• cümə axşamı, 18 aprel, 23:53
  • Baku Bakı 21°C

Xarkov universitetinin alimi erməniləri ifşa etdi

16.02.18 20:04 770
Xarkov universitetinin alimi erməniləri ifşa etdi
Artıq beynəlxalq səviyyədə də ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı layiqli cavablar və reaksiyalar göstərilməkdədir.
Məşhur V.N.Karazin adına Xarkov Milli Universitetinin tarixçisi, arxeoloq, bərpaçı alim Tatyana Krupa Rusiyanın "Vestnik Kafkaza” nəşrinə müsahibəsində indiki Yerevanın memarlıq forması, müasir Ermənistan hakimiyyəti tərəfindən İrəvan xanlığının tarixi abidələrinin sistematik məhvi ilə bağlı fikirlərini bölüşüb. Alim Ermənistan paytaxtına səfər təəssüratları ilə bağlı bildirib ki, Xarkovda ermənilərlə bir yerdə böyüyüb. Xalası isə Bakıdan olan azərbaycanlı ilə ailə qurub. Yəni demək istəyib ki, hər iki xalqa qarşı hər hansı bir nifrət hissi yoxdur: "Əksinə, hörmət və birlikdə işləmək həvəsim var. Yerevanda dəfələrlə olmuşam, abidələri tədqiq etmişəm. Mənim təəccüb və heyrətimə səbəb olan bilirsiniz nə idi? Şəhərdə İrəvan xanlığı dövrünü xatırladan bir memarlıq nümunəsinə də rast gəlmədim. Halbuki, bu xanlıq tarixin uzun bir dövrünü əhatə edib. Mən mədəni irsin qorunması ilə məşğul oluram. Məsələ ilə bağlı məndə bir sıra suallar yarandı. Nə üçün erməni kilsələrinə, müasir memarlıq abidələrinə rast gəlinsə də, İrəvan xanlığının saraylarının qalıqlarına, hətta arxeoloji olsa belə, rast gəlinmir? Yalnız bir məscidə rast gəldim - bəs hanı qalanları? Bu regionda qədim vaxtlardan daşdan tikintilər mövcud olub. Orada Erebuni, Teyşebani qalıb. Bəs xan saraylarının qalıqları hanı? Axı onlar müharibələr zamanı yoxa çıxa bilməzdi. Ermənistanda nə birinci, nə də ikinci dünya müharibələri zamanı irimiqyaslı hərbi əməliyyatlar yaşanmayıb. Bura bombalar atılmayıb, Spitakda baş verən irimiqyaslı zəlzələ kimi zəlzələ olmayıb Yerevanda. Bütün bunlara baxmayaraq, 19-cu əsrə aid saray kompleksləri və məscidlər qorunub saxlanılmayıb. Halbuki həmin dövrə aid yazılı abidələr qorunub saxlanılıb və yaxşı da oxunur. Bununla yanaşı, İrəvan xanlığının paytaxtında bir çox məscid qalmalı idi. Məsələn, işğal altında olan Şuşada 17 məscid var idi. İrəvanda da az olmamalı idi. Axı bunlar hara yoxa çıxıb”.
Alim belə qənaətə gəlir ki, ortaya tək bir nəticə çıxır: onlar erməni hakimiyyət orqanları tərəfindən məqsədli şəkildə dağıdılıb: "Bu abidələrin olması barədə tarixi mənbələr var. Xüsusən də İrəvan sakinləri olan azərbaycanlıların fotoları. Eləcə də rəsm əsərləri. Tbilisi incəsənət muzeyində İrəvan xanlığının rəsmi var. Bütün bina dağıdılıb”.
Mütəxəssis xüsusi vurğulayır ki, erməni tərəfi Yerevanın tarixi keçmişi barədə siyasi miflər uydurur: "Tarixçi alimlərdən heç biri mübahisəyə girməz ki, Yerevan böyük Azərbaycanın coğrafi ərazisidir və bu gün vəziyyət elə gətirib ki, bu ərazidə hazırda Ermənistan Respublikası formalaşıb. Axı bu dövlət 17-19-cu əsrə aid mədəni irsi hara soxub? O dövrün müstəqil və varlı xanlığının saray kompleksləri irsi mədəniyyət abidələrinin məhv edilməsi çərçivəsində yer üzündən silinib”. Ukraynalı tədqiqatçı regionun tarixinin bütöv bir formada məhv edilməsini belə izah edib: "Ukraynada 8-10-cu əsrlərdə Xəzər xaqanlığının hakimiyyəti mövcud olub. Ukraynada türk dilinə aid xeyli sözlər var. Lakin heç kim bizim tarixin bu səhifəsini silməyə can atmır. Əgər mən bunu inkar etməyə çalışsam, bu dövrün qalıqlarını qəbul etməsəm və öz işlərimdə bunu nəzərə almasam, mən tarixçi yox, dəli olaram. Bundan əlavə, əgər mən tarixi abidələri məhv etsəm, sadəcə, cinayətkar hesab olunaram. Ermənilərdə türk mənşəli xeyli soyadlar var - Mirzoyan, Əmirxanyan, Bəkiryan. Bütün bunlar türk mənşəyindən xəbər verir və bunlar erməni xalqının irsinin bir hissəsidir. Minilliklər ərzində bir xalqın dəyişmədiyini iddia etmək olmaz. Məsələn, qədim urartuluların indiki ermənilərə bərabər olduğunu demək düz deyil. Axı bu yerlərə zaman-zaman çoxlu xalqlar gəlib, gedib, evlənib, ailə qurub, uşaq dünyaya gətiriblər. Yenə də Ukrayna təcrübəsinə aid misal. Biz də bir sıra millətçilər hesab edirlər ki, Tripol mədəniyyəti - qədim ukraynalılardır. Lakin axı onlar başqa, mənşəcə Kiçik Asiyadan olan xalq, episentri bugünkü Türkiyə olan ərazidə formalaşmışdılar. Bəli, Tripol mədəniyyəti müasir ukraynalıların etnogenezində iştirak edib. Lakin istənilən halda bu, indiki ukraynalılar demək deyil. Axı sonradan bura saltovçular, köçərilər, türklər, peçeneqlər, qıpçaqlar gəliblər. Erməni xalqının etnogenezi də həmin dövrdə baş verib”.
Tədqiqatçı ermənilərin Yerevanın bu il 2800 illiyini keçirmək niyyətlərinə də toxunub. Onun sözlərinə görə, bu tarix də siyasi mifin bir hissəsidir: "Və burada da bir Ukrayna analoqunu gətirim. Xarkovda Qızıl Orda qalıqları, eramızdan əvvəl beşinci əsrə aid erkən dəmir dövrünün qalıqları var. Lakin sənədlərlə müəyyən olunub ki, Xarkovun əsası 1654-cü ilə gedib çıxır. Yazılı mənbələr də bunu göstərir. Həmin tarixə qədər nə olubsa, Xarkovla bağlı deyil. Mən heç bir sənədə rast gəlməmişəm ki, orada Yerevanın bu və ya digər formada 3 min il yaşı barədə nəsə deyilsin. Yerevan ərazisində Urartu dövrünə aid 8-10-cu əsrə aid şəhərcik var. Lakin bu Erebuni və Tayşebanidir. Yerevanın bura nə dəxli var ki? Yaşı ancaq birinci dəfə sənədlərdə nə vaxt qeyd olduğu ilə müəyyən etmək olar, hansısa dövr abidələrin qeyd olunması ilə yox. Təəssüf ki, indi bu dəbdədir - məsələn, götürək, Sevastopol yaxınlığındakı Balaklavanın iki minilliyini. 2 min il bundan əvvəl olanın heç kim tərəfindən qeyd olunmadığı əsas deyil, əsas elan etmək, büdcədən pul qoparmaq, insanları güldürməkdir”.
Tatyana Krupa sonda prezident İlham Əliyevin azərbaycanlıların öz tarixi torpaqlarına dönməsi barədə bəyanatını da şərh edib. "Mən gözəl anlayıram ki, Azərbaycan Ermənistanın müasir dövlət kimi ərazi bütövlüyünə iddia etmir. Azərbaycan bütün beynəlxalq tədbirlərdə də bunu bəyan edir. İrəvan xanlığı Qafqazın ümumi tarixinin bir hissəsidir və prezidentin sözləri də yerində səslənib. Eyni zamanda 30 ildir ki, Azərbaycanın torpaqları işğal altındadır və insanlar öz ev-eşiklərinə dönməlidirlər. Xüsusi qeyd edim ki, Qarabağın sahibi Azərbaycandır. Azərbaycan bir dövlət kimi formalaşan zaman bu ərazi onun nəzarəti altında idi. İşğal altında olan torpaqlarla birgə bu ərazi ona qaytarılmalıdır. Bu səbəbdən də Azərbaycan prezidentini Ermənistana hücum etmək və ərazisini işğal etməkdə ittiham etməyin mənası yoxdur. Bu, beynəlxalq hüquq-nöqteyi nəzərindən məntiqsizdir. Sadəcə, vəziyyət elədir ki, Azərbaycan bu gün hərbi islahatlar və digər dəyişikliklər üzündən çox güclü hərbi vəziyyətdədir. Bu islahatlar ona ordunu gücləndirməyə imkan verib. Lakin digər tərəfdən, Azərbaycan torpaqlarının geri qaytarılması əvvəlki kimi qapadılmayıb”, -deyə alim fikirlərini tamamlayıb.

Azər NURİYEV





banner

Oxşar Xəbərlər