Xaricdəki soydaşlarımız Novruz bayramını necə keçirəcək?
Elimizə,
obamıza, yurdumuza Bahar gəlir. Novruz bayramı baharın müjdəçisidir. Hər bir
ailədə Novruz bayramı üçün hazırlıq işləri görülür. Süfrələrimiz təbiətin bizə
bəxş etdiyi ən ləziz təamlar ilə bəzədilir.Yeni
həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan,
bayramların ən seviləni olan Novruz bayramı nəinki ölkə daxilində, dünyanın
müxtəlif yerlərində yaşayan həmyerlilərimiz tərəfindən də böyük həvəslə qarşılanır.
Qürbətdə yaşan vətəndaşlarımızla bayramqabağı söhbət etdik. Onlardan bayrama
necə hazırlaşdıqlarını xəbər aldıq. Aydın oldu ki, həmyerlilərimiz bolluq,
bərəkət, təmizlik, saflıq, ən əsası da barış rəmzi olan Novruzun gəlişini
səbirsizliklə gözləyir və bu günə hazırlaşırlar.
"Uşaqları sevindirəcəyik”
Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın
Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bizimlə söhbətində Novruz
bayramı ilə bağlı 25 martda Fransadakı səfirliyimizin dəstəyi ilə uşaqlar üçün
nəzərdə tutulmuş Novruz şənliyi təşkil edəcəklərini bildirdi: "Parisdə
fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən milli bayramımızı,
adət-ənənələri özündə əks etdirəcək səhnəcik təqdim olunacaq. Tədbirin əsas
məqsədi vətəndən uzaqda yaşayan kiçik həmvətənlərimizə Novruz əhval-ruhiyyəsini
yaşamaqla bərabər, öz adət-ənənələrimizin nəsildən nəslə ötürülməsini təmin
etməkdir. Tədbirdə azərbaycanlı uşaqlarla yanaşı, fransız uşaqlar da iştirak
edəcəklər”.
"Hər Novruz
bayramında vətənim üçün daha çox darıxıram”
Misirdəki Azərbaycan diasporunun
rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov bayram təəssüratlarını
bizimlə bölüşdü. Bildirdi ki, Novruz bayramı Azərbaycanın ən böyük və özəl
bayramlarındandır. Onu qeyd etməməyi qəbahət hesab edir: "Novruza "bahar
bayramı” deyirəm. Sevimli fəslim bahar hər il yaxınlaşmağa başlayanda, mən
Azərbaycan üçün daha çox darıxmağa başlayıram. Bildiyiniz kimi, bizim bölgələr
çox səfalıdır. Ümumiyyətlə, Azərbaycan çox səfalı bir diyardır. Xüsusən də
bahar fəslində hər tərəf güllü-çiçəkli, yamyaşıl olur, insana həddindən artıq
xoş ovqat bəxş edir. Biz Misirin ən böyük universitetində, eyni zamanda da
diaspor mərkəzimizdə Azərbaycan dilini tədris edirik. Burada sadəcə Azərbaycan
dilini tədris etmirik, eyni zamanda, Azərbaycanın mədəniyyətini təbliğ edirik.
Bunun da ən önəmli təzahüründən biri bahar bayramıdır. İstər mən, istərsə də
digər müəllimlərimiz 500-dən çox tələbəyə Novruz adət-ənənələri ilə bağlı geniş
məlumatlar veririk. Ayın 13-də tələbələrimizlə və səfirliyimizlə birlikdə
tədbir keçirəcəyik. Misirin Təhsil Nazirliyi tərəfindən dəvət olunmuş müxtəlif
ölkələrin tələbələri arasında Azərbaycanı tanıtdıracağıq. Adət-ənənələrimizi,
milli geyimləri, eyni zamanda mətbəximizi təqdim edəcəyik. Ayın 14-də
səfirliyimizdə diaspor ilə birlikdə tədbirimiz olacaq. 15-də isə Novruz bayramı
ilə bağlı bizim diaspora mərkəzində tədbirimiz keçiriləcək”.
S.Nəsirov
bu tip tədbirlər vasitəsi ilə Misirdə həm azərbaycanlıları bir araya gətirdiklərini,
həm də söhbət edib, xatirələrini paylaşdıqlarını deyir: "Burda dünyaya gəlmiş
azərbaycanlıların da vətənimizin adət-ənənələrini unutmaması üçün bu tədbirləri
keçirməyi vacib bilirik. Eyni zamanda, azərbaycanlılar arasında əlaqələrin daha
da möhkəmləndirilməsinə xidmət etmiş oluruq. Bütün Azərbaycan xalqımın Novruz
bayramını təbrik edirik”.
"Könül Kərimova
və Cabbar Musayevi bayram şənliyinə dəvət etmişik”
Nyu York Azərbaycan Evi və Nyu York
Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Münəvvər Vahabova da bu bayramı xüsusi qeyd
edir. Deyir ki, dünyanın o başında yaşasa belə, adətlərimizi və milli
bayramlarımızı unutmur və unutdurmur: "Dünyanın hansı bir ölkəsində yaşasaq da,
öz mentalitetimizi, adət-ənənələrimizi, kimliyimizi, tariximizi, mədəniyyətimizi,
bir sözlə, soykökümüzü unutmamalıyıq. Biz də Amerika Birləşmiş Ştatlarının Nyu
York şəhərində yaşayan azərbaycanlılar olaraq bu ənənəni hər zaman yaşadırıq.
İlk çərşənbə axşamından başlayaraq bütün çərşənbələri və sevimli bayramımız
Novruzu yüksək səviyyədə qeyd edirik. Tonqalın üzərindən də atlanırıq, səməni
də cücərdirik, xonça düzəldib süfrəmizi də bəzəyirik. Yaşadığın məkanın heç bir
fərqi yoxdur, yetər ki, daxilində, ruhunda Azərbaycançılıq meyarı olsun.
Baxmayaraq vətəndən uzaqda yaşayırıq, evimizdə 82 yaşlı anam İsmət xanımın
qayğısı ilə səmənilər cücərir. Yumurtalar boyayır, şəkərbura, paxlava, qoğal, badambura
bişirib, xonçalar hazırlayırıq”.
Novruz
bayramına xüsusi hazırlaşan Münəvvər xanım deyir ki, bahar fəslini sevir. Çünki
bu fəsildə həyatın canlanması müşahidə edilir: "Dünyada bir çox xalqlar yeni
ili müxtəlif tarixlərdə qeyd edirlər. Məsələn, çinlilər fevral ayında, yəhudilər
sentyabr ayında və s. Ancaq bizim yeni ilimiz, yeni günümüz yaz fəslinə təsadüf
edir. Bu fəsil təbiətin ən gözəl fəslidir və yeni gün üçün də ən uyğun
zamandır. Biz, Azərbaycan Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi
olaraq xalqımızın bu milli bayramını hər il yüksək səviyyədə, həmvətənlərimizin
əhatəsində, milli musiqi sədaları altında, milli mətbəximizin dadlı təamları
ilə keçiririk. Bu ilki Novruz bayramımız daha əlamətdar qeyd olunacaq. Bakıdan
gözəl musiqiçilərimiz Könül Kərimova və istedadlı bəstəkar, ifaçı Cabbar
Musayev bizə qonaq olacaqlar. Artıq onlar Nyu Yorkdadırlar və konsert
hazırlıqları gedir. Əminəm ki, bu ilki Novruz bayramımız daha möhtəşəm keçəcək.
Mənə verilən bu fürsətdən istifadə edərək bütün müsəlman aləminin, doğma vətənimizdə
və bütün dünyada yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm.
Vətənimizə əmin-amanlıq, sülh, açıq səma, torpaqlarımızın ən qısa zamanda azad
olunmasını arzulayıram. Novruz bayramınız mübarək!”
Novruzda arzu və
dualar önəmlidir
Qırğızıstandakı TÜRKEL Media Holdinqin baş redaktoru,
filologiya elmləri namizədi Ramiz Məşədihəsənli deyir ki, soydaşlarımız Azərbaycanda,
Borçalıda, Güney Azərbaycanda, Göyçədə, Ağbabada bayramı necə keçiriblərsə, Ulu
Türküstanda yaşayan soydaşlarımız tərəfindən də Novruz heç fərqi olmadan, bir
az da artıqlaması ilə qeyd olunur: "Öncə, baş redaktoru olduğum Almatı və
Bişkek mərkəzli TÜRKEL Media Holdinqimiz adından sizin vasitənizlə xalqımızı
əziz və müqəddəs bayramımız münasibətilə ürəkdən təbrik edirəm. Bu qədim bayramımız
harada yaşamasından asılı olmayaraq, yurddaşlarımızın əsrlər boyu nəsildən
nəslə ötürərək qoruyub saxladığı dəyərlərdən biridir. Əsrlər boyu Novruzu
ulularımız necə qeyd etmişlərsə, bu gün də yeni günümüzün, ruhumuzun
təzələnməsinin rəmzi sayılan bayramı eynilə keçiririk.
Ulu
Türküstan elində - Qazaxıstan, Qırğızıstan və Özbəkistanda məskunlaşan
soydaşlarımız da hər birinin evində bir neçə səməni olmaqla, bu rəmzlərlə
Novruz hazırlığına başlayırlar. Çərşənbələrimiz də öz yerində. Tarixi vətənimizdəki
kimi, şirniyyatlar bişirilir, insanlar bir-birinə qonaq gedərək xoş arzularını
çatdırmağa, təbrikə tələsirlər. Hətta soydaşlarımızın qonum-qonşuları da
intizar və səbirsizliklə Novruzun gəlişini gözləyirlər. Bolluq, bərəkət,
təmizlik, saflıq, ən əsası da barış bayramı olan Novruzun gəlişi bütün
türksoylularımız üçün əsil dostluq, birlik və həmrəyliyə çevrilir”.
R.Məşədihəsənli
diqqətimizə çatdırdı ki, onlardan sonra daha təmtəraqlı Novruz bayramı özbək
türklərində keçirilir: "Onlarda sümelek bişirmə adəti də Novruzun ən başlıca
atributu hesab olunur. Novruz bayramından bir gün öncə geniş bir meydanda yaşlı
nənələr böyük qazan başına yığışar, sıra ilə halva kürəkləri ilə qarışdıraraq
bişirərlər. Bütün qonaqlara sümelek, kök samsa, halim, özbək plovu verərlər. Bu
bayramda ilk növbədə arzular və dualar önəmlidir. Biz də xaricdəki Azərbaycan
icmasının bir parçası olaraq, torpaqlarımızın tezliklə işğaldan azad
olunmasını, ölkəmizdə əmin-amanlığın, bolluq və bərəkətin, birliyin, sabitliyin
hökm sürməsini diləyir, dövlət başçısı İlham Əliyevin ətrafında xalqımızın sıx
birləşərək vətənimizin xoş gələcəyi naminə çalışmasını arzu edirik”.
Novruz Hyustonda
da qeyd olunacaq
Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının
prezidenti və "Azərbaycan mərkəzi”nin direktoru İradə Axundova bildirir ki, hər il Novruz
bayramını xüsusi qeyd edirlər və bayrama bir neçə həftə əvvəldən hazırlaşırlar:
"Novruz bizim ən sevimli bayramlarımızdan biridir. Bayrama az qalmış yığışıb
şirniyyatlar bişiririk, buranın vətəndaşlarına öz şirniyyatlarımızı təqdim
edirik. Onları Novruz bayramı haqqında məlumatlandırırıq”.
İradə
xanım sözlərinə onu da əlavə etdi ki, martın 18-də Hyustonda Novruz bayramı ilə
bağlı türkdilli xalqların bayram tədbiri keçiriləcək.
"Valideynlərimiz
bayram adət-ənənələrini bizə aşılayıb”
İctimai Gənclər Təşkilatının sədri, Qafqaz
Milli Mədəniyyət Mərkəzinin və Ukraynada "Qafqaz” rəqs məktəbinin rəhbəri Nicat
Mirzəyev hər
il Novruz bayramını xüsusi qeyd etdiklərini söylədi: "Azərbaycandakı kimi olmasa
da, bura üçün yüksək səviyyədə keçiririk. Təbii ki, öz vətənimizdə ab-hava
başqadır. Ukraynada Novruzu bizimlə bərabər türkdilli ölkələrin vətəndaşları da
qeyd edir. Azərbaycanın xüsusi və özəl günlərini Ukraynada Azərbaycan diasporu, səfirliyi xüsusi qeyd
edir və bunun üçün bir sıra konsert, proqramlar təşkil edirlər. Şəhər meri
türkdilli ölkələrin bayramlarını qeyd etmələri üçün xüsusi konsert zalı ayırır
ki, bu məkanda biz öz tədbirlərimizi keçiririk”.
N.Mirzəyev
ailələrində hər il bu bayramı təmtəraqla qeyd etdiklərini deyir: "Azərbaycanda
Novruz bayramı necə qeyd edilirsə, biz də bayramı elə keçiririk.
Valideynlərimiz bayram adət-ənənələrini bizə aşılayıb. Biz də bu ənənələrimizi
yaşatmağa çalışırıq. Evimizdə hər il bayram ənənəsinə uyğun şirniyyatlar
bişirilir, səməni cücərdilir. Bayramdan öncə hazırlıqlar görülür, tonqal
qalayıb üzərindən tullanırıq, yumurta boyayırıq, qohumlarla bir yerə yığışırıq”.
Xəyalə
Rəis