Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: "Ambisiyaları var, ağılları yoxdur"
Azərbaycanın radikal
müxalifət düşərgəsi nə zaman mövzu sarıdan qıtlıq yaşayırsa, saman çöpündən
yapışan kimi, dərhal "siyasi məhbus" məsələsinə üz tutur. Belə demək
mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslik rolunu oynamağa
başlayıb. Ona görə də son 10 gündə radikal düşərgədə "siyasi məhbus"
məsələsi ətrafında baş verənləri tamamilə təbii hesab etmək olar. Müzakirələrə
və tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlara diqqət
yetirdikdə, radikalların yeni qovğasının əsas motivləri üzə çıxır. Söhbət heç
də hansısa məhkumun hüquqlarını müdafiə etmək istəyindən getmir və bu məsələ
"siyasi məhbus" alverçilərini zərrə qədər də maraqlandırmır. Bu
qovğada yenə də Qərbdəki konkret donor təşkilatlarından külli miqdarda qrant
almaq və varlanmaq ehtirası özünü açıq-aydın göstərir.
Əli
Kərimli və "Milli Şura" Xədicəgilin siyahısını "iqnor etdi"
Ümumiyyətlə, son illər
"siyasi məhbus" biznesi bəzi maraq qrupları üçün gəlirli sahəyə
çevrilib. Beynəlxalq hüquqda"siyasi məhbus" ifadəsi ilə bağlı fikir
ayrılıqları mövcud olsa da, ümumi qəbul olunmuş anlayış bundan ibarətdir ki, əgər
bir şəxsin azadlıqdan məhrum edilməsi tam olaraq siyasi səbəblərlə
əlaqədardırsa, həmin şəxs "siyasi məhbus" hesab olunur. Birmənalı
şəkildə qeyd edə bilərik ki, Azərbaycanda "siyasi məhbus" yox,
konkret hansısa cinayət törətmiş və buna münasib də məhkum olunmuş insanlar
var. Kimlərinsə siyasi fəaliyyətlə məşğul olmaları onları məsuliyyətdən azad
etmir. Digər tərəfdən, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu
üzvüdür. Bu həm də o deməkdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin (AİHM)
yurisdiksiyasına daxilik və onun qəbul etdiyi qərarlar ölkəmizdə hüquqi qüvvəyə
malikdir. Ona görə də əgər kimlərsə məhkəmələrin qəbul etdiyi qərarlardan
narazıdırlarsa və bu qərarın ədalətliliyinə şübhə ilə yanaşırlarsa, pozulduğunu
iddia etdikləri hüquqlarını AİHM-də müdafiə edə bilərlər. Bildiyimiz qədərilə,
bu günədək ortaya çıxmış siyahılarda adları yer alan məhbusların mütləq
əksəriyyəti bununla bağlı heç bir addım atmayıb. Belə olduğu halda, həmin
siyahılar kimə və nə üçün lazımdır?
Oktyabrın 17-də Xədicə
İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahı təqdim olundu və bu,
"vahid işçi qrupunun siyahısı” adlandırıldı. Cəmi bir gün sonra isə başqa bir
"işçi qrupu" peyda oldu: oktyabrın 18-də Leyla Yunus, Oktay Gülalıyev
və Elşən Həsənov tərəfindən hazırlandığı iddia olunan yeni "siyasi
məhbus" siyahısı açıqlandı. İki siyahı arasında ciddi fərqlərin olması
haqlı suallar meydana çıxardı. Amma narazılıq yaradan və sosial şəbəkələrdə
geniş müzakirələrə, tənqid və qınaqlara əsas verən təkcə siyahıların birində 94,
digərində isə 166 nəfərin adının olması deyil. Diqqət çəkən əsas məqamlardan
biri bəzi radikal müxalifət funksionerlərinin iki siyahıya münasibətdə fərqli
mövqe ortaya qoymasıdır. Belə ki, bəziləri neytral qalmağa çalışsa da, AXCP və
"Milli Şura" Leyla Yunusun siyahısına açıq dəstək verərək Xədicə
İsmayılın dəstəsinə arxa çevirdi. Hətta 166 nəfərlik siyahının təqdimatında
"Milli Şura" rəhbərliyi iştirak edib Xədicəgilin ünvanına üstüörtülü
ismarıclar da göndərdi. Cəmil Həsənli bu siyahının natamam olduğunu əsas gətirərək
digərinin üstün cəhətlərini sadalamağa girişdi. Əli Kərimli isə özünün faktiki
olaraq idarə etdiyi "Azadlıq” qəzetində L.Yunusun siyahısının geniş təbliğatını
aparsa da, ikincilərin "siyasi məhbus" siyahısı ilə bağlı xəbərlərin
işıqlandırılmasına "veto qoydu". Bu da sosial şəbəkələrdə haqlı
olaraq "Əli Kərimli Xədicə İsmayılın dəstəsinin "siyasi məhbus"
siyahısını iqnor etdi" kimi dəyərləndirildi.
İttihamların
hədəfində AXCP sədridir
Qarşı tərəfin cavabı da
özünü çox gözlətmədi. Başda Xədicə İsmayıl olmaqla siyahının hazırlanmasında
iştirak edən qrup üzvləri digər "siyahı"çıları qeyri-peşəkarlıqda və
ikitirəlik salmaqda günahlandırdılar. Bu ittihamların əsas hədəflərindən biri
AXCP sədri Əli Kərimli oldu.
Bəli, Əli Kərimli bu dəfə
də ilanı Seyid Əhməd əli ilə tutmaq istədi. AXCP sədrinin bu biznesdə Oktay
Gülalıyevi qabağa verməsi təsadüfi deyil. O, bununla həm radikal düşərgədəki
digər boğaz ortaqlarını "tortun dilimlərindən" məhrum etməyi, həm də
etibarlı bir şəxsin əli ilə prosesə nəzarət etməyi düşünürdü. Bu məsələdə
Gülalıyev Kərimli üçün ideal seçimdir. Çünki bu, həmin Oktay Gülalıyevdir ki,
Əbülfəz Elçibəyin dövründə AXCP Gənclər Komitəsinin və Bütöv Azərbaycan Gənclər
Təşkilatının sədri olub, Elçibəyin vəfatından sonra partiya parçalandıqda isə
əksəriyyətin xəyanətkar adlandırdığı Əli Kərimlinin deyil, Mirmahmud
Mirəlioğlunun yanında yer alıb. Uzun müddət KXCP-də müxtəlif vəzifələr tutsa
da, bu partiyanın hakimiyyətə gəlmə perspektivinin olmadığını anlayaraq
sonralar Əli Kərimliyə meyillənməyə başlayıb, 2013-cü ildə "Milli Şura”
yarananda onun mətbuat katibi təyin edilib, bir qədər sonra isə KXCP ilə
yollarını tam ayırıb. Yalnız siyasi partiyada fəaliyyət göstərməklə yaxşı pul qazanmağın
mümkün olmayacağını anlayan bu zirək müxalifətçi 2012-ci ildən etibarən həm də
hüquq müdafiəçiliyinə girişib. Əvvəl guya Kür daşqınlarından zərər çəkənlərin
hüquqlarını müdafiə edib, sonra isə "siyasi məhbus” məsələsi üzrə ixtisaşlamağa
başlayıb. Beləliklə, 90-cı illərdə özünü "milli demokrat” kimi təqdim edən bu
şəxs XXI əsrin ikinci onilliyində 5-ci kolonun parlaq təmsilçilərindən birinə
çevrilib. Gülalıyevin bu keyfiyyətlərini nəzərə alan Əli Kərimli "siyasi
məhbus” məsələsində ondan faydalanmaq istədi. Amma AXCP sədrinin sağ qulağını
sol əli ilə qaşımaq həvəsi qursağında qaldı. Çünki qarşısındakılar onun öz
mətbəxində dolaşan və hətta "yataq otağı" sirlərinə də bələd olan
adamlardır: Xədicə İsmayıl, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu və digərlərinin
yolları Əli Kərimli və onun başçılıq etdiyi dəstə ilə dəfələrlə kəsişib. Hətta
mütəmadi olaraq Qərb institutlarından "şərikli çörək" alıb yedikləri
də məlumdur. Ona görə də qarşı tərəfin öz ittihamlarını birbaşa Əli Kərimliyə
ünvanlaması təəccüblü deyil. Hər halda, Xədicə İsmayılın Feysbuk səhifəsində
yazdığı "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı.
İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər" kimi
qınağından ən çox nəticə çıxarmalı olan adam AXCP sədridir. Xədicənin
təbirincə, Əli Kərimli və Cəmil Həsənli araqarışdıranlardır. O, növbəti
şərhində fikrini bu sözlərlə ifadə edib: "Ambisiyaları var e, ağılları
yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara
qarışdırsınlar".
"Azadlıq" qəzetinin
redaktoru Rövşən Hacıbəyli öz Feysbuk səhifəsində paylaşdığı statusda Əli Kərimlinin
adını çəkməsə də, sədrinə olan qınağını Cəmil Həsənliyə xitabən ifadə edib:
"Cəmil müəllim 94 nəfərlik siyasi məhbus siyahısına "natamam"
deyib, tez-tələsik hazırlanan, sanki 94-ün qarşısına çıxarılan 166 nəfərlik
siyahı da tam deyil axı. 94-ü hazırlayanlar siyahının niyə 94 olmasının
açıqlamasını da vermişdilər, ikitirəlik salmaq heç də yaxşı hərəkət deyil, bunu
bir az ayıb da saymaq olar...".
Zurnanı
kim çalacaq?
"Siyasi məhbus"
məsələsi kifayət qədər rentabelli "biznes" olduğuna görə, bu dəfə
tərəflərin daha ağır qaydasız döyüşə girişdikləri bəllidir. İndi hər iki qütb
üçün başlıca məqsəd qarşı tərəfi mümkün qədər çox ifşa etməkdir. "Kanal
13" internet televiziyasında yayımlanan "Sizin tribuna" adlı
verilişdə Xədicə İsmayılın dəstəsinin üzvü Xalid Bağırov Oktay Gülalıyevlə
apardığı müzakirələrdə maraqlı nüanslara aydınlıq gətirib. Məsələn, məlum olub
ki, Leyla Yunusun 166 nəfərlik siyahısında bir adamın adının iki dəfə yazılması
halları ilə yanaşı, artıq azadlıqda olan şəxslərin də "siyasi məhbus"
kimi siyahıya daxil edilməsi faktları mövcuddur. Bu kimi halların kifayət qədər
çox olduğunu qeyd edən Xalid Bağırov qarşı tərəfin siyahısının tamamilə qeyri-peşəkar
hazırlandığını, əksər iddiaların konkret hüquqi sənədlərə söykənmədiyini
vurğulayıb. Oktay Gülalıyev isə ünvanlarına səslənən ittihamlara eyni ritorika
ilə cavab verərək, rəqiblərinin "faktları görməzlikdən gəldiklərini",
"cəsarətsiz davrandıqlarını" bildirib.
"İştah diş
altındadır" deyiblər. Pul iyi gələndə radikal müxalifət düşərgəsinin
ştatlı üzvlərinin iştahı daha da artır. Elə son günlər olduğu kimi. Qrant, pul
ehtirası vaxtilə müxalifətdəki digər partiyaları "zərərsizləşdirmək"
üçün birgə fəaliyyət göstərən, bir-birlərinin hesabına xaricdən qrant alan,
ortaq layihələr həyata keçirən Əli Kərimli və Xədicə İsmayılın ətrafındakı
"QHT-şniklərin" düşmən olmaları üçün yetərlidir. Bu düşmənçiliyin,
radikal müxalifət düşərgəsini toz-dumana bürüyən "siyasi məhbus" qasırğasının
səs-sədası hələ sonra çıxacaq. Amma hazırda dəqiq olan budur ki, yeni marafon
start götürüb və hərə əlində bir "siyasi məhbus" siyahısı ortalıqda
gəzişməkdədir. Kim öz siyahısını "donorlara" sırıya bilsə, Molla
Nəsrəddin demiş, "zurnanı da o çalacaq".
Aqşin Şahinoğlu