Xəbər ölüm yaradarsa...
Ötən həftə Mərkəzi Klinik Xəstəxananın reanimasiya
şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yayılan
xəbərlər təkcə elektron medianın deyil, həm də sosial medianın əsas xəbərinə
çevrildi. İnsult keçirən sənətçinin ölüm xəbərinin yayılması isə Kərimin
pərəstişkarlarını kədərləndirməkdən savayı, hətta ölüm hadisəsinə səbəb oldu. Belə
ki, meyxanaçının anası oğlunun ölümü il bağlı mediada yayılan xəbərin ağırlığına
dözməyərək dünyasını dəyişdi. Sonradan məlum oldu ki, Ağakərimin ölümü ilə
bağlı yayılan xəbərlər doğru deyilmiş. Yəni Ağakərim Novruzov bir müddət sonra xəstəxananın
reanimasiya şöbəsindən palataya köçürülüb, hətta müalicəsini davam etdirmək şərti
ilə evə buraxılması da gözlənilir.
Meyxanaçının
ölümü barədə dəqiqləşməmiş xəbərin anasının ölümünə səbəb olmasını isə
A.Novruzovun bacısı oğlu Rüstəm Cənnətov mediaya açıqlamasında təsdiqləyib:
"Kərimin anası xəstə olduğundan oğlunun reanimasiyada
olması ona deyilməmişdi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa
Kərimgilə gəlib. O da ağlayıb, halı pisləşib, iki
saat sonra da dünyasını dəyişib. Belə məlumat yayarlar?! O, oğlunun ölüm
xəbərinə dözməyib öldü. Nənəmin 3 mərasimi başa çatan kimi saytı məhkəməyə
verəcəyik”.
Hadisə hazırda
təkcə ciddi media orqanlarını təmsil edən jurnalistləri deyil, ümumilikdə
xəbərin yalan olması ilə bərabər insan ölümünə səbəb olması eşidənlərdə qəribə
çaşqınlıq yaradıb: "Yalan xəbərlər mediaya necə ayaq açır?”. Həmçinin
qeyri-ciddi xəbər yayanların gün-gündən çoxalması, üstəlik məsuliyyətdən
yaxalarını kənar çəkmələri ciddi mediaya da inamı azaldır. Əsaslanmamış
məlumatların mediada ciddi xəbər kimi təqdim olunması necə tənzimlənməlidir?
Sosial
şəbəkələrə istinad
Xəbərin birinci mənbəyi kimi çıxış edən Xəbəraz.az saytının təsisçisi Tural Vahid dəqiqləşdirilməmiş
məlumatın yayılmasına və nəticəsinə görə nə özünü, nə də kollektivini günahkar saymır:
"Meyxanaçı Kərimin ölüm xəbəri öncə sosial şəbəkələrdə yayımlandı” deyə təsisçi
"Kaspi”yə açıqlamasında bildirdi: "Daha sonra İnstaqram səhifəsində Maştağa
sakinləri «Kərimin ölüm xəbərini nə üçün vermirsiniz?» deyə yazdılar. «Axı bu
təsdiqlənmiş məlumat deyil», - deyə mən qeyd edəndə «Artıq bu xəbər yayılıb»- dedilər.
Daha sonra Maştağadan bir neçə tanışım zəng edərək «Kərimin ölüm xəbəri
yayılıb. Saat 3-də onu dəfn etməyə hazırlaşırlar. Siz də gəlin iştirak edin və
sayt üçün material hazırlayın» dedilər. Bir neçə dəqiqə sonra artıq saytımızın
əməkdaşları həmin xəbəri olduğu kimi vermişdi. Daha sonra ölüm xəbərinin
dəqiqləşmədiyini eşidib xəstəxana ilə əlaqə saxladım və «Kərim ölməyib,
vəziyyəti normaldır, palataya köçürülüb» deyə məlumat alandan, həmçinin bacısı
oğlu Rüstəmlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirəndən sonra xəbəri dərhal
saytdan sildik”. Meyxanaçının anasının ölüm xəbərindən məlumatsız olduğunu
bildirən təsisçi «Ola bilsin ki, anasının rəhmətə getməsi başqa səbəbdən baş
verib. Ona qalsa, sosial şəbəkələrdə minlərlə xəbərlər yayılır və bunların kiminsə
ölümünə səbəb ola biləcəyi ehtimalı düzgün deyil. Hər hansı bir şəxsin
vəziyyətinin necə olması və hətta onun ölüm xəbəri saytlarda verilə bilər”. T.Vahid
dəqiqləşməmiş xəbərin yazılmasına görə jurnalist məsuliyyəti ilə bağlı sualı
isə cavablandırmaq istəmədi: «Bununla bağlı sizə cavab verə bilmərəm».
Əgər xəbər birbaşa insan
ölümü ilə bağlıdırsa...
Meyxanaçının anasının ölümünün saytda yayılan xəbərlə nə dərəcədə
bağlı olduğundan xəbərsiz olduğunu deyən Mətbuat
Şurasının sədr müavini Müşfiq Ələsgərlinin fikrincə, istənilən halda ölüm
faktının olub-olmaması xəbər yayanların məsuliyyət yükünü azaltmır: «İnsanlar
xəbər yayarkən xəbər standartlarını dəqiq bilməli və ona mütləq şəkildə əməl
etməlidirlər. Çünki bu standartlar boşluqdan yaranmayıb. Hər hansı bir şəxs
haqqında hətta ortada ölüm hadisəsi olmasa belə, dəqiqləşdirmədən məlumat yaymağın özü ölüm qədər ağır
nəticələr doğurur. İstənilən xəbəri yazarkən onun ətrafında mütləq araşdırma
aparmaq və qarşı tərəfin fikirlərini öyrənmək lazımdır. Xüsusən əgər həmin
xəbər birbaşa insan ölümü ilə bağlıdırsa, bu məsələdə daha dəqiq olmalı, bir
neçə mənbədən, o cümlədən, hüquq-mühafizə orqanlarından rəy öyrənməyə ehtiyac
var”.
Sosial şəbəkələrdə yazılan status və ya kommentlərin xəbər kimi təqdim
olunmasını doğru hesab etməyən M.Ələsgərli sosial medianı istinad mənbəyi hesab
etmir. Belə ki, «KİV haqqında» qanunun 62-ci maddəsində xəbər istehsalçılarının
yalnız informasiya agentliklərinin məhsulunu araşdırma aparmadan yaymaq hüququ
olduğu qeyd edilib. Həmçinin saytlar zaman-zaman KİV-də yer alan, təkzib
olunmamış xəbərləri də yaya bilərlər: "Digər mənbələrdən götürülən xəbərlərin
ictimaiyyət üçün maraqlılığı, hadisənin mahiyyəti aydınlaşdırılandan və mütləq
araşdırılma aparıldıqdan sonra yayılmalıdır. Dəqiqləşdirilməmiş xəbər
yayılmamışdan sonra belə nəticəyə gəlinir ki, xəbəri yayanlar ya bu hadisədə
maraqlı, ya qərəzlidirlər, ya da ümumiyyətlə, jurnalist deyillər və
peşəkarlıqdan xəbərləri yoxdur. Onlar istənilən halda dəqiqləşməmiş xəbər
yaydıqlarına görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. Qarşı tərəfin hüququ
var ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin və həmin
şəxslər haqqında hüquqi qaydada ölçü götürülməsinə nail olsun. Bu məsələdə
həmin şəxsləri media peşəkarlığı baxımından müdafiə etmək üçün hər hansı bir
istinad mənbəyi yoxdur”.
Mətbuat Şurasının bu tip məsələlərdə saytlara
nəzarətinə gəlincə, qurumun məsələlərə hüquq-mühafizə orqanlarına qədər baxan
bir orqan olduğunu bildirən sədr müavini həmçinin MŞ-ın məsələlərə şikayət
əsasında baxdığını qeyd edir: "Əgər hadisənin qurbanına çevrilən şəxslər
müraciət edərlərsə, təbii ki, məsələyə baxılar və müvafiq rəy də verilər. Amma
digər tərəfdən, MŞ-nın rəy verməkdən başqa səlahiyyəti yoxdur. Ola bilər ki,
adamlar quruma müraciət etsinlər və həmin xəbərin qeyri-peşəkar səviyyədə
hazırlanması ilə bağlı rəy alsınlar. Amma istənilən halda, məsələnin kökünə
varmaq istəyirlərsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”. M.Ələsgərlinin
sözlərinə görə, əgər mediada hər hansı bir tendensiya başlayırsa, MŞ həmin
ərəfədə şikayətlər olmasa belə, gündəlik monitorinqləri əsasında bəyanat yayır
və hadisəyə geniş şəkildə münasibətini bildirir: "Ancaq bu hadisə ilə bağlı
xəbər bir qrup qeyri-peşəkar insanın yol verdiyi xətadır və bunun üçün də
hüquqi ölçü götürülməlidir”.
Reketçilik, sifariş, İP
qazanmaq istəyi
Modern.az xəbər portalının
baş redaktoru Elşad Eyvazlının fikrincə, dəqiqləşdirilməmiş xəbərin yayılmasında məsuliyyət birbaşa sayt
rəhbərliyinin üzərinə düşür: "Müxbir hər hansı yanlış məlumat gətirə bilər.
Əgər bu xəbər redaktə olunmayıb və dəqiqləşdirilməyib saytda yerləşdirilərsə,
hesab edirəm ki, bu məsələdə sayt rəhbərliyinin məsuliyyəti həmin xəbəri
gətirən jurnalistdən az deyil”. Peşə məsuliyyəti ilə yanaşı jurnalistin vicdan
məsələsinə gəlincə, baş redaktor peşəkar jurnalistin yalan məlumat yaya biləcəyinə
inanmır: "Ev tikilərkən, yol salınarkən yaranan hər hansı qüsuru düzəltmək
olar. Ancaq jurnalistin yazdığı hər bir cümlə ictimai fikrə təsir etdiyindən, rəy
formalaşdırdığından onun məsuliyyəti digər sahələrdə çalışanlardan daha
yüksəkdir. Əgər jurnalistlər məsələyə vicdanlı yanaşsalar, heç vaxt yanlış
məlumatlar saytlarda yer almaz. Jurnalistikadan xəbəri olmayan, ümumiyyətlə,
xəbərin nə olduğunu anlamayan adamlar jurnalistika sahəsinə o qədər sirayət
ediblər ki, normal jurnalistika zərbə altında qalıb. Sosial şəbəkələr bu mənada
mənfi rol oynayır. Ciddi media qurumları da bu cür problemlərin qarşısını almaq
üçün xüsusi çaba göstərmirlər”.
Dəqiqləşməmiş, yalan xəbərlərin mediada necə
yer almasına münasibət bildirən baş redaktor onların bir qisminin pul qazanmaq
məqsədilə yayıldığını, bir qisminin isə sifarişlə yazıldığını bildirir.
Saytların İP qazanmaq istəyi də istisna deyil: «Onların dolanışıq yeri burdandır.
Ləyaqətli adamlar heç vaxt bu tip yazılar yazmırlar». E.Eyvazlı hesab edir ki,
mediada bu cür tendensiyaların yer alması, əslində ciddi jurnalistikanın
imicinə zərbə vurur: "Onlar bu qayda ilə insanları aldadır, həmçinin,
jurnalistikanı gözdən salır və ictimai rəyi çaşdırırlar. Nəticədə qurunun oduna
yaş da yanır. Hazırda bu məsələlər kütləviləşib və bu sahədə ciddi problemlər yaradıb.
Bəzən ciddi xəbər saytları da yalan mənbə kimi təqdim olunur. Nəticədə insanlar
bütün media orqanlarına yanlış xəbər yayıcısı kimi baxırlar. Ola bilər ki,
yanlış yolda olanların müəyyən bir faizi bunu İP qazanmaq üçün edir, ancaq
təcrübə onu göstərir ki, belə məsələlərin 70-80 faizi hansısa sifarişlər
əsasında həyata keçirilir”.
Baş redaktorun fikrincə, sosial şəbəkələrdə yer
alan, xüsusən yalançı profillərdən yayılan məlumatları dəqiqləşdirmədən xəbərə
çevirmək olmaz: "Bu, yanlış yanaşmadır. Sosial şəbəkələrdə yayılan hər məlumatı
dəqiqləşdirmədən xəbərə çevirmək düzgün deyil. Yoxsa çox pis tendensiya yarana
bilər. Eyni zamanda, sosial şəbəkələrdə yalan məlumat verənlərin özləri də bu
məsələdə məsuliyyəti dərk etməlidirlər. Əgər sosial şəbəkələrdə yayılan
məlumatlar bu gün internet resurslarında əsas xəbərə çevrilirsə, manjetə
çıxarılırsa, demək biz ciddi media orqanı kimi çox zəifik. Problemin həllində
jurnalist həmrəyliyi də çox vacibdir”. E.Eyvazlı hesab edir ki, media
cəmiyyətdə baş verən müxtəlif kriminal və məişət hadisələrini qabartmaqdansa,
görkəmli insanlar, qəhrəmanlarımız haqqında yazsalar daha yaxşı effekt verər: "Məni
qayğılarından digər bir məqam isə cəbhə bölgəsində baş verən hadisələrlə,
şəhidlərlə bağlı medianın verdiyi xəbərlərdir. Bəzən elə yanlışlığa yol
verilir, düşünürsən ki, doğrudanmı bunu yazanlar Azərbaycan vətəndaşlarıdir?
Belə hadisələrin dəfələrlə şahidi olmuşuq. Sosial şəbəkələrdə şəhid
xəbərlərinin dəqiqləşdirmədən ictimaiyyətə çatdırılması tamamilə yanlışdır.
Onların valideynlərini düşünmədən belə addım atanlar hansı məntiqlə bu
xəbərləri paylaşırlar? Sonradan isə yayılan bu məlumatların heç bir ciddi əsası
olmadığı ortaya çıxır. Hesab edirəm ki, bu xəbərləri yayanlar öz millətinin,
xalqının maraqlarına xidmət edən insanlar deyil”.
E.Eyvazlının fikrincə, bəzi
mətbuat orqanları sanki birincilik iddiasından çıxış edərək, belə xəbərləri tez
bir zamanda tirajlamağa cəhd edirlər: "Dünyanın heç bir ölkəsində rəsmi
qurumlar belə xəbərləri açıqlamayana qədər heç bir mətbuat orqanı onları yayımlamır.
Bu cür yanaşmanın əsas qaynaqlarından biri də savadsızlıqdır. Təəssüf hissi ilə
qeyd etmək istəyirəm ki, belə xəbərləri yazanlar və yayanlar onların
məsuliyyətini dərk etmirlər”.
Özünü jurnalist sayan istənilən kəs hər bir cümləsinə nəinki
peşəsinin tələb etdiyi məsuliyyətlə, həm də vicdan hissi ilə yanaşmalıdır. Bu,
jurnalistikanın qızıl qanunudur. Vicdan və məsuliyyət hissi olmayan yerdə isə hər
cür faciənin baş verməsi qaçılmazdır.
Təranə Məhərrəmova