• şənbə, 20 Aprel, 01:13
  • Baku Bakı 15°C

Xarici vətəndaşlar üçün cəlbedici olan əmək bazarı

18.08.20 19:21 3359
Xarici vətəndaşlar üçün cəlbedici olan əmək bazarı

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb. Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər. Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11 dəfə artıb. İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib. Ümumilikdə, hesabat dövründə 5 134 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 53,9 faiz azdır. Əslində, mövcud vəziyyəti nəzərə alsaq, qeyd olunan statistika olduqca maraqlıdır. Çünki hazırda dünyanı cənginə alan və demək olar ki, əmək bazarında fəaliyyəti minimuma endirən koronavirusun yayıldığı bu aylar ərzində ölkəmizə Türkiyədən işçi qüvvəsinin axını bəzi cavabsız suallar doğurur. Məsələn, sual oluna bilər ki, belə bir dönəmdə ölkəmizə işçi axını nəyin göstəricisidir, Türkiyədən gələn işçilər daha çox hansı sahələrə cəlb olunur, bu axın əmək bazarında sıxlığa səbəb ola bilərmi?
İqtisadçı ekspert Pərviz Heydərovunsözlərinə görə, xarici vətəndaşların ölkəmizin əmək bazarına olan marağı müsbət qiymətləndirilir, lakin mövcud vəziyyət bu axından narahat olmağa və bunu nəzarət altına almağa məcbur edir: "Ümumiyyətlə, hazırda dünyada əmək bazarında vəziyyət məlum səbəblərdən kifayət qədər gərgin xarakter daşıyır. Bilirsiniz ki, bir çox ölkələrdə pandemiya şəraiti ilə əlaqədar olaraq iqtisadiyyatın bir çox sahəsində fəaliyyət donub. Baxmayaraq ki, son dönəmlər bəzi ölkələrdə bir sıra məhdudiyyətlər aradan götürülüb, lakin iqtisadi fəaliyyətin yenidən bərpası müəyyən vaxt tələb edir. Bu baxımdan əmək bazarında pandemiyaya qədər olan fəaliyyət tempi indi mövcud deyil, ola da bilməz. Düşünürəm ki, yaxın dövrdə onun bərpası da çox çətin başa gələcək. Nəticə etibarı ilə nəinki ölkəmizdə, bütün dünyada əmək bazarında çox ciddi böhran hökm sürür. Qeyd etdiyim nüanslar o cümlədən qonşu ölkə Türkiyə üçün də keçərlidir. Ona görə də Türkiyədən kənara işçi qüvvəsinin axını hardasa başa düşüləndir. Amma Azərbaycanın əmək bazarında da vəziyyət ürəkaçan deyil. Düzdür, son vaxtlar işsizliyin aradan qaldırılması ilə bağlı dövlər səviyyəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq da işsizlik səviyyəsi kifayət qədər aşağı düşüb. Lakin ortada pandemiya kimi bir problemimiz var. 6 aydır ki, ölkə olaraq karantin rejimində yaşayırıq, iqtisadi sferada hər iş məhdudlaşdırılıb. Ona görə, Azərbaycanda da işsizlik səviyyəsi artmağa başlayıb və yaxın gələcəkdə işsizliklə bağlı ciddi problemlərin yaşanması qaçılmazdır. Belə bir şəraitdə kənardan ölkəmizə işçi qüvvəsinin axını, Azərbaycan iqtisadiyyatının, əmək bazarının digər ölkələrin vətəndaşlarının gözündə necə cəlbedici olduğunu göstərir və bu, əslində, müsbət faktordur. Amma istənilən halda mövcud vəziyyət buna sevinməyə imkan vermir. Əksinə, bu axına görə narahat olmalı, ciddi tədbirlər görməliyik. Yəni vəziyyət təhlil olunaraq nəzarətdə saxlanılmalıdır”.
İqtisadçıdan axının hansı sahəyə yönəldilməsinin daha faydalı, hansı sahədə bu işçi qüvvəsindən istifadə etməyimizin məqsədəuyğun olacağını soruşduq: "Tikinti, işçi qüvvəsi tələb edən sahədir. Bir məsələni də nəzərinizə çatdırım ki, Türkiyə bu sahədə kifayət qədər sözünü demiş bir ölkədir. Çünki qardaş ölkə tikinti sahəsində öz möhürünü qoyub. Onun işçi qüvvəsindən Rusiya və Avropa ölkələrində də geniş istifadə olunur. Yəni bizdə kiçik biznes sahələrində yerli işçi qüvvəsi lazımı qədər var. Məsələn, hansısa Türkiyə vətəndaşının gəlib burada ticarətlə məşğul olması Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək fakt kimi qəbul edilmir. Amma gələnlərin tikinti sahəsində öz təcrübəsini bölüşməsi olduqca faydalıdır. Qısacası, belə bir axın varsa, bunu lazım olan sahəyə yönəltməliyik. İşçi qüvvəsi lazım olmayan sahəyə axının isə qarşısı birmənalı olaraq alınmalıdır”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu axının təbii proses olduğunu söyləyir: "Qeyd edilən rəqəm elə də çox deyil. Əvvəlki dönəmlərdə bu say daha çox olurdu. İşədüzəltmə büroları və ya başqa vasitəçilərlə həmin işçilər gətirilirdi, lakin onlar qeyri-rəsmi idi. Ona görə say dəqiq bilinmirdi. Görünür, indi rəsmi qeydə alınma olub deyə, rəqəmlərdə artım olub. Digər tərəfdən 6 ay müddətində 110 nəfərin olması isə normaldır. Çünki ölkəmizdə Türkiyənin iri şirkətləri var və orada da kifayət qədər Türkiyə vətəndaşı işləyir. İşçilərin cəlb olunması gəlincə isə əsas etibarı ilə tikinti işlərində onların təcrübəsindən daha çox faydalanırıq. Məsələn, ölkəmizdəki bir çox iri tikinti işlərində türkiyəli mütəxəssislərə müraciət olunur. Bir də kənd təsərrüfatı məhsullarının istehsalında həmin mütəxəssislərin təcrübəsindən yararlanırıq”.

Günel Azadə
banner

Oxşar Xəbərlər