• çərşənbə, 24 Aprel, 11:01
  • Baku Bakı 13°C

Xaricdə yaşayan həmyerlilərimiz özəlləşdirməyə cəlb edilir

20.08.16 11:27 1379
Xaricdə yaşayan həmyerlilərimiz özəlləşdirməyə cəlb edilir
"Özəlləşdirmədən dövlət büdcəsinə müəyyən qədər vəsaitin daxil olması üçün bu proses ciddi aparılmalıdır. Əmlak komitəsi artıq müəyyən müəssisələri özəlləşdirməyə çıxarıb və onların adlarını hərraca verib. Özəlləşdirməyə o obyektlər çıxarılır ki, onlar işləmir və sərmayə qoymağa böyük ehtiyac var. Özəlləşdirmədə ilk növbədə biz öz vətəndaşlarımızı nəzərə almalıyıq. Əgər vətəndaşımızın maliyyə imkanı və marağı varsa, onlar üçün şərait yaratmalıyıq ki, o müəssisələrə investisiya qoyub inkişaf etdirsinlər. İkincisi, xaricdə yaşayan və həmin ölkələrin vətəndaşları olan azərbaycanlılar üçün şərait yaratmalıyıq. Sonra da xarici investorlar gəlir. Xarici investorların Azərbaycana investisiya qoyması üçün heç bir problem yoxdur”. Bu sözləri bizimlə söhbətində millət vəkili Vahid Əhmədov bildirdi.
Xarici investorlar özəlləşdirmədə maraqlıdır
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri Azər Bəşirov fins.az-a müsahibəsində xarici investorların və xaricdə yaşayan azərbaycanlı iş adamlarının özəlləşməyə marağının artdığını deyib. Bildirib ki, bu günədək Özəlləşdirmə Portalına 22 mindən artıq giriş olub. Onların sırasında xaricdə yaşayanlar çoxluq təşkil edir. A.Bəşirov yeni yaradılan portal vasitəsilə hər bir yerli və xarici vətəndaşın Azərbaycana investisiya yatırılmasına cəlb etməyə çalışdıqlarını bildirib. Aparat rəhbəri xaricdə yaşayan azərbaycanlı investorları özəlləşmədə aktiv iştirak etməyə çağırıb: "Portalda 65-ə yaxın müəssisə hərraca çıxarılıb. Vətəndaşlar onlar barədə ətraflı məlumatları portaldan ala bilərlər. Qiymətlər də açıq göstərilib. Mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı, xaricdəki həmyerlilərimizi azərbaycandakı özəlləşdirmədə aktiv olmağa çağırıram”.
Xatırladaq ki, prezident İlham Əliyevin ”Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına uyğun olaraq yeni portal yaradılıb.
İnvestorlar o ölkəyə yatırım edir ki...
Vahid Əhmədovun sözlərinə görə, investorlar o ölkələrə yatırım edir ki, orada stabillik var, çox ciddi qanun pozuntuları yoxdur: "Həm də xarici investoru ölkədəki sakitlik, sabitlik maraqlandırır. Azərbaycan da bu baxımdan sabit dövlətdir, qonşularla, eyni zamanda beynəlxalq aləmdə problemimiz yoxdur. Buna görə də Azərbaycana investisiya qoymaqda problem görmürəm. Müstəqillik illərində Azərbaycana 100 milyardlarla investisiya qoyulub, problem yaşanmayıb. Düzdür, son vaxtlar maliyyə böhranı ilə əlaqədar müəyyən problemlər yaşadıq. Amma bu, müvəqqəti haldır və keçib gedəcək”.
İxracat potensialımız arta bilər
İqtisadçı Qadir İbrahimli xaricdə yaşayan azərbaycanlı və qeyri-azərbaycanlı iş adamlarının müəssisələrə maraq göstərməsini təbii qarşılayır: "Azərbaycanın iqtisadi coğrafiyası kifayət qədər genişdir. Burada biznes qurmaq imkanları və perspektivləri də yüksəkdir. Buna görə də iş adamları təbii ki, özəlləşdirmədə iştirak etmək istəyəcək. Əslində bu özəlləşmənin indiki mərhələdə əsas məqsədlərindən biri özəlləşdirilən müəssisələrə investisiyaların cəlb olunmasıdır. Bunu da ancaq böyük maliyyə imkanları olan iş adamları edə bilər”. İqtisadçı xaricdə yaşayan həmyerlilərimizin prosesə qoşulmasının daha yaxşı nəticələrə gətirib çıxaracağını düşünür: "Yaxşı olardı ki, Avropada, Rusiyada yaşayan azərbaycanlılar prosesdə iştirak etsinlər, bu müəssisələrə sahib olsunlar, investisiya yatırsınlar. Çünki onlar Azərbaycan bazarını da, Avropa və MDB bazarını da kifayət qədər yaxşı tanıyırlar. Bu, həm də ölkənin ixracat potensialının artırılması üçün önəmli bir addım olardı. Məsələn, Azərbaycanda xüsusilə aqrar sektorda emal sənayesinin gücləndirilməsi Azərbaycanın gələcəkdə ixrac potensialının artmasına gətirib çıxara bilər”.
Q.İbrahimli özəlləşdirmənin formatının dəyişməsindən də razılıq edir. Deyir ki, artıq obyektlər interval dəyəri ilə deyil, real bazar qiyməti ilə hərraca çıxarılır: "Bu, büdcəyə əlavə vəsaitin cəlb olunması deməkdir. Əvvəllər ölkənin maliyyə cəhətdən imkanları çox olduğundan özəlləşdirmə interval qiymətləri ilə, yəni real dəyərindən aşağı qiymətlərlə aparılırdı. Ancaq indi bazar qiymətləri ilə aparılır”.
Əsas məsələ investoru inandırmaqdır
İqtisadçı Rəşad Həsənov bildirdi ki, böyük özəlləşdirilmə haqqında proqramın qəbulu hazırkı iqtisadi proseslərin, dövlət büdcəsinin gəlirlərində ciddi azalmanın fonunda baş verib: "Bir çox dövlət müəssisələrindən səmərəsiz şəkildə istifadə etmə onların zərərlə işləməsinə gətirib çıxarıb. Eyni zamanda, bu müəssisələr müasir tələblərə uyğunlaşdırılmır, müasir bazar prinsipləri əsasında idarə edilmir. Ölkədə iqtisadi aktivlik də kifayət qədər aşağı düşüb. Nəticədə iqtisadiyyatın şaxələndirilməsinə, xüsusilə qeyri-neft sektorunun genişləndirilməsinə ehtiyac yaranıb. Bütövlükdə bunların fonunda Azərbaycan üçün mühüm olan əsas məsələlərdən biri real sektora investisiyaların cəlb olunmasıdır. Bu, Azərbaycan vətəndaşları daxil olmaqla xarici investisiyalar, o cümlədən yerli investorlar ola bilər”.
İqtisadçının sözlərinə görə, hazırda ölkədə tədiyyə balansının tarazlaşdırılması, ölkəyə daxil olan valyutanın həcminin çıxan valyutanın həcminə uyğunlaşdırması üçün bu prosesə xarici mənşəli investisiyaların cəlbi yaxşı olardı: "Belə ki, xaricdən gətirilən vəsaitlər ölkəyə əlavə valyuta axınının təmin edilməsi deməkdir. Bu da öz növbəsində daxildə müəyyən qədər balansın tənzimlənməsinə və manat üzərində təzyiqin aradan qaldırılmasına səbəb ola bilər. Eyni zamanda, xaricdən gətirilən investisiya paralel olaraq özü ilə müasir idarəetmə, müasir texnologiya və xarici təcrübə gətirir. Bu da ölkə iqtisadiyyatında müəyyən qədər dirçəlişi təmin edə bilər”.
Rəşad Həsənov deyir ki, hökumət xarici investorların özəlləşdirməyə cəlb etmək istəyirsə, ilk növbədə onları inandırmalıdır: "Çünki investor hansısa ölkəyə yatırım edərkən ölkənin bütün iqtisadi göstəriciləri ilə yanaşı, siyasi göstəricilərini, eyni zamanda beynəlxalq hesabatlarda əks olunan reytinqləri göz önünə gətirir, təbii ki, onları qiymətləndirir”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər