Xarici şirkətdən Azərbaycana turizm sahəsində əməkdaşlıq təklifi
Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov
"Expedia" şirkətinin nümayəndələrini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
ölkəmizdə turizm sahəsində yüksək inkişaf dinamikasını və ölkəmiz dünyada yeni
turizm istiqaməti kimi tanınmağa başlaması, beynəlxalq turizm bazarına
inteqrasiya olunmasını və bunun nəticəsində xarici qonaqların xüsusən ərəb
turistlərinin ölkəmizə səfərlərini nəzərə alaraq hotel bronlaşması, avia bilet
satışı, kruiz gəmilərinin sifarişi, "rent a car" və s. xidmətləri
göstərən "Expedia" şirkətinin nümayəndələri ölkəmizlə də əməkdaşlıq
etmək niyyətində olduqlarını bildirib.
N.Səmədov Azərbaycan dövləti turizm sahəsinin inkişafını
iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi,
ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi
prosedurunun sadələşdirilməsi məqsədi ilə yaradılmış Asan Viza Sistemi, eyni
zamanda bu sahədə son illərdə ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər,
aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, o cümlədən ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi” barəsində məlumat verib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə
olunub.