• şənbə, 20 Aprel, 14:43
  • Baku Bakı 23°C

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xəbərdalıq edib

15.03.20 20:15 1068
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xəbərdalıq edib
Xarici İşlər Nazirliyi dünyada COVİD-19 infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatları ilə tanış olmalarını və ÜST-ün yeni koronavirustan qorunmaq üçün tövsiyələrinə əməl etmələri xahiş olunur:https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public
Hazırda Azərbaycan hökuməti tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır:"Xarici ölkələrdəki vətəndaşlarmızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda qaynar xəttlər fəaliyyət göstərir. Vətəndaşlarımız, həmçinin müraciətlərini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin [email protected] elektron ünvanına göndərə bilər.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycan Respublikasının bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılmışdır. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaqdır. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.
Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması və müəyyən olunan qaydalara əməl etməsi zəruridir".

banner

Oxşar Xəbərlər