• cümə axşamı, 18 aprel, 11:54
  • Baku Bakı 12°C

Xarici ticarətin artırılmasını hədəfləyən strateji yol

15.01.20 18:08 1712
Xarici ticarətin artırılmasını hədəfləyən strateji yol
Millət vəkilinin fikrincə, qonşu ölkələrlə ticarət əlaqələrinin möhkəmləndirilməsi həm iqtisadi cəhətdən, həm də münasibətlərin yaxşılaşdırılması baxımından çox vacibdir
Azərbaycan müstəqillik qazandıqdan sonra qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi üçün hər zaman addımlar atıb. İşğalçı Ermənistan istisna olmaqla ölkəmizin qonşu və digər region ölkələri ilə siyasi, iqtisadi əlaqələri günbəgün artmaqdadır. Prezident İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yekunlarına həsr edilən müşavirdə bu məsələyə bir daha toxunulub. Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici ticarət əlaqələri artır: "Ticarət dövriyyəsində qeyri-neft ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə bağlıdır. Bir çox ölkələrdə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan ticarət evlərini yaratdıq. Baş Nazirin müavini Şahin Mustafayev bir çox ikitərəfli komissiyalara rəhbərlik edir, o cümlədən qonşu ölkələrlə - Rusiya ilə, İranla, həmçinin bizim əsas ticarət tərəfdaşımız Çin ilə. Mən hökumətə tapşırıq vermişdim, hökumətlərarası komissiyaların bizim üçün əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan məhsullarını o ölkələrə ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti, tenderlərdə iştirakı üçün yeni imkanlar araşdırılsın, eyni zamanda, bir çox ölkələrdə biz bu istiqamətdə kontraktları da icra edə bilək”.
Baş nazirin müavini Şahin Mustafayev görülən işlər barədə məlumat verib. O qeyd edib ki, əsas ticarət tərəfdaşlarımızla aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə edilib: "İlk növbədə, bu iş yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilmişdir. Qeyd etdiyiniz kimi, qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində əldə olunmuşdur. İlk növbədə, Rusiya Federasiyası bizim qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır. Azərbaycan qeyri-neft ixracı üçün ən iri bazar məhsulu sertifikasiyasıdır. Sizin göstərişiniz əsasında Rusiyada Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki ildən çoxdur fəaliyyət göstərir. Rusiyada ticarət və şərab evlərinin açılması baş tutmuşdur. Eyni zamanda, hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında əlaqələrin inkişafını əks etdirən yol xəritəsi təsdiq olunub. Yol xəritəsində də və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında əsasən ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar da bir-bir qeyd olunmuşdur. Rusiya Federasiyası ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaqdır”.
Ş.Mustafayev vurğulayıb ki, Çinlə əlaqələr baxımından keçən il uğurlu il olub: "Çinlə 800 milyon dollar həcmində bağlanmış kontraktların icrasına başlanılıb. Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur və tərəfinizdən lazımi göstərişlər verilmişdir. Çinlə əməkdaşlıqda nəqliyyat, logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Türkiyə ərazisinə keçidi təmin olunur. Əminəm ki, bu istiqamətdə görülən işlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaqdır”.
Baş nazirin müavini Azərbaycan-İran iqtisadi münasibətlərinə toxunaraq qeyd edib ki, İranla ticarət dövriyyəsində və digər sahələrdə önəmli nəticələr əldə olunub: "İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olunub. Ümumilikdə, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması, doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir və aparılan siyasətin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırıb və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Düşünürəm ki, gələn il o körpünün də tikintisi başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaqdır. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır”.
Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır: "Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.
Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, Azərbaycanın qonşu və digər ölkələrlə ticarət dövriyyəsinin artması ölkəyə əlavə maliyyə vəsaitinin gətirilməsi deməkdir: "Bu da çox vacib məsələdir. Ona görə də ölkə Prezidenti daimi olaraq balanslaşdırılmış siyasət yürüdür. Bu siyasətin də əsasında ölkələrlə ticari, mədəni, iqtisadi əməkdaşlıq dayanır. Həqiqətən də qonşu ölkələrlə münasibətlər yaxşı olarsa, ticarət və digər sahələrdə müəyyən uğurlara nail olmaq mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin son illər ərzində İrana, Rusiyaya, Türkiyəyə və Gürcüstana səfərləri məhz bu məqsədə xidmət edir. Təbii ki, burada Ermənistan istisnadır və bu ölkə bizə düşməndir. Amma Azərbaycan regionda olan digər qonşu ölkələrlə tam qarşılıqlı şəkildə əməkdaşlıq edir və bu da ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biridir”.
T.Rzayev qeyd etdi ki, Azərbaycanın istər qonşu ölkələrlə, istərsə də Çin və bu kimi dövlətlərlə siyasi-iqtisadi münasibətlər xeyli yaxşılaşıb: "Artıq elə məhsullarımız var ki, onlar Yaponiyaya, Çinə ixrac olunur. Həmçinin rəsmi Pekinlə Bakı arasında əlaqələr genişlənib. Bundan başqa, Azərbaycanın Avropa ölkələri ilə ticari-iqtisadi münasibətlərinin yaxşılaşması sözsüz ki, gələcəkdə ölkəmizə xeyli əlavə maliyyənin gəlməsini təmin edəcəkdir. 2019-cu ilin yekunları ilə bağlı müşavirədə Prezident İlham Əliyev bir daha vurğuladı ki, bizim qonşu və digər ölkələrlə ticarət əlaqələrimiz möhkəmlənməlidir. Bu da ölkə üçün həm iqtisadi cəhətdən, həm də münasibətlərin yaxşılaşdırılması baxımından çox vacibdir. Ayrı-ayrı ölkələrlə ticarət əlaqələri yaxşılaşdığı halda həm də dostluq münasibətləri möhkəmlənir. Onu da qeyd edək ki, ölkə Prezidenti bu məsələdə turizmin çox böyük imkanlara malik olduğunu vurğuladı. Əgər Azərbaycana turistlərin axını olursa, onların ölkəmiz haqqında məlumatları öz dövlətlərində yayması imkanları və ticarət əlaqələri artır”

BƏXTİYAR
banner

Oxşar Xəbərlər