“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilir - Fotolar
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin yaranmasının 80 illiyinə həsr
olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika
elmi-praktik konfransı işə başlayıb. İki gün davam edəcək konfransın plenar
iclasında çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan
Abdullayev konfransın xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr
olunduğunu bildirib və onun əhəmiyyətindən bəhs edib. O, Azərbaycan
Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun illik hesabatından sitat gətirərək
müasir dövrdə iş tapmaq üçün öz ixtisasını dərindən bilmək, informasiya
texnologiyalarından istifadə etmək və ən az iki xarici dil bilmək kimi vacib
komponentləri diqqətə çatdırıb.
"Dil bilmək insana bir çox sahələrdə kömək edir” - deyən
Ə.Abdullayev müasir dövrdə dil öyrənmənin forma və metodlarının dəyişməsindən
söz açıb. O, ADU-nun Azərbaycanda ənənəvi dil sahəsində ilk müəllim hazırlayan
ali təhsil müəssisəsi olduğunu ön plana çəkib və universitetin tələbələrinin
bir çox xüsusiyyətlərinə görə digər ali məktəb tələbələrindən fərqləndiyini
bildirib. Konfransın əsas məqsədinin qloballaşma dövrü prizmasından dil tədrisinin
aktual məsələlərinin müzakirə edilməsi olduğunu söyləyən Ə.Abdullayev hər il bu
konfransı təşkil edərkən xarici dilin necə tədris edilməsi və tələbələrə nəyin
təlqin olunması kimi məsələlər haqqında müzakirələr aparıldığını və bunun müxtəlif
formalarda ən optimal variantlarının axtarıldığını vurğulayıb.
Plenar iclasda ADU-nun
Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli "Dilöyrətmədə anlam
konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova isə "Qeyri-ixtisas fakültələrində
"İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzusunda məruzə
ilə çıxış ediblər.
Qeyd edək ki, "Xarici
dillərin tədrisi və İKT”, "Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik”,
"Müasir linqvistik paradiqmlər və xarici dillərin tədrisi”, "Təlim materialının
mənimsənilməsi psixolinqvistik problem kimi” adlı 4 bölmədə keçirilən
konfransda ümumilikdə 197 məruzə dinləniləcək. Plenar iclasdan sonra konfrans
öz işini bölmə iclaslarında davam etdirir. Konfransın yekununda isə bölmə rəhbərlərinin
hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.