• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

Xarici KİV Azərbaycandakı seçkilərlə bağlı təşviqat aparır - Açıqlama

25.09.13 11:46 1172
Xarici KİV Azərbaycandakı seçkilərlə bağlı təşviqat aparır - Açıqlama
APA-nın məlumatına görə, gündəliyə ötən iclasda müzakirəsi yarımçıq qalan - bəzi xarici KİV-in Azərbaycanda keçirilən prezident seçkilərində təşviqat xarakterli materiallar verməsi məsələsi salınıb.
MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev deyib ki, ötən iclasda mətbuat qrupunun “Azərbaycan” qəzetindən olan üzvü Elgün Mənsimov sözügedən məsələni qaldıraraq, bildirib ki, bununla bağlı qrup öz mövqeyini ortaya qoymalıdır. Həmin məsələ ilə bağlı danışan E. Məsimov bir daha deyib ki, xarici KİV-in Azərbaycanda keçirilən seçkilərin təşviqat xarakterli materiallarını yayması ölkə qanunvericiliyinə və Seçki Məcəlləsinin müvafiq müddəalarına ziddir.
MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev bildirib ki, seçki təşviqatına start veriləndən sonra “Azadlıq” və “Amerikanın səsi” radiolarının, həmçinin BBC-nin Azərbaycanda fəaliyyət göstərən ofisləri prezident seçkilərini təşviq edən materiallar hazırlayır. A. Tağıyev əlavə edib ki, KİV-də qanunsuz təşviqatın aparılmasına dərhal münasibət bildirilməsi Mətbuat Qrupunun vəzifəsidir: “Bu baxımdan nəticəsindən asılı olmayaraq, bu cür təşviqatın aparılması Azərbaycan qanunvericiliyinə ziddir və həmin xarici mətbuat orqanları bunu nəzərə almalıdır”.
Qrupun üzvü Xətayi Əzizov deyib ki, kimliyindən asılı olmayaraq, hər bir xarici hüquqi şəxs Azərbaycan qanunlarına hörmətlə yanaşmalı və bu məsələ onların diqqətinə çatdırılmalıdır.
MSK Katibliyinin şöbə müdiri Azər Sarıyev isə bildirib ki, adıçəkilən xarici media qurumlarının seçki təşviqatı dövründəki namizədlərlə bağlı yazıları araşdırılıb və məlum olub ki, materiallar arasında sırf təşviqat xarakterli olanlar var. O, bir müddət əvvəl prezidentliyə namizədlər Hafiz Hacıyev, Zahid Oruc, Qüdrət Həsənquliyev və Cəmil Həsənlinin “Azadlıq” radiosuna çağırılaraq, onlardan seçki təşviqatına yönələn müsahibə alındığını da diqqətə çatdırıb. O, bununla bağlı həmin KİV-ə, həmçinin namizədlərin özlərinə də xəbərdarlıq olunmasını təklif edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin departament rəhbəri Mehparə Quliyeva qeyd edib ki, xarici vətəndaşın təsisçisi olduğu media qurumunun Azərbaycanda keçirilən seçkilərdə təşviqat xarakterli fəaliyyəti qanunla qadağandır. Bu baxımdan, o, Mətbuat Qrupunun onlarla bağlı daha sərt tədbirlərin görülməsi istiqamətində addımlar atmasını istəyib.
MSK üzvü Fuad Cavadov bildirib ki, Seçki Məcəlləsinin 74-cü maddəsinin 4-cü bəndinə əsasən, seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması, bu Məcəllənin 90-cı maddəsinin 2-ci bəndində göstərilən subyektlərə, yəni xarici dövlətlərə və xarici hüquqi şəxslərə qadağan edilir. O, adıçəkilən media qurumlarının məsələyə tərəf kimi yanaşılmasını da diqqətə çatdırıb.
MSK-nın Vətəndaş Həmrəyliyi Partiyasından olan üzvü Almaz Qəhrəmanlı bu məsələdən daha çox Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bir müddət əvvəl keçirilən tədbirdə dindarlar adından seçki təşviqatına yönələn müraciətinin qanuna zidd olmasını diqqətə çatdırıb. O bildirib ki, mətbuat qrupu xarici KİV-lə yanaşı, bu məsələyə də münasibət bildirməlidir. A. Qəhrəmanlı həmçinin deyib ki, xarici KİV-in seçki təşviqatına yönələn addımlarının olub-olmadığının araşdırılması üçün ekspertiza rəyi ortaya qoyulmalı və bundan sonra məsələyə münasibət bildirilməlidir.
F. Cavadov isə A. Qəhrəmanlının dediklərinə münasibətində deyib ki, fakt göz qabağındadır.
Sonda müzakirələrin nəticəsi olaraq, mətbuat qrupu adından KİV tərəfindən seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar bəyanat qəbul olunub.
Bəyanatda qeyd olunub ki, bəzi xarici KİV qanunvericiliyin tələblərinə məhəl qoymadan, bir çox halda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks təşviqat aparır ki, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək, seçicilərin ədalətli məlumat almaq hüququnu pozmuş olur. Son vaxtlar bu hal özünü respublika ərazisində yayımlanan bəzi xarici KİV-in fəaliyyətində də qabarıq büruzə verməkdədir. “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyaları kimi nüfuzlu qurumun bu prosesdə iştirakı ən azı anlaşılmazdır.
Bəyanatda o da qeyd olunub ki, bundan təəssüfünü bildirən qrup eyni zamanda namizədlərin bilərəkdən və ya bilməyərəkdən xarici KİV-də təşviqat xarakterli verilişlərin proqramlarında iştirakını da seçki qanunvericiliyinə zidd addım kimi qiymətləndirir.
Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan Azər Tağıyev, Fuad Cavadov, Almaz Qəhrəmanlı MSK üzvü, Azər Sarıyev MSK katibliyinin əməkdaşı, qalan 15 nəfər isə informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.
banner

Oxşar Xəbərlər