• çərşənbə axşamı, 23 aprel, 12:37
  • Baku Bakı 24°C

Xaricdə yaşayan həmvətənlərimizin “ana dil” problemi

11.07.18 09:30 1417
Xaricdə yaşayan həmvətənlərimizin “ana dil” problemi
Azərbaycan dilinin qorunması və inkişafı il bağlı dövlət başçısının imzaladığı sərəncamlar, həmçinin xaricdə yaşayan soydaşlarımızın da qarşılarına müəyyən öhdəlik qoyur. Belə ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi, ana dilimizin tədrisinin genişləndirilməsi, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfat hesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması, ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə "Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi məsələsini qarşıya qoyub. Xarici ölkələrdə fəaliyyət göstərən bəzi diaspor təşkilatları və mədəniyyət mərkəzləri Azərbaycan dili kurslarının yaradılması istiqamətində addımlar atırlar. Onlar bu işə azərbaycançılığın dünyada təbliği kimi yanaşırlar.
Diaspor nümayəndələri ilə söhbətimizdə ana dili kurslarının yaradılması istiqamətində gördükləri işlər və qarşılaşdıqları problemləri də öyrəndik. Vəziyyət bu baxımdan o qədər də qənaətbəxş deyilmiş.
Öz xahişləri ilə ana dili dərsindən azad olanlar
Avropa Azərbaycan Konqresinin (AAK) İdarə Heyətinin üzvü, Azərbaycan-Finlandiya Assosiasiyasının vitse-prezidenti Arzu Oqtay deyir ki, fin təhsil sistemindən çox şey öyrənib. Belə ki, fin orta məktəblərində azsaylı xalqların nümayəndələrinin öz ana dilləri tədris olunur: "Düşündüm ki, bu dillərin içində nə üçün Azərbaycan dili tədris olunmasın? Bu məsələ bir müəllimə olaraq məni çox maraqlandırdı. Prosesi araşdırmağa başladım. Xarici dillərin tədris olunduğu siyahıya nəzər yetirdim, orada azərbaycanlılardan başqa digər xalqların adını gördüm. Mənə bildirdilər ki, ölkədə yaşayan hər bir xalqın nümayəndəsi öz dilini unutmasın deyə, məktəblərdə həmin dil tədris olunur. Qanuna görə, bir məktəbdə 5-6 azərbaycanlı və yaxud da eyni ölkədən başqa millətin şagirdi varsa, onlara mütləq öz ana dili dərsi keçirilməlidir. Hər bir sinif müəlliminə tapşırılır ki, sinfində başqa xalqların nümayəndələrindən neçə nəfər varsa, qeyd edib rəhbərliyə bildirsin. Birinci sinifdən doqquzuncu sinfə qədər hər sinifdə bir nəfər də olsa azərbaycanlı varsa, nazirlik o dil üzrə mütəxəssis olan bir müəllim çağırır. 2004-2005-ci tədris illərində mən buna nail oldum. Diplomum təsdiq olundu. Fin müəlliməsinin yanında köməkçi müəllim işləyə-işləyə təcrübə topladım.Bir gün Təhsil Nazirliyindən məktub göndərildi ki, bir məktəbdə 5-6 azərbaycanlı şagird var və siz onlara dərs deməlisiniz. Beləliklə, artıq Finlandiyada azərbaycanlılara dərs deməyə başladım. Finlandiyada azərbaycanlılar həddindən artıq az olduğundan, bəzən növbəti nəsil uşaqların gəlməsini gözləyirdim”.
Arzu xanım bildirir ki, Finlandiyada, başqa Avropa ölkələrinə nisbətən, azərbaycanlıların sayı olduqca azdır. Hətta azərbaycanlıların az olması müəyyən müddətdə burada tədrisin dayanmasına səbəb olub: "Burada "Ana dili” dərsliyi altında doğma dilimiz, ədəbiyyatımız, tariximiz, coğrafiyamız ümumiləşdirilmiş şəkildə uşaqlarımıza tədris olunur. Hər bir ailədə ata-ana istəyər ki, övladları çox dil bilsin. Ancaq bu şərtlə ki, öz ana dillərini unutmasınlar. Azərbaycanda yaşayan vətəndaşlarımızın bəzilərinin belə, Azərbaycan dilinə dırnaqarası baxdığının, uşaqları ilə rus və ingilis dillərində danışdıqlarının şahidi oluruq. Eyni problemləri biz Finlandiyada da yaşayırıq. Elə ailələr var ki, övladlarının Azərbaycan dili fənnini keçməsinə etiraz edirlər. Onlar övladlarının rus və ingilis dili dərslərinə yazılmalarını istəyirlər. Əlbəttə ki, bu, mümkün deyil. Belə olan halda, onlar ana dili qrupuna daxil ola bilmirlər və öz xahişləri ilə bu dərslərdən azad olurlar. Bu da çox təəssüfləndirici və ana dilimizin inkişafını zəiflədən bir haldır. Hətta elə valideynlər var ki, "övladımla Azərbaycan dilində danışıram, amma o, başa düşmür” deyərək, bununla fəxr edirlər. Dünyanın hər bir yerində belə hallar var”.
Öz dilini öyrənməyə tənbəllik edənlər də az deyil
Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov Misirdə Azərbaycan dilini tədris etməkdən qürur duyduğunu qeyd edir. Bildirir ki, çoxdankı arzusu 2016-2017-ci tədris ilində reallaşdı. Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlayanda sevincim yerə-göyə sığmırdı: "Artıq Misirin üç nüfuzlu universitetində yüzlərə tələbəyə Azərbaycan dilini tədris etməklə, onlara ölkəmizin tarixi, mədəniyyət və incəsənəti haqqında məlumat verirəm. Demək olar ki, bütün dünyada olduğu kimi, azərbaycanlılar Azərbaycan dilinə olan bağlılığı orta səviyyədədir. Misirdə öz dilini bilməyən azərbaycanlılara ana dilinin tədrisi ilə bağlı dərslər keçirik. Dəfələrlə sosial şəbəkələr və digər vasitələrlə elan edirik ki, Azərbaycan dilini öyrənmək istəyən uşaqlarımız varsa, biz onlara təmənnasız, könülü dərslər keçə bilərik”.
O ki, qaldı Misirdə yaşayan azərbaycanlıların ana dili dərsinə olan marağına, müsahibimiz deyir ki, dili sevməmək kimi bir anlam yoxdur: "Əfsuslar olsun ki, bəzi ailələr öz doğma ana dillərində deyil, xarici dildə danışmağa daha çox üstünlük verirlər. Doğma dili öyrənməyə tənbəllik edirlər. Deməzdim ki, onlar dillərini sevmirlər. Dəfələrlə elan etməyimə baxmayaraq, öz uşaqlarını gətirib azərbaycanca oxutmağa laqeyd yanaşırlar. Bəzi azərbaycanlı ailələri öz evlərində başqa dillərdə danışırlar. Xüsusən də ailənin bir üzvü qeyri-azərbaycanlı olanda. Təbii ki, bu da bizdə təəssüf hissi doğurur”.
Hər ailənin öz seçimi
Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Avropa Azərbaycanlıları Konqresinin üzvü Mirvari Fətəliyeva deyir ki, Parisdə də ana dili dərsləri keçirilir. Hansı ki, bu dərslər 2013-cü ilin mart ayından bəri iki qrupdan ibarət fəaliyyət göstərir: "5-8 yaşına qədər olan uşaqlar bir sinifdə, 12 yaşına qədər olanlar isə digər sinifdə təhsil alırlar. Həftə sonu dərslərimiz keçirilir və bu dərslər saat yarım davam edir. Bu dərslərdə burada yaşayan qarışıq ailələr və azərbaycanlı uşaqlar iştirak edirlər. Amma bu bir saat yarım ərzində əlbəttə ki, biz onlara mükəmməl Azərbaycan dilini öyrətmək gücündə deyilik. Azərbaycan dili haqqında ümumi məlumatların verilməsi ilə bağlı uşaqları məlumatlandırırıq”.
M.Fətəliyeva söhbət əsnasında onda bildirdi ki, Parisdə yaşayan azərbaycanlıların bir qismi öz dilinə laqeyd yanaşırlar: "Övladlarına bu dili aşılamaqdan boyun qaçırırlar. Öz aralarında rus dilində danışan azərbaycanlı ailələr az deyil. Təbii ki, biz heç kimə müdaxilə edə bilmərik, dil seçimi hər ailənin öz seçimidir. Biz maksimum dərəcədə onlarda öz dillərinə qarşı sevgi oyatmağa çalışırıq”.
"Lazım olsa, özüm evdə məşğul olaram”
Niderlandda "Ana Vətən” Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva deyir ki, Nizami Gəncəvi adına "Haaqa Azərbaycan məktəbi” orada yaşayan azərbaycanlılara xidmət edir. Hansı ki, bu məktəbdə həftə sonları azərbaycanlı uşaqlara Azərbaycan dilinin mənşəyi, tariximiz, mədəniyyətimiz təbliğ olunur: "Bu məktəb çox çətinliklərlə ayaqda durur. Təəssüf ki, bizim hər bir azərbaycanlı valideynlərimiz o qədər də məsuliyyətli deyil. Övladları həftə içi hər gün məktəbə gedir deyə, onları həftə sonları bizim məktəbə gətirməyə ərinir və yaxud ki, gətirmək istəmirlər. Hətta o valideynlərin bəziləri mənə deyirlər ki, nə üçün əziyyət çəkib uşaqlarımı məktəbə gətirim, lazım olsa, özüm evdə məşğul olaram. Azərbaycan dili məktəbi tək Azərbaycan dilində danışmağı öyrətmir. Biz bu məktəbə boşu-boşuna Nizami Gəncəvinin adını verməmişik. Başqa bir məmləkətdə böyüyən uşaq öz tarixini, yazarlarını, dahi sənətkarlarını tanımalıdır. Məktəbdə Almaz xanım dərs keçir. Mən sadəcə, bu layihənin təşəbbüsçüsü oldum. Almaz xanım işlərinin çox olmasına baxmayaraq, hər şənbə gününü uşaqlara sərf edir”.
M.Ağamirzəyeva bildirir ki, Azərbaycanın milli bayramlarında, matəm günlərində Niderlandda tədbir keçirərkən, valideynlərə uşaqların Azərbaycan dilində şeir deməsi ilə bağlı müraciət etsə də, cəhdi faydasız qalır: "Valideynlər deyir ki, uşağım şeir deməyə utanır. Məktəbdə 5-6 uşaqla da olsa, dərsləri davam ediririk. Ancaq heç zaman şişirdib deməmişik ki, bizim 20 uşağımız var. Bu şəkildə davam etdirmək çox çətindir. Az qalır ki, uşaqları evlərdən məcburən məktəbə gətirək”.
"Dilimiz unudulmaq təhlükəsi ilə qarşılaşacaq”
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan dili müəllimi Yeganə Cəfərova deyir ki, valideynlər hər dəfə müxtəlif bəhanələr gətirərək, ana dilinə etinasız yanaşırlar: "Bəzən insanlar "ingilisdilli bir ölkədə yaşayıram, Azərbaycan dili nəyimə lazımdır” deyirlər. Lakin mühüm bir faktı qeyd edim ki, Kanadada psixoloqlar valideynlərə "uşaqlarınıza ilk növbədə öz ana dilinizi mükəmməl öyrədin və sonra ingilis və ya fransız dilini öyrədin. O zaman uşaq bu dilləri mükəmməl mənimsəyər” tövsiyəsini edirlər. Dilimizi qorumaq hər bir azərbaycanlı adını daşıyan şəxsin ümdə vəzifələrindən biridir. Öncə bunu özümüz etməliyik. Kanadada hər bir xalq öz adət-ənənələrini və dilini qoruyub saxlayır. Kanada dövləti bunun üçün böyük imkanlar yaradır.Diasporumuzun fəal olması da dilimizin qorunmasına böyük kömək edər”.
Y.Cəfərova deyir ki, həmvətənlərimizi bir araya toplamaq, tədbirlərin sayını artırmaq kimi işləri kütləviləşdirmək ən ümdə məsələlərdən biri olmalıdır: "Düşmənlərimiz böyük komitələr, məktəblər açır, tədbirlər keçirir. Ən əsası, xaricdə diasporunu möhkəmləndirir, ölkəsini dəstəkləyir və səslərini dünyaya yayırlar. Bizim isə mükəmməl bir komitəmiz belə yoxdur. Birliyimiz və birlikdə fəaliyyətimiz olmasa, dilimiz unudulmaq təhlükəsi ilə qarşılaşacaq”.
"Bu məsələdə qeyrət damarı deyilən bir şey var”
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirdi ki, xarici ölkələrdə Azərbaycan dilinin tədrisi arzuladığımız səviyyədə deyil: "Ana dilinin təbliği məsələsində kursların açılması işin ikinci mərhələsidir. Birinci növbədə, hər bir ailə öz uşaqları ilə ana dilində danışmalıdır. Mənim Moskvada yaşayan bir dostum var. Uşaqları Moskvada rus məktəbində təhsil alsa da, ancaq Azərbaycana gələndə biz rus sözü işlədəndə bizə irad tutub deyirlər ki, "ruçka” yox, qələm deməlisiniz. Hər bir ailə övladını bu cür tərbiyə etməlidir. Hansı ki, Moskvada yaşayan həmin ata, uşağını bu cür tərbiyə edir. Demək ki, dilini, millətini sevir. Elə valideynlər də var ki, Bakının mərkəzində yaşasa da, yenə də rus xiffəti onları özünə çəkir, uşaqları rus dili ilə böyüdürlər. Dil sevgisi ailədən, valideynlərdən başlayır. İkinci mərhələ isə müəyyən fənləri daha yaxşı öyrətmək məqsədi ilə dil kurslarının açılmasından başlayır. Təəssüf ki, bizim vətəndaşlar buna laqeyd yanaşır”.
Sabir bəy deyir ki, hər bir valideyn öz dilini mükəmməl bilməlidir ki, onu övladına öyrətsin: "Dil məsələsi dövlət siyasətinin bir parçası olmalıdır. Valideynlər var ki, uşaqlarını elə tərbiyə edirlər ki, onlar ana dillərini heç bilmirlər də. Bu məsələdə qeyrət damarı deyilən bir şey var. O damar olmasa, insan kimə istəsən qulluq edər. Onlar Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşan adamlardır”.
Dilə sevgi Vətənə olan sevgidir. Ulu öndərimizin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamındakı kimi, hər kəs dilimizi sevsə, onun dünyada təbliği də asan olar. Çünki vətənin özü də elə dildən başlayır.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazı müsabiqəsi üçündür
banner

Oxşar Xəbərlər