Xaricdə təhsil qapılarını açan səhifələr - Araşdırma
"Postları
oxuduqca, xaricdə təhsilin əlçatmazlığı təəssüratı yox oldu və yerini güclü bir
inam aldı. Nəticədə qızım artıq xarici universitetlərdən birində təhsil alır. YOS,
TYS, IELTS, TOEFL haqqında məlumat əldə edib bu məlumatlarla hərəkət etmişəm.
Bütün qrup üzvlərinə təcrübə və biliklərini bölüşdükləri üçün təşəkkür edirəm”.
Yəqin
ki, güclü inam yaradan, məqsədli olmağa sövq edən, sənin üçün əlçatmaz olanı
yaxın edən postlarla sosial şəbəkələrdə tez-tez rastlaşmısınız. Hələ sırf bu məqsədlə
açılan qruplar bəzən bir insanın arzularına çatmasında, cəmiyyətə xeyirli
olmasında ən böyük rolu oynayır. Müasir elmi texniki tərəqqinin inkişafı bütün
sahələr kimi təhsilə də öz təsirini göstərib. Həyatımızın bütün sahələrini
asanlaşdırmağa xidmət edən internet və sosial media xaricdə təhsili, orada işləmək
imkanlarını da bizim üçün əlçatan edib. Hətta heç yerə getmədən o qədər ətraflı
məlumatlar ala bilirik ki, "bilmədim” deyə, heç kim, heç nəyi bəhanə edə
bilmir. Artıq xaricdə təhsil, təqaüd imkanları bizə bir telefon qədər yaxındır.
Bu dəfə
yazımızda xaricdə təhsili təbliğ edən, gənclərin işini asanlaşdırmağa çalışan
facebookdakı əhəmiyyətli səhifələr haqqında məlumat verəcəyik.
Xaricdə təhsil üçün gedən çörəkçilər...
Əgər
"facebook”da xaricdə təhsillə bağlı status yazıb kömək istəsəniz ilk olaraq sizə
"Çörək almaq adıyla çıxanlar” qrupunu məsləhət görəcəklər. Qrup həqiqətən çox
faydalı və lazımlıdır. Xaricə getmək, təhsil almaq, təqaüd imkanları ilə tanış
olmaq istəyirsinizsə, mütləq bu qrupa tıklayın.
Qrupun
28 min üzvü var. 28 min insan bir-birilərinə dəstək olmaq üçün can atırlar.
Qrup haqqında ətraflı məlumat almaq üçün adminlə söhbətləşirik. Admin Toğrul Ələkbərov
ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar İctimai Birliyinin sədridir. O, özü də
ABŞ-da Fulbirght proqramı çərçivəsində magistr təhsili alıb.
Əvvəlcə
qrupun adından danışırıq. Deyir ki, fərqli və yaddaqalan olması üçün bu adı
qoyub. Mənası isə, "evdən çörək almaq adıyla çıx, təhsil arxasınca get”dir:
"Əgər
xaricdə təhsillə bağlı ad qoysaydıq, bu, elə də cəlbedici olmazdı. Çörək sözü o
qədər yadda qalandır ki, hətta qrup üzvləri bir-birinə çörəkçilər deyə müraciət
edirlər”.
Qrupu
qurmaq məqsədlərindən danışan həmsöhbətimiz deyir ki, 2018-ci ildə özü xaricdə
təhsil aldığı müddətdə bu platformanı yaradıb: "Təhsil alan vaxt gördüm ki, Azərbaycanda
belə bir boşluq var və keyfiyyətli məlumat verən icma yoxdur. Amerikanın yarısı
icmalardır. Ona görə belə bir qərara gəldim ki, bunu yaradım və bizdə tətbiq
edim. Zaman göstərdi ki, buna həqiqətən ehtiyac var və hazırda Azərbaycanın ən
yaxşı xaricdə təhsil icmasıdır. Qrup üzvləri bütün mövzularda yazıb məlumat
alırlar. Qrupdan yararlanan insanların sayı yüzlərlədir. Hər dəfə maraqlı
postlar, hekayələrlə rastlaşıram. Xüsusilə də, xanımlar deyir ki, bu qrupdan
motivasiya alıb, təhsil almaq qərarına gəliblər”.
"Oxumağa getməliyəm, yoxsa məni evləndirəcəklər”
Ən gülməli
paylaşımlara gəldikdə isə, admin deyir ki, xanımlar xaricə daha çox getmək istəyir:
"Bir xanım yazmışdı ki, mən oxumağa getməliyəm, yoxsa məni ərə verəcəklər. Mənə
təcili yol göstərin. Qrupda daha çox Polşa, Türkiyə, Macarıstan, Almaniyada təhsillə
bağlı müraciətlər olur. İnsanları ən çox maraqlandıran suallar isə, qəbul şərtləri,
İELTS, SAT imtahanları, müsahibə şərtləri və qaydalarıdır”.
"W” ilə yazılan postlar təsdiqlənməyəcək”
Qrupun
qaydaları maraqlı və diqqətçəkəndir: "Qayda 1: Paylaşmaq: Qrupumuzu uğurlu edə
biləcək 2 məqam var: faydalı olmaq istəyi və paylaşma həvəsi. Maraqlı
bildiyiniz və qrup əhlinə kömək ola biləcək məlumatları qrupda paylaşa bilərsiniz.
Paylaşımlar admin yoxlanışından keçəcək. Qayda 2: Dəyərləndirmək: Bu qrup sırf
könüllü dəstək üzərində qurulub. Bu o deməkdir ki, heç kimin heç kimə borcu
yoxdur. Ona görə də göstərilən hər bir kömək təqdir olunmalıdır. Qayda 3: Ünsiyyət:
Etika və estetika qaydalarına riayət etsək, gözəl olar. Qarşınızdakı şəxslərin
şəxsiyyətinə toxunacaq, alçaldacaq, xətrinə dəyəcək ifadə və hərəkətlərdən gəlin
çəkinək. Onsuz da ətrafımız neqativlərlə doludur. Qayda 4: Sən və Siz: Tanımadığınız
şəxslərə sən deyə müraciət etməkdən çəkinək. Gəlin can deyib, can eşidək! Bu
qaydaya riayət etməyən blok olunacaq! Qayda 5: dil: Bilirik ki, xaricə getmək
üçün xarici dil biliyi vacibdir, lakin bu qrup "İELTS speaking” məkanı deyil,
ona görə də öz dilimizdən istifadə edək. Qayda 6: Evlilik- Hamıya aiddir:
Qrupda olan xanımlardan, bəylərdən hər hansı "tanışlıq” şikayət olduğu təqdirdə
xəbərdarlıq olmadan qrupdan kənarlaşdırılacaqsınız. Bura evlilik proqramı
deyil. Qayda 7: Ş və W- Azərbaycan əlifbasında "W” hərfi yoxdur. Öz dilimizə
hörmətlə yanaşmalıyıq deyə düşündüyümüzdən "W” ilə yazılan postlar təsdiqlənməyəcək”.
"Ölkəyə çörək verənlər”
Nurlan Rəhimli
qrup üzvlərindən biridir. Qrupdan necə faydalandığı ilə bağlı soruşuruq. Deyir
ki, hələ də facebook istifadə etməyinə səbəb olan qruplardan biridir: "Bu
qruplar vasitəsilə keyfiyyətli insanlar tanıdım, özümə yaxşı "kruq” yığdım. "İELTS
speaking” sualları və əlaqəli məsləhətlər almışam, bu qrupun köməyi ilə 7,5 nəticə
göstərdim. İki təqaüd proqramının qalibi oldum( Macarıstan və Visegrad) hamısının
detalları və qarşılaşdığım problemləri burada dəqiqləşdirdim. İndi viza ərəfəsindəyəm
və yenə lazımı konsultasiya tipli məlumatları buradan alıram. Bir sözlə, Allah
hamınızdan razı olsun. Çörəyimiz bol olsun, arzu edirəm bir gün hamımız iş-güc
sahibi olub "Ölkəyə çörək verənlər” qrupu yaradacağıq”.
"Arzularınızı reallaşdırmaqda yardımçı olmaqdan
qürur duyuruq”
Növbəti
xaricdə təhsil qrupu "Eventaz.org Youth Azerbaijan” qrupudur. Səhifəyə daxil
olduqda, "araşdırmaq”, "öyrənmək”, "böyümək” sözləri qabardılmış şəkildə
yazılan örtük şəkillə qarşılaşırıq. Bu qrupda da lazımlı statuslar paylaşılır,
istifadəçilərin sualları cavablandırılır. Qrupa nəzər salıb statuslarla tanış
oluruq. ABŞ da Manhattan Institute of Management tərəfində 3-6 aylıq təcrübə
proqramı, Avstriyanın paytaxtı Vyanada 5 günlük Beynəlxalq Gənclər
Forumu, 14-18 Oktyabr - Təhsil sahəsində çalışanlar və tələbələr
üçün Litvada 5 günlük təlim, İsveçrədə 1
illik EVS proqramı: Bütün xərclər qarşılanır və s. kimi postlarla zəngindir.
Haqqında
danışacağımız növbəti qrup "Xaricdə Təhsil” adlı qrupdur. Onların məlumatları
belədir: "Xaricdə təhsil imkanlarını paylaşmaqdan və sizə arzularınızı
reallaşdırmaqda yardımçı olmaqdan qürur duyuruq”. Əsasən, Macarıstanda təhsil,
təqaüd imkanları ilə bağlı postlar paylaşılır. Əgər Macarıstanda təhsil almaq
istəyirsinizsə, bu qrupa baş çəkməlisiniz.
"Sənin bugünki çevrən, sabah kim olacağını müəyyənləşdirir”
Qadınların
təhsili, iş imkanları üçün dəstək göstərən qruplardan biri də "WoWoman
Azerbaijan” qrupudur. Qadınlara xəyal etdiyi həyatı yaratmaq üçün çalışırlar.
Şüarları belədir: "Sənin bugünki çevrən, sabah kim olacağını müəyyənləşdirir”. WoWoman qadınların ən maraqlı, çılğın və mümkünsüz
görünən arzularını reallaşdırmağa cəsarətləndirən, özlərini ifadə etmək üçün
onlara məkan yaradan, xəyallara doğru gedən yolda xanımları istiqamətləndirən
qlobal platformadır: " Bu qrup bir-birimizə dəstək olmaq, ilhamlandırmaq, cəsarətləndirmək,
birlikdə öyrənmək, inkişaf etmək və böyümək üçündür. Əsas müzakirə etdiyimiz
mövzular bunlardır: İçimizdə olan WoWoman, Arzularımız, Mümkünsüzü etmək, Təhsil,
Karyera, Özgüvən, Qorxular ,Çətinliklər ,Uğursuzluqlar, Liderlik”.
Həmçinin
Kanadada təhsil və iş imkanları yaradan Kanadada təhsil qrupu, Amerikada təhsili
dəstəkləyən eyni adlı qrupları məsləhət görmək olar.
Belə səhifələr
sosial şəbəkələrdə çoxdur. Əsas odur ki, istəyin, axtarın və maraqlanın.
Unutmayın, təhsilin açmadığı qapı yoxdur.
Aygün
ƏZİZ