• cümə, 29 Mart, 09:11
  • Baku Bakı 5°C

Xarici ölkə vətəndaşı olan soydaşlarımızın hüquqi statusu

14.03.19 09:00 1144
Xarici ölkə vətəndaşı olan soydaşlarımızın hüquqi statusu
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Belə münasibətlər fonunda hər iki ölkə arasında iqtisadi əlaqələrin miqyası da getdikcə genişlənib. Gürcüstanla Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmiryol xətti, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısıdırlar. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri də bu ölkədə soydaşımızın yaşamasıdır. Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin sonunda açıqladığı rəsmi statistikaya görə, 3 milyon 800 min nəfərə yaxın əhalinin yaşadığı bu ölkədə azərbaycanlıların sayı 233 000 nəfərdir. Bu, ölkə əhalisinin 6,3 faizini təşkil edir. Qeyri-rəsmi məlumatlarda isə Gürcüstanda 500 minə yaxın azərbaycanlının yaşadığı qeyd olunur. Görülən işlər, möhkəmlənən münasibətlər fonunda zaman-zaman Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və sair sahələrdə problemləri özünü büruzə verib. Düzdür, mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilib. Lakin demək olmaz ki, bu problemlər bütünlüklə həllini tapıb.


"Soydaş haqqında” Qanuna ehtiyac var

Gürcüstanlı soydaşlarımızı narahat edən məsələlərdən biri də məşğulluq problemidir. Bu problemin yaranmasına səbəb Gürcüstanda iş yerlərinin az olmasıdır. Rusiyaya gediş-gəliş məhdud olduğundan mövcud problemi aradan qaldırmaq üçün soydaşlarımız daha çox qonşu Türkiyəyə və Azərbaycana pənah gətirirlər. Amma bu zaman onlar miqrasiya sahəsində müəyyən çətinliklərlə üzləşirlər. Qafqazşünas Kamran Ramazanlınınbizimlə söhbətindən belə məlum olur ki, Azərbaycana işləməyə gələn soydaşlarımız əsasən iş icazəsi almaq üçün rüsumların çox olmasından, tibbi müayinələrdə qiymətlərin bahalığından gileylənirlər. Onun sözlərinə görə, Gürcüstanda Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovularaq Azərbaycana pənah gətirənlər, burada məskunlaşan azərbaycanlılar da müəyyən problemlərlə üz-üzə qalıblar: "Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə Bolnisi rayon mərkəzindən 800, Kazreti qəsəbəsindən 350, Dmanisi rayon mərkəzindən 400, Tbilisi ətrafından 615 ailə qısa müddət ərzində öz ev-eşiklərindən qovulublar. Onların böyük əksəriyyəti Azərbaycana pənah gətiriblər. Bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib. Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər var ki, onlar da Azərbaycan vətəndaşlığını ala bilməyiblər. Qarışıq nikahlı ailələr də təxminən 30 minə yaxın insanı əhatə edir. Bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşıdır. Onların da 90 gündən bir sərhədi keçmə, övladlarının təhsil və sair problemləri mövcuddur. Fikrimcə, bu qrupun da statusuna aydınlıq gətirilməlidir. Bununla yanaşı, bildiyiniz kimi, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayırlar. Hər bir ailənin heç olmasa bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyir. Ahıl və ahıl yaşda xəstə insanlara orada diqqət və qayğı göstərən olmadığından, onlar məcburiyyətdən Azərbaycana - öz övladlarının yanına gəlməyə məcbur olurlar. Əgər onların da qeydiyyatından bir gün keçərsə, 300-400 manat cərimə ödəməlidirlər”.

K.Ramazanlı hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu üçün Azərbaycanın Dövlət Miqrasiya Xidməti Milli Məclisin deputatları ilə birlikdə müzakirələr təşkil etməli, mövcud problemlərin tam aradan qaldırılması üçün "Soydaş haqqında” Qanun layihəsi hazırlamalı və parlamentə təqdim etməlidirlər. O, bu prosesdə qeyri-hökumət təşkilatları rəhbərlərinin, ziyalıların, elm adamlarının, ictimai-siyasi xadimlərin iştirakını da zəruri sayıb.


Çoxşaxəli əhəmiyyət daşıyan məsələ

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənMilli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov bildirdi ki, mart ayının 1-də parlamentdə Gürcüstandan olan bir qrup soydaşımızla görüş keçirilib. Onun sözlərinə görə, bu görüşün təşkilinə Milli Məclisin sədri Oqtay Əsədov da həssas yanaşıb: "Gürcüstanlı soydaşlarımızın Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq mənə ünvanladıqları müraciət əsasında təşkil olunmuş toplantıda, soydaşlarımızın üzləşdikləri problemlər müzakirə olunub. Bu xüsusdaəsasən miqrasiya məsələlərinə toxunulub. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanla sıx təmaslara malikdirlər. Onların ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda çoxsaylı qohum-əqrəbaları yaşayır və buna görə də onlar daim ölkəmizə səfərlər edirlər. Bəziləri isə ötən əsrin 90-cı illərindən bu yana Azərbaycanda yaşasalar da, onlarla əlaqədar heç bir sənədləşmə işləri aparılmayıb. Bütün bu məsələlər isə Azərbaycanın miqrasiya qanunvericiliyi ilə tənzimlənməlidir. Görüşdə müzakirə edilən məsələyə kompleks yanaşılmasının zəruriliyi önə çəkilib. Qonaqlar bildiriblər ki, Azərbaycan hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənidir. Onların ölkəmizə gediş-gəlişi və qalma müddətləri ilə bağlı məsələlər xarici ölkələrin digər vətəndaşları ilə eyni şərtlər altında olmamalıdır. Buna görə də "Soydaş haqqında” qanunun qəbuluna ehtiyac var. Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə həmçinin soydaşlarımızı maraqlandıran digər məsələlər, o cümlədən təhsil məsələləri də müzakirə olunub”.

Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan dünyanın harasından yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların vətənidir: "Bəli, bu gün Gürcüstan vətəndaşı olan soydaşlarımızın ölkəmizlə bağlılıqları daha çoxdur. Onların timsalında çox mühüm, kompleks əhəmiyyət daşıyan bir məsələyə diqqət yetirməliyik. Ancaq qonşuluğumuzda Rusiya və İran kimi böyük ölkələr də var və bu ölkələrin vətəndaşı olan soydaşlarımızın sayı daha çoxdur. Məncə, bu kateqoriyadan olan şəxslərə münasibət hansısa digər ölkənin vətəndaşlığını daşıyan əcnəbilərlə eyni olmamalıdır. Söhbət hüquqi münasibətdən gedir. Fərq qoymalıyıq və fərq konkret qanunda nəzərdə tutulmalıdır. Ümumən, məsələ çoxşaxəli əhəmiyyət daşımaqdadır. Gürcüstanda olarkən səslənən təkliflərdən biri də "Soydaş haqqında” qanunun qəbulu ilə bağlı idi. Düşünürəm ki, bizim də bu yolu getməyimiz faydalı ola bilər. Biz elə etməliyik ki, ümumən xarici ölkə vətəndaşı olan soydaşlarımızın hüquqi statusu müəyyənləşsin. Bunun ən yaxşı yolu da ayrıca qanunun qəbuludur”.

Ölkənin əmək bazarında əlavə gərginlik yaranmamalıdır

Gürcüstan Parlamentinin azərbaycanlı deputatı, hakim "Gürcü Arzusu” koalisiyasının üzvü Mahir Dərziyevdə "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycandan olan millət vəkillərinin də iştirakı ilə Tbilisidə müzakirə olunub. O, bu mövzuya dair müxtəlif məsələlərin çox haqlı olaraq qabardıldığını vurğuladı: "Gürcüstanda sırf bu məsələni tənzimləyən qanun var. Bu, "Soydaş haqqında” qanundur. Ayrı-ayrı Avropa ölkələrində də bu mexanizm işləkdir. Təsəvvür edin, Gürcüstanın bütün vətəndaşları, o cümlədən azərbaycanlılar Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilir, ancaq Azərbaycana, mütləq xarici pasportla getmələri tələb olunur. Azərbaycanda qalma və qeydiyyat müddəti ilə bağlı bəzi məqamlar var. Ümumilikdə bu kimi bir çox məsələlərin öz həllini tapması üçün Azərbaycanda da "Soydaş haqqında” qanunun qəbul edilməsi arzu olunandır”.

Hüquqşünas Sahib Məmmədovisə hesab edir ki, həmvətənlər və ya soydaşlar haqqında qanunun qəbulu problemi tam həll etməyəcək. Onun sözlərinə görə, biz soydaşlarımızın tarixi torpaqlarımızda yaşamasında maraqlı olmalıyıq: "Gürcüstanda zaman-zaman elə siyasət qurulub ki, azərbaycanlılar tarixi torpaqları, əsrlər boyu yaşadıqları vətənlərini tərk etsinlər. Gürcüstandan Azərbaycana gələn tənzimlənməyən əmək miqrasiyasının iştirakçıları 3 ayda bir dəfə sərhədi keçib, sonra yenə də qayıdıb qanunsuz əmək fəaliyyəti ilə məşğul olurlar. Əlbəttə əcnəbi və ya vətəndaşlığı olmayan amma mənşə etibarı ilə azərbaycanlı olan şəxslərə münasibətdə yüngülləşdirici rejimlər tətbiq oluna bilər. Amma bu, heç bir halda Gürcüstanda yaşayan və onsuz da sayları azalmaqda davam edən soydaşlarımızın Azərbaycana axınını sürətləndirməməli və ölkəni əmək bazarında əlavə gərginlik yaratmamalıdır”.

Ən azından, prosedur yüngülləşərsə...

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də açıqlamasında bildirdi ki, Gürcüstandakı soydaşlarımızın miqrasiya və əmək fəaliyyəti sahəsində üzləşdikləri çətinliklərlə bağlı Azərbaycan tərəfi müəyyən güzəştlər edir. Millət vəkili vurğuladı ki, onların Azərbaycana gəlib-getməsində özünü göstərən çətinliklər nisbətən azalıb: "Bütün hallarda məmurlar qanunlara istinad edirlər. Gürcüstan azərbaycanlıları da əcnəbi statusu daşıdıqları üçün onlara qarşı hansısa güzəştlər edilmir. Amma mən düşünürəm ki, Gürcüstanda yaşayan soydaşlarımızla digər əcnəbilər kimi davranmaq, onlara "əcnəbi” deyərək özümüzdən kənarlaşdırmaq olmaz. Çünki onlar da Azərbaycan xalqının nümayəndələridirlər. Onların iradəsindən asılı olmadan, Azərbaycan bir vaxtlar bölünüb və həmin azərbaycanlılar bizim ölkədən ayrı düşüblər. Bu kimi halları nəzərə alaraq, "Soydaş haqqında qanunun qəbulunu zəruri sayıram. Lakin hesab etmirəm ki, bu qanunun qəbulu qeyd edilən sahədə rast gəlinən bütün problemləri kökündən həll edəcək. Ən azından, prosedur yüngülləşəcək, Gürcüstandakı soydaşlarımız dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələcək əcnəbilərlə eyni tutulmayacaq. Bundan başqa, sözügedən qanunun qəbulu gömrük və miqrasiya orqanları əməkdaşlarının da işlərini yüngülləşdirəcək”.


Sonda bir məqamı xatırladaq ki, Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə hüquqi vəziyyəti ilə bağlı normaları Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilir. Bu Məcəllənin III Maddəsinə görə, Azərbaycan vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs milliyyətindən asılı olmayaraq əcnəbi sayılır. Bu baxımdan, Gürcüstanda yaşayan soydaşlarımız da status baxımından əcnəbi hesab edilirlər. Soydaşlarımızın Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmalarına gəlincə, bu məsələ də Miqrasiya Məcəlləsinin "Əmək məqsədi ilə verilən giriş vizası” adlı 28-ci Maddəsində öz əksini tapıb. Qanunla, əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. Bundan başqa, Məcəllənin 11-ci Fəslində "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi” məsələsi əksini tapıb. Məcəllənin 61.1-ci Maddəsində qeyd olunub ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycanda işləyə bilər.

Bəxtiyar MƏMMƏDLİ

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur

banner

Oxşar Xəbərlər