AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xərclədikcə pul qazandıran layihə - Startap

Xərclədikcə pul qazandıran layihə - Startap

Gənclik qəzeti
19 İyun 2020, 15:30 1916
 

Orxan Əhmədov: "Hamının "wow” deyib bəyəndiyi startapların uğursuz olma şansı daha yüksəkdir”
 
Bir çox startapçılar kimi investor yoxluğundan şikayətlənmir. Deyir ki, pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin ideyana, biznesinə pul yatırtmağa inandırmaqdır. Ona görə, hər bir şəxsin başı çıxdığı, bildiyi, nəhayət, sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi vardır. Düşünür ki, biznes modeli düzgün, işləyən və inkişafa meyilli olan istənilən startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər. 

MüsahibimizBon.az layihəsinin təsisçisi Orxan Əhmədovdur. Həmsöhbətimiz Bakıda anadan olub. 2000-2004 illərdə Qafqaz Universitetinin Bank menecmenti ixtisası üzrə bakalavr pilləsində, 2004-2006 illərdə isə sözügedən universitetin Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. Elektron ticarət üzrə 8 illik, sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəsi var. 2010-cu ildən başlayaraq İT sahəsində təşəbbüskarlıqla məşğuldur. Bir neçə startap və şirkətin həmtəsisçisi olub.

- Orxan bəy, "Bon.az” nədir? İstifadəçilər nə üçün bu tətbiqdən istifadə etməlidir?
- "Bon.az” internet mağazalardan alış-veriş edən şəxslərə, ödədikləri məbləğin bir hissəsini pul şəklinə geri qaytarmağa (cashback) kömək edən platformadır. Bizim istifadəçi və üzvlərimiz müxtəlif xarici ölkələrdə yerləşən onlayn mağazalardan tez-tez alış-veriş edən şəxslərdir. Hazırda sistemdə Türkiyə, ABŞ, Çin və Rusiyadan 300-ə yaxın aktiv onlayn mağaza var. Bu mağazalardan daim alış-veriş edən şəxslər "Bon.az”-dan istifadə etməklə həm xərclərinə qənaət etmiş olur, həm də eksklüziv endirim və aksiyalar barədə məlumat əldə edə bilirlər.
 

 
- Nə üçün bu startapı yaratmaq istədiniz, ideya necə yarandı?
- Əslində bu, özümüzdən kəşf etdiyimiz ideya deyil və xarici ölkələrdə illərdir belə layihələr var və fəaliyyət göstərirlər. Lakin biz işə bir az gec başladıq. İdeya olaraq, 2013-cü ildə "Multibon” bonus sistemi üzərində işləyərkən ağlıma gəlmişdi. "Multibon” o zaman restoran, kafe, geyim, əyləncə və digər məkanlardan bonus şəklində cashback (kəşbək) qazandıran sistem idi. Amma onun əsas fəaliyyət istiqaməti real dünyadakı məkanlarla iş idi və bu sistemi qura-qura, onlayn mağazaları da sistemə inteqrasiya etdirərək, oradan da bonus verməyi planlayırdım. Ancaq o zamanlar həm internetdən çox az adam sifariş edirdi, həm də sistemi necə quracağımız barədə təcrübəmiz yox idi. Buna görə də, bir neçə il layihə kənarda qaldı. Bu müddət ərzində layihə ilə bağlı bir neçə dəfə işə başlamağa cəhd etsək də, bu və ya digər səbəbdən yarımçıq saxlamalı olurduq. Nəhayət, 2019-cu ildə əlimizdə olan bütün işləri bitirdikdən sonra layihəni başlatmaq qərarına gəldik və bir neçə aylıq hazırlıqdan sonra start verdik

- "Bon.az”-ın üstünlükləri nələrdir?
- Yuxarıda qeyd etdiyim kimi, "bon.az” internet mağazalardan alış-veriş edən istifadəçilərə həm qənaət etməyə, həm də ödədikləri pulun bir hissəsini geri almağa kömək edir. Bizdən əvvəl istifadəçilərimiz daha çox Rusiya, ABŞ və Türkiyənin "cashback” xidmətlərindən istifadə edirdilər. Burada isə bir neçə problem yaranırdı; - hər dəfə fərqli mağazalardan alış-veriş etmək istədikdə, "cashback” provayderi də dəyişmək lazım idi. Üstəlik, sistemlər xarici ölkələrə aid olduqlarından, ödəmə metodları da bizim ölkə vətəndaşlarına uyğun olmadıqlarından, bir çox insan istifadə edə bilmirdi. Məsələn, Türkiyə saytlarından toplanan "cashback” yalnız Türkiyə vətəndaşlığı və bank hesabı olan şəxslərə, Rusiya və ABŞ isə "Paypal”, "Yandex”, "Webmoney” kimi sistemlərlə həyata keçirilir. "Bon.az” olaraq ilk işimiz, bir platformada azərbaycanlı vətəndaşların alış-veriş etdikləri Türkiyə, Rusiya, ABŞ və Çindən olan mağazaları bir yerə toplamaq oldu. Toplanmış "cashback” məbləğini isə yerli ödəmə metodları ilə nağdlaşdırma imkanı veririk.
 

 
- Komandanızla bağlı məlumat verərdiniz? Necə tanış oldunuz?
- Komandamız beş nəfərdən ibarətdir və bundan əvvəl bir neçə layihədə bir yerdə işləyərək dostluq münasibətlərimizi gücləndirmişik. Layihəmizin texniki işlərinə məsul şəxs, "Multibon”dan bəri bir yerdə işlədiyimiz və "bon.az”ın həmtəsisçisi olan Nicatdır. Digər komanda üzvləri ilə də bir yerdə müəyyən işlər görməklə, yaxından tanış olub, komandamıza cəlb etmişik.

- Ümumiyyətlə, komanda qurarkən nələrə diqqət edirsiniz, hansı keyfiyyətlərə məxsus insanlara üstünlük verirsiniz?
- Əslində biz layihəyə başlayırıq deyə, komanda yığmamışıq. Bir yerdə işləmişik, bir-birimizi tanımışıq və nəticədə bir yerdə işə başlamaq qərarını vermişik. Bununla belə, yaxşı komandada ən əsas, insani keyfiyyətlərə və dünyagörüşünə diqqət edirik. 

- Dünyanın bir çox böyük və tanınmış İT şirkəti startap kimi yaranıb. Sizcə, ölkəmizdə yaranan startapı dünya səviyyəli şirkətə çevirmək mümkündürmü?
- Bəli, mümkündür. Amma bunun üçün tək startap ideyası yetmir. Dünya səviyyəli startap kimi böyümək üçün çoxsaylı faktorun bu işə təsir etməsi lazımdır. Bunun üçün real problemi həll edən ideya, komanda, bu ideyanın komanda tərəfindən texnoloji olaraq yaradıla bilməsi, investisiya, beynəlxalq əlaqələr, bir az da bəxtin olması lazımdır. Öz təcrübəm əsasında gəldiyim qənaət budur ki, hamının "wow” deyib bəyəndiyi startapların uğursuz olma şansı daha yüksəkdir, nəinki ilk eşitdiyində qeyri-ciddi yanaşdığı layihələr. Ümumiyyətlə, düşünmürəm ki, startapa başlayanlar, dərhal bütün dünyanı fəth etmək niyyətində olurlar. Startap hər hansı bir biznes modelinin təcrübədən keçirilməsidir və onun uğursuz olma ehtimalı uğurundan daha çoxdur. Buna görə də, ilk olaraq, startapın bir biznes modeli olaraq bəsit uğuru əldə edilməlidir ki, daha sonra qlobalda böyümə haqqında düşünülsün.
 


- Sizcə, yerli startaplara və ya məhz sizin startapınıza xaricdən və yaxud yerli nəhəng şirkətlərdən investisiya cəlb etmək şansı böyükdürmü?
- Biznes modeli düzgün işləyən və inkişafa meyilli olan istənilən startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər. Burada əsas məsələ startapın fəaliyyət sahəsi, xitab etdiyi bazar və biznesin reallaşdırılması üçün qanunların mövcudluğudur. Buna görə də startaplar həm investisiya, həm də gələcək inkişaf baxımından ən uyğun şərtləri olan ölkəni seçib, şirkəti orada qeydiyyatdan keçirirlər. Yerli bazarda isə texniki və digər işləri görən komandanı saxlayırlar. Xarici investorlar, daha çox özlərinin olduqları və ya "Silikon Vadisi” kimi startap mərkəzlərində qeydiyyatdan keçmiş layihələrə üstünlük verirlər. Yerli investorlar isə böyüyərək xaricə çıxma potensialı olan layihələrə yatırım etməyə çalışırlar. Təbii ki, dediklərim bizim bazara aiddir və hər ölkənin öz fərqli yanaşması var.
 
- Ümumiyyətlə, investor tapmaq çətindirmi?
- Pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin ideyana, biznesinə pul yatırmağa inandırmaqdır. Bir çox adam düşünür ki, "filankəsin pulu var” deyən kimi yatırım edəcək. Yatırmayanda da, deyir ki, adam ideyamı başa düşmədi. Əslində isə hər bir şəxsin başı çıxdığı, bildiyi, nəhayət, sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi vardır və mənim ideyam onun istəkləri ilə üst-üstə düşmürsə, təbii ki, yatırım da etməyəcək. İstisnalar da var, o da qeyd etdiyim kimi, qarşı tərəfə layihəni necə izah və nələr vəd etməkdən asılıdır.

Aygün ƏZİZ