• çərşənbə, 24 Aprel, 13:54
  • Baku Bakı 27°C

Xarici investorları cəlb edən layihə

20.02.18 13:05 850
Xarici investorları cəlb edən layihə
Fevralın 13-də keçirilən Milli Məclisin plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.
Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur. Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Layihəyə əsasən, Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə" qaydasında işləyəcək.

Plenar iclasda çıxış edən parlamentin vitse-spikeri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib. O qeyd edib ki, bu sənəd "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən hazırlanıb. Qanun layihəsini "Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli Prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlayıb.
Vitse-spiker bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər: "Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb”.

Qəbul edilən qanun layihəsinin əhəmiyyətini və Azad İqtisadi Zonanı effektiv etməyin yollarını öyrənməyə çalışdıq.


Millət vəkili Tahir Mirkişili qeyd edir ki, qanun layihəsi üzərində artıq uzun müddət idi ki, müzakirələr gedirdi və nəhayət qəbul olundu: "Qanun layihəsi kifayət qədər müasir, yenilikçi və hətta deyərdim ki, inqilabi bir yanaşma ortaya qoymuşdur. Çünki bu layihənin daha cəlbedici olması və ölkəmizin daha çox iqtisadi fayda əldə etməsi üçün tamamilə yeni yanaşmalara və iqtisadi qaydalara ehtiyac vardı. Qəbul edilən qanun həm yanaşma, həm də tətbiq olunma cəhətdən dünyanın ən müasir standartlarına cavab verir. Eyni zamanda investorların cəlb olunması, orada fəaliyyət göstərməsi və yerli məhsulların dünya bazarına çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Həmçinin yeni iş yerlərinin açılmasına səbəb olacaq”.

İqtisadçı ekspert Rəşad Həsənov ilk olaraq onu qeyd edir ki, bu qanunun qəbul edilməsi zəruri idi: "Ələt Azad İqtisadi Zonasının işləkliyinin təmin edilməsi üçün belə bir qanunun qəbul edilməsi əsas məsələlərdən biridir. Xüsusilə də, xarici investorların ortaya qoyduğu mövqe ondan ibarət idi ki, mükəmməl və bütün hüquqları özündə əks etdirən qanun olsun. Belə bir qanunun olması uzun müddətli investisiya axınına şərait yarada bilər. Qanun ilk oxunuşda qəbul edilsə də, təbii ki, zamanla üzərində müəyyən işlər görüləcək. Qanunun dayanıqlılıq prinsipinə əməl edilməsi əsas məsələlərdən biridir. Yəni qanun təsdiqləndikdən sonra uzunmüddətli dövr üçün dəyişiklik aparıla bilməz”.

Ekspertdən "bu sahəni necə effektiv etmək olar” deyə soruşduq: "Bu, dövlətin həmin istiqamətdə aparacağı siyasətdən asılı olacaq. Hökumət həqiqətən də azad iqtisadi zonanın işləkliyinin təmin edilməsində maraqlıdırsa, qeyd edilən qanunvericiliyin tətbiqi mexanizmi üzərində ciddi işlər görməlidir. Və bu mexanizmlər müasir tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunvericiliyin icrasında hər hansı bir problem yaranmamalıdır. Təbii ki, qeyd edilən şərtlər təmin olunarsa, növbəti dövrlərdə azad ticarət zonasına xarici investisiya axınını təmin etmək mümkün olacaq. Bu isə makroiqtisadiyyatın göstəricilərinin artmasına şərait yaradacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov dedi ki, bu qanunun qəbul edilməsi ilə dövlət xüsusi öhdəlik götürərək güzəştləri təqdim edir: "Bu onu göstərir ki, artıq bu sahədə aparılan bütün işlər, yəni investisiyanın qoyulması və qorunması, güzəştlərin edilməsi həmin qanun çərçivəsində həyata keçiriləcək. Bu da təbii ki, xarici investisiyanın cəlb edilməsi baxımından olduqca əlverişlidir. Belə ki, artıq investorlar hasilatın pay bölgüsü statusuna malik olan və onun qanunla tənzimlənəcəyi bir iqtisadi zonaya sərmayə qoyuluşu həyata keçirirlər. Bu qanun eyni zamanda güzəştlərin qanun çərçivəsində təqdim edilməsi baxımından olduqca vacibdir. Və deyərdim ki, artıq bu sahə ilə bağlı bəzi ölkələrin investorları ilə müəyyən danışıqlar gedir. Bu addım qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir edəcək. Həmçinin istehsalın genişlənməsinə və ixracına şərait yaradacaq. Nəticə etibarilə də ölkəyə maliyyə axınına səbəb olacaq”.

Günel Azadə
banner

Oxşar Xəbərlər