• çərşənbə axşamı, 19 mart, 18:00
  • Baku Bakı 8°C

Xarici güc mərkəzlərinin əsas təbliğat vasitələri - Fotolar

21.08.19 17:30 13343
Xarici güc mərkəzlərinin əsas təbliğat vasitələri - Fotolar
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov seçki proseslərinə kənardan müdaxilə edilməsi barədə "Facebook”da ötən gün status paylaşıb. O bildirib ki, bu yolla dövlətlərin daxili işlərinə qarışmaq taktikası son dövrlərdə geniş istifadə edilməyə başlayıb. İcra katibi qeyd edib ki, müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə səfirlərinin diqqətlə izləməsi, bu aksiyalar barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin mitinq yerlərində peyda olması dəfələrlə rast gəlinən hallardır. Bununla yanaşı, YAP funksioneri qeyd edib ki, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi heç kimə sirr deyil.


Vahid cəbhədə birləşməyə çağırış

Ə.Əhmədovun sözlərinə görə, iş o yerə çatıb ki, "siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Baş nazirin müavini yazıb ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir və bunlardan biri internet televiziyalardır. Onun fikrincə, müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir, Azərbaycana qarşı geniş təbliğat şəbəkəsi yaradılır və bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. YAP sədrinin müavini Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini ölkəmizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib.

Ölkəmizə qarşı hücumlar ifrat halını alıb

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan media eksperti Müşfiq Ələsgərlibildirib ki, uzun illərdir Azərbaycana qarşı faktsız və qaydasız informasiya savaşı aparılır. O qeyd edib ki, ayrı-ayrı güc mərkəzləri və ölkələr arasında zamanla müəyyən problemlər yaranır, bu çərçivədə hər bir tərəf öz mənafeyindən çıxış edərək müəyyən işlər görür, təbliğat aparır. Ekspertin qənaətincə, son dövrlər bu, çox problemli hal alıb: "Azərbaycana qarşı mübarizə də bu qəbildəndir. Bu mübarizə ölkəmiz müstəqilliyini əldə etdikdən indiyə qədər hər zaman olub. Azərbaycanın demokratik inkişafını, iqtisadi-siyasi tərəqqisini əngəlləmək üçün maneələrin yaradılması, sədlərin çəkilməsi cəhdləri olub. Azərbaycan gücləndikcə, beynəlxalq aləmdə güclü mövqeyə sahib olduqca, müstəqil siyasət yürütdükcə, özü öz taleyinə sahib çıxdıqca ölkəmizə qarşı xaricdən hücumlar daha da artıb. Son vaxtlar isə bu hücumlar ifrat hal alıb. Ədalətsiz, qərəzli mübarizə o qədər açıq müstəviyə keçib ki, artıq bu oyunu quranlar niyyətlərini gizlədə və "fəaliyyətlərini” arqumentləşdirə bilmirlər. Onlar Azərbaycana qarşı hansı "iradı” bildiriblərsə, tutarlı cavab verilib, iddiaların əsassız olduğu konkret faktlarla sübuta yetirilib”.

Dövləti gözdən salmaq cəhdləri

Media eksperti deyib ki, hazırda arqumentləri tükənən, əsaslandırılmış mövqe ortaya qoya bilməyən bu qüvvələr çılpaq və iyrənc oyun aparır, heç bir əsas olmadan Azərbaycanı hər şeyə görə "tənqid” edirlər. Onun sözlərinə görə, bununla onlar Azərbaycan daxilində - cəmiyyətlə dövlət, cəmiyyətlə hakimiyyət arasında etimadsızlıq mühiti yaratmağa çalışır, bu zaman təhqirlərə, böhtanlara yol verir, ictimai rəyi çaşdırmağa cəhd edirlər. Bütün bunlar xaricdən Azərbaycanın daxilinə müdaxilədir və ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Xatırladım ki, vaxtilə bu güc mərkəzləri qarayaxma kampaniyalarını həyata keçirmək üçün Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları vasitəsilə öz tərəfdaşlarına maliyyə vəsaitləri ötürürdülər. Bu, qrant formasında, guya cəmiyyət üçün faydası olan hansısa işin həyata keçirilməsini maliyyələşdirmək adı altında edilirdi. Lakin Azərbaycan dövləti sonradan müəyyən etdi ki, bu qrantların böyük hissəsi heç də təyinatı üzrə xərclənmir, daha çox siyasi məqsədlərə, siyasi qrupların fəaliyyətinə yönəldilir. Ardınca həmin qruplar vasitəsilə ölkə daxilində ictimai-siyasi sabitliyin pozulmasına, Azərbaycan dövlətinin gözdən salınmasına cəhdlər edilir”.

Qeyri-şəffaf maliyyələşmə

Ekspert qeyd edib ki, 2014-cü ildə qrant haqqında qanunvericiliyə əlavə və dəyişiklik edilib, QHT sektorunda çox böyük təftiş işi aparılıb, xaricdən ölkəmizə pulların ötürülməsi, siyasi qrupların maliyyələşməsi mexanizmi, onların əsas hədəfləri ifşa olunub: "Bundan sonra xarici güc mərkəzləri Azərbaycandakı tərəfdaşlarını ölkədən çıxarıb xaricdə yerləşdirdilər. Bu hadisədən sonra QHT fəaliyyətini maliyyələşdirmək adı altında xaricdən Azərbaycana ötürülən pullar başqa vasitələrə - internet televiziyalar yaradılmasına yönləndirildi. Bu internet televiziyalar böyük maliyyə ilə idarə olunurlar və bəlli güc mərkəzlərinin Azərbaycana qarşı əsas təbliğat vasitələrinə çevriliblər. Onların avadanlıqları, çıxış imkanları deyilənlərə əyani sübutdur. Həmin internet televiziyaları işlədənlər maliyyə mənbələri barədə heç bir açıqlama və ya hesabat vermirlər. Xaricdə işsiz-gücsüz oturub gecə-gündüz Azərbaycana qarşı təbliğat aparanların nə ilə dolandıqları, haradan qazanc əldə etdikləri, necə maliyyələşdirildikləri barədə heç bir məlumat yoxdur. Böyük ehtimalla əvvəllər qrant adı altında QHT-lər vasitəsilə müəyyən şəxslərə ödənilən pullar indi də internet televiziyalara və onları işlədənlərə ötürülür”.


Xalq öz dövlətini və hakimiyyətini qoruyur

M.Ələsgərli bildirib ki, Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricdə məskunlaşan, özlərini "siyasi mühacir”, "müxalifətçi” adlandıran, internet televiziyalar vasitəsilə ölkəmiz əleyhinə kampaniya aparan söyüş çetesi qeyri-şəffaf şəkildə maliyyələşdirilirlər: "Bu yolla bir növ Azərbaycana qarşı bəlli güclər tərəfindən açıq müharibə aparılır, terror törədilir. Lakin indiyə qədər Azərbaycana qarşı müxtəlif sahələrdə aparılan belə savaşlar öz nəticəsini vermədiyi kimi, hazırda müşahidə etdiyimiz qərəzli kampaniyalar da effekt doğurmayacaqdır. Çünki, Azərbaycan xalqı öz dövlətini və hakimiyyətini qoruyur”.

Vətəni hədəfə alıb pul qazanmağın başqa adı var

Siyasi şərhçi Elçin Alıoğlu qəzetimizə açıqlamasında deyib ki, istənilən məsələni olduğu kimi göstərmək lazımdır. Onun fikrincə, siyasi oyunlara qoşulmaq, olmayanı olan kimi göstərmək, yaxud olanı olmamış kimi demək yanlış addımdır: "Təsəvvür edin ki, orta statistik azərbaycanlı Almaniya, Belçika Finlandiya və ya Amerikaya mühacirət edir. Mühacirət çox ağır və çətin prosesdir. Mühacir olan insan ilk olaraq həmin ölkədə yenidən həyat qurmaq məcburiyyətindədir. Arxasında heç bir dəstək olmadığı üçün o, yerli vətəndaşlardan fərqli olaraq, ikiqat çalışmalı, qənaət etməli və yer tutmalıdır. Proses məşəqqətlidir. Bunu bütün mühacirlər, xaricdə yaşayanlar gözəl bilir. Fəqət bir mühacir xaricə köçürsə və sığınacaq aldıqdan az bir müddət sonra internet televiziya yaradıb dövlətinin əleyhinə fəaliyyətə başlayırsa, o zaman onlara sual oluna bilər ki, axı işləyən insan hər gün 4-5 saat kameralar qarşısında necə otura bilər? Sonradan bunu insanlara hobbi, vətənin halına yanmaq, düşünmək kimi qələmə verirlər. Buna inanmaq qəti mümkün deyil. Digər tərəfdən, o danışan insanların mimikalarına, duruşlarına, davranışlarına baxdıqda aydın olur ki, maddi maraq olmasa, onlar bir kəlmə belə söz deməzlər. Maddi marağın olmasına hardasa pis baxmaq da olmaz. Hər kəs bir bizneslə məşğul ola bilər. Amma xalqın adından danışaraq, insanlara ağıl öyrətməyə çalışıb, psevdo demokratik şüarlar səsləndirib, hədyanlar deyib Azərbaycanı hədəfə alıb pul qazanmağın başqa adı var. Bu ad əlbəttə ki, blogerlik deyil”.


Ruhi, mənəvi cəhətdən şikəst olanlar

Siyasi şərhçi əminliklə bildirib ki, müxtəlif xarici ölkələrə sığınaraq Azərbaycanı hədəfə alan ayrı-ayrı şəxslər eyni mərkəzdən idarə olunurlar: "Həmin insanların ritorikasına fikir verdikdə onların eyni mərkəzdən ustalıqla idarə olunduğunu görmək olar. Həmin şəxslər xəbərlərlə, texniki vasitələrlə təmin olunur, qarantlar adı ilə ciddi maliyyə dəstəyi alırlar. Onların müxtəlif səpkili paylaşımları çoxsaylı platformalarda, "Youtube” kanalında daha tez görünməsi, trendə düşməsi üçün reklamlar edilir, bu reklamlara külli miqdarda maliyyə vəsaiti xərclənir. Adi mühacirdə bu qədər vəsait haradandır? Axı o, oliqarx, ölkədən qaçmış milyonçu deyil. Hətta hansısa ölkədən qaçan bir milyonçu da heç zaman açıq şəkildə belə fəaliyyətlə məşğul olmur. Dünyanın heç bir yerində ölkəsini tərk edən mühacir siyasi ambisiyalar adı ilə ölkəsini aşağılamağa çalışmır. Ən azı o, həmin ölkənin vətəndaşıdır və ya vətəndaşı olub. Bunun əksini edənlərin davranışı natamamlıq, kiməsə xidmət edərək özünü daha yaxşı göstərmək kompleksidir. Əgər bunu ruhi, mənəvi cəhətdən şikəst olan Leyla Yunus edirsə, ona sözüm yoxdur. Lakin gənclərin leyla yunuslar və digərlərinə aldanaraq ortaya özlərini deyil, əqidələrini qoymaq istəmələri təhlükəli prosesdir. Bu, şəbəkələşmiş məsələdir. Onlara külli miqdarda maliyyə ayrıldığına şübhə yoxdur. Düşünürəm ki, bunun qarşısını onların dilində deyil, arqumentli, konstruktiv məcrada cavab verməklə almaq lazımdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər