• cümə, 19 Aprel, 09:30
  • Baku Bakı 13°C

Xarici gözəllik gəldi-gedərdi, ağıl və istedad isə daimidir - Fotolar

13.06.18 09:00 2455
Xarici gözəllik gəldi-gedərdi, ağıl və istedad isə daimidir - Fotolar
Səhnə teatr, kino gözəllik tələb edir. Tamaşaçı teatra səhnədəki gözəlliyi seyr etməyə gəlir - deyə düşünsək də, Gənc Tamaşaçılar Teatrının aktrisası, teatrımızın sarışını Günel Məmmədova bu fikirlərlə heç də razı deyil. Qəzetimizin "Məşhurların gözəllik sirləri” rubrikası üçün danışan aktrisa deyir ki, səhnə gözəllik deyil, istedad tələb edir. Bəzən insanlar bunu səhv salırlar. Tamaşaçını səhnədə baş verənlərə inandıra bilmədikdən sonra o gözəllik heç bir işə yaramır."Sarı gəlin” tamaşasındakı obrazı ilə səhnəmizin sarışını, zaman-zaman sarı gəlini də adlandırılan aktrisa bizimlə söhbətində onu fit və hər zaman formada saxlayan səbəblərdən danışdı. Deyir ki, formada qalmaq üçün heç bir dietadan istifadə etmir:
- Formada qalmaq üçün dietanın tamamilə əleyhinəyəm. Çünki özünü yeməkdən nə qədər kənarlaşdırsan da, dietan bitdikdən sonra həmin çəkini yenidən alırsan. Mən öz formamı idman və rəqslə qoruyub saxlayıram. Uşaqlıqdan bu günə qədər rəqslə məşğulam. Elə vaxtlar olub ki, çəkilişlərim çox olduğu üçün idmana gedə bilməmişəm və yaxud həmin gün rəqslə məşğul olmağa zaman tapmamışam. Günün sonunda idmanımı gec də olsa evdə etmişəm. Ən sağlam arıqlamaq idman və rəqslə arıqlamaqdır. Ancaq hazırda xanımlarımız üstünlük verdikləri dieta ilə arıqlaya bilsələr də, bu üsulla öz formalarını itirirlər. İdmanla məşğul olduqda isə fit, mükəmməl bədən quruluşuna sahib olmuş olurlar. Məhz bu səbəbdən hər zaman formada qalıram və heç bir piylənmə, kökəlmə ilə rastlaşmıram.
- Səhnə gözəllik tələb edir. Bu gözəlliyi qorumaqsa heç də asan məsələ deyil.
- "Səhnə gözəllik tələb edir” - deyirlər, ancaq mənə görə, səhnə ilk növbədə istedad tələb edir. Gözəllik isə gəldi-gedərdi. Gözəllik qalıcı bir şey deyil ki, onu hər nüansda göz önünə gətirsinlər. Müəyyən yaşdan sonra xarici görünüş xanımlarımızı tərk edir. Ancaq ağıl, istedad heç vaxt insanı tərk etmir. Bunun üçün bacardıqca çalışmaq, öyrənmək, öyrəndikcə də bunu təcrübəyə çevirib, öz üzərilərində sınamalıdırlar. Allahın işidir, sabahın nə gətirəcəyini və gözəlliyin əlində olub-olmayacağını demək çətindir. Bunun üçün daxili gözəlliyin və istedadın olması daha münasibdir.
- Səhnəyə çıxan aktrisalar bəzi zamanlarda üzlərinin və saçlarının parıldaması üçün müxtəlif maskalardan və parıldadıcı vasitələrdən istifadə edirlər.
- Mən nə üzümə, nə də saçıma maska qoyuram. Hazırda saçlarım dəhşətli dərəcədə tökülür. Seriallarda və filmlərdə saçlarımı müxtəlif formalara saldıqları üçün isti fenlər onu qurudur və cansız hala salır. Bu da elə bir məsələdir ki, ondan qaçış yoxdur. O ki qaldı maskalara, bu məsələlərdə çox tənbələm. İndi-indi başlamışam maskalardan istifadə etməyə. Ola bilsin 35 yaşdan sonra hansısa maskalardan istifadə etdim. Dəri quruluşum uşaq dərisinə bənzədiyi üçün üzüm kosmetika qəbul etmir. Bəzən səhnəyə çıxanda belə kosmetikadan istifadə etmirəm. Çünki dərim çox həssasdır və bir çox kosmetikaların tərkibindəki maddələri qəbul etməyib allergiya verir. Eləcə də maskalar. Ola bilər ki, 35 yaşdan sonra hansısa kosmetoloqun yanına gedib, məsləhət ala bilərəm. Amma indi üzümə heç bir maska vurmuram. Çalışıram ki, makiyajdan az istifadə edim. Adi günlərdə makiyajdan istifadə etmirəm. Bunun görə də hələ ki maskalara ehtiyacım yoxdur. 35 yaşdan sonra baxarıq. Eləcə də botoksun, sifətdə nəyisə doldurmağın tamamilə əleyhinəyəm.
- "35-dən sonra” sözünü çox işlədirsiniz. Yoxsa qocalmaqdan qorxursunuz?
- Əsla. Qorxmuram, hər bir yaşın öz gözəlliyi var. Çox istəyərdim ki, o yaşda təbii üsulla da normal görünüm. Qırışları aradan qaldıran və qocalmaq əleyhinə olan yeni çıxan proseduralardan istifadə etmək istəmərəm. Nə qədər istəməsək də, ömür gedir, qocalırıq. Yaşlandıqdan sonra gedib özümü cavanlaşdırmağım təbii ki, gülünc görünər. Bilmirəm, bəlkə indi belə danışıram, yaşım ötdükdən sonra başqa hərəkətlər edəcəm. Xanımlar çalışırlar ki, cavanlıqlarını qoruyub saxlasınlar və bunun üçün kosmetoloqlara müraciət edirlər. Ancaq indiki fikrimlə düşünürəm ki, mən çox təbii qocalmaq istərdim, olduğum kimi. Yaşlandıqda isə, əgər hansısa bir proseduradan istifadə etsəm, o zaman əvvəlki Günel olmayacam və bu da tamaşaçılara maraqsız olacaq.
- İndiyə qədər hansısa bir estetik əməliyyat etdirmisinizmi?
- Özümlə bağlı heç bir kompleksim yoxdur ki, bəyənməyib bıçaq altına gedim. Burnum əməliyyat olunub. Bir dəfə səhnədə "Rəvayəti Şahzadeyi Xəzər” tamaşasının məşq prosesində burnum qırıldı və əyildi. Elə həmin an məni xəstəxanaya apardılar və burnuma müdaxilə edildi. Çox az müdaxilə olundu. Ancaq başqa heç bir estetik əməliyyatım olmayıb. Həmin an tez-tələsik burnumu tikdilər deyə, indi hiss edirəm ki, nəfəs almaqda problem yaşayıram. Bu hadisənin üzərindən artıq 7-8 il keçib. Hərdən düşünürəm ki, nəfəs problemimi ortadan qaldırmaq üçün burnumu düzəltdirim. Ancaq şəkillərimdə də var, mənim bundan əvvəlki burnum daha gözəl idi.
- İncəsənət qurban tələb edir deyirlər. Siz nələri qurban vermisiniz?
- Məşq proseslərində çox xoşagəlməz, ekstremal hallar yaşamışam. Hətta bir dəfə "Oliver Twist” tamaşasında İlqar Cahangirlə məşq edərkən səhnədən bilməyərək məni yerə atmışdı. Onurğam böyük zədə görmüşdü. Bu kimi hadisələri tez-tez yaşayırıq. İndiki Günel Məmmədova olmağım üçün çox qurbanlar vermişəm... Müəyyən layihələr olub ki, mənim həyatımı dəyişə biləcəyinə rəğmən, onlardan teatra görə imtina etmişəm. Hər zaman teatrdakı işimi digər fəaliyyətimdən üstün bilmişəm. Bəzən bu sənət sevgisi mənim sağlamlığıma zərər də yetirib. Ancaq indi başa düşürəm ki, əgər sağlamlığım olmasa, həyatda heç nə əldə edə bilmərəm. İndi öz sağlamlığımın qeydinə qalmağa başlamışam.
- Sizi Azərbaycan teatrının sarı gəlini deyə çağırırlar və teatr, kino aləmində tək-tük təbii sarışınlardansınız. Ancaq bəzən deyirlər ki, siz əslində qarayanız birisiniz və saçlarınızı boya ilə saraldırsınız.
- Qətiyyən. Mən anadangəlmə sarışınam. Hətta mənim tələbəlik illərimdə belə boyasız şəkillərim var. Bunların hamısını öz sosial şəbəkədəki hesabımda paylaşıram. Əslində mənə baxanda bunu həmən anlamaq olar. Burda çətin heç nə yoxdur.
- Xarici görünüşünüz sizi azərbaycanlı xanıma bənzətmir. Bu, çətin anlarınızda köməyinizə çatıbmı?
- Çox olub. Simamım avropalı xanımlara bənzəməyindən məmnunluq duyuram. Bir çox film və kinolarda xarici obraz kimi mənə tez-tez müraciət edirlər. Görünüşümlə bağlı bir çox xarici filmlərdə də rol almışam. Bu baxımdan qarşımda daha çox şanslar açılıb. Öz imicimdən və görünüşümdən çox razıyam. Bir çox filmlərdə rus, italyan, gürcü xanımlarını canlandırmışam. Rejissorlar deyir ki, səni hər bir xalqın nümayəndəsinə çevirmək mümkündür. Çünki üz cizgilərin buna imkan verir. Bu da təbii ki, bir aktrisa olaraq məni məmnun edir. Xarici görünüşümə görə heç kimə bənzəmirəm. Elə özüm kimiyəm. Bu görünüşüm məni hamıdan fərqləndirir.
- Qidalanmağınıza fikir verirsinizmi?
- Əslində qidalanmağıma o qədər də diqqət yetirmirəm. Səhərlər ümumiyyətlə yemək yemirəm. Tək çay içib, evdən çıxıram. İş rejimim çox gərgin olur. Hətta elə günlər olur ki, gün ərzində yemək imkanım olmur. Axşamlar evə gələndə nə yedimsə odur. Sözün düzü, yeməklə heç vaxt dostluq etməmişəm. Sevdiyim yeməklər də "fast-food”lardır, onlar isə ziyanlıdır. Amma rəqslə davamlı məşğul olduğum üçün bu da özünü göstərə bilmir. Əslində iştaham olanda, oturub yaxşı yeyirəm. Bununla yanaşı, yeməsəm, günlərlə qala bilərəm. Ancaq çaysız yaşaya bilmərəm.
- Bəzən gözəl qadın görəndə deyirlər ki, o xanımın daxili gözəlliyi üzünə vurub.
- Hərdən nurani insanları görəndə hiss edirəm ki, o insanın daxili də safdır. Mən insanları o qədər də yaxşı tanımıram. Ancaq real həyatı səhnə hesab edib, gündəlik oynayan insanlar da var. İçi-çölü bir olan insanlar da tanıyıram. İnsan nə yaşayırsa, onun simasında əks olunur. Ətrafımızda insanlar var ki, birinə baxanda deyirlər, onun həyatı keşməkeşli olub. Üzdə mələk görünüb, içəridən iblis olanlar da az deyil.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər