• cümə, 26 Aprel, 00:38
  • Baku Bakı 16°C

Xarici turistləri Azərbaycana necə cəlb etməli?

19.07.13 15:18 5300
Xarici turistləri Azərbaycana necə cəlb etməli?
Yaxşı işləmək üçün yaxşı da istirahət etmək lazımdır. Səmərəli istirahətin geniş yayılan növündən biri də turizmdir. İstirahət etmək üçün vətənindən kənara üz tutanlar dincəlməklə yanaşı, səfər etdikləri ölkə haqqında geniş məlumat da əldə edirlər. Bəs turistlər Azərbaycanı seçməkdə maraqlıdırlarmı? İstirahət üçün Azərbaycana gələnlərin sayında artım varmı?
Əvvəlcə “SW Travel” turizm agentliyi ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Onlara müraciət edən xarici turistlər ən çox Qəbələ və Şəkidə dincəlmək istəyənlərdir. Agentliyin nümayəndəsi buna səbəb kimi turistlərin qarışıq turlar istədiklərini bildirdi. Çünki Qəbələ və Şəki Gürcüstanla sərhəddə yerləşir. Bu şəhərlərdə 1 həftə dincəlmək üçün turistlər təxminən 400-1000 manat xərcləyirlər. Ödənişə transport, ekskursovod, otel, yemək, turların təşkili və digər arzuolunan xidmətlər daxildir. Turizm agentliyindən verilən məlumata görə, Bakıda dincəlmək istəyən xarici vətəndaşların da sayı yetərincədir və onlar da təqribən eyni miqdar pul xərcləyirlər: “Azərbaycan inkişafda olan ölkə olduğu üçün xarici vətəndaşlara maraqlıdır. Xüsusən Bakıda tikilən yeni binalar turistlərin diqqətini cəlb edir. “Flame Towers”, “Bakı Kristal Zalı” və qədim abidələrimizi görmək istəyənlərin sayı durmadan artır. “Avroviziya” musiqi yarışmasının Bakıda keçirilməsi ölkəmizə səfər edənlərin sayına ciddi təsir etdi”.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycana gələn xarici vətəndaşlar arasında biznesmenlər də kifayət qədərdir: “ Xarici ölkələrin biznesmenləri ölkəmizə kapital qoymaqda, investisiya yatırmaqda maraqlıdırlar. Çünki Azərbaycanın iqtisadiyyatı durmadan güclənir. Hansı ölkənin iqtisadiyyatı güclüdürsə, ora maraq həmişə olur. Bu səbəbdən Azərbaycana axın var”.
“Universal travel”dən isə bildirdilər ki, onlara müraciət edən xarici ölkə vətəndaşlarının sayında artım qeydə alınmayıb: “Bu il 1-2 turist əlavə müraciət edibsə, biz bunu artım hesab edə bilmərik. Əvvəl turist sayı necə idisə, elə indi də elədir”. Şirkətin nümayəndəsi vurğuladı ki, Azərbaycandan xaricə istirahətə gedənlərin sayı daha çoxdur, nəinki ölkəmizə gələnlərin: “Azərbaycanda dincəlmək digər turizmi inkişaf etmiş ölkələrlə müqayisədə baha başa gəlir. Ona görə də ölkəmizdə dincəlmək istəyən həmyerlilərimiz də, xarici ölkə vətəndaşları da azlıq təşkil edir”.
Burada da söylədilər ki, müraciət edənlər ən çox Qəbələ, Şəki və Nabranda dincəlmək istəyirlər. Lakin “Universal travel” universal xidmət etmir. Onların xidmətlərinə yemək daxil deyil. Öz hesablarına qidalanmaqla, 1 həftə Qəbələ və ya Şəkidə dincələn turistlər tur təşkili və otel sifarişinə görə agentliyə 1000-1500 manat civarında ödəniş edirlər. Nabranda dincələnlər isə 3 gün istirahət etmək üçün 200-400 manat ödəyirlər.
“Pasha travel”in nümayəndəsi də bu il xarici turistlərin Azərbaycana səyahətində artım qeydə alınmadığını deyir. Onun sözlərinə görə, əvvəlki illərdə nə qədər turist gəlibsə, indi də gələnlər o qədərdir. Bu agentliyə dünyanın müxtəlif ölkələrindən müraciət olunur. Həmsöhbətimiz dedi ki, Azərbaycana gələnlər arasında Səudiyyə Ərəbistanından tutmuş, uzaq Nigeriya vətəndaşlarınadək var.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycanda turizmin inkişafının son 10 ildə geniş vüsət aldığını dedi. Bu onunla əlaqədardır ki, ölkəmizdə yeni yollar salınır, infrastruktur yenilənir: “Bilirsiniz ki, əvvəllər bəzi regionlarımızda su, qaz və elektrik təminatında problemlər var idi. Ona görə də bölgələrimizə səyahət etmək istəyənlər azlıq təşkil edirdi. Yeni su kəmərinin çəkilişi, yolların yenidən salınması və digər görülən işlər bölgələrdə dincəlmək istəyənlərin sayını artırır”.
M.Ağakərimov hesab edir ki, yeni obyektlərin açılması, “Şahdağ” qış-yay turizm kompleksi, Qəbələdə yeni otellərin tikilib istifadəyə verilməsi xarici turistləri cəlb edən faktorlardandır: “Qəbələdə qolf meydanının açılışından sonra Azərbaycana daha çox turist gələcəyi gözlənilir. Turizm üzrə kadr hazırlığı üçün peşə məktəblərinin tikilməsi, Mingəçevir kolleci, Qəbələ və İsmayıllıda yerləşən peşə məktəblərinin fəaliyyəti Azərbaycanda turizmin inkişafına olan qayğını göstərir. Azərbaycan Turizm İnstitutunun kadrları bu gün 5 ulduzlu otellərdə fəaliyyət göstərirlər, “Four season”, “Hilton”, “Kempinski” və digər otellərdə çalışırlar”.
Müsahibimiz bu sahədə çatışmazlıqların olduğunu da gizlətmədi: “Təbii ki, bütün sahələrdə olduğu kimi turizmdə də xoşagəlməz hallarla rastlaşırıq. Turizm sahələrinin inkişaf etdirilməsi və peşəkar kadrların sayının artırılması vacibdir. Turizm şirkətləri, otellər kadr hazırlığında mühüm rol oynayırlar. Onlar yeni kadrların təcrübə keçməsi üçün köməklərini əsirgəməməlidirlər”.
Müsahibimiz düşünür ki, Azərbaycana info-turların təşkili “gəlmə turizm”i inkişaf etdirər. Bu da Azərbaycanın iqtisadiyyatına müsbət təsir edər. Çünki gələn qonaqların sayı artsa, Azərbaycanda iş yerlərinin də sayı artacaq: “Bir yerdə durmaq olmaz. Xidmətlərin keyfiyyətini artırmaq lazımdır. Düşünürəm ki, qiymət siyasətinə baxılmalı, menecmentlikdə irəliləyişlər olmalıdır. Dünya standartlarından geri qalmaq olmaz”.
Mədəniyyət və Turizm Nazirliyində bildirdilər ki, ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Statistikaya görə, 2011- ci ildə ölkəmizə 1 milyon 561 min 914, 2012-ci ildə isə 1 milyon 985 min 930 turist gəlib. İstirahət üçün ölkəmizə ən çox Rusiyadan təşrif buyururlar. Azərbaycana gələn xarici vətəndaşlar daha çox Bakı, Abşeron, Quba, Xaçmaz şəhərlərini və Aran zonasını ziyarət edir.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavid Abdullayevin verdiyi məlumata görə, Azərbaycana səfər edən xarici turistlər üçün hazırlanmış turizm yollayışlarının qiyməti, hansı ölkədən gəlməsindən asılıdır. Təxmini demək olar ki, bu qiymətlər 800- 900 dollardan tutmuş 3-4, hətta 5-6 min dollara kimi dəyişə bilər. Bundan başqa, turistin seçdiyi uçuş reysi, mehmanxana dərəcəsi, tur seçimi və s. kimi amillər bu qiymətə əsaslı təsir edə bilir. Həmin qiymətlərə aviabilet, viza rüsumları, transfer, yerləşdirmə vasitəsi, iaşə və gündəlik turlar daxildir.
Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycan özü yeni bir məhsul olaraq turizm bazarına daxil olmaqdadır: “Əvvəla, Azərbaycanı bir turizm məhsulu kimi fərqləndirən cəhət ondan ibarətdir ki, ölkəmizdə 11 iqlim tipindən 9-u mövcuddur və bu da şimaldan cənuba doğru qış xizək turizmindən tutmuş, çimərlik kurort turizminə kimi müxtəlif növ turizm növlərinin inkişafına təminat verir. Ölkəmizin unikal məhsulları siyahısına Naxçıvanın duz dağı, Qobustan qoruğu, Yanar dağ, Palçıq vulkanları, Naftalan nefti, müalicəvi sanatoriyaları və bir sıra digər yerləri əlavə etmək olar. Eyni zamanda, nazirlik Azərbaycanda təkcə ənənəvi olan turizm növlərinin yox, əlavə olaraq alternativ turizm növlərinin inkişaf etdirilməsi sahəsində də əsaslı işlər görüb. Buna misal olaraq Şahdağ Qış-Yay Turizm Kompleksi layihəsini göstərmək olar”.
Nazirlik rəsmisi hesab edir ki, bu gün Azərbaycan Avropa turisti üçün maraqlı turist hədəfi ola biləcək bütün imkanlara malikdir. Ölkəmizin özünəməxsus mədəniyyəti, təbiəti, mətbəxi, insanlarının qonaqpərvərliyi, coğrafi mövqeyi turistlərin zövqünə cavab verir: “Lakin turizmin inkişafında müəyyən problemlər də mövcuddur ki, biz onları təhlil edərək həllinə nail olmağa israrlıyıq. Belə maneələrin sırasında viza məsələləri xüsusi yer tutur və bu problemin çözülməsi üçün bir sıra tədbirlər nəzərdə tutulur. Onların ilk öncəsi elektron viza sisteminin tətbiqidir. Bundan əlavə, turizm sahəsinə dəstək göstərən dövlət qurumu olaraq biz bir sıra təkliflər ilə çıxış edirik. Bu layihələrin həyata keçirilməsi Azərbaycana səyahət edən əcnəbi qonaqların rahat səfəri üçün şərait yaradacaqdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər