• cümə axşamı, 25 aprel, 15:46
  • Baku Bakı 23°C

Xəbər ölüm yaradarsa...

11.04.17 12:00 1951
Xəbər ölüm yaradarsa...
Ötən həftə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yayılan xəbərlər təkcə elektron medianın deyil, həm də sosial medianın əsas xəbərinə çevrildi. İnsult keçirən sənətçinin ölüm xəbərinin yayılması isə Kərimin pərəstişkarlarını kədərləndirməkdən savayı, hətta ölüm hadisəsinə səbəb oldu. Belə ki, meyxanaçının anası oğlunun ölümü il bağlı mediada yayılan xəbərin ağırlığına dözməyərək dünyasını dəyişdi. Sonradan məlum oldu ki, Ağakərimin ölümü ilə bağlı yayılan xəbərlər doğru deyilmiş. Yəni Ağakərim Novruzov bir müddət sonra xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb, hətta müalicəsini davam etdirmək şərti ilə evə buraxılması da gözlənilir.
Meyxanaçının ölümü barədə dəqiqləşməmiş xəbərin anasının ölümünə səbəb olmasını isə A.Novruzovun bacısı oğlu Rüstəm Cənnətov mediaya açıqlamasında təsdiqləyib: "Kərimin anası xəstə olduğundan oğlunun reanimasiyada olması ona deyilməmişdi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. O da ağlayıb, halı pisləşib, iki saat sonra da dünyasını dəyişib. Belə məlumat yayarlar?! O, oğlunun ölüm xəbərinə dözməyib öldü. Nənəmin 3 mərasimi başa çatan kimi saytı məhkəməyə verəcəyik”.
Hadisə hazırda təkcə ciddi media orqanlarını təmsil edən jurnalistləri deyil, ümumilikdə xəbərin yalan olması ilə bərabər insan ölümünə səbəb olması eşidənlərdə qəribə çaşqınlıq yaradıb: "Yalan xəbərlər mediaya necə ayaq açır?”. Həmçinin qeyri-ciddi xəbər yayanların gün-gündən çoxalması, üstəlik məsuliyyətdən yaxalarını kənar çəkmələri ciddi mediaya da inamı azaldır. Əsaslanmamış məlumatların mediada ciddi xəbər kimi təqdim olunması necə tənzimlənməlidir?
Sosial şəbəkələrə istinad
Xəbərin birinci mənbəyi kimi çıxış edən Xəbəraz.az saytının təsisçisi Tural Vahid dəqiqləşdirilməmiş məlumatın yayılmasına və nəticəsinə görə nə özünü, nə də kollektivini günahkar saymır: "Meyxanaçı Kərimin ölüm xəbəri öncə sosial şəbəkələrdə yayımlandı” deyə təsisçi "Kaspi”yə açıqlamasında bildirdi: "Daha sonra İnstaqram səhifəsində Maştağa sakinləri «Kərimin ölüm xəbərini nə üçün vermirsiniz?» deyə yazdılar. «Axı bu təsdiqlənmiş məlumat deyil», - deyə mən qeyd edəndə «Artıq bu xəbər yayılıb»- dedilər. Daha sonra Maştağadan bir neçə tanışım zəng edərək «Kərimin ölüm xəbəri yayılıb. Saat 3-də onu dəfn etməyə hazırlaşırlar. Siz də gəlin iştirak edin və sayt üçün material hazırlayın» dedilər. Bir neçə dəqiqə sonra artıq saytımızın əməkdaşları həmin xəbəri olduğu kimi vermişdi. Daha sonra ölüm xəbərinin dəqiqləşmədiyini eşidib xəstəxana ilə əlaqə saxladım və «Kərim ölməyib, vəziyyəti normaldır, palataya köçürülüb» deyə məlumat alandan, həmçinin bacısı oğlu Rüstəmlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirəndən sonra xəbəri dərhal saytdan sildik”. Meyxanaçının anasının ölüm xəbərindən məlumatsız olduğunu bildirən təsisçi «Ola bilsin ki, anasının rəhmətə getməsi başqa səbəbdən baş verib. Ona qalsa, sosial şəbəkələrdə minlərlə xəbərlər yayılır və bunların kiminsə ölümünə səbəb ola biləcəyi ehtimalı düzgün deyil. Hər hansı bir şəxsin vəziyyətinin necə olması və hətta onun ölüm xəbəri saytlarda verilə bilər”. T.Vahid dəqiqləşməmiş xəbərin yazılmasına görə jurnalist məsuliyyəti ilə bağlı sualı isə cavablandırmaq istəmədi: «Bununla bağlı sizə cavab verə bilmərəm».
Əgər xəbər birbaşa insan ölümü ilə bağlıdırsa...
Meyxanaçının anasının ölümünün saytda yayılan xəbərlə nə dərəcədə bağlı olduğundan xəbərsiz olduğunu deyən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin fikrincə, istənilən halda ölüm faktının olub-olmaması xəbər yayanların məsuliyyət yükünü azaltmır: «İnsanlar xəbər yayarkən xəbər standartlarını dəqiq bilməli və ona mütləq şəkildə əməl etməlidirlər. Çünki bu standartlar boşluqdan yaranmayıb. Hər hansı bir şəxs haqqında hətta ortada ölüm hadisəsi olmasa belə, dəqiqləşdirmədən məlumat yaymağın özü ölüm qədər ağır nəticələr doğurur. İstənilən xəbəri yazarkən onun ətrafında mütləq araşdırma aparmaq və qarşı tərəfin fikirlərini öyrənmək lazımdır. Xüsusən əgər həmin xəbər birbaşa insan ölümü ilə bağlıdırsa, bu məsələdə daha dəqiq olmalı, bir neçə mənbədən, o cümlədən, hüquq-mühafizə orqanlarından rəy öyrənməyə ehtiyac var”.
Sosial şəbəkələrdə yazılan status və ya kommentlərin xəbər kimi təqdim olunmasını doğru hesab etməyən M.Ələsgərli sosial medianı istinad mənbəyi hesab etmir. Belə ki, «KİV haqqında» qanunun 62-ci maddəsində xəbər istehsalçılarının yalnız informasiya agentliklərinin məhsulunu araşdırma aparmadan yaymaq hüququ olduğu qeyd edilib. Həmçinin saytlar zaman-zaman KİV-də yer alan, təkzib olunmamış xəbərləri də yaya bilərlər: "Digər mənbələrdən götürülən xəbərlərin ictimaiyyət üçün maraqlılığı, hadisənin mahiyyəti aydınlaşdırılandan və mütləq araşdırılma aparıldıqdan sonra yayılmalıdır. Dəqiqləşdirilməmiş xəbər yayılmamışdan sonra belə nəticəyə gəlinir ki, xəbəri yayanlar ya bu hadisədə maraqlı, ya qərəzlidirlər, ya da ümumiyyətlə, jurnalist deyillər və peşəkarlıqdan xəbərləri yoxdur. Onlar istənilən halda dəqiqləşməmiş xəbər yaydıqlarına görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. Qarşı tərəfin hüququ var ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin və həmin şəxslər haqqında hüquqi qaydada ölçü götürülməsinə nail olsun. Bu məsələdə həmin şəxsləri media peşəkarlığı baxımından müdafiə etmək üçün hər hansı bir istinad mənbəyi yoxdur”.
Mətbuat Şurasının bu tip məsələlərdə saytlara nəzarətinə gəlincə, qurumun məsələlərə hüquq-mühafizə orqanlarına qədər baxan bir orqan olduğunu bildirən sədr müavini həmçinin MŞ-ın məsələlərə şikayət əsasında baxdığını qeyd edir: "Əgər hadisənin qurbanına çevrilən şəxslər müraciət edərlərsə, təbii ki, məsələyə baxılar və müvafiq rəy də verilər. Amma digər tərəfdən, MŞ-nın rəy verməkdən başqa səlahiyyəti yoxdur. Ola bilər ki, adamlar quruma müraciət etsinlər və həmin xəbərin qeyri-peşəkar səviyyədə hazırlanması ilə bağlı rəy alsınlar. Amma istənilən halda, məsələnin kökünə varmaq istəyirlərsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”. M.Ələsgərlinin sözlərinə görə, əgər mediada hər hansı bir tendensiya başlayırsa, MŞ həmin ərəfədə şikayətlər olmasa belə, gündəlik monitorinqləri əsasında bəyanat yayır və hadisəyə geniş şəkildə münasibətini bildirir: "Ancaq bu hadisə ilə bağlı xəbər bir qrup qeyri-peşəkar insanın yol verdiyi xətadır və bunun üçün də hüquqi ölçü götürülməlidir”.
Reketçilik, sifariş, İP qazanmaq istəyi
Modern.az xəbər portalının baş redaktoru Elşad Eyvazlının fikrincə, dəqiqləşdirilməmiş xəbərin yayılmasında məsuliyyət birbaşa sayt rəhbərliyinin üzərinə düşür: "Müxbir hər hansı yanlış məlumat gətirə bilər. Əgər bu xəbər redaktə olunmayıb və dəqiqləşdirilməyib saytda yerləşdirilərsə, hesab edirəm ki, bu məsələdə sayt rəhbərliyinin məsuliyyəti həmin xəbəri gətirən jurnalistdən az deyil”. Peşə məsuliyyəti ilə yanaşı jurnalistin vicdan məsələsinə gəlincə, baş redaktor peşəkar jurnalistin yalan məlumat yaya biləcəyinə inanmır: "Ev tikilərkən, yol salınarkən yaranan hər hansı qüsuru düzəltmək olar. Ancaq jurnalistin yazdığı hər bir cümlə ictimai fikrə təsir etdiyindən, rəy formalaşdırdığından onun məsuliyyəti digər sahələrdə çalışanlardan daha yüksəkdir. Əgər jurnalistlər məsələyə vicdanlı yanaşsalar, heç vaxt yanlış məlumatlar saytlarda yer almaz. Jurnalistikadan xəbəri olmayan, ümumiyyətlə, xəbərin nə olduğunu anlamayan adamlar jurnalistika sahəsinə o qədər sirayət ediblər ki, normal jurnalistika zərbə altında qalıb. Sosial şəbəkələr bu mənada mənfi rol oynayır. Ciddi media qurumları da bu cür problemlərin qarşısını almaq üçün xüsusi çaba göstərmirlər”.
Dəqiqləşməmiş, yalan xəbərlərin mediada necə yer almasına münasibət bildirən baş redaktor onların bir qisminin pul qazanmaq məqsədilə yayıldığını, bir qisminin isə sifarişlə yazıldığını bildirir. Saytların İP qazanmaq istəyi də istisna deyil: «Onların dolanışıq yeri burdandır. Ləyaqətli adamlar heç vaxt bu tip yazılar yazmırlar». E.Eyvazlı hesab edir ki, mediada bu cür tendensiyaların yer alması, əslində ciddi jurnalistikanın imicinə zərbə vurur: "Onlar bu qayda ilə insanları aldadır, həmçinin, jurnalistikanı gözdən salır və ictimai rəyi çaşdırırlar. Nəticədə qurunun oduna yaş da yanır. Hazırda bu məsələlər kütləviləşib və bu sahədə ciddi problemlər yaradıb. Bəzən ciddi xəbər saytları da yalan mənbə kimi təqdim olunur. Nəticədə insanlar bütün media orqanlarına yanlış xəbər yayıcısı kimi baxırlar. Ola bilər ki, yanlış yolda olanların müəyyən bir faizi bunu İP qazanmaq üçün edir, ancaq təcrübə onu göstərir ki, belə məsələlərin 70-80 faizi hansısa sifarişlər əsasında həyata keçirilir”.
Baş redaktorun fikrincə, sosial şəbəkələrdə yer alan, xüsusən yalançı profillərdən yayılan məlumatları dəqiqləşdirmədən xəbərə çevirmək olmaz: "Bu, yanlış yanaşmadır. Sosial şəbəkələrdə yayılan hər məlumatı dəqiqləşdirmədən xəbərə çevirmək düzgün deyil. Yoxsa çox pis tendensiya yarana bilər. Eyni zamanda, sosial şəbəkələrdə yalan məlumat verənlərin özləri də bu məsələdə məsuliyyəti dərk etməlidirlər. Əgər sosial şəbəkələrdə yayılan məlumatlar bu gün internet resurslarında əsas xəbərə çevrilirsə, manjetə çıxarılırsa, demək biz ciddi media orqanı kimi çox zəifik. Problemin həllində jurnalist həmrəyliyi də çox vacibdir”. E.Eyvazlı hesab edir ki, media cəmiyyətdə baş verən müxtəlif kriminal və məişət hadisələrini qabartmaqdansa, görkəmli insanlar, qəhrəmanlarımız haqqında yazsalar daha yaxşı effekt verər: "Məni qayğılarından digər bir məqam isə cəbhə bölgəsində baş verən hadisələrlə, şəhidlərlə bağlı medianın verdiyi xəbərlərdir. Bəzən elə yanlışlığa yol verilir, düşünürsən ki, doğrudanmı bunu yazanlar Azərbaycan vətəndaşlarıdir? Belə hadisələrin dəfələrlə şahidi olmuşuq. Sosial şəbəkələrdə şəhid xəbərlərinin dəqiqləşdirmədən ictimaiyyətə çatdırılması tamamilə yanlışdır. Onların valideynlərini düşünmədən belə addım atanlar hansı məntiqlə bu xəbərləri paylaşırlar? Sonradan isə yayılan bu məlumatların heç bir ciddi əsası olmadığı ortaya çıxır. Hesab edirəm ki, bu xəbərləri yayanlar öz millətinin, xalqının maraqlarına xidmət edən insanlar deyil”.
E.Eyvazlının fikrincə, bəzi mətbuat orqanları sanki birincilik iddiasından çıxış edərək, belə xəbərləri tez bir zamanda tirajlamağa cəhd edirlər: "Dünyanın heç bir ölkəsində rəsmi qurumlar belə xəbərləri açıqlamayana qədər heç bir mətbuat orqanı onları yayımlamır. Bu cür yanaşmanın əsas qaynaqlarından biri də savadsızlıqdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, belə xəbərləri yazanlar və yayanlar onların məsuliyyətini dərk etmirlər”.
Özünü jurnalist sayan istənilən kəs hər bir cümləsinə nəinki peşəsinin tələb etdiyi məsuliyyətlə, həm də vicdan hissi ilə yanaşmalıdır. Bu, jurnalistikanın qızıl qanunudur. Vicdan və məsuliyyət hissi olmayan yerdə isə hər cür faciənin baş verməsi qaçılmazdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər