• şənbə, 20 Aprel, 14:17
  • Baku Bakı 23°C

“Xərçəngi məhv etməyi qarşıma məqsəd qoymuşam” - İxtira

17.07.15 10:55 3129
“Xərçəngi məhv etməyi qarşıma məqsəd qoymuşam” - İxtira
13 yaşının olmasına baxmayaraq, ölkəyə səs salan ixtiraya imza atdı. Yaşıdları oyuncaqla oynayarkən, 5 yaşından o, yeni kəşflər üzərində çalışdı. Hətta oynadığı oyuncaqlar belə, öz ixtirasıdır. Qeyri-adi istedada malik bu yeniyetmə gələcəkdə dünyada dönüş yaradacaq lahiyələrə imza atmağı qarşısına məqsəd qoyub.
Müsahibimiz ölkəmizin 13 yaşlı ixtiraçısı İkram Qabiyevdir. İkram 2001-ci ildə Bakıda anadan olub. Hazırda Bakıda yerləşən“Ankara məktəb-liseyi”nin 9-cu sinif şagirdidir.
“Günəş radiasiyasından elektrik aldım”

Həmsöhbətimiz ötən günlərdə kəşf etdiyi robotla gündəmə gəlib. Belə ki, yaratdığı robota proqramlar yükləyir, bu proqramlar vasitəsilə ixtirasını həyata keçirir: “İnsan əli bir kağız kimi işığı ötürücü vasitəsi ilə robota göndərir, robotun ultrabənövşəyi şüaları işığı görür. Daha sonra robot həmin işığı insan əlinə ötürür. Ultrabənövşəyi şüalar insan əlinə çatan kimi yenidən robotun ötürücüsünə qayıdır və həmin yerdə obyektin olduğunu müəyyən edir”.
Bu, həmsöhbətimizin ilk ixtirası deyil. Hələ 13 yaşında olmasına baxmayaraq, o, alternativ enerji mənbələri ilə bağlı proyektə də imza atıb: “İnsana zərərli olan ultrabənövşəyi şüalardan və günəşin radiasiyasından gecə-gündüz elektrik alırdım. Bu proyektimlə istər ölkəmizdə, istərsə də Amerikada keçirilən olimpiadalara qatıldım və müəyyən yerlərə layiq görüldüm”.
“Xərçəngi məhv edəcəm”

İxtiraçının dünyaya səs salacaq proyekti isə hələ qarşıdadır. Belə ki, 9-cu sinif şagirdi müalicəsi çox vaxt mümkün olmayan beyin xərçənginin yeni müalicə üsulunu ixtira etməyə iddialıdır: “İlk dəfə amerikalı alimin irəli sürdüyü bu üsul cəmiyyət tərəfindən birmənalı qarşılanmadığından, elə nəzəriyyə olaraq qalıb. Mən bu proyekti davam etdirəcəyəm. Artıq iki aydır ki, yeni virus proqramının üzərində işləyirəm. “Ximera” adlı bu virus beyin xərçəngini məhv edir. Bundan öncə robot üzərində işləyirdim. Həmin robota yeni proqramlar yazıram. Bu proqramları gələcəkdə yeni bir robota keçirəcəm. O robota isə Ximera virusunu yükləyəcəm. Həmin virus vasitəsilə insan beynində xərçəng hüceyrələrini tapıb ora yeni bir virus göndərəcəyəm. Virus xərçəng xəstəliyinə düçar olan hüceyrələrdə formalaşan maddəni məhv edəcək”.
“Böyüdükcə, hədəflərim də böyüdü”

Həmsöhbətimiz deyir ki, ixtira etməyə maraq onda 5 yaşından yaranıb: “Babam alternativ enerji mənbələri üzərində çalışırdı. Mən də uşaq vaxtı ondan ilham alırdım. 5 yaşımdan həmişə hansısa yenilik yaratmaq istəmişəm. İlk ixtiralarım balaca robotlar idi. Vertolyot, maşın, pultla işləyən robotlar düzəldirdim. Ondan sonra işimi inkişaf etdirdim. Daha böyük robotlar düzəltməyə başladım”.
İkram deyir ki, ilk günlər ailəsi onun işlərini o qədər də ciddiyə almayıb. 14 yaşlı uşağın nəyisə kəşf etməsi kimin ağlına gələ bilər ki?: “Uşaqlığımdan oyuncaqlarımı özüm ixtira etməyə çalışırdım. Böyüdükcə hədəflərim də böyüdü. İndi isə ailəm mənə inanır və dəstək olur”.
Müsahibimiz deyir ki, ixtirasının belə səs-küy salacağını gözləmirmiş: “Düzü, mən ixtiramın bu qədər səs salacağını gözləmirdim. Əsas hədəfim insan beynində xərçəng virusunu məhv etməkdir. Əvvəlcə robot düzəldəcəm. Bu robot ilin axırına hazır olacaq. Daha sonra sözügedən virusu yaratmağa çalışacağam. Bundan sonra isə xərçənglə xəstələnən adamların üzərində təcrübə aparacam. İnsan beynində xərçəng bəlasını məhv etməyi qarşıma məqsəd qoymuşam”.
“Dönüş yaradacam”

Həmsöhbətimiz sonda gələcək planlarından da danışdı. İkram məktəbi bitirdikdən sonra xaricdə təhsil almağı planlaşdırır: “Məktəbi bitirdikdən sonra Amerikanın Boston şəhərində yerləşən Massaçusets Texniki Universitetində kibernetika sahəsində təhsil almağı planlaşdırıram. Gələcəkdə öz ixtiralarımla dünyada dönüş yaratmaq istəyirəm”.
Qeyd edək ki, həmsöhbətimiz bu həftə ingilis dilini təkmilləşdirmək üçün İngiltərənin London şəhərinə yollanacaq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər