Xərçəng xəstələri artır, yoxsa bizə elə gəlir?
Əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov iki gün
öncə dünyasını dəyişdi. Səbəb xərçəng. Elə həmin gün əməkdar artist
Tünzalə Əliyevanın da xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum oldu. Təkcə,
məşhurları sadalasaq, xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı elə də az
deyil. Məşhur, ya qeyri-məşhur fərq etmir, hər birimiz ətrafımızda xərçəng xəstəliyinə
tutulanların get-gedə artdığını görürük. Statistika da elə bu mənzərəni
canlandırır. Statistika Komitəsinin saytında yerləşdirilən ümumi məlumatlar
2016-cı ilə qədərki mənzərəni əks etdirir. Əhalinin cins və yaş qrupları üzrə bədxassəli
şişlə xəstələnməsi ilə bağlı bölmədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış
xəstələrin sayı 2007-ci ildə 7000 olubsa, 2016-cı ildə bu, 11 minə yaxınlaşıb.
2015-ci
ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə
qeydiyyatda olub. 2017-ci ilin statistikasına əsasən isə, ölkədə 45 756
xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Bəs bu artımın
səbəbi nədir? Düzdür, bu xəstəliklə bağlı səbəblər konkret olaraq məlum deyil,
amma ümumi yanlışlıqlar var.
Səhiyyə Nazirliyinin baş onkoloquAzad Kərimli deyir ki, ümumi yanaşanda, bütün xəstəliklərdə
artım var: "Bu, təbiətin xəstəliyidir. Buna təbiətdə mövcud olan bütün canlı
orqanizmlər arasında təsadüf etmək mümkündür. Qazıntılar zamanı hətta milyard
illər bundan əvvəl yaşamış dinozavrların sümüklərində şiş xəstəliyi aşkar
olunub. Bitkilər, heyvanat aləmi və insanlar arasında bu xəstəlik mövcuddur.
Canlı aləm yarandığı gündən bu xəstəlik olub və davam edir. İnsanlar arasında
ona görə çox təsadüf olunur ki, insanda təkamül prosesi gedib, yəni şüur var.
Onkoloji xəstəlikdən
qorxmaq lazım deyil, bu da digər xəstəliklər kimidir. Heç kəs bu xəstəlikdən
sığortalanmayıb. Düzdür, dünyasını dəyişənlər var, daha çox bunlar qabardılır, amma
25-30 il bu xəstəliklə yaşayanlar da var. Onları niyə qeyd etmirlər?
Deyirlər ki,
bizdə onkoloji xəstəliklər çoxalıb, bununla razılaşmıram. Əgər tibbi nöqteyi-nəzərdən
baxsaq, bütün xəstəliklərdə artım var. 70-ci illərdə avtoqəzaların sayı indiki
qədər idi? Yox, çünki maşınların sayı az idi. Burda da birinci demoqrafik göstəricilərə
fikir vermək lazımdır. Əgər bir neçə il bundan əvvəl əhalinin sayı 6-7 milyon
idisə, indi 10 milyona çatır. İnsan sayı çoxaldıqca burda da artım olur. Artım
yox, buna xəstəliyin vaxtında aşkarlanmasının yüksəlməsi də deyərdim. Xərçəng bir
və ikinci mərhələdə aşkarlandığı zaman yerləşdiyi lokalizasiyadan asılı olaraq,
ondan yüz faiz sağalma mümkündür”.
A.Kərimlinin
sözlərinə görə, bu gün Azərbaycanda qeydiyyatda olan 45 767 onkoloji onkoloji xəstə
var: "Onun 17500-ünü 5 və daha çox il yaşayanlar təşkil edir. Bu xəstəliklə
30, 25, 22 il yaşayanlar var. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda onkoloji
xəstələr azdır. Bir-iki il əvvəl Krımda oldum, orda 2 milyon əhaliyə görə qeydiyyatda
50 min onkoloji xəstə var idi. Bizdə 10 milyona 45767 nəfərdir.
Çeçenistanda 1 miylon əhali var, 17 min xəstə. Müqayisə edin. Harada çoxdur?
Jurnalistləri qınamıram. Gəlib baxır görürlər ki, onkoloji klinika insanlarla doludur.
Amma bizdə bir xəstənin yanına gəlməyəndə 3-4 nəfər gəlir. Xəstəxana daxilində
xəstəni hansısa müayinə aparatına göndərəndə o 3-4 nəfər də yanında gedir. Ona
görə çox görünür”.
Terapevt
Elnur Rəhimov xəstəliyin yayılmasında qida və stress
faktorunun böyük rolu olduğunu bildirdi: "Qidanın yerli-yersiz qəbul olunması məsələsi
var. Qida da normal deyil və yerli-yersiz sinir sistemini qıcıqlandırırıq. Təsəvvür
edin nə meyvə yeyirsinizsə, şaftalı dadı verir. Çünki onlara saxlamaq üçün qida
maddələri vurulur. Məsələn, bir orqanizmə düşən qida maksimum 4 saat orda
qalmalı, sonra sovrulmalıdır. Yediklərimizin çox hissəsinin sovrulması yaxşı
getmir. Bədəndə tez sovrula bilməyən artıq nə varsa, xərçəngə təsir göstərir.
Sinir sistemi nə qədər tez oyanırsa, xərçəngin
yaranması o qədər sürətli gedə bilir. Hamımızda onsuz da xərçəng hüceyrəsi var.
Sadəcə, həmin hüceyrələrin qıcıqlanması üçün vasitə lazımdır. Genetika, irsi xəstəlikləri
bir tərəfə qoyuram, biz yersiz çox qıcıqlanırıq, özümüzü stressə salırıq, əsəbiləşirik
və bu, uzun zaman davam edir. Bir insanın əsəbi gecə saat 2-3-ə qədər davam
edirsə, hormonlarına da təsir göstərəcək. Normalda gecə 1-in yarısından sonra
orqanizm yatmalıdır. Amma orqanizm onu yaşaya bilmir.
Bir də peşənin rolu var. Məsələn, ipəkçiliklə məşğul
olan şəxslərdə ağciyərdə illər sonra xərçəng yarana bilir. Yanacaqdoldurma məntəqələrində
işləyənlərdə burun boşluğundan qaynaqlanan və ağciyər xərçəngi çox olur. Belə məqamlar
çoxdur.
Uşaqlara gəlincə, hamiləlik dövründə xanımlarda
desturiktiv dəyişikliklər gedə bilir. Hamiləlik vaxtı radiasiyaya məruz qalan
ananın uşağı doğulandan 3-4 il sonra qan xəstəliyinə tutula bilir”.
Stress və qida.
Hansının daha çox xərçəngə səbəb olduğunu deyə bilərik? E.Rəhimov burada qidanı
ikinci planda olduğunu düşünür: "Ən çox stressi deyərdim. Bundan uzaq qalmaq da
mümkündür. Yaşam tərzimiz çox fərqlənir, hamımız çox şık yaşamaq, daha bahalı
toy etmək, daha baha maşın sürmək istəyirik. Bir avropalının geyimi bizimkindən
daha ucuzdur. Özümüzü həddindən artıq yükləyirik. Məsələn, macarlar çox
yaşayırlar. Amma ən çox boşanma onlardadır, ailə institutu yoxdur, normal
boşanırlar. Bizdə evlənəndə bir cür stresslə üzləşirlər, bir yerdə yaşayanda
başqa stress, boşananda da bir ayrı. Sarsıntılar çox böyük təsir edir. O qədər ailə
var ki, sarsıntılar xəstəliklərə də gətirib çıxarıb.
Amma stressdən
uzaqlaşmaq mümkündür. Yaponlarda 100 yaşı keçənlərin sayı 56 min oldu. Azərbaycanda
bu maksimum 1000 nəfər ola bilər. Onlar dəniz məhsullarından çox istifadə edirlər,
çox hərəkət edirlər, yediklərini yandırırlar, bədəndə qalmır. Hər gün eyni şeylər
haqqında düşünmürlər, aktivdirlər, gəzirlər, araşdırırlar. Onlar bizim qədər
alkoqol qəbul etmirlər. İradəli şəkildə bədəni qoruyurlar”.
Aygün Asimqızı