• şənbə, 20 Aprel, 17:57
  • Baku Bakı 23°C

Xarici QHT-lərlə bağlı yeni qaydalar tətbiq olunacaq

21.06.14 08:56 1236
Xarici QHT-lərlə bağlı yeni qaydalar tətbiq olunacaq
Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və nümayəndəlikləri bundan sonra yerli QHT ilə eyni qaydada illik maliyyə hesabatları təqdim edəcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”na müvafiq dəyişiklik edib.
Digər dəyişikliyə əsasən, pul vəsaitlərinin hərəkəti haqqında hesabata ianə edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş məbləği də daxil edilməlidir.
İllik maliyyə hesabatlarının təqdim edilməsi qaydasında da dəyişiklik edilib. Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Dəyişikliyə əsasən, bundan sonra bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.
Eyni zamanda Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.
banner

Oxşar Xəbərlər