• cümə axşamı, 25 aprel, 15:12
  • Baku Bakı 23°C

Xədicə və Leyla “şousu”

28.07.15 10:35 1583
Xədicə və Leyla “şousu”
Bu dəfə onların tərəfdarları öz “səviyyələrini” məhkəmə prosesində nümayiş etdirdilər
Artıq bir neçə gündür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-kommersiya təşkilatı olan “Azad Avropa/Azadlıq Radiosu”nun Bakı Bürosunun rəhbəri Xədicə İsmayılova, Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barələrində cinayət işi üzrə məhkəmə prosesləri keçirilir. Hər dəfə də məhkəmə başlamazdan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul otağının girişində jurnalistlər və ictimaiyyət nümayəndələri növbəli şəkildə yoxlanılaraq, prosesə buraxılırlar. Məhkəmə zalında izləyicilər üçün nəzərdə tutulmuş oturacaqlar tutulduqdan sonra prosesi izləmək istəyənlərin içəriyə girişi dayandırılır. Lakin təəssüflər olsun ki, bəzi media qurumları, xüsusən də radikal müxalifətin, ermənipərəst xarici dairələrin təsiri altında olan kütləvi informasiya vasitələri bu hadisədən də “şou” düzəltməyə, onu insan haqlarının pozuntusu kimi qələmə verməyə çalışırlar. Bir sıra radikal müxalifət liderlərinin bu səpkidə fikirləri, yalan üzərində qurulmuş bəyanatları isə sözügedən media qurumlarının “fəaliyyətinə” əlavə “rəng” qatır. Misal üçün, ötən həftənin cümə günü Xədicə İsmayılovanın məhkəməsini izləmək üçün xeyli vətəndaş, o cümlədən media mənsubları, müxalifət partiya funksionerləri, xarici diplomatik korpus nümayəndələri gəlmişdilər. Bir qədər əvvəl qeyd etdiyim kimi, ədliyyə işçiləri növbəli şəkildə hər kəsi yoxlayaraq içəri buraxdılar. Zalda tamaşaçılar üçün nəzərdə tutulmuş yerlər dolduqdan sonra qapılar bağlandı və içəriyə giriş dayandırıldı. Elan olundu ki, artıq məhkəmə prosesi başlayır.
Elə bütün həngamə, “şou” da bu andan etibarən başladı. Əvvəlcə “xədicəsevərlər” yalan uydurdular ki, siyahı üzrə yalnız iqtidaryönlü mətbuat içəriyə buraxılıb, digərlərinə qarşı ayrı-seçkilik tətbiq edilib. Buna etiraz əlaməti olaraq, onlar əl çalmağa, qara-qışqırıq salmağa, hər vəchlə məhkəmə prosesini pozmağa cəhd etdilər. Bu məqsədlərinə çatmadıqda, hazır müsahiblər - vaxtilə fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, bloqqer Mehman Hüseynov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli “Meydan” TV, “Turan” İnformasiya Agentliyinin müxbirlərinə yalan üzərində qurulan müsahibələr verməyə, “xədicəsevərlərin” arqumentlərini tutuquşu kimi təkrarlamağa başladılar. Ancaq həmin adamlardan heç kim “Trend”, “Azadinform” İnformasiya agentliklərinin, “Virtualaz.org” xəbər saytının, “Kaspi”, “Yeni Azərbaycan”, “Səs” və sair qəzetlərin müxbirlərinin də onlar kimi bayırda qalmasına, zalda yer olmadığı üçün içəri buraxılmamasına əhəmiyyət vermədilər. Hətta “Azadlıq” qəzetinin, “Turan” İnformasiya Agentliyinin redaktorları da bu həqiqəti bildikləri halda, içəri buraxılmayan qəzet müxbirlərini tanıdıqları halda susmağa üstünlük verdilər, yalan təbliğatın ayaq tutub yeriməsinə göz yumdular.
Söylədiyi yalanlardan eyforiya vəziyyətinə düşən AXCP sədri Ə.Kərimli isə “Meydan” TV-yə müsahibəsində bildirirdi ki, X.İsmayılovaya, “azad sözə” aidiyyəti olmayan insanlar kiçik zalda yerləri tutduğu üçün məhkəmədən “obyektiv” və “operativ” reportaj hazırlayan jurnalistlər prosesi izləməkdən kənarda qalıblar. Eyni zamanda, o deyirdi ki, X.İsmayılovaya mənəvi-siyasi dəstəyini ifadə etmək istəyən ictimai-siyasi çevrələr, həmçinin onun ailə üzvləri də prosesdən kənarda qalıblar. Əvvəla, onu qeyd edim ki, şəxsən orada olduğumdan AXCP sədrinin məhkəmə prosesi başlayandan xeyli müddət sonra gəldiyini müşahidə etmişəm. Məhkəmə başladığından, hamı kimi o da Ağır Cinayətlər Məhkəməsinin proses keçirilən zalının qarşısında dayandı, içəridə yer olmadığı üçün bir çox jurnalist və digər şəxslər kimi qapıda gözləmək məcburiyyətində qaldı. Müşahidələrim onu deməyə əsas verir ki, Ə.Kərimli sanki görüntü xətrinə, içəriyə keçməyə meyli olmayan birisi kimi, bilərəkdən məhkəməyə gecikmişdi. Onun əsl məqsədi məhkəmə zalında olub X.İsmayılovaya “dəstək” vermək deyil, təqsirləndirilən şəxsin üzərindən öz təbliğatını qurmaq, prosesə olan marağı özünə yönəltmək idi.
Məhkəmə prosesi başa çatanda həm “xədicəsevərlərin”, həm də AXCP sədrinin yalanları bir daha üzə çıxdı. Ə.Kərimlinin: “Xədicə İsmayılovaya mənəvi-siyasi dəstəyini ifadə etmək istəyən ictimai-siyasi çevrələr, həmçinin onun ailə üzvləri prosesdən kənarda qalıblar” - deməsinə rəğmən jurnalistin anası Elmira İsmayılova, AXCP-nin çətiri altında fəaliyyət göstərən Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının sədri Arif Hacılı və digərləri, həmçinin xarici diplomatik korpusların nümayəndələri məhkəmə zalını tərk etməyə, prosesin gedişi barədə mediaya müsahibələr verməyə başladılar. Məhkəmə prosesini izləyə bilən jurnalistlərə gəlincə, onlar arasında “Amerikanın Səsi” Radiosunun, “Azadlıq”, “Gündəlik Teleqraf” qəzetlərinin müxbirləri Tapdıq Fərhadoğlu, Aytən Məmmədova, Hacı Zeynalov və digərləri gözə çarpdı. Bununla da “xədicəsevərlərin” və Ə.Kərimlinin bir qədər əvvəl uydurduqları yalanlar anındaca ifşa olundu.
Eyni ssenari üzrə hadisələr ötən gün L.Yunus və onun həyat yoldaşı A.Yunusun məhkəmə prosesində də müşahidə olunub. Bu dəfə “rolların ifaçıları” fərqlənsələr də, mahiyyət eyni cür olub. Yenə də içəri girə bilməyən, zal dolduğuna görə qapı arxasında qalanlar məhkəmənin gedişinə mane olmağa çalışıb, səs-küy salmağa başlayıblar. Ədliyyə işçilərinin onları sakitləşdirmək, qəbul otağından bayıra çıxarmaq cəhdləri isə məmurları təxribata çəkmək cəhdləri ilə müşayiət olunub. Öz vəzifə borcunu yerinə yetirən ədliyyə məmuruna qarşı RATİ-nin sabiq əməkdaşı olan xanım: “Siz ancaq qadınlara əl qaldıra bilərsiniz, şərəfsizlər, cındırlar”, - deyə onu təhqir etməyə başlayıb. Bu mənzərə bizə L.Yunusun vaxtilə istintaqa dəvət edilərkən davranışlarını xatırladır. Həmin vaxt ictimai asayiş keşikçilərini küçə söyüşləri ilə təhqir edən, prokurorluq əməkdaşlarının qanuni tələblərinə riayət etməyən, hətta polisin baş geyimini qəfil götürərək ayaqlar altına atan L.Yunus hansı mənəviyyat sahibi olduğunu göstərmişdi. Dünənki məhkəmədə də o, sahib olduğu tərbiyəni bir daha nümayiş etdirdi. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə L.Yunus iş üzrə zərərçəkmiş Rəna Səfəralıyevanın nümayəndəsi Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması barədə vəsatət verdi. L.Yunus Ş.Allahmanova təhqiramiz sözlər deməklə yanaşı, vəsatətə münasibət bildirən dövlət ittihamçısının da çıxışına maneçilik törətdi, prosesdə səs-küy saldı. Şahid qismində ifadə verən Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov da L.Yunusun açıq-aşkar təhqirlərinə məruz qaldı.
Ümumiyyətlə, dünənki məhkəmə prosesində həm L.Yunus, həm də onun “tərəfdarları” aqressiv, təhqiramiz davranış ortaya qoydular. Bu, onu göstərir ki, L.Yunus kimi onun bəzi “tərəfdarları” da qanunlara açıq-aşkar hörmətsizlik edən, xidməti vəzifəsini yerinə yetirən insanı küçə söyüşü ilə təhqir edəcək qədər səviyyəsiz, mədəniyyətdən kənar insanlardırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər