Xarici informasiya məkanına çıxış imkanları artırılmalıdır
Bu gün
Azərbaycanda bütün azadlıqlar, o cümlədən mətbuat, söz və fikir azadlıqları tam
təmin edilib. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi (KİV)
Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Bununla yanaşı, Azərbaycanda
genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir və ölkə əhalisinin 80
faizi bu xidmətdən yararlanır. Media mənsubları bu şəraitdən yararlanaraq
nəinki ölkə daxilindəki ictimai-siyasi, mədəni proseslərə güzgü tutur, problemləri
ictimailəşdirməklə onların həllinə çalışır, eyni zamanda Azərbaycan
həqiqətlərini dünyaya çatdırır. Bu istiqamətdə xarici dillərdə yayımlanan,
xarici ölkələrə çıxışı olan media qurumları xüsusi rol oynayır. Misal üçün, iyulun
4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki
hadisəni götürək. Bu hadisə dünya miqyasında böyük əks-səda doğurdu və işğalçı
dövlətin, ona rəhbərlik edənlərin əsl cani, faşist simasını beynəlxalq aləmə
nümayiş etdirdi. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, beynəlxalq
ictimaiyyətin belə güclü reaksiya verməsində Azərbaycan mediası ciddi rol
oynayıb. Çünki dünyanın Assosiated Press, Reuters, Le Monde, Euronews, BBC,
Al-Jaazeera, TRT, Anadolu Agentliyi və digər bu kimi nüfuzlu KİV-ləri sözügedən
hadisə barədə ilk informasiyanı operativ və ardıcıl məlumatlar yayan Azərbaycan
mediasından aldılar, onu inkişaf etdirdilər və yüz milyonlarla insanın
diqqətinə çatdırdılar.
Prezident İlham
Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistlərə yeni mənzillərin
paylanması mərasimində çıxış edərkən media mənsublarının diqqətini bu məsələyə
- xarici informasiya məkanına çıxış əldə edilməsinə yönəldib. Qeyd edib ki, belə
fəaliyyət daha da genişləndirilməlidir. O, xarici dillərdə saytların
açılmasının, Azərbaycan həqiqətlərinin bu media qurumları vasitəsilə dünyaya
çatdırılmasının əhəmiyyətindən də söhbət açıb: "Jurnalistlərlə əvvəlki görüşlərimdə
də demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici
informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı
dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə
yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı
koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı
ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya
yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə
məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra
öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki,
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş
imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz
bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media
orqanları bu istiqamətdə fəal işləyirlər. Biz bundan sonra da çalışmalıyıq ki,
Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha
yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa,
bizə rəğbət də o qədər çox artar. Ona görə də biz Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən
burada medianın rolunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu işlər
davam etdirilməlidir”.
"Azəri-Press” İnformasiya Agentliyinin (APA) Baş direktoru Nurşən
Quliyev bildirib ki, Azərbaycan həqiqətlərini, xüsusən də
Dağlıq Qarabağ problemini, bu məsələdə ölkəmizin ədalətli mövqeyini dünyaya
olduğu kimi çatdırmaq üçün müxtəlif xarici dillərdə informasiya resurslarının
yaradılması olduqca vacibdir. O, "APA
Holdinq”in də bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini diqqətə
çatdırıb: "APA-nın 6 xarici dildə yayımı var. Yəni, Azərbaycanda baş verən
proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, problemin
həlli üçün aparılan danışıqlar, prosesin pozulması üçün Ermənistanın
təxribatları, dövlətin yürütdüyü siyasi kurs və digər çoxsaylı məlumatlar bu
xarici dillərə tərcümə edilərək, operativ və obyektiv şəkildə bütün dünyaya
yayılır. Biz hətta erməni dilində də xəbər yayımı ilə məşğul oluruq. Bununla
biz Ermənistan auditoriyasına da Azərbaycan həqiqətlərini çatdırırıq. Ancaq
hesab edirəm ki, bu fəaliyyət yetərli deyil. İnformasiya resurslarımızı daha da
genişləndirmək gərəkdir. Təbii ki, bu məsələdə peşəkarlıq, dil bilikləri ilə bərabər,
maliyyə imkanlarının da olması vacibdir. Düşünürəm ki, Azərbaycan
həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması, informasiya
blokadasının yarılması üçün, xüsusən də işğalçı Ermənistanla informasiya
müharibəsində qalib gəlmək üçün dövlət tərəfindən də bu cür layihələrə dəstək
verilməlidir. Belə resurslara hər zaman olduğundan daha çox ehtiyac var”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN)
rəhbəri, Əməkdar jurnalist Azər Həsrət jurnalistlərimizin
normal şəraitlə təmin edilməsi və ümumilikdə dövlətin informasiya siyasətinin
həyata keçirilməsinə öz töhfələrini verməsi üçün Azərbaycan dövlətinin mümkün
olan hər şeyi etdiyini vurğulayıb. Bildirib ki, burada əsas məqsəd
jurnalistlərin nəzarət altına alınıb istiqamətləndirilməsi deyil, Azərbaycanın
dövlət maraqlarına xidmət edən informasiyaların yayılmasında imkanların
səfərbər edilməsidir: "Misal üçün, Azərbaycan Ermənistan tərəfindən işğala
məruz qalıb, 20 faiz ərazisi zəbt edilib, 1 milyondan artıq vətəndaşımız qaçqın
və məcburi köçkünə çevrilib. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi
var və bu münaqişənin ədalətli, ölkənin ərazi bütövlüyü çərçivəsində həlli üçün
dövlətin yürütdüyü, milli maraqlara söykənən siyasət var. Bu siyasətin uğur
qazanmasında, aparılan informasiya savaşında jurnalistlərin də müəyyən mənada
rolu var. Jurnalistlər informasiya savaşının önündə getməlidirlər. Prezident
İlham Əliyev də məhz bu məsələni nəzərdə tutaraq, Azərbaycan jurnalistlərinin
xaricə çıxışının önəmini vurğulayıb. Prezident Azərbaycanın haqlı davasında
jurnalistlərin gücündən istifadə edilməsini, xüsusən də xaricdə bundan
yararlanmağı nəzərdə tutub. Mən də hesab edirəm ki, Azərbaycan vətəndaşı olan,
Vətənini sevən hər bir jurnalist ölkə başçısının bu çağırışına müsbət reaksiya
verməli, informasiya savaşında öndə getməlidir”.
Rufik İSMAYILOV