən kritik dövrü keçdikdən sonra ev şəraitində müalicə alırlar. Eynilə də koronavirusa yoluxanlarda əgər ciddi narahatlıq hissi yoxdursa, ev şəraitində müalicə almağında bir problem yoxdur. Təbii ki, xəstə ən azından sahə həkiminin nəzarəti altında olmalıdır. Əgər xəstənin halı ağırlaşarsa, bu zaman dərhal müdaxilə edib xəstəxanaya köçürmək lazımdır. Əks halda, ciddi bir narahatlıq hissi yoxdursa, ev şəraitində müalicə olunması məqsədəuyğundur”.
Həkim, xəstələrin xəstəxanaya yerləşdirilməməsinin başqa səbəbindən də danışdı. Deyir ki, ola bilər, həmin yerləri daha ağır xəstələr üçün saxlayırlar: "İlkin səbəb kimi xəstəxanaların dolu olmağını dedik. Amma lap xəstəxanalarda yer olsa belə, onları daha ağır xəstələr üçün saxlayırlar. Çünki bu xəstəlik hər an yoluxmuş insanda tənəffüs çatışmazlığına səbəb ola bilər. Ona görə vəziyyəti nisbətən yüngül olanlar üçün evdə müalicə üsulundan istifadə edilir. Amma xəstə müəyyən yaş periodunu keçibsə və koronavirusla yanaşı, xroniki xəstəlikləri varsa, bu zaman mütləq xəstəxanaya yerləşdirilməlidir. Çünki onlar daim risk qrupundadırlar”.
Həkim-terapevt Aysel Qurbanova qeyd edir ki, səhiyyəmiz qısa zamanda bütün gücünü koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı: "Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qoruyucu vasitələrin istehsalı təşkil edildi. Amma bunu da nəzərə almalıyıq ki, hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə olan ölkələrdə hətta ağır vəziyyətdə olan insanları təcili tibbi yardıma ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular. Yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni protokolun tətbiqini zəruri etdi. Mövcud vəziyyətdə ancaq ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla qeyd edir ki, hazırda xəstələrin sayı ilə bu iş üçün xəstəxanalarda ayrılan yer sayı uyğun gəlmir: "Aydın məsələdir ki, belə bir şəraitdə müraciətlərin hamısı tibbi personalla təmin edilə bilmir. Ona görə də xəstəliyi yüngül formada keçirənlərin evdə müalicəsi üsulundan istifadə edilir. Amma hələ ki evdə müalicə də ürəkaçan səviyyədə deyil. Ona görə ki, bu iş ciddi təşkil edilməlidir. Evdə müalicə də həkim nəzarəti altında həyata keçirilməlidir. Bu zaman xəstənin hərəkət dinamikası, yataq rejimi, evdəki davranış qaydaları - hamısı əvvəlcədən müəyyən edilmiş sistemlə həyata keçirilməlidir. Yəni, xəstənin evdə aldığı müalicə ilə xəstəxanada aldığı müalicə arasında heç bir fərq olmamalıdır. Fərq sadəcə məkandadır”.
Vətəndaşların təcili tibbi yardımla bağlı şikayətinə gəlincə isə, A.Qeybulla bildirir ki, bu şikayətlər artıq haqsızdır: "Etiraf etməliyik ki, təcili tibbi yardım az, xəstələr isə çoxdur. Ona görə çatdıra bilmirlər. İnsanların məsuliyyətsizliyi ucbatından hazırda böyük bir yoluxma potensialı var. Nəticə etibarı ilə müraciətlərlə təcili tibbi yardımın imkanları düz mütənasib deyil. Lap təcili tibbi yardım maşınlarını artırsalar belə, orada xidmət göstərəcək tibbi personal kifayət etmir. Ona görə də obyektiv səbəblərdən təcili tibbi yardımların xidmətində gecikmələr olur”.
 
Günel Azadə