• cümə, 29 Mart, 15:58
  • Baku Bakı 14°C

Xarici işçilər niyə daha çox maaş alır?

26.06.13 10:57 3138
Xarici işçilər niyə daha çox maaş alır?
“Biz “Xəzər elektrik” şirkətində türklərlə birlikdə işləyirdik. Eyni vəzifədə çalışmağımıza baxmayaraq onlar ay sonunda 2000 dollar əmək haqqı alırdılar, bizə isə 500 dollar ödəyirdilər”- Bu sözləri vaxtilə “Xəzər elektrik” şirkətində mühəndis vəzifəsində işləyən Cavid Həsənov dedi. Onun sözlərinə görə, yüksək maaş alan elə əcnəbilər var ki, öz işlərinin öhdəsindən gələ bilmirlər. Buna baxmayaraq onların əmək hüquqları bizdən çox qorunur.
“Sədərək ticarət mərkəzin”də mühafizəçi işləyən, adının çəkilməsini istəməyən digər müsahibimizin sözlərinə görə, onunla eyni vəzifədə işləyən əcnəbinin aldığı məvacib daha çoxdur: “Eyni işi görməyimizə baxmayaraq mən 600 manat maaş alıram, əcnəbiyə isə 5000 manat məvacib ödənilir”.
Statistika
Bu faktları Dövlət Statistika Komitəsi də təsdiqləyir, Komitənin verdiyi məlumata görə, ölkəmizdə işləyən əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksəkdir. Belə ki, 2012-ci ilin nəticələrinə əsasən, Azərbaycanda işləyən 6 918 nəfər xarici ölkə vətəndaşlarının orta aylıq əmək haqqı 4 518 manat təşkil edib. Qeyd edək ki, ötən ilin yekunlarına görə, ölkə üzrə ümumi orta aylıq əmək haqqı 396 manat olub. Başqa sözlə, əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıqdır. Keçən il xaricilərin əmək haqqı 21% artıb. Həmin dövrdə ölkə üzrə orta aylıq əmək haqqı isə 8,7% yüksəlib. Ölkədə çalışan xaricilərin 113-ü dövlət, 6 805-i qeyri-dövlət sektorunda çalışır.
Bəs Azərbaycanda əcnəbilərin yerli vətəndaşlardan çox əmək haqqı almasının səbəbi nədir? Bu statistikaya yerli işçilərin əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?
Şirkətlər maaş məsələsində müstəqil qərar verirlər
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, əmək qanunvericiliyində əcnəbilərlə yerli vətəndaşların maaş məsələsi tənzimlənmədiyi üçün belə statistika ortaya çıxır: “Əmək münasibətləri müqavilələr əsasında tənzimləndiyi üçün bu gün bir çox şirkətlər maaş məsələsində müstəqil qərarlar verirlər. Qanunda bununla bağlı xüsusi qadağa olmadığından belə məsələlərə müdaxilə edilmir və nəticədə yerli vətəndaşların əmək hüquqları pozulur”. E.Hüseynovun sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün yerli işçilər həmin şirkətlərdə həmkarlar təşkilatları yaratmalıdırlar və bu təşkilatlar işçilərin hüquqlarını qorumalıdırlar: “Əgər belə şirkətlərdə həmkarlar ittifaqları və işçilərin hüquqlarını qoruyan təşkilatlar susacaqsa bu problemin qarşısını almaq mümkün olmayacaq”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin lent.aza verdiyi məlumata görə, transmilli şirkətlərdə həmkarlar təşkilatlarının yaradılması ilə bağlı Həmkarlar İttifaqı müəyyən işlər görüb və hazırda bu şirkətlərin 50-55 faizində həmkarlar ittifaqları yaradılıb. Həmçinin o qeyd edib ki, bəzi xarici təşkilatlar həmkarlar ittifaqlarının yaradılmasına və işçilərlə görüşmələrə mane olurlar”. Səttar Mehbalıyev onu da bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu il 365 müəssisədə həmkarlar ittifaqlarının yaradılmasına nail olub.
Kobud qanun pozuntusu
Azərbaycanda əmək hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünas Azər Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, əcnəbi vətəndaşların yerli vətəndaşlardan çox maaş alması həm “Əmək Məcəlləsi” həm də,“Əmək Miqrasiyası haqqında qanun”un pozulması deməkdir. Onun sözlərinə görə, ölkəmizdə işləyən əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfədən dəfələrlə artıqdır: “Hesab edirəm ki, 11 dəfə çox olan ümumi göstərici yalnız fəhlə kateqoriyasında çalışan işçilərə aiddir. Daha yüksək vəzifəli işlərdə isə bu fərq 20-30 dəfə yüksəkdir”. Mövcud qanunvericiliyin tələbləri haqqında məlumat verən həmsöhbətimiz bildirdi ki, əgər əməyin qiymətləndirilməsi zamanı işçilər arasında ciddi fərq yaradılarsa, bu qanuna zidd əməl kimi dəyərləndirilir: “Əmək Məcəlləsinin konkret olaraq 16-cı maddəsində qeyd edilib ki, işçi qüvvəsi olan şirkətlərdə işçilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan olunub. Hər bir işçi dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu sayılır. Yəni işçi eyni vəzifədə, eyni peşədə işləyirsə, fərqi yoxdur, istər əcnəbi, istər yerli olsun eyni əmək haqqını almalıdır. Biz bununla bağlı dəfələrlə müəyyən orqanlara müraciət etmişik amma təəssüflər olsun ki, bu problem qalmaqda davam edir. Yerli vətəndaşlara belə münasibət kobud qanun pozuntusudur”.
Əlavə pul itkisi
Mütəxəssis vurğuladı ki, Əmək miqrasiyası haqqında qanuna görə, Azərbaycan daxilində mövcud olan iş yerlərində miqrantlar ancaq yerli işçilərin iddia etmədiyi sahələrdə çalışa bilərlər: “Hazırda Azərbaycanda yüksək əmək haqqı alan xaricilər əsasən neft sektorunda cəmləşib. “Əsrin müqaviləsi” imzalanan zaman bəzi sahələr var idi ki, burada xaricdən gətirilən xüsusi mütəxəssislərə ehtiyac var idi. Həmin müqaviləyə belə bir şərt əlavə edilmişdi ki, əgər bir şirkətdə 70-80 faiz tarixi mütəxəssisin işləməyi nəzərdə tutulubsa, bu getdikcə azalmalı idi. Yəni burada xarici işçilərin yerli mütəxəssislərlə əvəz edilməsi əsas şərt kimi qoyulmuşdu. Aradan uzun illər keçməsinə baxmayaraq nə yerli nə də, xarici mütəxəssislər bu şərtlərə əməl etmirlər”.
Sonda hüquqşünas vurğuladı ki, xarici təcrübədə əmək miqrantlarını daha çox ucuz işçi qüvvəsi lazım olanda gətirdikləri halda bizdə əksinə xaricdən mütəxəssis adı ilə çox maaş tələb edən işçilər gətirilir: “Bəzi şirkətlərin çox maaş tələb edən işçilər gətirməkdə müəyyən maraqları var. Hesab edirəm ki, ölkəmizdə hər sahədə kifayət qədər ixtisaslaşmış işçilər olduğu üçün xaricdən işçi gətirib o qədər əmək haqqı ödəmək əlavə pul itkisidir”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər