• şənbə, 20 Aprel, 12:39
  • Baku Bakı 23°C

Xaricdən gələn pullar heç bir xeyirxah ideyalara xidmət etmir

03.09.14 11:02 1290
Xaricdən gələn pullar heç bir xeyirxah ideyalara xidmət etmir
Prezident İlham Əliyevin Beyləqanda olarkən rayon gəncləri və ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Ölkə başçısı bir sıra məsələlər haqda danışaraq gəncləri ehtiyatlı olmağa, xarici qüvvələrin toruna düşməməyə çağırmışdı. Onun toxunduğu məsələlərdən biri də xarici donorların ölkəmizdə fəaliyyət göstərən müəyyən QHT-lərə maliyyə vəsaiti ayırması haqda idi. Prezident bu cür qrantların qaranlıq məqsədlərə xidmət etdiyini, hətta bəzən bu pulların müəyyən partiyaların saxlanmasına xidmət etdiyini qeyd etmişdi. Bu haqda fikirlərini öyrəndiyimiz şəxslər də birmənalı mövqe sərgiləyərək belə halların yolverilməz olduğunu, dövlətçilik işində neqativ məqamlara yol açdığını dedilər. Bildirdilər ki, xaricdən gələn pullar heç də yaxşı niyyətlə göndərilmir.
Millət vəkili Zahid Oruc qəzetimizə açıqlamasında bildirdi ki, prezident hər zaman ölkə üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxunur. Əgər o, belə hallar haqda danışıbsa, deməli, artıq müəyyən narahatlıq keçirib: “Hesab edirəm ki, bu bəyanatları dinləyən istənilən insan Azərbaycan ətrafında mürəkkəb proseslərin cərəyan etdiyini anlayır. Müxtəlif dairələrdən edilən basqıların başlıca səbəbi bu ölkənin malik olduğu təbii sərvətlərin ələ keçirilməsidir. İkincisi isə, istəyirlər ki, müstəqilliyimiz formal xarakter daşısın və Azərbaycan quberniya statusuna salınsın. Hesab edirlər ki, ölkəmizlə bağlı bütün qərarlar kənardan verilməlidir. Amma bizə qarşı aparılan qarayaxma kampaniyalarının heç bir nəticəsi olmayacaq. Liderimiz də məhz bunun üçün çalışır”.
Z.Orucun fikrincə, xaricdən nə qədər maliyyə axını gəlsə də, müxalifət heç nə əldə edə bilməyəcək: ““Unikal” forma tapıblar. Guya, Azərbaycan vətəndaşlarının narahatlığı və narazılığı əsasında dövlətin əleyhinə iş aparırlar. Düşünürlər ki, hakimiyyət deyil, “rejim” ifadəsini söyləməklə onlara daha çox xarici himayədar pul ayıracaq. Onlar silahlarına demokratiya, insan hüquqları adı qoyurlar. Mahiyyətə varanda isə əsl həqiqətin nə olduğunu anlamaq çətin deyil. İlham Əliyevin xarakterinə, onun dünyaya baxışına, idarəçilik üslubuna bələd olanlar bilirlər ki, prezidentimiz çox zaman rəqib cinahın fəaliyyətini nəzərə almadan özünün əsas seçdiyi strateji yolla addımlayır. Bəzən keçmiş əleyhdarlar məhz bu məqamlara görə həqiqəti etiraf etməyə məcbur olublar. Əgər artıq belə məsələlər haqda nəsə danışılırsa, deməli, güclü zərurət yaranıb və deyilənlərlə bağlı ciddi faktlar mövcuddur. Partiyaların QHT-lər vasitəsi ilə, üçüncü sektor yolu maliyyələşdirilməsi dövlətin və mili maraqların əleyhinə olan bir işdir. Prezident haqlı olaraq xatırlatdı ki, onlar keçmişdə iflasa uğrayıblar. Dövlət başçımız çox diqqətli davranır, ölçülüb-biçilmiş qərarlar verir. Onu təqdir etməyənlərə Yanukoviçin fəaliyyətini xatırlatmaq istəyirəm. Ukrayna dövləti də, xalqı da qanlı səhifələr yaşadı və çox böyük itkilər verdi”.
Müsahibimiz vurğuladı ki, siyasi fəaliyyət şəffaf olmalıdır: “Bütün partiyalar maliyyə mənbəyini ortaya qoymalı, cəmiyyət qarşısında hesabat verməlidirlər. Əgər müxalifət hakimiyyətdən istənilən məsələ ilə bağlı hesabat istəyirsə, özləri də dediklərinə əməl etməlidirlər. Məsələn, Əli Kərimli illərdir özü və ailə üzvlərinin hər hansı bir mənbədən pul almadıqlarını deyir. Lakin oğlu Britaniyanın ünlü universitetlərindən birində təhsil alır. O, orada necə oxuyur? Həmin vəsaitlər kimin hesabına ödənilir? Qoy Əli Kərimli bu suallara cavab versin. Məlumdur ki, elə universitetlərin illik ödənişi orta statistik azərbaycanlının bir illik qazancından qat-qat yüksəkdir. Bizim işimiz hər hansı bir müxalifətçinin pulun saymaq deyil. Onların da fəaliyyətinin məğzi hakimiyyətin xərclədiyi pulları saymaq olmamalıdır. Siyasi mübarizə ölkə vətəndaşlarına söykənərək aparılmalıdır. Xaricdən gələn pullar heç də xeyirxah ideyalara xidmət etmir. Təəssüf ki, əsir düşmüş azərbaycanlıların evə dönüşü üçün heç bir manat da qrant ayırmayıblar. Deməli, doğrudan da, yalnız onlara xidmət edənlərə pul verirlər. Aydın məsələdir ki, bunun qarşılığında nəsə tələb edirlər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bütün siyasi partiyalardan mübarizəni qanuni yollarla aparmağı tələb etməlidir”.
CASCFEN sədri Azər Həsrət də söylədi ki, son vaxtlar gedən proseslər bir daha qrantlar hesabına işləyən, yaşayan, dolanan insanların Azərbaycanın maraqlarına zidd hərəkətlərə yol verdiklərini göstərdi: “Bu məsələ hətta o həddə çatdı ki, Ermənistanla Azərbaycan arasındakı münasibətləri sülh kontekstində qurmaq üçün pullar ayırdılar. Qrant ayıranlar bir növ, Azərbaycanın sülhə, güzəştə getməli olduğunu söyləyirdilər. Görünür, bu, xaricdən qidalanan insanların qarşısına qoyulan əsas tapşırıq imiş. Onlar Azərbaycan ictimaiyyətini yavaş-yavaş Ermənistana güzəştlərə hazırlamaq istəyirlər. Ona görə də prezidentin bu cür məsələlərə həssas yanaşmasını vaxtında atılmış lazımlı addım hesab edirəm. Hamı bilməlidir ki, ölkəmiz xarici donorların yönəltdiyi insanlar tərəfindən idarə olunmur. Azərbaycan müstəqil dövlətdir və onun ağıllı rəhbəri var. Təbii ki, belə bir dövlətə xarici təsirlər, təzyiqlər olacaq. Əsas odur ki, belə halların qarşısı alınır və alınacaq”.
Partiyaların beynəlxalq təşkilat və xarici donorlardan gələn pullar hesabına maliyyələşməsi məsələsinə də toxunan A.Həsrət bəzi partiyaların belə vəsaiti dolayı yolla aldıqlarını dedi: “QHT-lərin hesabına pul köçürülməsində qeyri-qanuni heç nə yoxdur. Amma bəzən partiya funksionerləri bu və ya digər adlar altında QHT-çi kimi fəaliyyət göstərir. Müəyyən QHT-lərə ayrılan pullar faktiki olaraq partiyanın, yaxud da ki, partiya funksionerlərinin maliyyələşməsinə xərclənir. Ona görə də həmin pulların xərclənməsində şəffaflıq olmalı, nəyə, haraya xərclənməsi haqda məlumatlar ictimaiyyətə çatdırılmalıdır. Bəzən sonradan müəyyən təşkilatların böyük məbləğdə maliyyə aldığını öyrənmiş oluruq. Halbuki bu haqda mətbuatda nə bir xəbərə, nə də informasiyaya rast gəlmişdik. Onlar pulu ictimai faydalı işlərə xərclədiklərini deyirlər. Amma ictimaiyyətin bundan xəbəri olmur. Ona görə də belə nəticə çıxır ki, pullar dolayısı ilə partiyaların və ya partiyanın başında duran funksionerlərin maliyyələşdirilməsinə xidmət edir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər