• çərşənbə axşamı, 19 mart, 15:22
  • Baku Bakı 8°C

Xaricdəki soydaşlarımız Novruz bayramını necə keçirəcək?

14.03.18 09:30 3442
Xaricdəki soydaşlarımız Novruz bayramını necə keçirəcək?
Elimizə, obamıza, yurdumuza Bahar gəlir. Novruz bayramı baharın müjdəçisidir. Hər bir ailədə Novruz bayramı üçün hazırlıq işləri görülür. Süfrələrimiz təbiətin bizə bəxş etdiyi ən ləziz təamlar ilə bəzədilir.Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramı nəinki ölkə daxilində, dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz tərəfindən də böyük həvəslə qarşılanır. Qürbətdə yaşan vətəndaşlarımızla bayramqabağı söhbət etdik. Onlardan bayrama necə hazırlaşdıqlarını xəbər aldıq. Aydın oldu ki, həmyerlilərimiz bolluq, bərəkət, təmizlik, saflıq, ən əsası da barış rəmzi olan Novruzun gəlişini səbirsizliklə gözləyir və bu günə hazırlaşırlar.

"Uşaqları sevindirəcəyik”
Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bizimlə söhbətində Novruz bayramı ilə bağlı 25 martda Fransadakı səfirliyimizin dəstəyi ilə uşaqlar üçün nəzərdə tutulmuş Novruz şənliyi təşkil edəcəklərini bildirdi: "Parisdə fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən milli bayramımızı, adət-ənənələri özündə əks etdirəcək səhnəcik təqdim olunacaq. Tədbirin əsas məqsədi vətəndən uzaqda yaşayan kiçik həmvətənlərimizə Novruz əhval-ruhiyyəsini yaşamaqla bərabər, öz adət-ənənələrimizin nəsildən nəslə ötürülməsini təmin etməkdir. Tədbirdə azərbaycanlı uşaqlarla yanaşı, fransız uşaqlar da iştirak edəcəklər”.

"Hər Novruz bayramında vətənim üçün daha çox darıxıram”
Misirdəki Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov bayram təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, Novruz bayramı Azərbaycanın ən böyük və özəl bayramlarındandır. Onu qeyd etməməyi qəbahət hesab edir: "Novruza "bahar bayramı” deyirəm. Sevimli fəslim bahar hər il yaxınlaşmağa başlayanda, mən Azərbaycan üçün daha çox darıxmağa başlayıram. Bildiyiniz kimi, bizim bölgələr çox səfalıdır. Ümumiyyətlə, Azərbaycan çox səfalı bir diyardır. Xüsusən də bahar fəslində hər tərəf güllü-çiçəkli, yamyaşıl olur, insana həddindən artıq xoş ovqat bəxş edir. Biz Misirin ən böyük universitetində, eyni zamanda da diaspor mərkəzimizdə Azərbaycan dilini tədris edirik. Burada sadəcə Azərbaycan dilini tədris etmirik, eyni zamanda, Azərbaycanın mədəniyyətini təbliğ edirik. Bunun da ən önəmli təzahüründən biri bahar bayramıdır. İstər mən, istərsə də digər müəllimlərimiz 500-dən çox tələbəyə Novruz adət-ənənələri ilə bağlı geniş məlumatlar veririk. Ayın 13-də tələbələrimizlə və səfirliyimizlə birlikdə tədbir keçirəcəyik. Misirin Təhsil Nazirliyi tərəfindən dəvət olunmuş müxtəlif ölkələrin tələbələri arasında Azərbaycanı tanıtdıracağıq. Adət-ənənələrimizi, milli geyimləri, eyni zamanda mətbəximizi təqdim edəcəyik. Ayın 14-də səfirliyimizdə diaspor ilə birlikdə tədbirimiz olacaq. 15-də isə Novruz bayramı ilə bağlı bizim diaspora mərkəzində tədbirimiz keçiriləcək”.

S.Nəsirov bu tip tədbirlər vasitəsi ilə Misirdə həm azərbaycanlıları bir araya gətirdiklərini, həm də söhbət edib, xatirələrini paylaşdıqlarını deyir: "Burda dünyaya gəlmiş azərbaycanlıların da vətənimizin adət-ənənələrini unutmaması üçün bu tədbirləri keçirməyi vacib bilirik. Eyni zamanda, azərbaycanlılar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmiş oluruq. Bütün Azərbaycan xalqımın Novruz bayramını təbrik edirik”.
"Könül Kərimova və Cabbar Musayevi bayram şənliyinə dəvət etmişik”
Nyu York Azərbaycan Evi və Nyu York Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Münəvvər Vahabova da bu bayramı xüsusi qeyd edir. Deyir ki, dünyanın o başında yaşasa belə, adətlərimizi və milli bayramlarımızı unutmur və unutdurmur: "Dünyanın hansı bir ölkəsində yaşasaq da, öz mentalitetimizi, adət-ənənələrimizi, kimliyimizi, tariximizi, mədəniyyətimizi, bir sözlə, soykökümüzü unutmamalıyıq. Biz də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yaşayan azərbaycanlılar olaraq bu ənənəni hər zaman yaşadırıq. İlk çərşənbə axşamından başlayaraq bütün çərşənbələri və sevimli bayramımız Novruzu yüksək səviyyədə qeyd edirik. Tonqalın üzərindən də atlanırıq, səməni də cücərdirik, xonça düzəldib süfrəmizi də bəzəyirik. Yaşadığın məkanın heç bir fərqi yoxdur, yetər ki, daxilində, ruhunda Azərbaycançılıq meyarı olsun. Baxmayaraq vətəndən uzaqda yaşayırıq, evimizdə 82 yaşlı anam İsmət xanımın qayğısı ilə səmənilər cücərir. Yumurtalar boyayır, şəkərbura, paxlava, qoğal, badambura bişirib, xonçalar hazırlayırıq”.


Novruz bayramına xüsusi hazırlaşan Münəvvər xanım deyir ki, bahar fəslini sevir. Çünki bu fəsildə həyatın canlanması müşahidə edilir: "Dünyada bir çox xalqlar yeni ili müxtəlif tarixlərdə qeyd edirlər. Məsələn, çinlilər fevral ayında, yəhudilər sentyabr ayında və s. Ancaq bizim yeni ilimiz, yeni günümüz yaz fəslinə təsadüf edir. Bu fəsil təbiətin ən gözəl fəslidir və yeni gün üçün də ən uyğun zamandır. Biz, Azərbaycan Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi olaraq xalqımızın bu milli bayramını hər il yüksək səviyyədə, həmvətənlərimizin əhatəsində, milli musiqi sədaları altında, milli mətbəximizin dadlı təamları ilə keçiririk. Bu ilki Novruz bayramımız daha əlamətdar qeyd olunacaq. Bakıdan gözəl musiqiçilərimiz Könül Kərimova və istedadlı bəstəkar, ifaçı Cabbar Musayev bizə qonaq olacaqlar. Artıq onlar Nyu Yorkdadırlar və konsert hazırlıqları gedir. Əminəm ki, bu ilki Novruz bayramımız daha möhtəşəm keçəcək. Mənə verilən bu fürsətdən istifadə edərək bütün müsəlman aləminin, doğma vətənimizdə və bütün dünyada yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Vətənimizə əmin-amanlıq, sülh, açıq səma, torpaqlarımızın ən qısa zamanda azad olunmasını arzulayıram. Novruz bayramınız mübarək!”
Novruzda arzu və dualar önəmlidir
Qırğızıstandakı TÜRKEL Media Holdinqin baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli deyir ki, soydaşlarımız Azərbaycanda, Borçalıda, Güney Azərbaycanda, Göyçədə, Ağbabada bayramı necə keçiriblərsə, Ulu Türküstanda yaşayan soydaşlarımız tərəfindən də Novruz heç fərqi olmadan, bir az da artıqlaması ilə qeyd olunur: "Öncə, baş redaktoru olduğum Almatı və Bişkek mərkəzli TÜRKEL Media Holdinqimiz adından sizin vasitənizlə xalqımızı əziz və müqəddəs bayramımız münasibətilə ürəkdən təbrik edirəm. Bu qədim bayramımız harada yaşamasından asılı olmayaraq, yurddaşlarımızın əsrlər boyu nəsildən nəslə ötürərək qoruyub saxladığı dəyərlərdən biridir. Əsrlər boyu Novruzu ulularımız necə qeyd etmişlərsə, bu gün də yeni günümüzün, ruhumuzun təzələnməsinin rəmzi sayılan bayramı eynilə keçiririk.

Ulu Türküstan elində - Qazaxıstan, Qırğızıstan və Özbəkistanda məskunlaşan soydaşlarımız da hər birinin evində bir neçə səməni olmaqla, bu rəmzlərlə Novruz hazırlığına başlayırlar. Çərşənbələrimiz də öz yerində. Tarixi vətənimizdəki kimi, şirniyyatlar bişirilir, insanlar bir-birinə qonaq gedərək xoş arzularını çatdırmağa, təbrikə tələsirlər. Hətta soydaşlarımızın qonum-qonşuları da intizar və səbirsizliklə Novruzun gəlişini gözləyirlər. Bolluq, bərəkət, təmizlik, saflıq, ən əsası da barış bayramı olan Novruzun gəlişi bütün türksoylularımız üçün əsil dostluq, birlik və həmrəyliyə çevrilir”.
R.Məşədihəsənli diqqətimizə çatdırdı ki, onlardan sonra daha təmtəraqlı Novruz bayramı özbək türklərində keçirilir: "Onlarda sümelek bişirmə adəti də Novruzun ən başlıca atributu hesab olunur. Novruz bayramından bir gün öncə geniş bir meydanda yaşlı nənələr böyük qazan başına yığışar, sıra ilə halva kürəkləri ilə qarışdıraraq bişirərlər. Bütün qonaqlara sümelek, kök samsa, halim, özbək plovu verərlər. Bu bayramda ilk növbədə arzular və dualar önəmlidir. Biz də xaricdəki Azərbaycan icmasının bir parçası olaraq, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını, ölkəmizdə əmin-amanlığın, bolluq və bərəkətin, birliyin, sabitliyin hökm sürməsini diləyir, dövlət başçısı İlham Əliyevin ətrafında xalqımızın sıx birləşərək vətənimizin xoş gələcəyi naminə çalışmasını arzu edirik”.
Novruz Hyustonda da qeyd olunacaq
Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və "Azərbaycan mərkəzi”nin direktoru İradə Axundova bildirir ki, hər il Novruz bayramını xüsusi qeyd edirlər və bayrama bir neçə həftə əvvəldən hazırlaşırlar: "Novruz bizim ən sevimli bayramlarımızdan biridir. Bayrama az qalmış yığışıb şirniyyatlar bişiririk, buranın vətəndaşlarına öz şirniyyatlarımızı təqdim edirik. Onları Novruz bayramı haqqında məlumatlandırırıq”.
İradə xanım sözlərinə onu da əlavə etdi ki, martın 18-də Hyustonda Novruz bayramı ilə bağlı türkdilli xalqların bayram tədbiri keçiriləcək.

"Valideynlərimiz bayram adət-ənənələrini bizə aşılayıb”
İctimai Gənclər Təşkilatının sədri, Qafqaz Milli Mədəniyyət Mərkəzinin və Ukraynada "Qafqaz” rəqs məktəbinin rəhbəri Nicat Mirzəyev hər il Novruz bayramını xüsusi qeyd etdiklərini söylədi: "Azərbaycandakı kimi olmasa da, bura üçün yüksək səviyyədə keçiririk. Təbii ki, öz vətənimizdə ab-hava başqadır. Ukraynada Novruzu bizimlə bərabər türkdilli ölkələrin vətəndaşları da qeyd edir. Azərbaycanın xüsusi və özəl günlərini Ukraynada Azərbaycan diasporu, səfirliyi xüsusi qeyd edir və bunun üçün bir sıra konsert, proqramlar təşkil edirlər. Şəhər meri türkdilli ölkələrin bayramlarını qeyd etmələri üçün xüsusi konsert zalı ayırır ki, bu məkanda biz öz tədbirlərimizi keçiririk”.

N.Mirzəyev ailələrində hər il bu bayramı təmtəraqla qeyd etdiklərini deyir: "Azərbaycanda Novruz bayramı necə qeyd edilirsə, biz də bayramı elə keçiririk. Valideynlərimiz bayram adət-ənənələrini bizə aşılayıb. Biz də bu ənənələrimizi yaşatmağa çalışırıq. Evimizdə hər il bayram ənənəsinə uyğun şirniyyatlar bişirilir, səməni cücərdilir. Bayramdan öncə hazırlıqlar görülür, tonqal qalayıb üzərindən tullanırıq, yumurta boyayırıq, qohumlarla bir yerə yığışırıq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər