• cümə axşamı, 28 mart, 18:17
  • Baku Bakı 13°C

Xarici siyasətimiz milli maraqların maksimum müdafiəsinə yönəlib

28.11.13 10:49 1472
Xarici siyasətimiz milli maraqların maksimum müdafiəsinə yönəlib
Bu gün Vilnüsdə “Şərq Tərəfdaşlığı” ölkələrinin III zirvə toplantısı başlayacaq. Bir sıra vacib sənədlərin imzalanacağı gözlənilən sammit dünyanın diqqətini özünə çəkib. Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Bu və digər səbəblərdən hadisələrin gedişi ölkəmizdə də maraqla izlənilir. Ölkəmizlə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sənədin imzalanacağı sammitlə bağlı “Kaspi” qəzetinin suallarını politoloq Elman Nəsirov cavablandırır.
- Elman bəy, Avropa İttifaqının Vilnüs sammiti ilə bağlı hansı gözləntiləriniz var?

- Bu sammit çox böyük siyasi ajiotaja səbəb olub. Bildiyiniz kimi, sammit öncəsi Ermənistanın Avropa İttifaqı ilə bağlı mövqeyində ciddi dəyişiklik baş verdi. Ermənistan bu zirvə toplantısında Avropa İttifaqının iki sənədinə - assosiativ saziş və azad ticarət zonası ilə bağlı sənədlərə imza atmaq öhdəliyi ilə çıxış etsə də, son anda Rusiyanın təzyiqi altında bu qərarından daşındı. Ukraynanın qərarını da xatırlatmaq yerinə düşər. Prezident Yanukoviç haqqında bəhs olunan sənədlərə imza atacağını öncədən bildirmişdi. Hətta bu istiqamətdə konkret hazırlıq işləri gedirdi. Onun son bir ayda 3 dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşməsi öz nəticəsini verdi. Belə ki, Moskvanın məlum təzyiqləri fonunda o da mövqeyini dəyişdi və bu sənədləri imzalamayacağını bəyan etdi. Düzdür, bu hadisə Ukraynada ciddi etirazlarla müşayiət olunmaqdadır. Ona görə də iqtidar bəyan edir ki, onlar müvəqqəti olaraq Avropa İttifaqına inteqrasiya siyasətində fasilə götürüblər və sonralar yenidən bu məsələyə qayıdacaqlar. Hər halda, Vilnüsdəki sammitdə Ukraynanın həmin sənədləri imzalamayacağı dəqiqdir. Bu və digər səbəblərdən sammit ərəfəsi vəziyyət çox ciddi beynəlxalq rezonansla yadda qalır. Məlumdur ki, zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Ölkəmizin bu məsələdə mövqeyi aydındır. Biz Avroatlantik məkana inteqrasiya siyasətinə sadiqik. Avropa İttifaqı ilə xüsusən enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa xüsusi önəm veririk. Məhz bu konteksdə də TANAP və TAP layihələrini imzalamışıq. Sadalananlar Avropa İttifaqı ilə çox yaxın strateji tərəfdaş olduğumuzu göstərir. Azərbaycanın istənilən siyasəti ölkənin milli maraqlarının müdafiəsi və qorunması yönündə olduğundan Avropa İttifaqı ilə azad ticarət və assosiativ saziş məsələlərində bir qədər tələsik olmayan addımlar atılması taktikasına üstünlük veririk. Geopolitik vəziyyət, beynəlxalq konyektura və digər bu kimi faktorları nəzərə alıb tələsməmək, bütün addımları ölçüb-biçmək, məsələnin müsbət və mənfilərini hesablamaq, bundan sonra müəyyən addımlar atmaq yolunu tutmuşuq. Bu nöqteyi-nəzərdən Azərbaycan hazırkı reallıqlar kontekstində Avropa İttifaqı ilə daha çox viza rejiminin yüngülləşdirilməsi məsələsinə əhəmiyyət verir. Viza rejiminin yüngülləşdirilməsi isə nəticə etibarı ilə sonrakı addımların atılması üçün münbit şəraiti təmin edə bilər. Biz ilk növbədə jurnalistlər, elm adamları, idmançılar və s. bu kimi kateqoriyaya aid adamlar üçün viza rejiminin sadələşdirilməsinə üstünlük veririk. İkitərəfli münasibətlərin növbəti inkişaf mərhələsində viza rejiminin ümumiyyətlə ləğvi məsələsi aktuallaşa bilər. Yəni bu, istisna deyil. Təbii ki, belə məqamlar gələcəyin işidir.
- Ölkəmizin bu məsələdə tutacağı mövqe ilə bağlı uzunmüddətli müzakirələr getdi. Necə düşünürsünüz, Azərbaycan hakimiyyətinin mövqeyi doğrudurmu?

- Azərbaycan hökumətinin xarici siyasəti çoxvektorlu, balanslı, çevik və önləyici addımları özündə ehtiva edən siyasətdir. Dövlətimiz mövcud təhlükələri qabaqlaya biləcək siyasətə üstünlük verir. Milli maraqların müdafiəsi isə prioritetdir. Ümumiyyətlə, xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə milli maraqlarının müdafiəsi ilə bağlı fəaliyyətidir. Azərbaycan da fəaliyyətində maraqlarının maksimum müdafiəsinə üstünlük verir. Hazırkı vəziyyətdə Azərbaycanı qınamağa heç kimin haqqı çatmır. Ölkəmiz apardığı danışıqlarda “sənədləri incələyəcəyəm” öhdəliyi ilə çıxış etməyib. Yəni belə bir öhdəliklə çıxış edib sonra geri çəkilmək xətti seçməmişik. Azərbaycan hər zaman əlaqələrin genişləndirilməsində maraqlı olub. Amma bu iki sənədin imzalanması ilə bağlı heç bir öhdəlik götürməmişik. Həmin sənədləri imzalamağımız müəyyən zaman çərçivəsində mümkün ola da, olmaya da bilər. Hətta lazım olarsa, təxirə salınması və ya imtina edilməsi də qaçılmazdır. Yəni Azərbaycan konkret situasiyanın diktəsi altında atacağı addımları tənzimləyir. Çeviklik də elə budur. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsində maraqlıdır, amma hazırkı vəziyyətdə genişlənmənin hüdudları dediyim məsələlərlə sərhədlənir.
- Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri keçmiş SSRİ respublikalarının gündəmində əsas mövzulardan birinə çevrilib. Amma bu istiqamətdə konkret addımlar atmaq getdikcə çətinləşir. Sizcə, buna səbəb nədir?

- Avropa İttifaqı və Rusiyanın xarici siyasət prioritetlərinə nəzər salsanız, tamamilə fərqli mənzərənin şahidi olacaqsınız. Xatırladım ki, Vladimir Putin Rusiyanın yeni xarici siyasət konsepsiyasını 2012-ci ildə təsdiqlədi. Həmin konsepsiyada ölkənin xarici siyasət prioritetləri içərisində Cənubi Qafqazın da daxil olduğu MDB məkanı birinci yerdədir. Amma Avropa İttifaqının prioritetlərində Avropaya inteqrasiya, Amerika Birləşmiş Ştatları ilə münasibət, regional təhlükəsizlik və digər məsələlər əsas yer tutur. Yəni onlar üçün MDB ən vacib məkanlardan deyil. Rusiya 2012-ci ildə dünyaya bəyan etdi ki, bu regionda baş verə biləcək hadisələrdə əsas söz sahibidir. İndi də ismarışına uyğun hərəkət edir. Avropa İttifaqı isə Rusiya ilə toqquşma, qarşıdurma siyasətində maraqlı deyil. Çünki bu gün Qərb özü üçün daha vacib olan digər məsələləri Rusiya ilə həll etmək istəyir. Həmin məsələlərdə şimal qonşumuzdan “hə” cavabı almaq xatirinə ona güzəştə gedirlər. Ona görə də hazırda “gözyumma” prosesinin şahidiyik.
- Rusiyanın postsovet ölkələrinin Avropa İttifaqı ilə əməkdaşlığına qısqanc yanaşması hər kəsə bəllidir. Bu məqama münasibətiniz necədir? Belə davranışın nə zamana qədər davam etmə ehtimalı var?

- Bu məsələ Rusiyanın ambisiyalarından əl çəkəcəyi günə qədər davam edəcək. Bilirsiniz ki, Rusiya enerji baxımından fövqəldövlət kimi çıxış edir. Hazırda isə şimal qonşumuz Yaxın, Orta Şərq və Balkanlardan sıxışdırılıb çıxarılıb. İndi o, postsovet məkanını özünün yaxın xarici elan edib və bu regionda dominant olmaq istəyir. Qərbdən isə bununla barışmasını gözləyir. Təbii ki, Rusiya bir sıra məsələlərdə Qərb üçün son dərəcə əhəmiyyəti ölkədir. İranın nüvə proqramı, Suriya, NATO-nun Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirməsi, Amerika qoşunlarının Əfqanıstandan çıxarıldıqdan sonrakı taleyi və digər məsələlərdə rusların da rolu var. Çünki Əfqanıstana gedən silah-sursatın, ərzağın, və s. 70 faizi Rusiya ərazisindən keçirilir. Nə qədər ki bu mövzularda Rusiyanın müsbət cavabını almaq aktualdır, müəyyən məsələlərdə bir o qədər də “gözyumma” prosesi davam edəcək. Rusiya bunu çox yaxşı bilir və fürsətdən maksimum faydalanır. Onlar ambisiyalarla çıxış etmək xəttini seçiblər. Beynəlxalq birliklər və böyük güclər bu reallıqla hesablaşmaqdadırlar.
- Sammit ərəfəsində baş verən prosesləri təhlil edərkən bu mərhələdə Rusiyanın Avropa Birliyinə güc gəldiyi qənaətinə gəlmək olarmı?

- Hadisələrin bu cür gedişi, xüsusən, postsovet məkanının çox böyük dövləti olan Ukraynanın mövqeyini dəyişməsi onu göstərdi ki, Rusiya hələ də müəyyən təzyiq və təsir imkanlarını əlində saxlaya bilib. Amma bəzi qələbələr taktiki qələbəyə oxşayır. Ən gözəli isə strateji qələbədir. Ola bilsin, Avropa İttifaqı indiki mərhələdə Rusiyaya taktiki baxımdan uduzub. Məsələ ondadır ki, Qərbdə təkcə A variantı ilə çıxış etmirlər. Onlarda həmçinin B, C, D variantları olur. Avropa İttifaqı bu gün A variantı ilə geri çəkilmək mövqeyini seçdi. Bu, o demək deyil ki, onlar bütövlükdə tutduqları xətdən imtina edirlər. Sadəcə, Rusiyanın ambisiyaları ilə hesablaşmaq reallığını başa düşürlər. Bu geri çəkilmə daha da irəli getmək üçün enerji toplamaq kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, Avropa İttifaqı Rusiyaya taktiki baxımdan uduzur. Onların strateji baxımdan uduzmasından danışmaq çox tezdir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər